Məhkəmə qərarları › İş №1(060)-681/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-681/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-681/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 4-cü mkr., ev 30/80, mənzil 2-də qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 171 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanda yerləşən Sumqayıt şəhər X3 Xəstəxanasının birinci mərtəbəsində masanın üzərində Zərərçəkmiş şəxs məxsus işlək vəziyyətdə olan 01 ədəd 220(iki yüz iyirmi) manat dəyərində olan “İphone 7” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurladığı Zərərçəkmiş şəxs məxsus “İphone 7” markalı mobil telefonda olan “birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid 416973******7919 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:37-də 750(yeddi yüz əlli) manat, həmin tarixdə saat 12:42-də 41(qırx bir) manat olmaqla ümumilikdə 791(yeddi yüz doxsan bir) manat pulu, bundan başqa Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid **********311366 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:39-da 364(üz yüz altmış dörd) manat olmaqla ümumilikdə 1155 manat pulu həmin hadisədən xəbərsiz olan qohumu Şahid2 məxsus "xxxx" ASC-ə məxsus 409858******5009 nömrəli kartın hesabına köçürmüş, sonra həmin pul vəsaitindən 1000 manat pulu xx.xx.2022-ci il tarixdə saat 19:36-da Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən "xxxx" ASC-ə məxsus bankomatdan çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs 1155 manat miqdarında maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılardan istifadə edərək oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, həmin gün qeyd olunan X3 xəstəxanasına müraciət etməmişdir. Özü təzyiq xəsdəsi olduğu üçün həmin xəstəxanaya tez-tez gedir, orada qeydiyyat jurnalı var və bir iynə və ya bir tabletka versələr belə qeydiyyat jurnalına qeydiyyata alırlar. Bundan başqa qeyd olunan yerdə müşahidə kamerası və mühafizə xidməti var, lakin o həmin gün ümumiyyətlə orada olmayıb. 02 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o, İsmayıllı rayonun Diyarlı kəndində Elman adlı dostunun evinə qonaq getmişdir. Dostunun evinə Sentyabr ayın dəqiq hansı tarixində getdiyini xatırlamasa da həftənin şənbə günü ora getmiş və dostu orada onu qarşılamışdır. O, həftənin altı və bazar günü dostunun evində qalmış, həftənin birinci günü də Sumqayıt şəhərinə qayıtmışdır. Belə ki, bu iş üzrə 2023-cü ilin mart ayında Bakı şəhəri Səbail RPİnin 39-cu Polis Bölməsinin əməkdaşları səhər tezdən onu gəlib aparmışlar. Hətta bununla bağlı onun ailə üzvləri Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət ediblər ki, məlumat vermədən kimlərsə gəlib onu evdən aparıblar. Bölmədə olarkən ona bankomatın qarşısında duran bir nəfərin foto şəklin göstərmişlər və o, həmin şəxsin dayısı oğlu Zərbalı olduğunu bildirmişdir. Polis əməkdaşları dayısı oğlunun şəkildəki şəxsin Sübhan olduğunu və hadisəni onun tərəfindən tördildiyini ona bildirmişlər. Beləliklə 48 saat onu saxladıqdan sonra Səbail rayon prokurorluğuna aparılmışdır. O, prokurorla söhbət edərkən hadisənin harda olduğunu soruşduqda prokuror hadisənin Sumqayıt şəhərində baş verdiyini bildirmişdir. O, bankomat qarşısında onun şəkillərinin olmasını təsdiq edən bir subut tələb etmişdir. Polisdə izahat verərəkən o, Zərbalının onun dayısı oğlu olduğunu, müharibədə iştirak etdiyini və qazi olduğunu bildirmiş, beləliklə yazılmış izahata tez qol çəkmişdir ki, onu buraxsınlar. O, izahata qol çəksə də izahatda yazılanları oxumamışdır. xx.xx.2022-ci il tarixdə onun üzərində telefon olmamış, telefonu həmin vaxt ustada olmuş, özü isə İsmayıllı rayonunda olmuşdur. Şahid2 onun doğma dayısı oğlu olduğunu, Zərbalının ona qarşı ifadə verməsinin səbəbi də polislər ondan harda qalmasını soruşmuş, Zərbalı Sumqayıt şəhərində bibisinin evində qalıdığını və bibisi oğlunun, yəni onun əvvəllər məhkum olduğunu bildirmiş və polislər də onun sözlərinə inanaraq onu gəlib aparmışlar. O, ümumiyyətlə Zərbalının bank kartına pul göndərmədiyini, hətta Zərbalı özü Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə kartının itməsi ilə bağlı ərizə vermişdir. Hazırda o, qeyd olunan cinayət hadisəsini törətməkdə özünü təqsirli bilmir və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, dayısı oğlu Şahid2 Sumqayıt şəhərində işlədiyinə görə onlarla birlikdə yaşayırmış. Bədənində olan ağrılara görə və qan təzyiqi düşdüyünə görə 02 sentyabr 2022-ci il tarixdə saat 15:20 radələrində ünvan 2 ünvanda yerləşən Sumqayıt şəhər X3 Xəstəxanasına getmişdir. Orada həkim yoxlanışından çıxıb evə gedən zaman saat 16:00 radələrində xəstəxananın birinci mərtəbəsində dəhlizdə olan stolun yanında bir ədəd “İphone 7” markalı mobil telefon olduğunu görmüşdür. Ətrafda heç kimin olmadığını və onu heç kimin görmədiyinə əmin olduqdan sonra qeyd olunan telefonu oradan götürüb cibinə qoyub xəstəxanadan çölə çıxmışdır. Xəstəxananın çölündə mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb atmışdır. Oradan sonra çayxanaya gedib və çayxanada oturub mobil telefonun kodunu açmağa çalışmış və üçüncü cəhddə telefonun kodunu açmışdır. Bundan sonra mobil telefonda olan mobil tətbiqlərə baxan zaman “Birbank” mobil tətbiqi olduğunu görmüş və telefonu “Vi-Fi” şəbəkəsinə qoşmuşdur. Bundan sonra telefonun şəkillər olan bölməsində “Birbank” tətbiqinin kodunun şəkli olduğunu görmüş və həmin kodu daxil edərək tətbiqi açmışdır. Tətbiqdə iki bank kartı hesabının olduğunu və həmin hesablarda ümumilkdə 1155 manat olduğunu müəyyən etmişdir. Tanışlarından həmin məbləği necə çıxaracağını maraqlanmış və tanışları mobil tətbiq vasitəsilə hər hansı bir bank kartına köçürə biləcəyini bildirmişlər. O, bank kartı olmadığına görə dayısı oğlu Zərbalıdan öz bank kartını verməsini xahiş etmişdir. 03 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Zərbalı işə gedən zaman ondan bank kartını istəyən zaman kartı nə edəcəyini soruşduqda tanışının pul göndərəcəyini ona bildirmiş və Zərbalı da razılaşıb kartını ona vermişdir. Bundan sonra 03 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində Birləşmiş məhəllə adlanan yerdə oğurladığı mobil telefonda bank tətbiqini açıb Zərbalının kartına tətbiqdə olan iki bank kartı hesabından ümumilkdə 1155 manat pul köçürmüş və daha sonra həmin tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən bankomatdan Zərbalıdan aldığı bank kartını daxil edib hesabdan 1000 manat pul çıxarışı etmişdir. Daha sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı mobil telefonu isə istifadə etməyib atmış, həmin vaxt onu heç kim görməmişdir. Qeyd etdiyi hadisələrdən başqa oğurluq hadisəsi törətməmişdir. Zərbalı ona heç bir köməklik göstərməmiş və onunla heç bir razılıq əldə etməmişdir. Oğurluq yolu ilə əldə etdiyi əmlakdan Zərbalıya heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 02 sentyabr 2022-ci il tarixdə həyat yoldaşı onu, qızı və nəvəsini istirahət etmələri üçün Abşeron rayonu ərazisində olan “My Beach” istirahət mərkəzinə düşürüb yaşadıqları evə getmişdir. İstirahət edən zaman qızı Aynurə istirahət mərkəzi ərazisində yerləşən “Aqua park” su qurğusunda hrərəkət edən zaman başı həmin qurğunun yan borusuna dəyib xəsarət almış və bununla əlaqədar o, dərhal yoldaşına zəng edib bu barədə məlumat vermişdir. Daha sonra orada olan şəxslərin köməkliyi ilə Sumqayıt şəhər Travmatologiya xəstəxanasına getmişdir. Təxminən saat 15:30 radələrində yoldaşı da ora gəlmiş və həmin vaxt o, istifadəsində olan “İphone 7” markalı mobil telefonu nəvəsinə oynatmaq üçün vermişdir. Nəvəsilə birlikdə xəstəxananın birinci mərtəbəsində foyedə əyləşmiş və həmin vaxt qızına tibbi yardım göstərən həkim onları respet yazmaq üçün otağa dəvət etmişdir. Bu zaman nəvəsi də onların yanına gəlmiş, o nəvəsindən mobil telefonu soruşan zaman nəvəsi mobil telefonu foyedə stolun üzərinə qoyduğunu bildirmişdir. Dərhal kolidora çıxıb stolun üstünə baxmış və nə qədər axtarsalar da mobil telfonu tapa bilməmişdir. Bundan sonra o, telefonun oğurlandığını başa düşmüş və yoldaşı məcbur qalıb DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Sonra yoldaşı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedərək ərizə ilə müraciət etmişdir. 05 sentyabr 2023-cü il tarixdə o, mobil telefonunda “Birbank” mobil tətbiqini aktivləşdirmək üçün Bakı şəhərində yerləşən “Kapital Bank” filiallarının birinə yaxınlaşdıb müraciət edərkən, ona məxsus olan **********447919 nömrəli birkart bank kartının hesabından xx.xx.2022-ci il tarixdə saat 12:37-də 750 manat, daha sonra saat 12:42-də 41 manat olmaqla ümumilikdə 791 manat pulun, **********311366 nömrəli əmək haqqı kart hesabından isə xx.xx.2022-ci il tarixdə saat 12:39-da 364 manat pulun onlayn yolla çıxarıldığını bildirmişlər. Bundan sonra o, mobil telefonu oğurlayan şəxsin telefonu oğurladıqdan sonra “Birbank” tətbiqinə daxil olmaqla pulları oğurladığını başa düşmüşdür. Onun telefonu oğurlanan zaman təxmini bazar qiyməti 350 manat olmuş, hadisə nəticəsində ona məxsus mobil telefonda kapital bank tətbiqi vasitəsilə ümumilikdə 1155 manat pul köçürülmüşdür. Beləliklə bu iş üzrə ona ümumilikdə 1505 manat miqdarında maddi ziyan dəymişdir. Hal-hazıradək həmin ziyan ödənilməmişdir və bu səbəbdən o təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Belə ki, 02 sentyabr 2022-ci il tarixdə o, yoldaşı, qızı və nəvəsini istirahət etmələri üçün Abşeron rayonu ərazisində olan “My Beach” istirahət mərkəzinə düşürüb yaşadığı evə qayıtmışdır. Evə çatana yaxın yoldaşı Zərərçəkmiş şəxs zəng edib qızı Aynurənin istirahət mərkəzi ərazisində yerləşən “Aqua park” su qurğusunda hərəkət edən zaman başının həmin qurğunun yan borusuna dəyib xəsarət aldığını və orada olan şəxslərin köməkliyi ilə onların Sumqayıt şəhər Travmatologiya xəstəxanasına göndərildiyini bildirmişdir. Təxminən saat 15:30 radələrində qeyd olunan xəstəxanaya gəlmiş və orada olan zaman qızının sarğı ortağına yerləşdirildiyini öyrənib onun yanına keçmişdir. Həmin vaxt isə həyat yoldaşı nəvəsi ilə birlikdə xəstəxananın birinci mərtəbəsində foyedə əyləşmişdir. Yoldaşı isə özünə məxsus “İphone 7” markalı mobil telefonunu nəvəsinə oynatmaq üçün vermişdir. Bir neçə dəqiqə sonra həyat yoldaşı nəvəsi ilə birlikdə sarğı otağına gəlmiş və həmin vaxt nəvəsinin mobil telefonu foyedə oturacağın üzərinə qoyduğunu bilmişlər. Dərhal sarğı otağından çıxıb telefonu nə qədər axtarsalar da tapa bilməmiş və oğurlandığını başa düşmüşlər. Bundan sonra o, məcbur qalıb DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun bibisi oğludur. Belə ki, o Sumqayıt şəhərində işlədiyinə görə bir müddət bibisinin yaşadığı evdə yaşamışdır. Təxminən 03 sentyabr 2022-ci il tarixdə bibisioğlu Təqsirləndirilən şəxs tanışının ona pul göndərəcəyini və bunun üçün bank kartı lazım olduğunu bildirib ondan özünə məxsus kartını istəmişdir. O, etiraz etməyib öz bank kartını Sübhana vermişdir. Lakin həmin vaxtlarda o, smart telefon işlətmədiyi üçün bank hesabına nəzarət edə bilməmişdir. Təxminən sentyabr ayının 4-ü o, özünə 20 manat pula “Samsung J2” markalı mobil telefon almış və bu telefon da ona whatsapp şəbəkəsində iş qrupuna qoşulmaq üçün lazım olmuşdur. Həmin vaxt onun bank kartı hələ də bibisioğlu Sübhanda olmuşdur. O, telefonda "xxxx"ın “Leobank” mobil tətbiqini hesabına nəzarət etmək üçün quraşdırmış və bu zaman ona "xxxx"dan hesabında 155 manat pul olduğu barədə mesaj gəlmişdir. Bundan sonra tanışı Sübhan Abbasovla bu barədə söhbət edən zaman o, kiminsə karta pul göndərdiyini və həmin pulu başqa karta köçürərək çıxara biləcəyini, tanışı Sübhandan öz kartını ona verməsini və qeyd olunan 155 manat pulu həmin karta köçürərək çıxarmaq istədiyini bildirmişdir. Tanışı Sübhan öz kartını ona vermiş və o, 155 manat pulu həmin karta köçürərək çıxartmışdır. Həmin pulun üstünə də öz qazandığı pulu qoyub şəxsi ehtiyaclarına xərcləmişdir. 15 mart 2023-cü il tarixdə dayısı Ruslan ona zəng edib polis əməkdaşlarının onu axtardığını və Səbail RPİnin 39-cu polis bölməsinə getməli olduğunu bildirmişdir. Bundan sonra o, dərhal qeyd olunan polis bölməsinə yaxınlaşmış və orada ona 02 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində “İphone 7” markalı mobil telefonun oğurlandığını, ondan sonra həmin telefonda olan bank mobil tətbiqində olan bank hesabından pul oğurlandığını və oğurlanmış pulların ona məxsus bank kartı hesabına köçürüldüyünü bildirmişlər. O, həmin vaxt polis əməkdaşlarına qeyd olunan hadisələri onun törətmədiyini və sadəcə olaraq 03 sentyabr 2022-ci il tarixdə özünə məxsus bank kartını bibisioğlu Sübhana verdiyini bildirmişdir. Daha sonra bibisioğlu Sübhan polis əməkdaşları tərəfindən saxlanılaraq 39-cu polis bölməsinə gətirilmiş və orada qeyd olunan cinayət hadisələrini özünün törətdiyini etiraf etmişdir. O, sadəcə özünə məxsus bank kartını bibisioğlu Sübhana verdiyini, onun həmin kartla hər hansı bir cinayət hadisəsi törədəcəyini düşünməmişdir. O, kartı Sübhana verən zaman Sübhanın əlində “İphone 7” markalı mobil telefon olduğunu görmüş, lakin Sübhan oğurluq yolu ilə əldə etdiyi puldan ona hər hansı bir pay veməmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisələrini törətməmişdən əvvəl onunla hər hansı bir razılıq etməmiş və ona hər hansı bir köməklik göstərməmişdir. Sadəcə olaraq Sübhan ona tanışını pul göndərməyi üçün ondan bank kartını istədiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 iyun 2023-cü il tarixli 9/3887 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 7” markalı mobil telefonun satış üçün komplekləşdirilməsinə daxil olan aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 220,00 manat müəyyən olunur. İş materillarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli HTİD/1807 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və xx.xx.2001-ci il təvəllüdlü Şahid2 məxsus 409858******5009 nömrəli ödəniş kartından bütün əməliyyatlar barədə məlumatları və kartdan nağdlaşdırma əməliyyatları zamanı qeydə alınmış fotoşəkillər proses iştirakçılarının iştirakı ilə tədqiq edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında Şahid2 istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixə olan anten məlumatlarının əldə olunmasına dair qərar qəbul edilmişdir. Həmin sorğuya əsasən "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli BKC/LGL-15614/23 saylı məktubuna əlavə olunmuş CD diskə baxış keçirilmiş və proses iştirakçılarının iştirakı ilə daxil olmuş məlumatlar tədqiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs odur, taladığı pulları Zərbalının kartına atmış və həmin pulları çıxarmışdır. Həmin protokola Təqsirləndirilən şəxs imza edərək təsdiq etmişdir. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərarından (səh.205) görünür ki, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan, eyni zamanda iş materiallarında olan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-31/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellaysiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(105)-337/2023 saylı qərarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)-31/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs probasiya nəzarətinə qeydiyyata alınmadığından cəzasını çəkməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materillarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli 3-13-58-4/2-13166/2023 saylı məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanda yerləşən Sumqayıt şəhər X3 Xəstəxanasının birinci mərtəbəsində masanın üzərində Zərərçəkmiş şəxs məxsus işlək vəziyyətdə olan 01 ədəd 220(iki yüz iyirmi) manat dəyərində olan “İphone 7” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə oğurladığı Zərərçəkmiş şəxs məxsus “İphone 7” markalı mobil telefonda olan “birbank” mobil tətbiqinə qanunsuz daxil olaraq sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid 416973******7919 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:37-də 750(yeddi yüz əlli) manat, həmin tarixdə saat 12:42-də 41(qırx bir) manat olmaqla ümumilikdə 791(yeddi yüz doxsan bir) manat pulu, bundan başqa Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab olunan Kapital Banka aid **********311366 nömrəli plastik kartı hesabından xx.xx.2022-ci il tarixdə saat 12:39-da 364(üz yüz altmış dörd) manat olmaqla ümumilikdə 1155 manat pulu həmin hadisədən xəbərsiz olan qohumu Şahid2 məxsus "xxxx" ASC-ə məxsus 409858******5009 nömrəli kartın hesabına köçürmüş, sonra həmin pul vəsaitindən 1000 manat pulu xx.xx.2022-ci il tarixdə saat 19:36-da Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsində yerləşən "xxxx" ASC-ə məxsus bankomatdan çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs 1155 manat miqdarında maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılardan istifadə edərək oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə həmçinin hesab edir ki, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinəə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)- 31/2023 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar