Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-678/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 29 avqust 2000-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ev 4a, mənzil 3-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,487 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 iyul 2021-ci il tarixdə saat 15:10-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qırmızı rəngli köynəyin altında sinəsinin arasında saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,487 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitə olan heroin qəbul etməyə başlamış, sonuncu dəfə 27.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu, ancaq adını bildiyi, digər anket məlumatlarını bilmədiyi Kamran adlı şəxsə şəxsi istifadəsi üçün narkotik vasitə olan və kakos adlandırılan heroin almaq istədiyini bildirdikdə, Kamran adlı şəxs ona 30 manat müqabilində narkotik vasitə olan və kakos adlandırılan heroin sata biləcəyini bildirmiş, bundan sonra aralarında yaranmış razılığa əsasən Kamran adlı şəxsə 30 manat pul verərək ondan bir ədəd sellofan bükümdə narkotik vasitə olan və kakos adlandırılan heroin almış, həmin ərazidən bir qədər aralaşdıqda isə saat təxminən 15 radələrində ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarının dəvətindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, polis idarəsinə getdikdən sonra isə xidməti otaqlardan birlikdə narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə şübhəli olduğundan saxlandığını bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmişlər, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmışdır. Üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan köynəyin altında sinəsinin arasında saxladığı bir ədəd sellofan bükümdəki narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanış olduğu, Kamran adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə elektron tərəzidə çəkilmiş və narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüşdr. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, 2021-ci ilin may ayından isə Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət aparmağa başlamışdır. 27 iyul 2021-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin NMB-nə Könül adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Könül adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, eləcə də qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Könül adlı şəxsin xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olması, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, ev 4a, mənzil 3-də qeydiyyatda olmaqla ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 15:10-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı X5 ilə yaxınlaşaraq, Təqsirləndirilən şəxs saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhfil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİnin NMB-nin əməliyyat müvvəkkiləri Şahid2, Fərid Ağayev, Sumqayıt ŞPİ-nin Əməliyyat rabitə qrupunun kiçik inspektoru, polis siravisi Kəmalə Əkbərovanın və Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkl Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub olmaması soruşulduqda, o heç bir etirazının olmadığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlini əynində olan qırmızı rəngli köynəyin boğaz nahiyəsindən içəri salaraq sinəsinin arasında saxladığı bir ədəd sellofan bükümdəki maddəni çıxarıb təqdim edərək, həmin sellofan bükümün içərisində narkotik vasitə olan və kakos adlandırılan heroin olduğunu bildirmişdir. Təqdim edilmiş bir ədəd sellofan bükümün içərisinə baxış keçirildikdə içərisindən qəhvəyi rəngli, tozşəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində aşkar edilmiş maddənin nə olduğunu, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşarkən o həmin maddənin narkotik vasitə olan heroin olduğunu, saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən “Kamran” adlı şəxsə 30 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı digər qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2, X3 və X4 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 28.07.2021-ci il tarixli № 6/3135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, adlar, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,487 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 1,487 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,437 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 11.09.2021-ci il tarixli 3384 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 1,437 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə tutulmuş, 29.07.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-678/2021 saylı, 19.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına qəlmədiyi üçün onun barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan 30.11.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.11.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 51 (əlli bir) saat sərf etmişdir. Ona görə də, 306 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 27.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək və 30.11.2021-ci il tarixdə 03 (üç) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 06 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 1,437 qram narkotik vasitə heroin məhv edilməli, 01 (bir) ədəd CD disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27.07.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək və 30.11.2021-ci il tarixdə 03 (üç) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 06 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin, və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,437 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 306 (üç yüz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-678/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-678/2021
17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver