Məhkəmə qərarları › İş №1(060)-69/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-69/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-69/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1986-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İİ qrup əlil, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30 may 2022-ci il tarixdə saat 09 radələrində işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan“ ticarət mərkəzinin yanındakı qızıl mağazasının qarşısında əvvələr aralarında pul mübahisəsi olmuş tanışı Zərərçəkmiş şəxs görmüş, sonuncunun ondan pulunu istəyən zaman Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər deməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üz və bədən nahiyyəsinə yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ dirsək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi və qançırı, sol almacıq nahiyyənin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhəri, Betonzavod ərazisindəki fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Evli olmaqla İİ qrup əlildir. 2019-cu ildən bəri Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı qızıl-zinət əşyalarının satışını həyata keçirən obyektdə satıcı qismində çalışır. Nizami Salamovu da həmin ərazidə qızıl alış-verişi ilə məşğul olan şəxs kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. 2021-ci ilin noyabr-dekabr aylarında Nizamiyə yaxınlaşıb Gülnarə adlı qadının qızıl zinət əşyalarını götürüb onları sataraq hissə-hissə pulunu verdiyini söyləmişdir. Həmin vaxtı da Nizami ona 10200 manat dəyərində qızıl zinət əşyaları verərək həmin əşyaları Gülnarə adlı qadına verməyini və pulunu hissə-hissə ona gətirməyini xahiş etmişdir. Həmin məsələdə onun da xeyri olduğuna görə razılaşmışdır. Gülnarə bir neçə ay hissə-hissə ona verdiyi pulları gətirib Nizaminin özünə vermişdir. Bir müddət sonra Nizami artıq özü Gülnarədən pulu aldığına görə o, kənarda durmuşdur. 29 may 2022-ci il tarixdə Nizami onun yanına gələrək guya onun verdiyi qızılların pullarını ona vermədiyini bildirib onunla mübahisə etməyə başlamış və o, da Nizamiyə pulu verdiyini, yerdə qalan pulu isə Gülnarədən almasını demişdir. Bu məsələyə görə aralarında müəyyən narazılıq yaranmışdır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində o, işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzinin qarşısındakı işlədiyi obyektə gələn zaman Nizami, onun dostu Məhəmmədəlinin onun işlədiyi qızıl obyektinin qarşısında dayandıqlarını görmüşdür. O, obyektin qapısını açmaq istəyən zaman Nizami onun ünvanına qəfildən nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O, yenə sakit duran zaman Nizami ona yaxınlaşıb yaxasından tutmaq istəyəndə o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş və zərbənin təsirindən Nizami yerə yıxılmışdır. Bu zaman qonşuluqda işləyən Ariz, Rauf araya girib Nizamini və onu kənara çəkmişlər. Nizami yenə onu təhqir etdiyi üçün onun 2-ci qrup əlil olması ilə əlaqədar bir qolu işləmədiyindən obyektin içərisinə keçib oradan mətbəxt bıçağını götürüb Nizamini qorxutmaq istəmişdir. Lakin bıçağı götürməmişdir. Ariz və Rauf onu sakitləşdirmişlər, o da Ariz gilə qulaq asıb sakitləşmişdir. Nizami də çıxıb getmişdir. Hadisə zamanı o, Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə vurmuş və zərbənin təsirindən Nizami də yerə yıxılmışdır. Hadisə Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən Karvan ticarət mərkəzinin qarşısında işlədiyi obyektin qabağında baş vermiş, 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamış, hadisə zamanı orada Ariz, Rauf və Məhəmmədəli olmuşdur. Hadisə vaxtı Nizaminin qol nahiyəsinə təpik zərbəsi vurmasını xatırlamır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, 2-ci qrup əlil olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “Karvan” ticarət mərkəzinin qarşısında icarəyə götürdüyü obyektdə qızıl-zinət əşyalarının satışını həyata keçirir. O Təqsirləndirilən şəxs üzbəüz dükanda qızıl zinət əşyalarının satışını həyata keçirən şəxs kimi tanımışdır. Onunla arasında əvvələr normal münasibət olmuşdur. 2021-ci ilin noyabr ayında Elşən ona yaxınlaşaraq Gülnarə adlı qadına qızıl-zinət əşyaları verdikdən sonra o həmin qızıl zinət əşyalarını nisyə halda müxtəlif şəxslərə sataraq 1 aya onun pulunu qaytaracağına söz vermişdir. Bundan sonra 2021-ci ilin noyabr ayında o, Elşənə 119,92 qram çəkidə ümumi dəyəri 10.193,20 manat olan qızıl zinət əşylarını vermişdir ki, gedib həmin qızıl zinət əşylarını Gülnarəyə versin. Lakin Elşən ona hissə-hissə ümumilikdə 1550 manat pul vermişdir. O, Elşənin qalan pulu vermədiyini görüb səbəbini soruşmuş, Elşən onu Gülnarə ilə tanış edib Gülnarənin pulu verə bilmədiyini demişdir. Gülnarə ilə onu tanış etdikdən sonra Gülnarə ona bildirmişdir ki, pulların bir qismini Elşənə vermiş və Elşən də həmin pulları özü xərclədiyindən ona heç nə qaytarmamışdır. Bunları eşitdikdən sonra o, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində tanışı Məhəmmədəli ilə birlikdə Karvan Ticarət mərkəzinin qarşısında yerləşən Elşənin işlədiyi obyektə getmişlər. Elşəni görüb nə üçün onun pulunu qaytarmamasını soruşanda Elşən onu nalayiq sözlərlə təhqir etmiş və onun üzərinə hücum çəkib üz nahiyyəsinə yumruqla zərbə endirmiş, zərbənin təsirindən huşunu itirib yerə yıxılan zaman Elşən yerdə ona təpiklə zərbələr vurmuş və həmin təpiklər onun qol nahiyyəsinə dəymişdir. Bundan sonra orada işləyən Ariz, Rauf araya girib Elşəni kənarlaşdırmışlar. Hadisə zamanı o, Elşəni vurmamış və ona toxunmamışdır. Hadisə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin çölündə Elşənin işlədiyi obyektin qarşısında baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamışdır. Heç bir əmlaka ziyan dəyməmişdir. Hadisə zamanı Elşən hətta öz obyektindən bıçaq götürüb onun üzərinə hücum çəkmək istəsə də orada olan Ariz və Rauf ona mane olmuşlar. Elşən ona bıçaqla heç bir xəsarət yetirməmiş, ona bıçaqla zərbə endirməmiş, Elşən onu yumruq və təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını, heç bir zaman barışığın mümkün olmadığını bildirərək sonuncunun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması ilə bağlı dövlət ittihamçısının çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yanındakı obyektdə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olmuşdur. Elşən də həmin yerin yaxınlığında qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olurdu. Onların hər ikisi ilə münasibətləri normal olmuşdur. 30 may 2022-ci il tarixdə, təxminən saat 09 radələrində o, Nizami ilə birlikdə həmin obyektdə olduğu zaman Elşən onların işlədiyi obyektin yanına gəlmiş və Nizami obyektdən çölə çıxıb Elşənə yaxınlaşmışdır. Onlar söhbət edən zaman Nizami, Elşənə bildirmişdir ki, “sən nə üçün məni telefonda söyürdün”. Bundan sonra onların aralarında əvvəlcə sözlə mübahisə yaranmış və Elşən həmin vaxt Nizaminin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Sonra isə onların əlbəyaxa olduğunu görmüş və həmin vaxt Elşən yumruqla Nizaminin çənə və sifət nahiyyəsinə yumruq zərbələri vurmağa başlamış, Nizami zərbələrin təsirindən yerə yıxılmışdır. Nizami yerdə olanda Elşən təpiklə onun qarın nahiyyəsinə də vurmuşdur. Sonra isə o və həmin ətrafda olan adlarını bilmədiyi şəxslər onları aralaşdırmışlar. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o “Karvan” ticarət mərkəzində dərzi işləyir. Nizami və Elşəni də “Karvan” ticarət mərkəzində işləyən şəxslər kimi tanımışdır. Onların hər ikisi ilə də münasibəti normaldır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində işdə olan zaman Nizaminin Elşənin işlədiyi obyektin qabağında tanımadığı 1 nəfər şəxslə ora gəldiyini görmüşdür. Bu zaman Nizami Elşənin uzaqdan gəldiyini görüb onun ünvanına nalayiq söz işlətmiş və daha sonra Elşənin üstünə getmək istəyəndə Elşən onun sifət nahiyyəsinə 1 dəfə yumruqla zərbə endirmiş və zərbənin təsirindən Nizami yıxılmışdır. Elşən Nizamiyə 1 dəfə də təpiklə vurmuşdur. Həmin vaxtı o və Ariz araya girib onları ayırmışlar. Hadisə 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı Nizami Elşəni vurmamış, amma o Elşəni söymüşdür. Hadisə zamanı o, Ariz, Nizami və tanımadığı 1 nəfər şəxs orada olmuşdur. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, o Karvan ticarət mərkəzində pərdə satışı ilə məşğuldur. Nizamini qudası Məhəmmədəlinin vasitəsi ilə tanımışdır. Belə ki, Məhəmmədəli ondan pul alıb Nizamiyə 15000 manata yaxın borc pul vermişdir. O, son zamanlar pula ehtiyacı olduğundan Məhəmmdəlidən Nizamiyə verdiyi pulu geri istəməsini tələb etmişdir. Məmmədəli də razılaşmışdır. Bir müddət sonra Məhəmmədəli ona yaxınlaşaraq Nizaminin pulu Karvan ticarət mərkəzində işləyən Elşən adlı şəxsə verdiyini söyləmişdir. O, yenə Məhəmmədəlidən pulunu alıb gətirməsini tələb etmişdir. xx.xx.2022-ci il tarixdə səhər radələrində Nizami və Məhəmmədəli onun Karvan ticarət mərkəzində işlətdiyi pərdə satışı mağazasına gəlmişlər. Orada Nizami ona onlarla birgə Elşəndən pulunu almaq üçün getməyi təklif etmişdir. O, da Elşəni tanıdığına görə onunla söhbət edib, Nizaminin pulunu tez bir zamanda qaytara biləcəyini düşünmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində Elşənin işlədiyi mağazaya getmişlər. Orada Elşən obyekti açmağa gələn zaman Nizami ilə sözlə mübahisə etməyə başlamışdılar. Həmin vaxtı Nizami Elşəni söydükdən sonra Elşən Nizaminin üz nahiyyəsinə 1 dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən Nizami yerə yıxılmışdır. Bundan sonra Elşən yerdə Nizamini 1 dəfə təpiklə də vurmuşdur. Həmin vaxtı onlar və orada olan adını bilmədiyi bir neçə şəxs araya girib Elşəni kənara çəkib onları ayırmışlar. Hadisə 3-4 dəqiqə davam etmiş, ətrafa kənar şəxslər toplaşmamışdır. Hadisə zamanı heç bir əmlaka ziyan dəyməmişdir. Nizami hadisə zamanı Elşəni vurmamışdır. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs əri Nizaminin tanışı olduğu üçün tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. X7 ticarət mərkəzinin yanında yerləşən obyektdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Eləcə də Elşənin də həmin yerin yaxınlığında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu obyekti vardır. 29 may 2022-ci il tarixdə, təxminən saat 22 radələrində Nizami yaşadıqları evdə olan zaman Elşənlə telefonla danışmış, Nizami Elşənlə danışandan sonra telefonda aralarında mübahisə yaranmışdır. Nizami telefonla danışandan sonra o, nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, Elşənin ona 9428 manat məbləğində pul borcu var, lakin qaytarmır. 30 may 2022-ci il tarixdə, təxminən saat 10 radələrində yaşadığı evdə olduğu zaman əri Nizami ona zəng vuraraq Elşənlə dalaşdıqlarını bildirmişdir. Bir neçə dəqiqədən sonra Nizami evə gəlmiş və o, baxanda onun sifətində, sağ dirsəyində xəsarətlərin olduğunu görmüşdür. Nizamidən bir daha nə baş verdiyini soruşanda Nizami ona demişdir ki, işlədiyi obyektdə olan zaman Elşənlə aralarında mübahisə yaranmış və Elşən onu döyərək sifətinə, qoluna xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqını o aparmış və həmin cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri alınmış, həmin şəxslər istintaqda sərbəst ifadələrini vermişlər. Şahidlərdən bir neçəsi ifadələrində Təqsirləndirilən şəxs bıçaq götürmək istədiyini, lakin götürmədiyini bildirmişdirlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 16 iyun 2022-ci il tarixli, 710 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ dirsək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi və qançırı, sol almacıq nahiyyənin yumşaq toxumaların şişkinlik fonunda əziyi Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törəmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2022-ci tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və İİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, himayəsində iki azyaşlı uşağının olması, İİ qrup əlil olması nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə 07 sentyabr 2022ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanından gizləndiyi üçün 27 avqust 2022-ci il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında qərarla barəsində axtarış elan olunmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmiş və 01 sentyabr 2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 gün 02 gün hesabı ilə hesablanmaqla 02 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 137/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar