Məhkəmə qərarları › İş №1(060)-672/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-672/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-672/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakları ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,298 qram, 4,530 qram birlikdə ümumi təmiz çəkisi 8,828 qram olan narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 18 aprel 2023-cü il tarixdə, saat 16:30-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi, Gülxatun məscidinin qarşısında saxlanılaraq PBnə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan ağ rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu, şəffaf sellofan kəsiyinə bükülmüş halda 2(iki) bükümdə həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində, Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi ərazisində yerləşən Gülxatun məsçidinin qarşısında olan zaman 3 (üç) nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha izah olunmaqla ona vəkil təqdim olunmuşdur. Sonra vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki ağ rəngli gödəkçənin sağ yan cibində saxladığı, 2 büküm şəffəf polietilen sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini təqdim edərək hər iki bağlamanın içərisindəki kütlənin “marixuana” olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə bükümlərini Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün almışdır. 2 büküm marixuana sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisi ölçdükdə 10 qrama yaxın olduğu müəyyən edilmişdir. Bundan sonra bükümlər məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün qablaşdırılmış və onlar tərəfindən imzalanmışdır. Saxlanılarkən və ya PB-də olan vaxtı ona qarşı psixi və ya fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. İlk dəfədir narkotikvasitədən istifadə edir. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-cİ PB-nin əməkdaşı, polis serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.1998-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi ərazisində pusqu qurulmuşdur. Saat 16:30-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, həmin ərazidə yerləşən “Gülxatun” məscidinin yaxınlığında həmin şəxsi saxlamışlar. O və digər polis həmkarları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getirmişlər. X7 tərəfindən ona hüquq və vəzifələri izah etməklə, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil təqdim etmişdir. Vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim edilməsi xahiş olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 büküm şəffaf polietilen sellofan bağlamanı təqdim edərək, hər iki bağlamnın içərisindəki kütlənin “marixuana” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərini Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsi bükümlərini növbə ilə büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə iki bükümün ümumi çəkisi 9,59 qram olması müəyyən edilmişdir. Həmin bükümlər məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-cİ PB-nin əməkdaşı, polis serjantı Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi, Gülxatun məscidinin qarşısında xx.xx.2023-cü il tarixdə saat 16:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadsarıan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan ağ rəngli yun gödəkcənin sağ yan cibində saxlamış olduğu 2 büküm şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etdi. Həmin büküm tərəfimdən açıldı, içərisinə baxarkən spesifik iyə malik yaşıl rəngli “marixuana” olan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan maddə narkotik vasitədir. Aşkar olunmuş maddələri Bakı şəhəri, 20 yanvar metrosu deyilən yerdə tanımadığı şəxsdən ümumilikdə 40(qırx) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş olan kütlə tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümdəki maddənin çəkisi sellofan ilə birlikdə 4.67 qram və digər sellofana bükülmüş olan kütlə tərəziyə qoyulub çəkilən zaman sellofan ilə birlikdə 4.92 qram olaraq ümumilikdə kütlələr sellofanlarla birlikdə 9.59 qram olması müəyyən olundu və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 7/565 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs imzaTəqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 02(iki) ədəd sellofan bükümdə hər birinin ayn-aynlıqda təmiz çəkisi 4, 298 qr və 4,530 qram olmaqla ümumi çəkisi 8, 828 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitədir - qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 8,728 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada 00031 rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, həmin qovluqda 06 dəqiqə 08 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahmar Səfərov özünü təqdim etdikdən sonra otaqda olan mülki geyimli polis əməkdaşlarından da özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları - əməliyyat müvəkkili polis leytenantı Şahid1, polis serjantı Şahid2, polis serjantı Şahid3 olduqlarını bildirirlər. Sonra təhqiqatçı həmin polis əməkdaşlarının, narkotik vasitələrin istifadəsində, gəzdirilməsində şübhəli olan Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirdiklərini bildirib şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edərək tanış olmasını xahiş edir və ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X1 təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdimetməsini xahiş edir. Video görüntünün 01:03-cü anında Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibində saxladığı, 2 büküm şəffəf polietilen sellofan bağlamanı təqdim edərək, hər iki bağlamnın içərisindəki kütlənin “marixuana” olduğunu bildirir. Təhqiqatçı həmin bağlamaları açdıqda bağlamaların içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli, qurudulmuş ot kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərini Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirir. Video görüntünün 01:54cü anında təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsi bükümlərini növbə ilə büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə 1-ci kütlənin çəkisinin 4,67 qram, 2-ci kütlənin çəkisinin 4,92 qram olması müəyyən edilir. Ardınca təhqiqatçı hər iki bükümü birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə bükümlərin birlikdə ümumi çəkisinin 9,59 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi bükümləri məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Sonra Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə bükümlərinin onun özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə məruz qalmadığını, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Bundan sonra təhqiqatçı şəxsi axtarış istintaq hərəkətinin yekunlaşdığını bildirir və video çəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 8,828 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 8,728 ram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 2971 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 547, 548 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, ailə tərkibi anası-xx.xx.1969-cu il təvəllüdlü X6, atasıxx.xx.1965-ci il təvəllüdlü Məmmədov Elşad Baxış oğlu, qardaşı-xx.xx.1995-ci il təvəllüdlü X3 ibarətdir, yaşayış ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 8,828 qram olan, tədqiqat zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq xalis çəkisi 8,728 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, narkotik vasitənin növünü və miqdarını, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 8,728 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-672/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 928 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 8,728 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar