Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-686/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1959-cu ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs ona əlilliyi ilə əlaqədar dövlət tərəfindən verilən avtomobilin alınmasına köməklik göstərəcəyi adı ilə yalan vəd verməklə aldadaraq tanışı Şahid vasitəsilə Sumqayıt şəhər Avtovağzalının yaxınlığında 3000 (üç min) manat nağd pulu etibardan sui-istifadə etməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o Şahid uzun müddətdir ki, tanımış və münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin sentyabr ayında Məhərrəm ona bir nəfər Elşad adlı tanışına əlilliyi ilə bağlı avtomobil almasına köməklik edib-edə bilməyəcəyini soruşmuş, buna görə Elşadın hörmət də edəcəyini demiş, o Məhərrəmə 3000 (üç min) manat müqabilində həmin məsələdə Elşada köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra, Məhərrəm onunla Sumqayıt şəhəri “Avtovağzalın” yaxınlığında görüşərək həmin məsələnin həllində köməklik göstərməyi üçün ona 3000 (üç min) manat pul vermiş, o həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhərrəmə hər hansı bir məbləğ verməmişdir. Sonradan Məhərrəmlə bir yerdə həmin Elşad adlı şəxslə bir neçə dəfə görüşmüş, o, Elşada 3000 manatının onda olduğunu söyləmiş və işini həll edəcəyinə söz vermişdir. Sonradan o, Elşadın işini həll etmədiyi üçün, eləcə də sonuncunun pulunu qaytarmadığı üçün barəsində dövlət orqanlarına şikayət edilmişdir. Həmin məsələ ilə bağlı 2021-ci ilin aprel ayında Sumqayıt şəhər polis idarəsinə çağrıldığı üçün o, Məhərrəmin vasitəsilə Elşada 2000 manat pul göndərmiş, hazırda məhkəmənin gedişatında qalıq qalmış 1000 (bir min) manatı da zərərçəkmiş şəxsə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, amnistiya tətbiq olunaraq barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2-ci qrup Qarabağ müharibəsi əlilidir, təxminən 5-6 il olar ki, Sumqayıt şəhər sakini Məhərrəm adlı şəxsi tanımış, belə ki, 2019-cu ilin sentyabr ayında Qarabağ əlillərinə dövlət tərəfindən avtomobil verildiyi ona məlum olmuş, həmin ərəfədə Məhərrəmlə bu barədə danışdıqda sonuncu bir nəfər tanışının olduğunu, ona növbədən kənar avtomobil almağa köməklik göstərə biləcəyini söyləmişdir. Məhərrəmə də bu işi düzəldiməsinə kömək edəcək şəxsə hörmət də edəcəyini demişdir. Məhərrəm də ona bir müddət, dəqiqləşdirdikdən sonra ona 3000 manat müqabilində tanışının bu işdə ona köməklik göstərə biləcəyini söyləmiş, o, 2019-cu ilin sentyabr ayında yaşadığı Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən evinin yaxınlığında Məhərrəmlə görüşüb 3000 manat pulu Məhərrəmə vermişdir. Daha sonra o, məsələnin uzandığını görüb Məhərrəmlə görüşmüş, sonuncu ondan aldığı pulu Oqtay adlı tanışına verdiyini söyləmiş, bundan sonra Məhərrəm onu Oqtay adlı şəxslə görüşdürmüş, Oqtay onu müxtəlif bəhanələr ilə aldatmağa və vaxtı uzatmağa başlamış, o Oqtaydan pulunu istədikdə o, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmadığından bu barədə polisə ərizə ilə şikayət etmiş, Məhərrəmə ümumilikdə 3000 manat pul vermişdir. Sonuncu da həmin pulu tanışı Oqtaya vermişdir. Məhərrəmə verdiyi puldan hər hansı bir məbləğ çatmamışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında Şahid vasitəsilə ona 2000 manat pulu ödəmişdir. Məhkəmənin gedişində təqsirləndirilən şəxs qalıq 1000 manatı ona ödədiyi üçün onun hazırda sonuncu barəsində heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 6-7 il olar ki, tanımış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2019-cu ilin sentyabr ayında Elşad ona zəng vuraraq Qarabağ əlillərinə dövlət tərəfindən avtomobil verildiyini, ona da avtomobil verilməsində köməklik edilməsini xahiş etmiş, o da bir nəfər tanışının olduğunu, onunla bu barədə danışıb maraqlanacağını Elşada bildirmişdir. Elşad ona bu işdə köməklik edəcək şəxsə hörmət də edəcəyini demişdir. O, ilk əvvəl Sumqayıt şəhər sakini Oqtay adlı tanışı ilə bu barədə danışmış, Oqtay 3000 manata bu işi həll edə biləcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri, Yaşıldərə ərazisində Elşadla görüşmüş və ona bir nəfər tanışının 3000 manat müqabilində bu işdə ona kömək edə biləcəyini söyləmiş, sonuncu onunla razılaşmış və həmin məbləğdə pulu ona vermişdir. O, elə həmin gün Sumqayıt şəhər Avtovağzalının qarşısında Oqtayla görüşmüş, 3000 manat pulu ona vermişdir. Sonra Oqtay Sosial Müdafiə Nazirliyində tanışı olduğunu, pulu ona verdiyini, 2-3 ay müddətinə işin alınacağını bildirmişdir. Lakin, həmin müddətdə Elşadın işi alınmamış, sonra o, Elşadla Oqtayı görüşdürmüş, Oqtay Elşada 3000 manat pulunun onda olduğunu bildirmiş, əgər istəsə geri qaytara biləcəyini demiş, lakin Elşad pulu götürməyərək, işinin düzəlməsini istədiyini söyləmişdir. Sonradan Oqtayın məsələni həll etmədiyini görüb ona Elşadın pulunu qaytarmasını söyləsə də sonuncu müxtəlif bəhanələr gətirərək Elşadın pulunu hazıradək qaytarmamışdır. Zərərçəkmiş şəxs 3000 manat pulu alıb sonuncuya avtomobil verilməsində köməklik göstərilməsi üçün Oqtay adlı tanışına verməkdə hər hansı bir maddi və sair marağı olmamış, 3000 manat pulu Oqtaya vermiş, həmin puldan sonuncu ona heç bir məbləğdə pul verməmiş, Elşadı uzun müddətdir tanıdığı üçün həmçinin həmyerli olduğu üçün onun məqsədi Elşada köməklik göstərmək olmuş, Oqtayın məqsədinin Elşadın 3000 manat pulunu ələ keçirmək olması ona sonradan məlum olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs vurulmuş maddi zərəri tam olaraq ödədiyini, onunla barışdığını və onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq amnistiya tətbiq olunmaqla barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 10.06.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.14-cü bəndinə əsasən bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər cinayət məsuliyyətindən azad olunur. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxararaq (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.14 və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmalı və barəsindəki cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli (iş № 1(060)-686/2021) qərarını icra edərək, 12 oktyabr 2021-ci il tarixli 1235 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.14 və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 göstərdiyi 7 saat hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-686/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-686/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver