Məhkəmə qərarları › İş №1(060)-686/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-686/2023

20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-686/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Zəylik Ərazi Dairəsi, Zəylik kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə tanıdığı Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burnun tənəfüsünün pozulması ilə müşaiyət olunan burun sümüyünü natamam sınığı, burun belinin, alnın sağ hissəsinin sıyrıqları, sağ əlin arxa səthinin şişkinlik fonunda əziyi xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa Az Ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 1 ilə yaxındır ki, qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə gecə saat 1-2 radələrində işdən çıxıb evə gələn zaman qonşuluqda olan Şamilin anası Mətanət adlı qadının yaşadığı evdə işığının yandığını görüb qapısını döymüş həmin vaxt o, evdə tək olmuşdur. Bundan sonra həmin Mətanət adlı qadın qapını açmış və onunla birlikdə həyətdə oturmuşlar. Onunla bir qədər hal-əhval etdikdən sonra oradan çıxıb evinə getmişdir. Təxminən gecə saat 3-4 radələrində Mətanət ona zəng edərək içkili olduğunu və evinə gelməyini istəmiş, o, Mətanətin yaşadığı evə getmişdir. Evdə olan zaman stolun üzərində kolbasa, sosiska və çaxır var olmuşdur. Həmin vaxt orada Əlməmməd də içkili vəziyyətdə olmuşdur. Daha sonra onlar orada bir qədər söhbət etmiş, daha sonra ona spirtli içki təklif etmişlər lakin o, bundan imtina etmişdir. Daha sonra Mətanət nə səbəbdən həyatında qız olub-olmadığını maraqlanmış, bu zaman ona bu işə heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bir qədər sonra Əlməmməd gülə-gülə Mətanətin ona göndərdiyi tiktokda olan pulla cinsi əlaqəyə girən qadın videolarını göstərib başqa yerə getməyə ehtiyac olmadığını və Mətanətin özünə pul xərcləməsini bildirmişdir. Daha sonra Mətanət dəfələrlə ona getməyimi Əlməmmədə isə yıxılıb yatmağını bildirmişdir. Bundan sonra o və Əlməmməd razılığa gələrək onun yaşadığı evdən çıxmış və o, öz evinə getmişdir. Səhər saat 10-11 radələrində yuxudan oyanıb həyətdə səslər eşitdiyindən evdə olan anasından nə baş verdiyini maraqlanmış, bu zaman anası bir qadın və yanında olan oğlanla söhbət etdiklərini bildirmişdir. Həyətə düşmüş, bu zaman orada Şamili görmüşdür. Bundan sonra Şamildən vəziyyətini maraqlandıqda Şamil anidən onun üstünə gəlmiş və ona əl-qol ataraq təhqir etməyə başlamış, lakin nə olduğunu bildirməmişdir. Daha sonra Şamil ona əl qol atan zaman Şamilin baş nahiyyəsinə şillə ilə, həmçinin yumruqla bir dəfə sifət nahiyyəsinə zərbə endirmişdir. Bu zaman onun burnundan qan açılmış və sonra Şamili anası ilə birlikdə çölə çıxartmışdır. Daha sonra evə gəlmiş və bir qədər keçməmiş bacısından anasını maraqlandıqda o, anasının Şamil və anasının ardınca getdiyini bildirmişdir. Dərhal onların arxasınca getmişdir. Bir qədər sonra Şamilin yaşadığı evə gedən zaman onlar həyətdə oturmuşlar. Qapını açaraq içəri daxil olmaq istəyən zaman Şamilin anası olan Mətanət adlı qadın qışqıraraq şikayət edəcəyini bildirmişdir. Onlara sadəcə olaraq Şamillə danışıb məsələni yoluna qoymaq istədiyini bildirmişdir. Bir qədər sonra Əlməmməd oraya gəlmişdir. Mətanət hamının içərisində Əlməmməddən onun gecə içkili olub-olmadığını soruşduqda o, birinci guya içkili olduğunu təsdiqləsə də sonradan əksinə olaraq özünün içkili olduğunu bildirmişdir. Daha sonra Mətanət gecə Əlməmmədin ona qarşı əxlaqsız hərəkətlər etdiyini, stolun üzərinə pul qoyduğunu bildirmiş, bundan sonra Əlməmməd Mətanət və oğlu Şamilə evə daxil olub söhbət etmələrini təklif etmiş, o isə bu zaman özü də gəlmək istədiyini bildirdikdə onlar buna icazə verməmişlər. Daha sonra onlar içəriyə daxil olmuş və 10 dəqiqədən də bir qədər çox söhbət etmişlər. Sonra o, anasını yola salmışdır. Bir qədər sonra isə Əlməmməd evdən çıxıb yanına gəlmiş və Mətanətdən üzr istəməyini və söhbəti uzatmamağını bildirmişdir. O isə öz növbəsində bu məsələyə aidiyyəti olmadığını və üzr istəməyəcəyini demişdir. Əlməmməd ondan təkidlə yenidən üzr istəməyini bildirdikdə ona məsələni yoluna qoyacağını və həyətə qayıtmağı bildirmişdir. Əlməmməd və o, Mətanətdən üzr istəmişdir. Mətanət onlara yazılı bir yazı yazmağı və oğlu Şamildən uzaq durmağı bildirdikdə onlar bir daha onları narahat etməyəcəklərini bildirib oradan uzaqlaşmışlar. xx.xx.2023-cü il tarixdə günortadan sonra işdə olan zaman evdən ona Mətanət oğlu Şamillə yenidən evə gələrək səs-küy salmış və şikayət edərək pul tələb etdiklərini bildirmişlər. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 2 ilə yaxındır ki, dostluq etmiş, ailəvi gediş-gəlişi olmuşdur. Bir müddətdir ki, işlə əlaqədar olaraq Bakı şəhərində olduğundan anası Şahid1 evdə tək qalmışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 5-6 radələrində anası ona Whatsapp vasitəsi ilə mesaj yazaraq qonşuluqda yaşayan Vüqar və Əli adlı şəxslərin yaşadıqları evə daxil olaraq ona qarşı nalayiq hərəkət etmək istədiklərini, həmin vaxt Əlinin içkili olduğunu bildirmişdir. Bundan sonra o, səhər saat təxminən 8-9 radələrində Bakı şəhərindən evə gəlmiş və məsələni anasından ətraflı maraqlandıqda, anası həmin Vüqar və Əli adlı şəxslərin xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində evə gəldiklərini, ona qarşı əxlaqsız təklif etmək istədiklərini, bundan sonra anası səs-küy saldığından həmin şəxslərin oradan uzaqlaşdıqlarını bildirmişdir. Təxminən saat 11 radələrində o, anası ilə birlikdə Vüqarın yaşadığı evə getmişdir. Daha sonra onların evində olan Vüqarın anası ilə öz anası söhbət etmiş və anası Mətanət olanlar barədə ona məlumat vermişdir. Daha sonra Vüqarın anası onun evdə olmadığını bildirmiş onlara yalvararaq məsələni böyütməməyi xahiş etmişdir. Həmin vaxt Vüqarın evdə olmadığını bildirsələr də bir qədər keçdikdən sonra evdə olan Vüqar həyətə çıxmışdır. Daha sonra Vüqar nə səbəbdən evə gəlməklərini soruşduqda Vüqara nə səbəbdən bu cür hərəkət etdiyini və onunla dost münasibətlərinə kölgə saldığını bildirmişdir. Bu zaman anidən Vüqar onun üzərinə gələrək nalayiq ifadələrlə onu vurmağa başlamışdır. O, Vüqara yumruq vurmuş, lakin ona dəyməmişdir. Bu zaman Vüqarın anası ilə öz anası Mətanət Vüqarı və onu tutmağa çalışmışlar. Vüqar ona yumruqla zərbələr endirməyə başladığından əllərini üzünə tutaraq onun zərbələrindən yayınmağa çalışmışdır. Zərbələr zamanı Vüqar onun baş, əl və burun nahiyyəsinə zərbələr endirmişdir. Daha sonra anası onu güclə oradan çıxartmışdır. Bundan sonra o, anası ilə evə getmiş hadisə baş verdikdən bir qədər sonra Vüqar, anası, bacısı onlara gəlmiş üzr istəyərək məsələni bir daha böyütməməyi xahiş etmişlər. Bir qədər sonra isə anası baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilərsə onu bağışlayar. Əks təqdirdə məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Əli adlı şəxslər qonşuluqda yaşayırlar və oğlu ilə dostluq etdikləri üçün ailəvi gedişgəlişləri olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında evdə tək olan zaman Vüqar ona zəng edərək evdə olub-olmadığını soruşmuşdur. Bu zaman o, evdə olduğunu oyrəndikdə Vüqar işinin olduğunu bildirmişdir. Bir qədər sonra isə Əli adlı şəxs zəng edərək o da evdə olub-olmadığını maraqlanmış və sonra evə gələcəyini bildirmişdir. Təxminən 12 radələrində Vüqar yaşadığı evə gəlmişdir. Daha sonra oğlu Şamil Bakı şəhərində olduğundan onu maraqlanmış və evə keçmək istəmişdir. Bu zaman guya o, nəsə işinin olduğunu bildirərək evə keçməkdə israr etsə də onu evə buraxmayaraq söz varsa həyətdə deməsini bildirmişdir. Daha sonra onunla həyətdə oturmuşlar, bu zaman Vüqar əri rəhmətə getdiyindən nə vaxta kimi ərsiz qalacağını, bir qadın kimi hissləri olduğunu və onunla yaxın əlaqədə olmağını bildirmişdir. Vüqara tərbiyəli olmağını və oğlunun onunla dost olduğunu bildirmiş, bundan sonra Vüqar çölə çıxıb darvazanı döyməyə başlamış, bu zaman ona getməyini və qonşulara onu biyabır etməməyini demişdir. Bir qədər keçmiş çöl qapının zəngi çalınmış bu an o, Vüqarın gəldiyini sanıb səslənərək getməsini bildirmiş, həmin vaxt Əli səsini çıxararaq qapını açmağını bildirmiş bundan sonra qapını açmış və bu an Əli içkili vəziyyətdə və əlində qida və içki məhsulları ilə həyətə daxil olmuş onun aldığı kolbasa və çörəyi doğrayıb onun qarşısına qoymuşdur. Əli almış olduğu 4 ədəd pivəni də çıxarıb stolun üzərinə qoymuşdur. Bu zaman Əliyə evdə içki içməməyini bildirdikdə Əli hələ araq da sifariş etdiyini bildirmişdir. Əli onun işi ilə maraqlandıqda o günü 20 manata qabyuyan işlədiyini bildirmiş, Əli Vüqara zəng edərək onu evə dəvət etmiş, Vüqar yaşadığı evə gəlmək istəyən zaman icazə verməmiş, lakin Əli çölə çıxaraq Vüqarı evə gətirmişdir. O, həmin şəxslərin zor tətbiq etmələrindən çəkinmiş, bundan sonra bir qədər danışıqdan sonra onlar getmişlər. Hadisədən bir qədər keçdikdən sonra olanlar barədə Bakı şəhərində yaşayan oğlu Şamilə Whatsappla mesaj yazaraq məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində oğlu ilə birlikdə Vüqarın yaşadığı evə getmişlər. Daha sonra onların evində olan Vüqarın anası ilə söhbət etmiş və olanlar barədə onlara məlumat vermiş, daha sonra Vüqarın anası onun evdə olmadığını bildirmiş və yalvararaq məsələni böyütməməyi xahiş etmiş, həmin vaxt Vüqar evdə bacısı birlikdə həyətə çıxmış və nə səbəbdən evə gəlməyini soruşduqda oğlu ona nə səbəbdən bu cür hərəkət etdiyini və onunla dost münasibətlərinə kölgə saldığını bildirərkən, anidən Vüqar oğlu Şamilin üzərinə gələrək nalayiq ifadələrlə onu vurmağa başlamış, Vüqarın anası Şamili tutmuş, o isə Vüqarı tutmağa çalışmış, lakin Vüqar oğlu Şamili yumruqla vurmuşdur, oğlu əllərini üzünə tutaraq onun zərbələrindən yayınmağa çalışmışdır. Vüqar Şamilin baş, əl və burun nahiyyəsinə zərbələr endirmiş, daha sonra o, Şamili güclə oradan çıxartmış, bundan sonra oğlu ilə evə getmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 4 ilə yaxındır ki, dostluq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 23 radələrində Şamili çağırmaq üçün onların evinə getmiş, lakin anası Mətanət qapını açaraq Şamilin evdə olmadığını, demiş və dostluq münasibətləri olduğu üçün onu evə dəvət etmiş, yemək hazırladığını demiş və birlikdə yeməyi təklif etmiş, o da içəri daxil olmuş və masanın üzərində yemək və çaxır olduğunu görmüş, yüngül dərəcə içkili olmuş, lakin çaxır istəmədiyi üçün içməmişdır. Biraz söhbət etdikdən sonra Vüqara zəng etmiş və onun da gəlməsini demiş, bir az keçdikdən sonra Vüqar da gəlmiş, bir az söhbət etmiş və gec olduğu üçün Mətanət Vüqara getməsini istəmişdir. Çünki Vüqar zarafatlar etmişdir. Hər ikisi çıxıb getmişlər. Nə o, nə də Vüqar Mətanətə qarşı heç bir əxlaqsız təklif yaxud hərəkət etməmiş, bu barədə düşünməmişlər. Sadəcə sonradan Mətanət oğlu Şamilə hansı formada deyibsə, o da Vüqarın evinə gedib onunla dalaşmışdır. O da söhbət böyüməsindən qorxub Vüqara onlardan üzr istəmələrini xahiş etmişdir. Şamil və Vüqar arasında olan davanı o görməmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsi tərəfindən verilmiş 249 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi atası-xx.xx.1974-cü il təvəllüdlü X4, anası-xx.xx.1968-ci il təvəllüdlü X3, qardaşı-xx.xx.1996-cı il təvəllüdlü İsmayılovAyxan Zülfüqar oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2377 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxanası tərəfindən verilmiş 134 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 999 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün natamam sınığı, burun belinin, alının sağ hissəsinin sıyrıqları, sağ əlin arxa səthinin şişkinlik fonunda əziyi-qançırı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə müxtəlif şəraitdə o, cümlədən zərərçəkmişin başının hasara vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə - burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün natamam sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR, digər xəsarətlər yəni - burun belinin, alının sağ hissəsinin sıyrıqları, sağ əlin arxa səthinin şişkinlik fonunda əziyiqançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 PB-yə vermiş olduğu izahatında Təqsirləndirilən şəxs və Şahid2 xx.xx.2023-cü il tarixdə gecə saatlarında içkili vəziyyətdə və özləri ilə gətirdikləri qida və içki məhsulları ilə ona qarşı əxlaqsız təkliflər, bunun qarşılığında pul təklif etdikləri barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, həmin xüsusatlar üzrə də cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-686/2023) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 918 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Hacı Zeynalabdin qəsəbəsi, Xəzri Y/M, Ceyranbatan küçəsi, ev 105 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar