Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-691/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, evli, ali təhsilli, fərdi qaydada idman müəllimi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,777 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, 07.09.2021-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda yuxarıda qeyd olunan çəkidə narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, tutulmamışdan bir neçə ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Səbəbdə onun bədənində ağrılar olduğu üçün o, narkotik vasitədən istifadə edirmiş. Belə ki, sonuncu dəfə yəni, 06.09.2021-ci il tarixdə bədənində ağrılar olduğu üçün Sumqayıt şəhəri, Novxanı ərazisinə getmiş və orada tanımadığı şəxsdən 30 manata bir bükümdə şəffaf sellofana bükülmüş kakos almış və şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. Sonra isə Sumqayıt şəhərinə qayıtmışdır. 07.09.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında küçədə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib və onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. İdarənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirərək, əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. O, üzərində narkotik vasitə olduğunu və şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bülükmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları soruşarkən o, təqdim etdiyi bükümdə narkotik vasitə kakos olduğunu, həmin kakosu 06.09.2021-ci il tarixdə Novxanı ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını və üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə şəffaf sellofanla birlikdə tərəziyə qoyularaq çəkilmiş və xüsusi qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Hazırda o etdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, 22-ci məh, M.F.Axundov küçəsi, ev 30\7-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları əməliyyat müvəkkili Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbir keçirmişlər. Keçirilən tədbir nəticəsində 07.09.2021-ci il tarixdə saat 15:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, 22-ci məhəllə, M.F.Axundov küçəsində saxlanılmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün idarəyə vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, lakin şəxsi axtarış keçirilməmişdən əvvəl könüllü olaraq üzərində qeyri qanuni nə varsa təqdim etməsi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni 06.09.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqdim olunan büküm açılmış və bükümdə spesifik iyə malik, qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdə olan maddə şəffaf rəngli sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, daha sonra həmin kütlə bükülərək zərfə qoyulmuş və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 6/3941 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün 124” saylı möhür əksi, “Saxlanılan şəxs .... Təqsirləndirilən şəxs ...” və s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,777 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2021-ci il tarixli 3431 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 16.09.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,777 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, 07.09.2021-ci il tarixdə saat 15:15 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda yuxarıda qeyd olunan çəkidə narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,727 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.1.2-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən 09 sentyabr 2021-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 1,727 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-691/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-691/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver