Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-69/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli ələ keçirib miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs ABŞdan "Toyota Prius" markalı avtomobil satın alıb Azərbaycan Respublikasına idxal edərək gömrük rəsmiləşdirməsini başa çatdırdıqdan sonra qanuni sahibliyinə verməsinə dair həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin iyun ayından 2023-cü ilin sentyabr ayına olan müddət ərzində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Ruzi” marketin qarşısında istintaqla dəqiq müəyyən edilməmiş ayrı-ayrı tarixlərdə sonuncudan ümumilikdə 22.500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda - ümumilikdə 22.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ Müharibəsi veteranıdır. Müharibədən sonra fərdi qaydada xarici ölkələrdən avtomobillər və ehtiyat hissələri gətirdərərək satmaqla məşğul olmuşdur. O, adətən avtomobilləri ölkəyə gətirdikdən sonra onları təmir etmək üçün qonşuda yaşayan Babək adlı ustaya verirmiş. 2023-cü ilin yay aylarında Babək ona Corat qəsəbəsinin sakini olan Zərərçəkmiş şəxs özü üçün buraxılış ili yeni olan “Toyota Prius” avtomobili almaq istədiyini demiş, daha sonra onun yanında Xanbalaya zəng edərək birlikdə görüşüb bununla bağlı danışmağı xahiş etmişdir. Daha sonnra o, Xanbala ilə görüşmüşdür. O, Xanbalaya ABŞ-dan 2015-ci il buraxılışlı, “Toyota Prius” minik markalı avtomobili gətirə biləcəyini, bütün xərclər və gömrük rəsmiləşdirməsi ilə birlikdə təxminən 20.000 manat civarında başa gələcəyini və avtomobili 3-4 aya gətirəcəyini və avtomobilin pulunu hissə -hissə ödəyəcəyini demişdir. Xanbala da onunla razılaşmışdır. Bundan sonra 2023-cü ilin təxminən iyun ayından etibarən bir neçə ay ərzində Xanbaladan hissə -hissə ümumilikdə 22.500 manat pul almışdır. Belə ki, həmin ərəfədə müəyyən maddi problemlərlə rastlaşmış, ona görə də Xanbaladan hissə -hissə pul alsa da, vəd verdiyi avtomobili gətizdirə bilməmişdir. O, yaranmış maddi problemləri həll etdikdən sonra nə vaxtsa avtomobil gətizdirə biləcəyini, əgər fikirləşdiyi baş tutmazsa pulu hissə -hissə Xanbalaya qaytaracağını fikirləşmişdir. Onun Xanbalaya dediyi vaxt çatmış və sonuncu ona avtomobilin nə vaxt gətiriləcəyini soruşmuş, o da qısa müddətə bu işi həll edəcəyini demişdir. Bir müddətdən sonra Xanbala ondan pulunu geri istəmiş, maddi vəziyyəti pis olduğu üçün sonuncunun pulunu geri qaytara bilməmişdir. Xanbala bu məsələni onun atasına demiş, daha sonra atası Xanbalaya 17.000 manat ödəmiş, o da 1000 manat düzəldərək Xanbalaya vermiş və ödənilməmiş 4.500 manat borcu qalmışdır. Həmin qalıq pulu da hissə -hissə ödəyəcəyini söz vermişdir. Lakin, işləri alınmadığı üçün qalıq puldan hər hansı məbləğ ödəyə bilməmişdir. Daha sonra Xanbala onun barəsində polisə şikayət etdiyini bilmişdir. Xanbaladan pulu onun üçün ABŞ-dan avtomobil gətizdirəcəyini və gömrük rəsmiləşdirməsini bitirdikdən sonra təhvil verəcəyi adı ilə almış, həmin puldan heç kimə verməmiş, həmin pulu almağı ona heç kim deməmişdir. Xanbaladan pulu onun üçün xaricdən avtomobil gətirmək üçün almış, həmin ərəfədə maddi problemlərinə başı qarışdığından vəd verdiyi avtomobili gətirə bilməmişdir. Həmçinin bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu zaman Xanbalanın qalıq qalan 4.500 manat pulunu da ödəniş və onunla barışmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, İİ Qarabağ Müharibəsi iştirakçısı olduğunu, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salehin atası Aslanı uşaqlıqdan tanıyır. 2020-ci ildə “Toyota Prius” minik markalı, 2007-ci il buraxılışlı avtomobil almışdır. O, 2023-cü ilin iyun ayında həmin avtomobili satıb eyni markalı, lakin yeni buraxılış ili olan başqa avtomobil almaq istəmişdir. Saleh Sumqayıt şəhəri, Corat qəsəbəsində onun atası ilə bir həyətdə yaşayır. Onun həmin məhəllədə avtotəmir sexində dəmirçi işləyən Babək adlı şəxslə münasibəti olmuşdur. O, avtomobilinin dəyişmək istədiyini Babəkə bildirmişdir. Söhbət zamanı Babək Salehin xarici ölkədən avtomobil və ehtiyat hissələrini idxal edərək satdığını bildirmişdir. O, Babəkin təklifi ilə Salehlə 2023-cü ilin iyun ayında hazırda xatırlamadığı gündə saat 12 radələrində görüşmüşdür. O, Saleh və Babək birlikdə söhbət etmişlər. Saleh ona 22.500 manat pul müqabilində ABŞ-dan 2015-ci il buraxılışlı “Toyota Prius” markalı gömrük xərcləri daxil olmaqla avtomobil gətirə biləcəyini bildirmişdir. O, 2023-cü ilin iyun ayından 2023-cü ilin sentyabr ayına olan müddət ərzində dəqiq xatırlamadığı tarixlərdə ayrı-ayrı vaxtlarda yaşadığı Corat qəsəbəsində yerləşən “Ruzi” marketin qarşısında Salehlə görüşmüş və ona hissə -hissə ümumilikdə 22.500 manat pul vermişdir. Saleh ona avtomobili 4 ay müddətinə gətizdirəcəyinə söz vermiş və o da Salehlə razılaşmışdır. O, Salehin dediyi müddət çatdıqda avtomobilin gətirilib -gətirilməməsi ilə bağlı maraqlanmışdir. Saleh hər dəfə ona müxtəlif bəhanələr gətirməklə səbrli olmağını demişdir. Lakin, bir müddətdən sonra Salehin onu aldatdığını, həmçinin Salehin ondan başqa şəxslərə də borclu olduğunu bilmiş və buna görə də Salehdən pulunu geri istəmişdir. Lakin, Saleh onu ələ almağa çalışmışdır. O, bundan sonra 2024-cü ilin əvvəllərində Salehin atası Aslanla görüşmüş və baş verənləri sonuncuya danışmışdır. Aslan da oğlu Salehin çox adamlara borclu olduğunu və onun pulunu qaytaracağını söyləmişdir. Həmin vaxt o, Salehin onun etibarından istifadə edərək dələduzluq yolu ilə pulunu ələ keçirdiyinə əmin olmuşdur. Daha sonra Aslan bir neçə ay ərzində oğlunun əvəzinə ona hissə -hissə 17.000 manat pul qaytarmış, həmçinin Saleh də ona 1.000 manat pul qaytarmış, qalan 4.500 manat pulu da hissə hissə qaytaracağına söz vermişdir. Lakin, bir müddətdən sonra o, Saleh qalıq 4.500 manat pulu qaytarmadığı üçün sonuncu barəsində polisə şikayət etmişdir. Həmçinin iş məhkəmənin icraatında olan zaman ödənilməmiş qalan 4500 manat da Saleh tərəfindən ona qaytarılmışdır. Daha sonra məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Saleh onun oğludur və oğlu İİ Qarabağ Müharibəsi veteranıdır. Müharibədən sonra Saleh avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. 2024-cü ilin əvvəllərində Corat qəsəbə sakini və əvvəllər tanıdığı Zərərçəkmiş şəxs onunla görüşmüş, Salehin onun üçün ABŞ-dan 2015-ci il buraxılışlı, “Toyota Prius” minik markalı avtomobil gətizdirəcəyinə söz verdiyini, buna görə də ondan 17.000 manat pul aldığını, lakin vədinə əməl etməyərək pulunu geri qaytarmadığını bildirmişdir. Onun Xanbala ilə münasibəti həmişə yaxşı olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. O da bu barədə Salehdən soruşmuş, Saleh Xanbaladan avtomobillə bağlı pul aldığını, lakin işləri yaxşı getmədiyi üçün pulu batırdığını bildirmişdir. Bundan sonra o, Xanbala ilə görüşmuş və sonuncuya Salehin əvəzinə 17.000 manat ödəmişdir. Xanbala ona Salehin əlavə olaraq 5500 manat da verməli olduğunu demişdir. O, bu barədə Salehdən soruşmuş və Saleh Xanbalanın dediyini təsdiq etmişdir. Sonra Saleh də Xanbalaya 1000 manat pul qaytarmışdır. Bundan sonra Saleh qalan 4500 manat məbləği Xanbalaya hissə -hissə qaytaracağına söz vermişdir. O, özü də bir valideyn kimi Xanbalaya Salehin əvəzinə qalan 4500 manat pulun hissə -hissə ödənilməsinə köməklik edəcəyinə söz vermişdir. Lakin, ödəniş gecikdiyi üçün Xanbala polisə şikayət etmişdir. İş məhkəmənin icraaında olan zaman oğlu qalıq borcu da Xanbalaya ödəmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində yerləşən 433B saylı evin həyətində olan sexdə avtomobil dəmirçisi işləyərək ailəsini dolandırır. Saleh onun qonşuluğunda yaşayır və münasibətləri normal olmuşdur. O, Salehin əvvəllər xaricdən gətizdirdiyi avtomobiləri təmir etmiş, o, avtomobilləri təmir etdikdən sonra Saleh həmin avtomobilləri sataraq yenilərini sifariş etmişdir. Onun uzaq qohumu olan Zərərçəkmiş şəxs bir gün ona buraxılış ili yeni olan avtomobil almaq istədiyini bilirmişdir. O, daha sonra Xanbalaya Salehin xaricdən avtomobil və ehtiyat hisəslərini gətizdirdiyini demiş, sonuncunun Salehlə görüşməyi təklif etmişdir. Onlar görüşmüş, söhbət zamanı Saleh Xanbalaya ABŞ-dan 2015-ci il buraxılışlı, “Toyota Prius” minik markalı avtomobil gətizdirəcəyinə söz vermişdir. O da həmin görüşdə iştirak etmiş, lakin hər hansı bir fikir bildirməmişdir. O, daha sonra Xanbala ilə görüşən zaman sonuncu Salehə xaricdən avtomobil gətizdirəcəyi adı ilə hissə -hissə pul verdiyini bildirmişdir. O, özü də Xanbalanın Salehə hissə -hissə ayrı-ayrı vaxtlarda onun yanında ümumilikdə 17.000 manat pulu verdiyini şahidi olmuşdur. Saleh hər dəfə Xanbaladan pul alanda narahat olmamağı, avtomobili xaricdən gətirib ona təhvil verəcəyini demişdir. Bir müddət keçdikdən sonra Xanbala ona Salehə xaricdən avtomobil gətirmək adı ilə ümumilikdə 22.500 manat pul verdiyini, lakin Salehin vədinə əməl etmək niyyətində olmadığını demişdir. X2 atası ilə görüşdüyünü və Salehin atası Xanbalaya hissə -hissə ümumilikdə 18.000 manat pul qaytardığını bilmişdir. Salehin Xanbalanın pulunu dələduzluq yolu ilə ələ keçirməsindən heç bir məlumatı olmamışdır. O, sadəcə Xanbalanın özünə buraxılış ili yeni olan avtomobil almaq istədiyini bilib Salehlə görüşdürmüş və Saleh də onun yanında Xanbalaya ABŞ-dan 2015-ci il buraxılışlı «Toyota Prius» markalı avtomobil gətizdirəcəyini vəd etmiş və razılaşmışlar. Cinayət işinin 33-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 101-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və o, tutulub MSY-nə təhvil verilənədək iş üzrə icraat dayandırılmıdşır. Cinayət işinin 104-cü vərəqəsində olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan və eyni tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 119-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış və o, saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsinin MSY-dən azad edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan məhkum olunanlar barədə elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 127-128-ci vərəqələrində olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, o “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” müedalları ilə təltif edilmişdir. Cinayət işinin 125-126-cı vərəqələrində olan AZ-İV seriyalı 417333 nömrəli doğum haqqında şəhadətnamənin və AZ-İİ seriyalı 265802 nömrəli nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla bir azyaşlı uşağı var. Uşağın təvəllüdü xx.xx.2020-ci il. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət -prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət -hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər . Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən onun 25 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 02 sentyabr 2024-cü il tarixdən 03 sentabr 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədəkdəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi, ev 322 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət -Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 02 sentyabr 2024-cü il tarixdən 03 sentabr 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 01 (bir) gün, ümumilikdə isə 03 (üç) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Vurğun küçəsi, ev 322 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-69/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-69/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver