Məhkəmə qərarları › İş №1(060)-687/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-687/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-687/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs , Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1973-cü ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 may 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində alimenti övladları 10 fevral 2004-cü il təvəllüdlü X4 və 06 sentyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 aprel 2017-ci il tarixli, 2(060)-4206/2017 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 13 may 2022-ci il tarixli, 3(060)- 1194/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 03 iyun 2022-ci il, 08 avqust 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 02 fevral 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 13080,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2002-ci ildə evlənmiş, birgə nikahlarından X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2012-ci ildə nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə yaşamış, 2017-ci ildə aliment tələbinə dair Sumqayıt şəhər Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək əvvəli 30 may 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 10 fevral 2004-cü il təvəllüdlü Aliyə Əhmədovanın və 06 sentyabr 2007-ci il təvəllüdlü Orxan Əhmədovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 13 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Qətnamənin icrası dövründə onun yalnız bir-iki ay sabit 500 manat qazancı olmuş, sonra olmamışdır. Əgər azadlığa çıxarsa işləyib ödəyər. Buna görə azadlığa buraxılmasını və ona vaxt verilməsini istəyir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə evlənmiş, birgə nikahlarından X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2012-ci ildə nikahlarına xitam verilmiş, həmin vaxtdan da övladları onun himayəsinə verilmiş, onlarla birlikdə yaşamış, Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Sumqayıt şəhər Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26 aprel 2017ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək əvvəli 30 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 10 fevral 2004-cü il təvəllüdlü A,Əhmədovanın və 06 sentyabr 2007-ci il təvəllüdlü O.Əhmədovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 13 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Uşaqların böyüməsindən nə Tərlanın, nə də ki onun valideynlərinin xəbəri olmamışdır. O, övladları ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs bağışlamır. Ona görə də Təqsirləndirilən şəxs layiqli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, əvvəli 30 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 120,00 manat, iki uşağa cəmi 240,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 10 fevral 2004-cü il təvəllüdlü X4 və 06 sentyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 aprel 2017-ci il tarixli, 2(060)-4206/2017 saylı qətnaməsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 13 may 2022-ci il tarixli, 3(060)- 1194/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on beş gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4206/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs tutulmalı olan alimentin miqdarı dəyişdirilərək bir uşağa 120 manat olmaqla, ümumilikdə iki uşağa görə 240 manat miqdarında müəyyən edilmişdir. Qeyd olunan qətnamə icraya yönəldilərək, icra vərəqəsi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 09 iyun 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4206/2017 saylı, 26 aprel 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1194/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 8(060)-330/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/Q- 2404/09 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Əhmədova (Yusifova) Amalya Fərzəli qızı ilə nikahı 415 saylı, xx.xx.2002-ci il tarixli akt qeydi ilə Sumqayıt Nikah evində dövlət qeydiyyatına alınmış və 538 saylı, xx.xx.2013-cü il tarixli akt qeydi ilə nikah pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində X2 X1 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmışdır. Vətəndaşın MEİS-in “Məşğulluq” altsistemində qeyd edilən telefon nömrəsi təyin olunmadığından onunla əlaqə yaratmaq mümkün olmamışdır. Müraciətin icrası ilə əlaqədar olaraq vətəndaşın ünvanına Filialla əlaqə saxlaması üçün məktub göndərilmişdir. Filiala müraciət edəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:20-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023cü il tarixli məktubundan və “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-687/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materialları ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında verilən ifadələrdən, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirmir, aliment ödənilməsindən yayınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin icra edilməyən məhkəmə qərarının mahiyyətinə diqqət etməklə vurğulayır ki, qətnaməyə əsasən təqsirləndirilən şəxsdən uşaqlarının saxlanılması üçün hər ay aliment tutulmalıdır. Lakin, Təqsirləndirilən şəxs uşaqların saxlanılmasında iştirak etməməklə məhkəmə qərarını icra etmir, övladları ilə maraqlanmır. Bu da onu göstərir ki, təqsirləndirilən şəxsin məhkəmə qərarının icrasında ümumiyyətlə maraqlı deyildir. Buna görə inzibati məsuliyyətə də cəlb edilmiş, lakin heç bir ödəniş etməmişdir. Altı il ərzində hər ay ödənilməli olan 240 manat aliment üzrə 13080 manat miqdarında borc yaranması təqsirləndirilən şəxsin məhkəmə qərarının qərəzli olaraq qəsdən icra etməməsini təsdiq edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-687/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 971/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar