Məhkəmə qərarları › İş №1(060)-682/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-682/2021

06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-682/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il tarixdə Türkmənistan Respublikası, Aşqabad vilayəti, Tejen rayonunda doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, 03.09.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bilə-bilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.2020-ci il tarixli 73-1 №-li, 12.09.2020-ci il tarixli 336 №-li, 28.10.2020-ci il tarixli 427 №-li, 19.11.2020-ci il tarixli 450 №-li qərarlarının tələblərini yəni, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq insanların yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmasına real təhlükə yaratmaqla 23.04.2021-ci il tarixdə, saat 22 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib insanların hərəkətdə olduğu küçə ilə piyada hərəkətdə olmuş, daha sonra isə insanların hərəkətdə olduğu küçə ilə piyada yaşadığı evə qayıdarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana aparılması təmin edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 12 aprel 2021-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olduğu zaman səhhətində yaranmış narahatlıqla bağlı Təcili Tibbi yardım stansiyasına zəng vurmuşdur ki, gəlib “COVİD-19”la bağlı ondan analiz götürsünlər. Təcili yardım gəlib ondan analiz götürdükdən sonra 14 aprel 2021-ci il tarixdə saat 13:04-də onun ***-***-**-** saylı mobil nömrəsinə Covid-19 virusu ilə əlaqədar verdiyi analizin cavabının pozitiv olması barədə İST.GOV.AZ-dan SMS gəlmişdir. SMS-in məzmununda ev şəraitində müalicə alması, evi tərk etməməsi, tərk etdiyi halda qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. Virusa yoluxduğunu bildikdən sonra Sumqayıt şəhərində “Liman” klinikasında həkim işləyən Mehriban adlı qohumu ilə telefonla “Vhatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlayıb ona virusa yoluxduğunu bildirmişdir. Mehriban həkim isə ona evdə qalmağı, evdən çölə çıxmamağı bildirmiş və ona dərmanlar yazaraq həmin dərmanları aldırıb müalicə olunmağı tapşırmışdır. O da Mehriban həkimin dediklərinə əməl edərək müalicə olunmağa başlamışdır. Damar daxilinə vurulan bəzi dərmanlarla bağlı ailə üzvlərinin tanışı Elza adlı tibb bacısı ilə əlaqə saxlamışlar və Elza yaşadığı evə gəlib həmin dərmanları ona vurmuşdur. 23 aprel 2021-ci il tarixdə, təxminən saat 21 radələrində Elza yenə də yaşadığı evə gəlmişdir ki, ona iynələrini vursun. Elza iynələri vurduqdan sonra o, Elzanı ötürmək qərarına gəlmiş və onunla birlikdə yaşadığı evdən çölə çıxmışdır. Elzanı ötürdükdən sonra ağ rəngli xüsusi geyimdə olan polis əməkdaşları ona yaxınlaşmışlar və onun COVİD-19 xəstəsi olduğu halda nə səbəbə evi tərk etməsini demişlər. O da polis əməkdaşlarına tibb bacısını yola salmaq üçün yaşadığı evi tərk etdiyini demişdir. Sonra isə polis əməkdaşları tərəfindən ona bir daha yaşadığı evi tərk etməmək barədə xəbərdarlıq edilmiş və o yaşadığı evə qayıtmışdır. Virusa yoluxduqdan sonra ailə üzvlərindən başqa heç kimlə təmasda olmamış, ailə üzvləri ilə isə yalnızca qoruyucu maska taxaraq və məsafə saxlayaraq ünsiyyət qurmuşdur. Yaşadığı evi tərk edərkən təkcə qoruyucu maska taxmışdır. Elzanı yola salan zaman binanın daxilində və ya həyətində heç kimlə qarşılaşmamış, heç kimlə yaxın təmasda olmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı Şahid1 ifadəsində bildirmişdir ki, bütün dünya ölkələrində, eləcə də Azərbaycan Respublikasında “COVİD-19” pandemiyasının 2020-ci ilin əvvəllərində yayılmağa başlamış, bu sahədə vətəndaşlar arasında profilaktiki söhbətlər aparılmış, əhaliyə mütəmadi olaraq xəstəliyin yoluxma üsulları və maskadan istifadə təbliğ olunmuş, bu virusa yoluxmuş şəxslərin davranışları barədə informasiya verilmişdir. Pandemiya ilə əlaqədar olaraq 23.04.2021-ci il tarixdə 4-cü Polis Bölməsinin YYÇİ üzrə inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin YYÇİ inspektoru Şahid3la birlikdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində COVİD-19 virusuna yoluxmuş şəxslərin yaşadıqları evi tərk edibetməmələrini yoxlamaq məqsədi ilə həmin ərazidə yoxlama aparmışlar. Təxminən saat 22:10 radələrində 36-cı məhəllədə yerləşən 29 nömrəli binanın yaxınlığında olduqları zaman aktiv koronavirus xəstəsi olan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək yaşadığı binanın həyətində, insanların çoxluq təşkil etdiyi ərazidə gəzdiyini görmüşlər. Həmin vaxt binanın həyətində təxminən 20-30 nəfərə yaxın şəxs olmuşdur. Təqsirləndirilən şəxs isə həmin şəxslərin arasında gəzmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq ona aktiv koronavirus xəstəsi olduğu halda nə səbəbə yaşadığı evi tərk etdiyini soruşmuşlar. Həmin vaxt Şahid3 onları mobil telefonu vasitəsi ilə video görüntüyə almışdır. Təqsirləndirilən şəxs həmin vaxt onu müalicə edən tibb bacısını yaşadığı evə ötürmək üçün evini tərk etdiyini bildirmişdir. Onlar bir daha Təqsirləndirilən şəxs təlimatlandıraraq yaşadığı evi tərk etməməyi ona bildirmişlər və onu yaşadığı mənzilə yola salmışlar. Təqsirləndirilən şəxs saxlayan zaman o, yalnızca qoruyucu maska taxmış, onun digər qoruyucu vasitələrdən istifadə etməsi müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında saxlamışlar. Həmin vaxt onun yanında heç kim olmasada onu görəndə o, binanın həyətində olan şəxslərin arası ilə keçmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid X1 ifadəsində bildirmişdir ki, təxminən 2018-ci ildən etibarən Sumqayıt şəhərində yerləşən “Liman” klinikasında terapevt həkim kimi işləyir. Təqsirləndirilən şəxs uzaq qohumu kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin aprel ayının ortalarında işlədiyi “Liman” klinikasında olduğu zaman Berdiqılınc hazırda xatırlamadığı mobil telefon nömrəsi vasitəsi ilə onun şəxsi istifadəsində olan telefon nömrəsinə zəng vuraraq qohumlarının COVİD-19 virusuna yoluxduğunu bildirmiş və ondan qohumları üçün müalicə təyin etməsini, yəni resept yazmasını xahiş etmişdir. O, da “whatsapp” tətbiqi vasitəsi ilə Berdiqlınca ümumi qaydada təyin edilmiş dərmanların adlarını və istifadə qaydalarını yazıb göndərmişdir. Bundan sonra o, Berdiqılıncla daha əlaqə saxlamamışdır. O, Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayan zaman Berdiqılınc ona qohumlarının virusa yoluxduğunu demiş və ondan qohumları üçün resept yazmasını xahiş etmişdir. O, da Berdiqılınc üçün resept yazıb “whatsapp” tətbiqi vasitəsi ilə göndərdikdən sonra ona özünü təcrid qaydalarını və digər qaydaları izah etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Biliyi” publik hüquqqi şəxsi Sumqayıt şəhər səhiyyə şöbəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli, 550 nömrəli arayışda göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixində “Covid-19” virusuna görə “PZR” müayinəsindən keçmiş, nəticə pozitiv olduğu üçün 29.04.2021-ci il tarixədək ambulator şəraitdə müalicə olunmuş və karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 03 azyaşlı uşağı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03.09.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar