Məhkəmə qərarları › İş №1(060)-685/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-685/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-685/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaçı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29, mənzil 40-da qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddələr olan 4 ədəd çətənə (kannabis) kolunu əldə edib yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 90 nömrəli evin yerləşdiyi həyətyanı sahəsindəki dibçəklərdə aqrotexniki qaydada qulluq edərək kultuvasiya etmiş, yəni həmin kolları əkib yetişdirərək onların hissələrini toplamış, 03.09.2021-ci il tarixdə, saat 12:32-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əmkdaşları tərəfindən aparılmış baxış zamanı həmin bitkilər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Təxminən 3-4 il bundan əvvəl xatırlamadığı ünvanda yabanı şəkildə bitmiş marixuana kolları görmüş və həmin kolların toxumlarını əkmək məqsədi ilə yığmışdır. Həmin toxumları qaranlıq və quru yerdə saxlamışdır ki, imkan tapan kimi əkib onlara qulluq etsin və yetişdikdən sonra da yarpaqlarını dərib qurudaraq istifadə etsin. Ona görə də 2021-ci ilin may ayında həmin toxumları yaşadığı evin həyətində olan toyuq damının arxasında plastik və metal qablarda əkmişdir. Həmin toxumlara mütəmadi olaraq su verib qulluq etmişdir ki, qısa müddət ərzində kollar yetişsin. Müəyyən müddətdən sonra həmin toxumlardan kollar yetişməyə başlamış və o da arabir həmin kolların yarpaqlarından müəyyən miqdarda yığaraq qurudub istifadə etmişdir. Sonuncu dəfə 01 sentyabr 2021-ci il tarixdə səhər saatlarında yenədə bir neçə yarpaq qıraraq onları qurutmuş və üzərində saxlamışdır ki, ürəyi istəyən vaxt istifadə edər. 03 sentyabr 2021-ci il tarixdə, təxminən saat 11 radələrində Corat qəsəbəsində yaşadığı evin yaxınlığında piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra isə onu müvafiq sənədləşmə və üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. O, da polis əmədaşlarına etiraz etməyərk onlarla birlikdə 1-ci polis bölməsinə gəlmişdir. Orada ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan vəkil X2 onun hüquqlarını müdafiə etməsini istəmişdir. Həmin vəkil ona təqdim olunduqdan sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etsin. O, da həmin vaxt əynində olan şalvarının sağ yan cibində olan qurutduğu marixuananı çıxararaq polis əməkdaşlarına təqdim etmiş və onlara həmin marixuananı həyətində əkdiyini, yarpaqlarını yığaraq qurudub istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin marixuananı qablaşdıraraq bu barədə protokol tərtb etmişlər, o, da həmin protokola imza etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 90 nömrəli evin həyətinə gəlmişlər. Orada onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və o həyətində olan toyuq damının arxasında dibçəklərdə əkdiyi marixuana kollarını polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kollar götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra isə bu barədə protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Yaşadığı evin həyətində təkcə özü istifadə edə biləcəyi miqdarda marixuana əkmişdir. Üzərindən və yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş marixunadan heç kimə satmamış və ya pay olaraq verməmişdir. Həmin marixuana kollarını həyətində yerləşən toyuq damının axasında dibçəklərdə əkmiş və həmin bitkilərə əsasən gecələr qulluq etmişdir ki, ailə üzvlərinin bu barədə məlumatı olmasın. Ona görə də həmin bitkilərdən ailə üzvlərinin məlumatları olmamışdır. Eləcədə heç kimə bu barədə məlumat verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt şəhər polis idarəsində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişlər. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid2 göstərdi ki, 03.09.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və yaşadığı evin həyətində qanunsuz olaraq əkməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bölmə rəhbərliyinin göstərişi ilə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək onun yaşadığı Corat qəsəbəsində yerləşən 90 nömrəli evin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı küçə ilə hərəkətdə olduğunu görmüşlər. Bir neçə dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək onu 1-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Rasim Paşayev tərəfindən video görüntüyə alınmaqla onun, Şahid3, Şahid1 və vəkil Vüsal Mirzəyevin iştirakları ilə X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdırı. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş və ona təklif olunmuşdur ki, əgər varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində bir bükümdə narkotik vasitə olduğunu bildirib əynində olan şalvarının sağ yan cibindən bir ədəd kağız bükülü çıxararaq təqdim etmişdir. Ondan həmin bükülünün içərisində nə olduğu soruşulduqda bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır, həmin marixuananı həyətində əkib becədiyi kollardan yığaraq özü istifadə etmək məqsədi ilə qurutmuşdur. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzə maddə olması müəyyən olunmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkildikdə təxmini çəkisinin 1,87 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq 30 manat məbləğində pul və bir ədəd tibbi maska aşkar olunmuş, pul və tibbi maska əhəmiyyət kəsb etmədiyindən sahibinə qaytarılmışdır. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlədən başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin həyətində əkdikdən sonra qurudub istifadə etdiyini bildirdiyindən onun razılığı və iştirakı ilə yaşadığı Corat qəsəbəsində yerləşən 90 saylı evin həyətyanı sahəsinə baxış keçirilmişdiri. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən 4 ədəd dibçəkdə əkib qulluq edərək yetişdirdiyi çətənə kollarını təqdim etmişdir. Həmin çətənə kolları da qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili ƏlizadəSahil Binyət oğlu və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Şübhəli çəxsin tutulması haqqında” 03.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.09.2021-ci saat 11:00 dəqiqədə tutulmuşdur.(i.v19-20) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 05.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v 75-77) İş materiallarında olan 03.09.2021-ci il tarixli “Evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsindən 4 ədəd tərkibində narkotik maddələr olan yaş halda çətənə kolu aşkar edilərək götürülmüşdür. (i.v. 41-42) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olaraq içərisindəki 1-ci videogörüntüyə baxdıqda müəyyən edilir ki, X5 özünü təqdim edərək vətəndaşa özünü təqdim etməyini, harada, hansı ünvanda yaşadığını soruşur, o da özünü təqdim edərək yaşadığı ünvanı söyləyir. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, ona görə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində saxlanıldığını deyərək polis əməkdaşlarına da özlərini təqdim etməyini bildirir və onlar da özlərini təqdim edir. Sonra təhqiqatçı ona hüquqlarını Sumqayıt şəhəri, regional Vəkil Bürosunun vəkili Vüsal Mirzəyevin müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah etdi və ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparılacağını deyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan bozumtul rəngli şalvarının sağ yan cibində olan ağ rəngli kağız bükülünü çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olduğu, kimdən, nə vaxt aldığı, nə məqsədlə üzərində saxladığı soruşulduqda o, həmin narkotik vasitənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək üçün həyətində əkib becərdiyini və yığaraq qurutduğunu deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilir, çəkisinin 1,87 qram olması müəyyən edilir. Sonra narkotik vasitə marixuanaya bənzər maddə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır, sonda çəkiliş dayandırılır. Diskin içərisində olan 2-ci videogörüntüyə baxdıqda müəyyən edilir ki, X5 özünü təqdim edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğunu, onun yaşadığı evə gəlindiyini və həmin evə baxış keçiriləcəyini, baxışın Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman iştirak edən şəxslərin və Sumqayıt şəhər yaşıllaşdırma idarəsinin baş aqronomu Şahid4 iştirakı ilə keçirildiyini bildirir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs baxış kçeirilməsinə etirazının olub-olmamasını soruşur və sonuncu etirazının olmadığını bildirir. Bundan sonra həyətə daxil olunur, orada Təqsirləndirilən şəxs 4 ədəd dibçəkdə çətənə kollarını polis əməkdaşlarına təqdim edir. Təhqiqatçı tərəfindən həmin kolların nə olduğu soruşulur və aqronomun kollara baxış keçirməsi təklif olunur. Aqronom kollara baxış keçirdikdən sonra aqrotexniki qaydada qulluq edildiyini bildirir. X5 tərəfindən aqronomdan həmin kolların nə olduğu soruşulduqda, aqronom tərəfindən kolların çətənə kolları olduğu bildirilir. Sonra həmin çətənə kolları dibçəklərdən çıxarılaraq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır, sonda çəkiliş dayandırılır. (i.v.88-89) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04.09.2021-ci il tarixli, 7/885 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş kağız paketdə, bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,65 qram bitki mənşəli kütlə tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən götürülmüş və tədqiqata təqdim olunmuş qara rəngli sintetik torbada ümumi sayı 4 (dörd) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 403,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nakotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Tədqiqata təqdim edilmiş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. (i.v. 50-53) İstintaq zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 4 (dörd) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 403,0 qram olan nakotik tərkibli çətənə (kannabis) bitkilərini haradan əldə etməsinin, eləcədə satış məqsədi ilə əldə edibetməməsinin müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitələri aldığı şəxsin şəxsiyyətini, eləcə də kimlərə satıb-satmaması, bundan başqa özünün narkotik vasitənin satışı ilə məşğul olubolmaması yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v.98) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.114) İş materiallarında olan qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,65 qram bitki mənşəli kütlə tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, yaşadığı evin həyətindən aşkar olunmuş 4 (dörd) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 403,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş nakotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 1 ədəd DVD-R disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,60 qram tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 4 (dörd) ədəd, nəm vəziyyətdə qalıq çəkisi 402,8 qram olan nakotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10.09.2021-ci il tarixli, 3352 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 106-107) İş materiallarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs himayəsində 27.07.2019-cu il təvəllüdlü oğlu X3 və 18.03.2010-cu il təvəllüdlü qızı X4 vardır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı (2019 və 2010-cu il təvəllüdlü) olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək tutularaq 2 gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqaqyıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,60 qram tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 4 (dörd) ədəd, nəm vəziyyətdə qalıq çəkisi 402,8 qram olan nakotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Maddi sübut kimi tanınmış, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci ildən 05 sentyabr 2021-ci ilədək tutularaq saxlandığı 02 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqaqyıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,60 qram tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 4 (dörd) ədəd, nəm vəziyyətdə qalıq çəkisi 402,8 qram olan nakotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. Maddi sübut kimi tanınmış, 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar