Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-688/2023 14.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, 09 iyun 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 may 2017-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 136,00 manat, iki uşağa cəmi 272,00 manat sabit pul məbləğində alimenti övladları 07 iyun 2014cü il təvəllüdlü X2 və 11 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qasımova (Sultanova) Səkinə Yusif qızının xeyrinə ödəməsinə dair Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2017-ci il tarixli, 2(062)- 2638/2017 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 3(060)-1232/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 26 sentyabr 2022-ci il tarixli, 3(060)-2508/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 11 yanvar 2023-cü il, 22 fevral 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 10 mart 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 12088,00 manat aliment borcunu zərər çəkmiş şəxs Qasımova (Sultanova) Səkinə Yusif qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni qeyri rəsmi olaraq «Uber» taksi xidmətində sürücü işləyir, aylıq gəliri 400,00 manat təşkil edir. Qasımova (Sultanova) Səkinə Yusif qızı ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə Zərərçəkmiş şəxs (Sultanova) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 13 oktyabr 2017-ci il tarixli, 2(062)-2638/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və övladları sonuncunun himayəsinə verilərək əvvəli 16 may 2017-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 136,00 manat, iki uşağa cəmi 272,00 manat sabit pul məbləğində aliment ondan tutularaq 07 iyun 2014cü il təvəllüdlü Gülay Sultanovanın və 11 iyun 2015-ci il təvəllüdlü Səməd Sultanovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Sultanovanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 3(060)-1232/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 26 sentyabr 2022-ci il tarixli, 3(060)- 2508/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsə olan aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs olan aliment üzrə borcu tam ödədiyini, zərərçəkmişin şikayətinin olmadığını bildirərək cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2017-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 13 oktyabr 2017-ci il tarixli, 2(062)-2638/2017 saylı qətnaməsi ilə iddiası təmin edilərək nikahlarına xitam verilmiş, həmin vaxdan övladları onun himayəsinə verildiyi üçün əvvəli 16 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 136,00 manat, iki uşağa cəmi 272,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 07 iyun 2014-cü il təvəllüdlü G.Sultanovanın və 11 iyun 2015-ci il təvəllüdlü S.Sultanovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 3(060)-1232/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 26 sentyabr 2022-ci il tarixli, 3(060)-2508/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona olan aliment borcu tam olaraq ödənilmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ona olan 12088 manat pul ona tam şəkildə ödənildiyindən heç bir şikayəti yoxdur və cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurudur, əvvəli 16 may 2017-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 136,00 manat, iki uşağa cəmi 272,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 07 iyun 2014-cü il təvəllüdlü X2 və 11 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Qasımova (Sultanova) Səkinə Yusif qızının xeyrinə ödənilməsinə dair Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2017-ci il tarixli, 2(062)-2638/2017 saylı qətnaməsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 3(060)-1232/2018 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün və 26 sentyabr 2022-ci il tarixli, 3(060)-2508/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətlərində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən borc tam şəkildə ödənilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 2(062)-2038/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, 16 may 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 07 iyun 2014-cü il tarixdə anadan olmuş Gülay və 11 iyun 2015-ci il tarixdə anadan olmuş Səməd adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay bir uşaq üçün 136 manat, cəmi 272 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1232/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 oktyabr 2017-ci il tarixli, 2(062)-2638/2017 saylı qətnaməsinin icrası zamanı Təqsirləndirilən şəxs məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də «Uber» taksi xidmətində sürücü işlədiyini və aylıq gəlirinin 400,00 manat təşkil etdiyi etiraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir. İş materiallarına əlavə olunmuş 11 yanvar 2021-ci il, 11 yanvar 2023-cü il, 22 fevral 2023-cü il tarixli xəbərdarlıqlardan, həmçinin Sumqayıt şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 3(060)-1232/2018 saylı və 26 sentyabr 2022-ci il tarixli, 3(060)-2508/2022 saylı qərarlarından, eyni zamanda digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Tovuz Rayon Məhkəməsinin qanuni qüvvədə olan 13 oktyabr 2017-ci il tarixli, 2(062)-2638/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin Dayanıqlı və Operativ Sosial Təminat X11 Mərkəzinin **********7 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 8 may 2019-cu il tarixdən X12 MMC-də Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ödənişlər etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin 129 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə borcu ödəməsini, zərərçəkmiş şəxsin verilən ittiham üzrə borcun tam həcmdə ödənilməsi barədə ərizəsini, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinə qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-688/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-688/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver