Məhkəmə qərarları › İş №1(060)-677/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-677/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-677/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi:X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orla təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 19 iyun 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağları, B-2217 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evin həyətinə daxil olmuş, fərdi yaşayış evinin plastik pəncərəsini istintaqa məlum olmayan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən evə daxil olduqdan sonra, birinci mərtəbədə dəhlizdə 306 manat dəyərində 18 ədəd tək girişli elektrik avtomatları. 734 manat dəyərində 02 ədəd iki girişli elektrik avtomatları, 2x4 ölçüdə bir metri 2 manat 67 qəpik olmaqla. 200 metr uzunluqda 534 manat dəyərində elektrik naqilləri. 3x4 ölçüdə, bir metri 3 manat 30 qəpik omaqla. 500 metr uzunluqda 1650 manat dəyərində elektrik naqilləri. 2x10 ölçüdə, bir metri 17 manat olmaqla. 250 metr uzunluqda 4250 manat dəyərində elektrik naqilləri, evin ikinci mərtəbəsindəki otaqdan bir ədədi 17 manat olmaqla. 130 ədəd. 2210 manat dəyərində elektrik yuvaları. 3x4 ölçüdə, bir metri 3 manat 30 qəpik olmaqla. 200 metr uzunluqda. 02 top. 660 manat dəyərində elektrik naqilləri, evin (erasından 3x4 ölçüdə, bir metri 3 manat 30 qəpik olmaqla. 100 metr uzunluqda 330 manat dəyərində elektrik naqilləri, evin həyətindəki yarımtikilidə olan 10 gün görüntü saxlayan. 145 manat dəyərində kameraların yaddaş qurğusunu, evin həyətində CAT6 ölçülü, bir metri 1 manat 25 qəpik olmaqla cəmi 200 metr uzunluqda, 250 manat dəyərində kamera üçün naqilləri, 3x4 ölçüdə, bir metri 2 manat 67 qəpik olmaqla cəmi 200 metr uzunluqda, 534 manat dəyərində uzadıcı elektrik naqilləri və 1 ədəd 40 manat dəyərində əl alarabasını oğurlayıb ümumilikdə Zərərçəkmiş şəxs 11643 manat, yəni xeyli miqdarda miqdarda maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq oğurlayıb talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qeyd edilən cinayət əməlini törətməmişdir. Təzyiqə məruz qalaraq çəkiliş aparılmışdır. Onun üzərində 15 kg metal və digər başqa əşyaların oğurlanması ilə yalandan ittiham edirlər. O, izahatında 15 kg misi oğurladığını yazmış, halbuki həmin əşyanı da oğurlamamışdır. Heç bir evə daxil olmamışdır. Onu ilkin olaraq CM 234.1-ci maddəsi ilə cinayət törətməsi ilə əlaqədar saxlamışlar sonradan isə oğurluq cinayətini üzərinə qoymuşlar. Sözügedən oğurluq əşyaları heç kəsə satmamışdır. Ona elektro şok cihazı ilə uzun müddət işgəncə etmişlər və o da məcburiyyətdən ona deyiləni etmişdir. Onun bədəni üzərində xəsarət izi qalmamış, qızartılar olmuşdur. Həmin qızartılar isə 3-5 günə izi getmişdir. Baş verənləri müstəntiqə bildirməsinə baxmayaraq əhəmiyyət verməmişdir. Müstəntiq onun üzərinə qoyulan iki oğurluq cinayəti ilə bağlı epizodlardan birini xaric etmişdir. O, baş verənlərlə bağlı hər hansı dövlət orqanına şikayət etməmişdir. Oğurluq cinayətinin törədildiyi tarixdə onun üzərində ***-***-**-** nömrə ilə birlikdə telefon olmuşdur. Hadisə yerinə baxışda əşyaların yerini ona bu barədə əvvəlcədən polis avtomobilində göstərdikləri şəkillər əsasında bildirmişdir. Son sözünün olmadığını qeyd edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu 27 iyun 2025-ci il tarixli ifadəsindən müəyyən edilir ki, Əvvəllər CM-nin müxtəlif maddələri ilə həbs cəza çəkmişdir. Həbs müddətinin çox hissəsini etdiyi oğurluqlara görə cəza çəkmişdir. Sonuncu dəfə 2025-ci ilin sentyabr ayında həbsdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində o. Sumqayıt şəhəri. Corat bağ massivində piyada gəzən zaman iki mərtəbəli bir yarımçıq tikilinin olduğunu görmüşdür. Həmin tikilinin yerləşdiyi həyətin darvazası yox idi, darvaza yerində isə uzun taxtalardan həyətə sərbəst girişin qarşısını almaq üçün taxtalar qoyulmuşdur. O. oğurluq etmək məqsədi ilə həmin həyətə daxil olmuşdur. Daha sonra isə həmin yarımtikilinin sol tərəfindən keçib oradakı plastik pəncərəni üzərində olan vintaçanla açıb içəri daxil olmuşdur. Daxil olduğu otaq yarımçıq təmirli və əşyasız idi. Həmin vaxt o, otağın divarlarında və yerdə olan elektrik naqillərini söküb özü ilə götürmüşdür. Daha sonra birinci mərtəbənin dəhlizinə keçmiş orada taxtadan düzəldilmiş dayaqların üzərinə çıxıb divardan elektrik naqqillərini çıxarıb yerə qoymuşdur. Həmin elektrik naqillərini götürüb evə daxil olduğu pəncərədən bayıra çıxmışdır. Evin yanında olan iki mərtəbəli tikilinin qarşısında kameraların olmasını görmüşdür. Həmin tikilinin ikinci mərtəbəsinə qalxıb otağa baxdıqda orada televizor, çarpayıların olmasını görmüşdür. Orada müşahidə kameralarının yaddaş qurğusunun olduğunu görmüş və görüntülərinin onun əlehyinə istifadə edilməməsi üçün yaddaş qurğusunun da oğurlamışdır. Daha sonra oradan çıxıb evin yanında və arxasında olan divardan asılmış, evin yanına qoyulmuş elektrik naqillərini oğurlamışdır. Həmin oğurladığı əşyaları evin həyətində olan əl arabasına yükləmiş və bayıra çıxarmışdır. Sumqayıt şəhəri. Sahil küçəsi istiqamətində getmiş və yolun kənarında olan məişət tullantılarının atıldığı yerə kameranın yaddaş qurğusunu atmışdır. Oğurladığı elektrik naqillərini də məişət tullantıları atılan yerə qoymuşdur ki, sonradan gəlib götürüb satmaqla pul əldə etsin. Oğurladığı əşyaları qeyd etdiyi yerə qoyduqdan sonra çıxıb getmiş və təxminən 2-3 saatdan sonra hava aydınlanan zaman gəlib oradan bir qədər elektrik naqilləri götürmüş və yaxınlıqda yandırıb naqillərin içərisindəki mis metalını çıxarıb hissələrə ayırmış, ağ kisəyə yığaraq Sumqayıt şəhəri, 13-cü mikrorayonda, Beynəlxalq Bankın arxasında yerləşən əlvan metal qəbulu məntəqəsinə getmişdir. Orada olan zaman özünə məxsus olan mis metalını satmaq istədiyini bildirmişdir. Orada işləyən Murad adlı şəxs misi alıb tərəzidə çəkmiş və 15 kq olmasını müəyyən etdikdən sonra ona cəmi 157 manat 50 qəpik pul vermişdir. O. oradan çıxıb həmin pulu öz şəxsi xərcləri üçün istifadə etmişdir. Onun bu barədə məlumatı olmamışdır. O, həmin şəxsə bu barədə məlumat verməmiş, özünə məxsus olduğunu bildirmişdir. Oğurluq zamanı onu heç kim görməmişdir. Bu işdə ona heç kim kömək etməmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu 10 sentyabr 2025-ci il tarix ifadəsindən müəyyən edilir ki, təqsirli bilindiyi əməlin mahiyyəti ona tamamilə aydındır, əvvəllər verdiyi ifadəsini təsdiq edir. Ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxs məxsus evdən bu qədər əşyaları oğurlamamışdır. Evin birinci mərtəbəsində dəhlizdə 306 manat dəyərində 18 ədəd tək girişli elektrik avtomatları, 734 manat dəyərində 02 ədəd iki girişli elektrik avtomatları oğurlamamış, evin ikinci mərtəbəsi və terrasına ümumiyyətlə çıxmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Sumqayıt şəhəri, Corat Bağlar massivində yerləşən 2 mərtəbəli 350 kvadrat metr sahəyə malik, qapısı və pəncərələri yerində olan bağ evi vardır. Həmin mənzili təmir elətdirir və elektrik işi gördürmək üçün müvafiq naqillər almışdır. Həmin əşyaları müxətlif obyektlərdən almış və onda olan bütün qaimələrə polisə təqdim etmişdir. O, təqsirləndirilən şəxsin sözügedən oğurluq əməlini törətməməsi ilə bağlı bildirdiklərinə görə təcüblənmişdir. Belə ki, hadisə yerinə baxış keçirilən zaman təqsirləndirilən şəxs nərdivanı haradan götürüb evə necə daxil olmasını, evdəki əşyaları necə oğurlamasını tam ətraflı sərbəst şəkildə göstərmişdir. O, evdə oğurladığı əşyaları əl arabası vasitəsi ilə daşımışdır. Evin darvazası olmamış, lakin taxta materialından hasar mövcud olmuşdur. Təqsirləndirilən şəxsə hər hansı təzyiq edilməmişdir. Hazırda tam ölçülərini xatırlamır, lakin ittiham aktında qeyd edilən ölçüdə və sayda əşyalar oğurlanmışdır. Hazırki ittiham üzrə ona dəymiz ziyan məbləği 11600 manat təşkil edir. Buna baxmayaraq ona 20 minə yaxın ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi metal qəbulu məntəqəsində görmüşdür. İndi baş verən hadisəni tam xatırlamır, lakin istintaqda ifadə vermişdir. Xatırlamamasının səbəbi hadisədən uzun müddət keçməsi və belə hadisələrin çox baş verməsi ilə əlaqədardır. O, Sumqayıt şəhəri, 13-cü mkr-da yerləşən metal qəbulu məntəqəsində işləyir. Onlar adətən mis aliminium və s. dəmir qəbul edirlər. Təqsirləndirilən şəxsidə yəqin ki, metal gətirməsinə görə orada görmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, onun Sumqayıt şəhəri. 13-cü mikrorayon ərazində Beynəlxalq bankın arxasında yerləşən əlvan metal qəbulu məntəqəsi vardır. Həmin əlvan metal qəbulu məntəqsində özü işləyir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanımadığı bir şəxs onun işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlmiş və özü ilə gəlirdiyi mis metalını ona satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən misi alıb tərəzidə çəkmiş və çəkisinin 15 kq olmasını müəyyən etmişdir. Mis metalının 1 kiloqramını 10 manat 50 qəpikdən alırlar. Həmin vaxt da misin İ kiloqramı üçün 10 manat 50 qəpik, cəmi isə 157 manat 50 qəpik pul vermişdir. Həmin şəxs də pulu götürdükdən sonra çıxıb getmişdir. Bundan sonra o şəxsi görməmişdir. Sonradan polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə çağırmışlar. O Polis bölməsində olan zaman ona xx.xx.2025-ci il tarixdə mis metalını satan şəxsi görüb tanımış, sonradan həmin şəxsin adının Balami olduğunu bilmişdir. Balami adlı şəxsdən aldığı mis metalı təhqiqata təqdim etmişdir. O həmin şəxsi əvəllər tanımamışdır. Balami ona bildirmişdir ki, mis metalı özünündür və satmaq istəyir. Hardan əldə etməsi barədə də ona bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Corat bağ massivi, B-2217 ünvanında yerləşən fərdi yaşayış evi kimi təmir edilən yarımçıq yaşayış olmayan tikilidir. Hadisə yerində yarımçıq iki mərtəbəli tikilinin 0.10 ha torpaq sahəsinin içərisində yerləşməsi görünür. Həyətin girişində darvaza yoxdur, giriş taxtalarla bağlanmışdır. Tikintinin həyətində tikinti ləvazimatları, daş qumu vardır. Tikili ilə üzbəüz dayandıqda sağ tərəfində iki mətrəbəli yarımçıq tikilinin olması, müşahidə kameralarının olması görünür. Yarımçıq tikili evə daxil olduqda otaqlarda məişət əşyalarının olmadığı, divarda suvaq olması, elektrik naqillərin çəkilməsi görünür, Evin dəhlizində, girişdəki sağ tərəfdəki otaqda elektrik naqillərin divardan sökülüb çıxarılması görünür. Evin ikinci mərtəbəsində məişət əşyaların olmadığı aşkar edilir. Zərərçəkmiş şəxs ikinci mərtəbədə sanitar qovşağı kimi nəzərdə tutulan yeri göstərib həmin saxlanc kimi istifadə edilən yerdən elektrik rozetkalarının oğurlandığı bildirdi. Evin terrasına baxış keçirilən zaman Zərərçəkmiş şəxs orada divarlardan naqillərin sökülüb aparılmasını bildirdi. Daha sonra evin həyətində yarımçıq tikiliyə baxış keçirilən zaman orada çarpayı, geyim əşyaları, televizor, müşahidə kameraları olması aşkar olunur. Zərərçəkmiş şəxs həmin yerdən ustaların qalmasını, kameraları nyaddaş qurğusunun həmin yerdən oğurlandığını bildirmişdir. Hadisə yerindən hər hansı maddi sübut, əhəmiyyətə malik əşya götürülməmişdir. Yaddaş qurğusu oğrulandığı üçün görüntüləri götürmək mümkün olmamışdır. Hadisə yerinin fotoşəkilləri protokola əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli təqdim olunmuş əşyaya baxış keçirilməsi və əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Şahid 15 kg mis metalı təhqiqatçıya təqdim etmişdir. Təqdim edilmiş mis metalı yandırılaraq qaralmışdır. Həmin mis metalı elektrik naqillərininin içərisindən çıxarılmaqla əldə edilmişdir. Həmin mis metalı müvafiq qaydada götürülmüş, götürülmə aparılan zaman fotoçəkilişdən istifadə edilmişdir. Fotoşəkillər protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs 26 iyun 2025-ci il tarixdə saat 19:00-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, istintaqa ifadə vermiş iş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini yerində yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260 və 261-ci maddələrinə əsasən Sumqayıt ŞPİ-dən Təqsirləndirilən şəxs göstərməsi ilə Sumqayıt şəhəri, Coral bağları, B-2217 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Dindirmə zamanı haqqında danışdığı yeri göstərməsi, orada baş vermiş hadisəyə (faktiki hallara) dair izahat verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri. Corat bağ massivində piyada gəzən zaman iki mərtəbəli bir yarımçıq tikilinin olduğunu görmüşdür. Həmin tikilinin yerləşdiyi həyətin darvazası yox idi, darvaza yerində isə uzun taxtalardan həyətə sərbəst girişin qarşısını almaq üçün taxtalar qoyulmuşdur. O. oğurluq etmək məqsədi ilə həmin həyətə daxil olmuşdur. Daha sonra isə həmin yarımtikilinin sol tərəfindən keçib oradakı plastik pəncərəni üzərində olan vintaçanla açıb içəri daxil olmuşdur. Daxil olduğu otaq yarımçıq təmirli və əşyasız idi. Həmin vaxt o otağın divarlarında və yerdə olan elektrik naqillərini söküb özü ilə götürmüşdür. Daha sonra birinci mərtəbənin dəhlizinə keçmiş, orada taxtadan düzəldilmiş dayaqların üzərinə çıxıb divardan elektrik naqqillərini çıxarıb yerə qoymuşdur. Həmin elektrik naqillərini götürüb evə daxil olduğu pəncərədən bayıra çıxmışdır. Evin yanında olan iki mərtəbəli tikilinin qarşısında kameraların olmasını görmüşdür. Həmin tikilinin ikinci mərtəbəsinə qalxıb otağa baxdıqda orada televizor, çarpayıların olmasını görmüşdür. Orada müşahidə kameralarının yaddaş qurğusunun olduğunu görmüş və görüntülərinin onun əlehyimə istifadə edilməməsi üçün yaddaş qurğusunun da oğurlamışdır. Daha sonra oradan çıxıb evin yanında və arxasında olan divardan asılmış, evin yanına qoyulmuş elektrik naqillərini oğurlamışdır. Həmin oğurladığı əşyaları evin həyətində olan əl arabasına yükləmiş və bayıra çıxarmışdır. Götürülmə aparılan zaman foto çəkilişdən istifadə olunmuş, fotoşəkillər protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli əşyanın təqdim edilməsi haqqında protokoldan görünür ki, 15 kg mis metalı müstəntiq tərəfindən zərərçəkmiş şəxsə təqdim edilmişdir. - İşdə olan “Gold Qayalı” Ticarət Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 18 ədəd tək girişli elektrik avtomatları, 02 ədəd iki girişli elektrik avtomatları, 2x4 ölçüdə 200 metr uzunluqda elektrik naqilləri, 3x4 ölçüdə 500 metr uzunluqda elektrik naqilləri, 2x10 ölçüdə, 250 metr uzunluqda elektrik naqilləri, 130 ədəd elektrik yuvası, 3x4 ölçüdə 200 metr uzunluqda, 02 top, elektrik naqilləri, 3x4 ölçüdə 100 metr uzunluqda elektrik naqilləri, 10 gün görüntü saxlayan, kameraların yaddaş qurğusunu, CAT6 ölçülü, 200 metr uzunluqda kamera üçün naqilləri, 3x4 ölçüdə 200 metr uzunluqda uzadıcı elektrik naqilləri və 1 ədəd əl arabasının 2025-ci ilin iyun ayına orta bazar qiymətləri (dəyərləri) aşağıdakı kimi müəyəyn edilmişdir: 18 ədəd tək girişli elektrik avtomatları - 1 ədəd elektrik avtomatı 17 manat, 18 ədədi 306 manat, 02 ədəd iki girişli elektrik avtomatları - 1 ədəd elektrik avtomatı 367 manat, 2 ədədi 734 manat, 2x4 ölçüdə 200 metr uzunluqda elektrik naqilləri - 1 metri 2 manat 67 qəpik olmaqla ümumilikdə 534 manat, 3x4 ölçüdə 500 metr uzunluqda elektrik naqilləri - 1 metri 3 manat 30 qəpik olmaqla ümumilikdə 1650 manat, 2x10 ölçüdə, 250 metr uzunluqda elektrik naqilləri - 1 metri 17 manat olmaqla ümumilikdə 4250 manat, 130 ədəd elektrik yuvası- 1 ədədi 17 manat olmaqla ümumilikdə 2210 manat, 3x4 ölçüdə 200 metr uzunluqda, 02 top, elektrik naqilləri - 1 metri 3 manat 30 qəpik olmaqla ümumilikdə 660 manat, 3x4 ölçüdə 100 metr uzunluqda elektrik naqilləri - 1 metri 3 manat 30 qəpik olmaqla ümumilikdə 330 manat, 10 gün görüntü saxlayan, kameraların yaddaş qurğusu - 145 manat, CAT6 ölçülü, 200 metr uzunluqda kamera üçün naqilləri - 1 metri 1 manat 25 qəpik olmaqla ümumilikdə 250 manat, 3x4 ölçüdə 200 metr uzunluqda uzadıcı elektrik naqilləri - 1 metri 2 manat 67 qəpik olmaqla ümumilikdə 534 manat, 1 ədəd əl arabası - 40 manatdır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 180.1-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmiş, bir ədəd sintetik torbada 15 kg mis metalı maddi sübut kimi hesab edilmiş, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 27.06.25-ci il tarixli, 4(060)-183/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokolu, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokolu və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin oğurluq əməlinin törətməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının: - 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. - 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə onun yaşayış sahəsinə daxil olmaqla bu əməli törətməsinə münasibətdə isə qeyd etmək istəyir ki, eyni Plenum Qərarının 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmçinin həmin Qərarın 21-ci bəndində göstərilir ki, oğurluq, cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdırlar. Yaşayış sahəsi dedikdə isə, yaşayış və qeyri-yaşayış sahələri də, daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Beləliklə, məhkəmə iclas zalında təqsirləndirilən şəxs tərəfindən verilən ifadəni Plenum Qərarında göstərilən izahla araşdıraraq müəyyən etmişdir ki, o, oğurluq niyyəti ilə yaşayış sahəsi və binaya daxil olmaqla talama cinayətini Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağları, B- 2217 ünvanında yerləşən yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin həyətinə daxil olmaqla, fərdi yaşayış evinin plastik pəncərəsini istintaqa məlum olmayan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən evə daxil olduqdan sonra həyata keçirmişdir. Əməlin xeyli miqdarda törədilməsinə münasibətdə məhkəmə bildirmək istəyir ki, eyni adlı Plenum qərarının 26-cı bəndində görstərilmişdir ki, oğurluq, cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Həmin qeyd hissəsinə görə isə xeyli miqdar dedikdə talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə olsun və qəsd məhz xeyli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Plenum qərarının 27-ci bəndinin sonuncu abzasında o da göstərilmişdir ki, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. “Gold Qayalı” Ticarət Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxsin yaşayış sahəsindən talanan malların 2025-ci ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 11643 manat müəyyən edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda olmaqla, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və hazırda məhkumluğunun ödənilməməsini), əvvəllər də eyni xarakterli cinayət əməlini törətməsini, barəsində cəzasını ağırlaşdıran halın olmasını, eləcə də zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi halını, cinayət əməlinin törədilməsi hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən hazırda baxılan iş üzrə olan cinayət əməlini törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət əməlini törətməsini, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətindədir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 (bir) ədəd sintetil torbada olan 15 kiloqram çəkidə mis metal hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmişə cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)- 677/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1623 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə 11 (on) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və müsadirə olunan əmlak yoxdur. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd sintetil torbada olan 15 kiloqram çəkidə mis metal hökm qanuni qüvvəyə mindikdən Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərcinin olmaması, mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar