Məhkəmə qərarları › İş №1(060)-688/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-688/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-688/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Sumqayıt şəhəri, 16-cı mkr, ev 205, mənzil 13-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi ev 356A-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirmək məqsədi ilə 31 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri avtomobil satışı bazarında tanışı Şahid1 Saməddin oğlunun ona satmağa etibar etdiyi "Vaz 21013" markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həqiqi sahibi kimi özünü təqdim edib həmin avtomobili almaq istəyən Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, həmin avtomobili 3200 manata satmağa razılaşdıqdan sonra avtomobili sənədləşdirmək üçün notariata getmələri adı ilə həmin tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Ən ucuz" marketin yaxınlığındakı yolun kənarında avtomobili saxlayıb, pulu evə qoyub gələcəyini yalan vəd verib aldadaraq və inandırmaq üçün avtomobilin açarını, qeydiyyat şəhadətnaməsini və Şahid1 aid olan etibarnaməni Zərərçəkmiş şəxs verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə 3200 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5-6 ildir ki, avtomobil alıb-satmaqla məşğul olur. 2021-ci ilin oktyabr ayının son günlərində əvvəllər tanıdığı tanışı Nazir ona vaxtı olmadığı üçün öz avtolmobilini satmağa bazara çıxarda bilmədiyini deyərək xahiş etmişdir ki, ona məxsus VAZ 21013 markalı **-OE-*** qeydiyyat nişanlı avtomobilini satsın, buna görə ona pul verəcəkdir. O, etiraz etməmiş və xx.xx.2021-ci il tarixdə bazar günü səhər saatlarında Nazirlə birlikdə Sumqayıt avtomobil bazarına getmişlər. Bir qədər sonra Nazir işi olduğunu, əgər real müştəri olsa avtomobili 4000 manat civarında deməyini və özü gəlib alqı-satqı edəcəyini deyib avtomobilin açarını, qeydiyyat şəhadətnaməsini və özünə aid etibarnaməni ona verib çıxıb getmişdir. Günorta saatlarında bazarda olan zaman sonradan adını Tağı bildiyi müştəri satdığı avtomobillə maraqlanaraq baxıb bəyənmiş, Tağıya avtomobilin özünə məxsus olduğunu və avtomobili 3800 manata satdığını demiş, Tağı cəmi 3200 manat pulu olduğunu bildirmiş və onlar qiymətləşib avtomobili 3200 manata razılaşmışlar. Avtomobili qiymətləşməyi barədə Nazirə zəng edib məlumat vermək istəsə də, sonradan bu fikirdən daşınmış, düşünmüşdür ki, Tağıdan 3200 manat pulu alıb "poz qazan" lotoreyaları alaraq böyük məbləğdə uduş qazana bilər və sonradan Tağının pulunu qaytarar. Tağı notariusa getmələrini demiş və onlar bazardan çıxıb yola düşmüşlər. Sumqayıt şəhəri 3-cü mkr ərazisində yerləşən "Ucuz market"in yanında avtomobili yolun kənarında saxlamış, Tağıya 3200 manatı ona verməsini, evə qoyub qayıdacağını deyərək Tağıdan 3200 manat pulu almış, avtomobilin açarını, qeydiyyat şəhadətnaməsini və Nazirə aid olan etibarnaməni Tağıya verib onu gözləməsini deyərək avtomobildən düşüb həmin yerdən uzaqlaşmış, sonra da Nazirə zəng edərək təcili Sumqayıt şəhəri 3-cü mkr "Ucuz market"in yanına gəlməyini demiş və istifadə etdiyi ***-***-**-** nömrəsini söndürmüş, sonra da Bakı şəhərinə yola düşmüşdür. Tağıdan aldadıb aldığı həmin 3200 manat pula Bakı şəhərində müxtəlif yerlərdə satılan "poz qazan'oyun lotoreyaları almış, təxminən 300 manata qədər uduş qazanmışdır. Sonradan bilmişdir ki, onu Tağı və Nazir axtarır, Tağıya qaytarmaq üçün pulu olmadığından bir müddət gizlənmiş, sonradan məlum olmuşdur ki, Tağı ondan polisə şikayət etmişdir. Bu günə kimi Tağıya 1000 manat qaytarmış, qalan 2200 manatı hissə-hissə qaytaracağına söz vermişdir. Hazirda zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs dəymiş ziyandan ümimilikdə 1900 manatı ödəmiş, ziyandan 1300 manat borcu qalmış, himayəsində azyaşlı uşaqlar olduğunun nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında özünə avtomobil almaq üçün Sumqayıt avtomobil bazarına getmiş, orada maddi vəziyyətinə uyğun özünə avtomobillərlə maraqlanırmış və həmin vaxtı əvvəldən tanımadığı sonradan adını Ədalət bildiyi şəxsin VAZ 21013 markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili satdığını görmüş, həmin avtomobilə baxıb bəyənmiş, Ədalət əvvəl qiymətini 3800 manat desə də, söhbət zamanı 3200 manata razılaşmışlar. O, avtomobili sənədləşdirmək üçün notariusa getmələrini demiş və Ədalətlə birlikdə yola düşmüşlər. Sumqayıt şəhəri, 3-cü mkr ərazisində yerləşən "Ucuz marketin" yaxınlığında Ədalət avtomobili yolun kənarında saxlamış, pulu yaşadığı evə qoyacağını deyərək ondan 3200 manatı istəmiş və avtomobilin açarını, qeydiyyat şəhadətnaməsini və etibarnaməni ona vermiş, o, da inanıb Ədalətə 3200 manat pulu vermiş, Ədalət tez qayıdağacını və notariusa gedəcəklərini deyərək çıxıb getmişdir. O, avtomobildə olan zaman Ədalətin ona verdiyi etibarnaməyə baxıb Ədalətin adına olmadığını, Nazir adlı şəxsin adına olduğunu görmüş, təxminən 10 dəqiqə Ədaləti gözləsə də gəlməmiş, bilmişdir ki, Ədalət onun etibarından istifadə edərək pulunu ələ keçirmişdir, lakin yenə də ümidini itirməyərək orada gözləmişdir. Təxminən 20 dəqiqədən sonra ona özünü Nazir adı ilə təqdim edən şəxs yaxınlaşıb avtomobilin ona məxsus olduğunu, avtomobili satmaq üçün tanışı Ədalətə verdiyini, Ədalətin bir qədər əvvəl ona zəng edərək olduğu yerə gəlib avtomobili götürməyini deməsini bildirmiş, o, da Nazirə həmin avtomobilə görə Ədalətə 3200 manat pul verdiyini, Ədalətin pulu aldıqdan sonra gedib qayıtmadığını bildirmişdir. Sonra Nazirlə birlikdə Ədalətin qohumları ilə maraqlansalar da nəticə olmamış, avtomobili Nazir götürüb getmişdir. O, bir neçə gün gözləmişdir ki, Ədalət pulunu gətirib qaytarar, lakin nəticə olmadığına görə baş vermiş hadisə ilə bağlı polisə məlumat vermişdir. Ədalətə 3200 manat pulu verəndə yanında onlardan başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən, yəni 1900 manatı ödənilmiş, təqsirləndirilən şəxsin ona 1300 manat borcu qalmışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, Sumqayıt şəhər sakini tanıyır, Ədalətin Sumqayıt avtomobil satışı bazarında avtomobil alqı-satqısında vasitəçilik etməsini bilir. 2021-ci ilin oktyabr ayının son günlərində Ədalətə xahiş etmişdir ki, ona məxsus 1987-ci il buraxılışlı VAZ 21013 markalı **-OE-*** qeydiyyat nişanlı avtomobilini bazarda satsın, onun vaxtı yoxdur, buna görə ona da pul verər. Ədalət etiraz etməmiş və xx.xx.2021-ci il tarixdə səhər saatlarında birlikdə bazara getmişlər, orada bir qədər qaldıqdan sonra işi olduğundan avtomobili təxminən 4000 manta satmasını, real müştəri olsa ona xəbər etməsini, gəlib özü alqı-satqını edəcəyini demiş və avtomobilin açarını, qeydiyyat şəhadətnaməsini və öz adına olan etibarnaməni Ədalətə verib öz işləri ilə bağlı getmişdir. Bir neçə saatdan sonra günorta saatlarında Ədalət ona zəng edərək təcili Sumqayıt şəhəri, 3-cü mkr-da "Ucuz market"in yanma gəlməyini demiş, o da həmin yerə getmiş və orada yolun kənarında bir qədər əvvəl Ədalətə satmağa tapşırdığı VAZ 21013 markalı **-OE-*** qeydiyyat nişanlı avtomobilinin dayanmış vəziyyətdə və salonda tanımadığı şəxsin olduğunu görmüş, həmin şəxsdən kim olduğunu soruşanda özünü Tağı kimi təqdim edən şəxs demişdir ki, həmin avtomobili 3200 manata almağa Ədalətlə razılaşmış, Ədalət ondan həmin yerdə 3200 manat pulu evinə aparıb qoyması adı ilə alıb getdiyini və gəlmədiyini bildirərək Ədalət barədə soruşmuş, o, Tağıya Ədalətə avtomobilini bazarda satmağa tapşırdığını və Ədalətin ondan 3200 manat pul alması barədə məlumatının olmadığını, Ədalətin bir qədər əvvəl ona zəng edərək həmin yerə gəlməyini bildirmiş və Ədalətin mobil nömrəsinə zəng etsə də söndürülmüşdür. Sonra Tağı ilə birlikdə gedib Ədalətin dayısı Vəli ilə görüşmüş və baş verənləri danışmışlar, Vəli də Ədaləti soraqlaşıb zəng edib maraqlansa da nəticə olmamışdır. Sonradan bilmişdir ki, Tağı Ədalət barədə polisə şikayət etmişdir. Ədalətin avtomobil satmaq adı ilə Tağıdan 3200 manat pul alması barədə məlumatı olmamışdır və Ədalət ona bu barədə bildirməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur, ailəsi ilə birlikdə ayrı ünvanda yaşayır, hazırda fərdi əməklə məşğul olur. 2022-ci ilin aprel ayında qohumlarından eşitmişdir ki, Ədaləti polislər axtarırlar, maraqlanıb öyrənmişdir ki, Ədalət tanışı Nazirin avtomobilini satmaq adı ilə Sumqayıt şəhər sakini Tağı adlı şəxsdən 3200 manat pul almış və vədinə əməl etməmişdir. Ədalətlə həmin vaxta qədər əlaqəsi olmadığına görə baş vermiş hadisə barədə məlumatı olmamışdır. Sonra Ədalətlə görüşəndə özü ona demişdir ki, Tağıdan avtomobil satmaq adı ilə 3200 manat pul almış və həmin pula Bakı şəhərində "poz qazan" lotoreyaları almış, lakin pul qazana bilməmişdir. O da bir ana kimi borc-xərc edib 1.000 manat düzəldərək xx.xx.2022-ci il tarixdə Tağıya ödəmiş və qalan pulu ödəməyə görə möhlət istəmişdir. Ədalət hazırda fəhləliklə məşğuldur, Tağıya qalan borcu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi ziyan ödəmə barədə” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs anası Şahid2 tərəfindən maddi ziyanın ödənilməsi üçün verilmiş 1000 (bir min) manat pul Zərərçəkmiş şəxs təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Saray və Novxanı bağlar massivi” üzrə 2 saylı məhəllə komitəsi tərəfindən verilmiş 110 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi ev 356A-da həyat yoldaşı-xx.xx.1987-ci il təvəllüdlü X3, oğlu-xx.xx.2007-ci il təvəllüdlü X7 oğlu, oğlu-xx.xx.2008-ci il təvəllüdlü X8 oğlu, qızı-xx.xx.2012-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Saray və Novxanı bağlar massivi” üzrə 2 saylı məhəllə komitəsi tərəfindən verilmiş 111 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 1900 manat ödənilmiş, hazırda 1300 manat borcu qalmışdır. Qalıq pulun ödənilməsini tələb edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “X9” MMC-də fəhlə-sənətkar vəzifəsində çalışır və aylıq gəliri 334.28 manatdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Abbasov Ədalət Nurəddin oğlunun himayəsində azyaşlı övladlarının olmasını və cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni islah işləri cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nisbətdə daha yüngül cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin edərkən onun Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş gəlir məlumatlarını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarının müddəalarını, ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesablanmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-688/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1344 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar