Məhkəmə qərarları › İş №1(060)-692/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-692/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-692/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 21 may 2024-cü il tarixdə saat 12:50 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Gürcü məxtbəxi» adlanan kafenin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 21 may 2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Həmin tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Gürcü məxtəbi” adlanan kafenin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə ilə bağlışübhəli şəxs kimi Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda ona hüquq və vəzifələri izah olunmuş və vəkil təqdim edilmişdir. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamletamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə çəkilmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakinin Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə 21 may 2024- ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 12:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Gürcü mətbəxi” adlanan kafenin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra onların və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin psixotrop maddə olan metamfetamin olmasını, onu həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilmiş və xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra heç bir müqavimət göstərməmiş və etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 23-24-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb bir bükümdə olan maddəni təqdim edərək həmin maddənin “patı” (psixotrop maddə metamfetamin) olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,32 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2862 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 büküm şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,226 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,226 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,176 qramdır. Cinayət işinin 36-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 85-89-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,176 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3804 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 68-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məəcəələnin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məəcəələnin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3804 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,176 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,176 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar