Məhkəmə qərarları › İş №1(060)-677/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-677/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-677/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümündə təmiz çəkisi -0,659 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 27 aprel 2023-cü il tarixdə, saat 19:18 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı, Sumqayıt şəhəri, 45-ci məhəllə, C.Cabbarlı küçəsi, “OBA” marketin yaxınlığında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə alüdəçisi olmuşdur. Narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, son olaraq 27 aprel 2023-cü il tarixdə saat 17 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmış, aralarındakı razılıq əsasında həmin şəxsdən 10 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin alaraq əynindəki gödəkçənin sağ yan cibinə qoyub oradan piyada hərəkət edib uzaqlaşaraq əldə etdiyi narkotik vasitə heroindən istifadə etmək üçün sakit bir yer axtarmağa başlamış, həmin gün, yəni 27 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, C.Cabbarlı küçəsində yerləşən OBA marketin və nömrəsini bilmədiyi bir binanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində vəkil təqdim edilmiş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməsi bildirimiş, ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o da əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisində heroin olduğunu bilrimiş, sonra kütlə elektron tərəzidə çəkilmiş və təxminən bir qramdan az yarım qram və ya bir az artıq olmuşdur. Sonra kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Bundan başqa cibindən çıxardıb təqdim etdiyi 06 ədəd dərman yuxu dərmanıdır və ağrılarına görə normal yatmasından ötrü həkim tərəfindən məsləhət görüldüyü üçün almışdır. Ona polis əməkdaşları tərəfindən hər hansı zor tətbiq edilməmişdir. Himayəsində iki övladı vardır. Anası xəstədir. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, əvvəllər 3-cü PBdə xidmət etmiş, hazırda 4-cü PB-də xidmətini davam etdirir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 27 aprel 2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə, C.Cabbarlı küçəsində yerləşən “Oba” marketin və 13/11 saylı binanın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm, həmçinin gödəkçənin sol yan cibindən 01 ədəd siqaret, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq əskinas, şalvarın sol arxa cibindən 01 ədəd cib dəsmalı, gödəkçəsinin sinə hissəsində olan sol üst cibindən 01 ədəd alışqan, 01 ədəd öz adına olan bank kartı, 06 ədəd yuxu dərmanı çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd sellofan bükümünün içində nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu həmin bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin bükümü təhqiqatçı tərəfindən bükümü ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,76 qram olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroin kütləsini həmin gün Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən Oba marketin yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 19:18-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirildi, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim olundu, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanıldı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı cinayət xarakterli maddi sübutun (predmetin,narkotik vasitənin və ya psixotrop maddənin və.s) olub-olmadığı soruşulan zaman özü əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kent 4 markalı siqareti, həmin gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq əskinası, həmin şalvarın sol arxa cibindən 01 ədəd cib dəsmalını, gödəkçənin sinə hissəsində olan sol cibindən 01 ədəd sarı rəngli alışqanı, 01 ədəd, 4098 5844 9460 7839 nömərli Leo adlanan kartı, 06 ədəd Comnol adlanan dərmanı çıxarıb təqdim etdi, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən əhəmiyyət kəsb edən hər hansı bir maddi sübut aşkar olunmadı. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin heroini bu gün, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində olan zaman tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm açılıb baxılan zaman onun içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar olundu. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 06 ədəd Comnol adlanan dərmanı aptekdən aldığını, həmin dərmanın yuxu dərmanı olduğunu, təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, sifət nahiyyəsinin sol hissəsində olan xəsarətin dünən Mərkəzi Bazarın yanında olan zaman yıxılarkən aldığını, onu heç kəsin döymədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkildi, bükümdə olan heroinə bənzər maddənin şəffaf rəngli sellofanla birlikdə çəkisi 0,76 qram oldu, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 127 saylı möhürü ilə möhürləndi, üzərində qeydlər aparılaraq imzalandı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd kent 4 markalı siqaret, 01 ədəd 5 manatlıq əskinas, 01 ədəd cib dəsmalı, 01 ədəd sarı rəngli alışqan, 01 ədəd 4098 5844 9460 7839 nömərli Leo adlanan kart, 06 ədəd Comnol adlanan dərman əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı və bir neçə saniyədən sonra video çəkiliş dayandırıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/2461 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə; Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi ..imza, təhqiqatçı: E.Alışov - imza” yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi - 0,659 qram olan qəhvəyi rəngli tozşəkillİ maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş " Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağ\an edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,609 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «00050» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 10 dəqiqə 14 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüdə 27 aprel 2023-cü il tarixdə, saat 19:18 dəqiqədə Sumqayıt şəhəri, 45-ci məhəllə, C.Cabbarlı küçəsi, 13/11 saylı binanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə 27 aprel 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis leytenantı Emin Alışov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm, həmçinin gödəkçənin sol yan cibindən 01 ədəd siqaret dənəsi, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd 5 manatlıq əskinas, şalvarın sol arxa cibindən 01 ədəd cib dəsmalı, gödəkçəsinin sinə hissəsində olan sol üst cibindən 01 ədəd alışqan, 01 ədəd öz adına olan bank kartı, 06 ədəd yuxu dərmanı çıxardaraq təqdim etdiyi, bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda içində narkotik vasitə heroinin olduğu aşkar olunaraq götürüldüyü, kütlənin bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,76 qram olduğu, həmin kütlənin ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalandığı, təqdim olunmuş 01 ədəd siqaret dənəsi, 01 ədəd 5 manatlıq əskinas, 01 ədəd cib dəsmalı, 01 ədəd alışqan, 01 ədəd bank kartı, 06 ədəd yuxu dərmanın araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs geri qaytarıldığı, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı ümumilikdə 5-6 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitə kütləsini “bu gün”, yəni 27 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, təqdim etdiyi dərmanların yuxu dərmanı olduğunu, aptekdən aldığını, üz nahiyyəsində olan xəsarətlə bağlı olaraq, həmin xəsarətin "dünən” Sumqayıt şəhəri bazar ərazisində yıxılması nəticəsində yarandığını, heç kim tərəfindən döyülmədiyini, polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində saxlanıldığını, saxlanılması ilə bağlı ailə üzvlərinə məlumat verildiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını, heç bir şikayət və tələbinin olmadığını bildirdiyi, lakin saxlanılma vaxtı ilə bağlı ayrı-ayrı cavablar bildirdiyi müəyyən edilmişdir. Diskə baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə qeyd olunanların həqiqəti əks etdirdiyini, həmin videogörüntünün üzərinə şəxsi axtarış və götürmə keçirilməsindən ibarət olduğunu, heç bir fiziki və ya psixi zorakılığa məruz qalmadan həmin prosessual hərəkətin keçirildiyini, üzərindən aşkar olunmuş və içində narkotik vasitə heroin olan 01 ədəd bükümün özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 27 aprel 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, narkotik vasitələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən 27 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə, C.Cabbarlı küçəsində saxlanıldığını, şəxsi axtarış zamanı həyəcanlı olduğundan, yalnışlıqla ilk əvvəl saat 18 radələrində saxlanıldığını dediyini, üz nahiyyəsindən yıxılaraq xəsarət aldığım, ona zor tətbiq olunmadığı və döyülmədiyini bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkiləri – 0,659 qram (qalıq -0,609 qram) narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı MKS tərəfindən verilmiş 624 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Hüseynov Hüseyn adlı və xx.xx.2016-cı il təvəllüdlü Hüseynov Vaqif adlı övladları vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nİn 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-251/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3183 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 587 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində “sol gözaltı nahiyyəsinin və burnunun qançırı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə yıxılarkən əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi -0.659 qram (qalıq -0,609 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -0,609 qram narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-677/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 01 (bir) ay 11 (on bir) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,609 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-677/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 913 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) ay 11 (on bir) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,609 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar