Məhkəmə qərarları › İş №1(060)-682/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-682/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-682/2023 12.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, saat 23:30 radələrində “BC” kateqoriyalı, BD025217 seriyalı sürücülük vəsiqəsi və ƏN-Vİ № 089586 nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Nissan Sunny” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə həmin küçədə yerləşən "Yeni yarmarka" istiqamətində hərəkətdə olan zaman "Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda, eləcə də 3.20 “Ötmək qadağandır” yol nişanının tələblərinə əməl etməyərək qarşısında gedən istintaqla sürücüsü və dövlət qeydiyyat nişanı müəyyən edilməmiş qara rəngli "Nissan Sunny" markalı avtomobili ötüb keçdikdən sonra yolun sol tərəfində, səki ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ gicgah payında beyin daxili hematoma, bilaterail alın payında beyin daxili və subdural hematoma, hər iki təpə sümüyünün yerdəyişməyən sınığı, sağ gicgah sümüyünün yerdəyişməyən sınığı, kəllə əsasının yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Avtomobil idarə etmək üçün "B, C" kateqoriyalı sürücülük vəsiqəsi vardır. X3 adına olan "Nissan Sunny" markalı, ağ mirvari rəngli, **-HP-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 14 mart 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində avtomobili ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə həmin küçədə yerləşən “Yeni yarmarka” istiqamətinə təxminən 40-50 km/saat sürətlə hərəkət etmişdir. Mebel aksessuarları mağazasına az qalmış, qarşısında yavaş sürətlə hərəkət edən "Nissan Sunny" markalı qara rəngli, dövlət qeydiyyat nişanını görə bilmədiyi avtomobili ötüb keçmək üçün yolun əks istiqamətinə keçib ötmə əməliyyatını edən zaman qarşısında asfalt örtüyün üzərində çuxur olduğunu görmüşdür. Çuxura düşməmək üçün avtomobili sola tərəf istiqamətləndirmiş və yolun sol çiyninə, çınqıl örtüklü yola çıxıb sürətini azca azaltmaq üçün əyləci yavaşca basmış və asta sürətlə hərəkətini davam etdirmişdir. Həmin vaxt qarşısında yolun sol çiyni ilə Zərərçəkmiş şəxs piyada getdiyini ani olaraq gördükdə əyləci basmışdır. Hərəkətdə olduğu yol çınqıllı olduğundan tormoz verməsinə baxmayaraq avtomobil irəli sürüşmüş və qarşısında olan Zərərçəkmiş şəxs arxa hissəsindən dəymişdir. Zərbə Zərərçəkmiş şəxs irəliyə atmış və sonuncu yerə dəyərək yıxılmışdır. Tez avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncunu yerdən qaldıraraq avtomobilinə əyləşdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs başından qan axmış, sonuncunu avtomobilinə əyləşdirib Sumqayıt şəhər xəstəxanasına aparmışdır. Xəstəxanada Zərərçəkmiş şəxs tibbi yardım göstərilən zaman ora yol patrul xidməti əməkdaşları gəlmişlər. O, da polis əməkdaşlarına özünü təqdim edərək törətdiyi hadisəni danışmışdır. Həmin hadisə 14 mart 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən mebel aksessuarları mağazasının yaxınlığında baş vermişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl təxminən 7-8 metr məsafədə Zərərçəkmiş şəxs yolun kənarı ilə hərəkətdə olmasını görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin və yük olmamışdır. Hadisə zamanı avtomobilə tormoz versə də yolun çınqıllı hissəsində olduğundan avtomobil irəliyə sürüşmüş və Zərərçəkmiş şəxs vurmuşdur. Əməlindən peşmandır. O, baş vermiş hadisəni qəsdən etməmiş, vurulmuş ziyanın müəyyən hissəsini ödəməklə zərəçəkmiş şəxslə barışmaq üçün cəhd etsə də, bu alınmamışdır. Belə ki, zərərçəkmiş şəxs onun tərəfindən verilmiş 8000 manat pulu istəməyərək, ona hadisə nəticəsində 16000 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda baş verənlərə görə zərərçəkmiş şəxsdən üzr istəyir. O, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 14 mart 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində özünə məxsus “Qazel" markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, Çerkassi küçəsində, “Daş bazan" adlanan ərazidə saxlayıb piyada yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə üzü ‘‘Yeni yarmarka” istiqamətində yolun sol tərəfində, səki ilə getmişdir. Həmin vaxt qəfildən arxa hissəsindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurmuş və zərbənin təsirindən bir qədər irəliyə atılıb yerə yıxılmış və huşunu itirmişdir. Gözünü açanda isə Sumqayıt şəhər xəstəxanasında olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu idarə etdiyi “Nissan Sunny” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurduqdan sonra avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs onu avtomobili ilə vuran zaman tək olmuş, onun yanında başqa heç kim olmamışdır. O, hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Onlar barışıq üçün onun yanına hadisədən xeyli müddət keçdikdən sonra gəldikləri üçün o, Təqsirləndirilən şəxs ilə barışmır. Ona hadisə nəticəsində 16000 manat maddi ziyan dəymiş, bu səbəbdən təqsirləndirilən şəxs tərəfindən ona təklfi edilmiş 8000 manat pulu qəbul etməmiş. Qeyd olunanların qərar qəbul edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru Şahid Əlisafa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 15 mart 2023-cü il tarixdə, saat 00:20 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yol-nəqliyyat hadisəsinin olması ilə bağlı Sumqayıt şəhər polis idarəsinə məlumat daxil olmuşdur. Bununla əlaqədar olaraq hadisə yerinə getmişdir. Orada hadisə yerinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, hadisə 14 mart 2023-cü il tarixdə, təxminən saat 23:30 radələrində baş vermişdir. Yolnəqliyyat hadisəsinin baş verdiyi yer Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşir. Yolnəqliyyat hadisəsi baş vermiş yer yaşayış məntəqəsidir, həmin yerdə yolun hərəkət hissəsi 2 zolaqdan ibarət asfaltbeton örtüklüdür. Yolun hərəkət hissəsinin eni 12,5 metrdir. Hadisə yerinə baxış keçirildikdən sonra hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Baxış zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Nissan Sunny” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə “Yeni yarmarka” istiqamətində hərəkətdə olan zaman yolun sol kənarı ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş və sonuncu ağır dərəcəli bədən xəsarətləri almışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 26 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 70-71) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 84-85); “qətimkan tədbirinin seçilməsi barədə” 15 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 86-89); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Çerkassi küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 12,5 metrdir, yol 2 hərəkət zolağından ibarətdir və yol örtüyünün eni 6 metrdir. Hadisə baş vermiş yerdə yol örtüyü asfaltbeton olmaqla quru, üfuqi və düzdür. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 5-16) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 605 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 17) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2032-ci ilədək qüvvədədir. Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1510 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Nissan Sunny markalı, 99HP749 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (“Ötmək qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 51-55) Sumqayıt şəhər MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 865 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sağ gicgah payında beyindaxili hematoma, bilaterail alın payında beyindaxili və subdural hematoma, hər iki təpə sümüyünün yerdəyişməyən sınığı, sağ gicgah sümüyünün yerdəyişməyən sınığı, kəllə əsasının yerdəyişməyən sınığı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdivi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir.(i.v. 58-62) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 44); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 46). “sübutların qiymətləndirilməsi haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1510 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 143 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 90-94); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə görə qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. AR CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə istintaqı zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qanunun normalarını pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün ötmənin qadağan olunduğu yerdə ötmə əməliyyatı aparmamalı olduğu halda sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sunny” markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən “Ötmək qadağandır” yol nişanının təsir zonasında ötmə əməliyyatı aparmış, qarşıda asfalt üzərində çuxur olması ilə əlaqədar avtomobili sola istiqamətləndirmiş və hərəkət hissəsinin sol kənarı ilə onunla eyni istiqamətdə hərəkətdə olan piyadanı vurmuş, nəticədə zərəçəkmiş şəxsin sağlamlığına ağır zəzərvurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsızlıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, Təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsin tələb etdiyi vurulmuş ziyanının yarısını, qalan hissəsini hissə-hissə olmaqla ödəmək istəməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaltmasını CM-nin 59.1.1, 59.1.11 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, zəzərçəkmiş şəxslə barışmağa cəhd etməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-onların cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar