Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-674/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-cı ildə Ağsu rayonunda anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:45 radələrində Sumqayıt şəhəri, BTZ Bağları ərazisində yerləşən fərdi yaşayış evinin həyətində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs sifətindən əl zərbəsi ilə vuraraq ona sağ göz qapaqları və sağ gözaltı nahiyyənin sağ almacıq nahiyyəsini əhatə edən dərialtı hematoması və sıyrığı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildə o bibisi qızı Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, lakin rəsmi nikaha xx.xx.2015-ci il tarixdə daxil olmuşlar. Birgə nikahdan 2005-ci il təvəllüdlü X6 oğlu və 2007-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. Ailə həyatı quranda münasibətləri normal olmuş, lakin o əsəbi olandan mübahisələri yaranmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o sərxoş vəziyyətdə yaşadıqları evə gələrək Aytəkinlə mübahisə etmiş və xx.xx.2022-ci il tarixdə Aytəkindən əsəbləri sakitləşənə kimi öz valideynlərinin evinə getməsini istəmişdir. Lakin Aytəkinin valideynləri gəlib onu aparmadıqları üçün saat 11:00 radələrində Aytəkini öz valideynlərigilə getmək üçün Sumqayıt şəhəri, BTZ bağlan ərazisində yaşayan valideynlərinin evinə göndərmişdir. Bundan sonra öz valideynləri ilə telefon əlaqəsi saxlamış və Aytəkinin gedib-getməməsi ilə maraqlanmışdır. Lakin Aytəkinin getmədiyi üçün təxminən saat 17:45 radələrində valideynlərinin evinə getmiş, görmüşdür ki, Aytəkin orada yoxdur, qonşuluqda yaşayan bibisi Nadiyənin evindədir. O Aytəkinin nə üçün ondan icazəsiz bibisigilə getməsindən əsəbləşərək onu həyətə çağırmış, onunla mübahisə edərək əl zərbələri ilə Aytəkinin sifətindən, başından vuraraq onu döymüşdür. Bibisi bizi onları ayırmış və o oradan çıxıb getmişdir. Sonradan isə Aytəkinin ondan polisə şikayət etdiyini öyrənmişdir. Əməlindən peşmandır. Ona görə də onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2003-cü ildə o dayısı oğlu Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin rəsmi nikaha xx.xx.2015-ci il tarixdə daxil olmuşlar. Birgə nikahdan 2005-ci il təvəllüdlü X6 oğlu və 2007-ci il təvəllüdlü X3 adlı iki övladları vardır. Ailə həyatı qurandan Elnur mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişələr yaratmışdır. Lakin ailənin dağılmaması üçün bu günə qədər polisə şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Elnur yenə sərxoş vəziyyətdə yaşadıqları evdə onunla münaqişə yaratmış və buna görə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Elnur ondan boşanmaq istəydiyini demiş, onu öz valideynləri evinə göndərmişdir. O Sumqayıt şəhəri, BTZ bağları ərazisində yaşayan Elnurun valideynlərigilə getmişdir. Elnur tez-tez valideynlərigilə zəng vuraraq onun Bakı şəhərinə öz valideynlərigilə gedib-getməməyi ilə maraqlanmışdır. O da Elnurun onu döyəcəyindən narahat olaraq BTZ bağlarında yaşayan xalası X1 evinə getmişdir. Təxminən saat 17:45 radələrində Elnur sərxoş vəziyyətdə xalasıgilin yaşadığı fərdi yaşayış evinin həyətinə gələrək, onun nə üçün valideynlərinin evinə getmədiyimi soruşmuş, onunla mübahisə edərək yumruqlarla sifətindən, başından, kürəyindən vurmuş, təpiklərlə isə ayaqlarından və bədəninin müxtəlif yerlərindən vuraraq onu döyməyə başlamışdır. Bunu görən xalası DİN-nin «102» Xidmətinə müraciət etmiş və Elnur oradan çıxıb getmişdir. Onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1095 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ göz qapaqları və sağ gözaltı nahiyyənin sağ almacıq nahiyyəsini əhatə edən dərialtı hematoması və sıyrığı, sağ saidin, hər iki baldırın, sol dizin geniş ölşülü qançırları. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla və təpiklə yetirilən zərbələrin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağ göz qapaqları və sağ gözaltı nahiyyənin sağ almacıq nahiyyəsini əhatə edən dərialtı hematoması və sıyrığı dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL, digər xəsarətlər, yəni sağ saidin, hər iki baldırın, sol dizin geniş ölşülü qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2886 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən “Xroniki Alkoqolizm” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X7 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 397 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş 552 nömrəli, xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 67 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs və 02 azyaşlı övladı ilə birlikdə yaşayır. İş materiallarında olan nikah şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnın himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etrafını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 34, mənzil 67 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-674/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-674/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver