Məhkəmə qərarları › İş №1(060)-693/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-693/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-693/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 31, mənzil 62-də qeydiyyatda olan və ünvan 1da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, 25 iyun 2021-ci il tarixdə saat 07:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram, ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, psixotrop maddə-metamfetamin istifadə edir. 24.06.2021-ci il tarixdə saat 14-15 radələrində Bakı şəhəri, 20 yanvar dairəsində olarkən bir nəfər əvvəllər tanımadığı, təxminən 170 sm hündürlükdə olan, arıq bədən quruluşlu, təxminən 35 yaşında olan şəxs ona yaxınlaşaraq üzərində narkotik istifadəçilərinin “şüşə” adlandırdığı psixotrop maddə-metamfetamin olduğunu, istəyirsə bir bükümünü 10 manata satdığını bildirmişdir. O, “şüşə”, yəni metamfetamin istifadəçisi olduğuna görə 10 manat verib həmin şəxsdən bir büküm metamfetamin alaraq gələcəkdə istifadə etmək üçün üzərində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. 25.07.2021-ci il tarixdə saat 07:20 radələrində nasaz olduğu üçün saxladığı avtomobilini aparmaq üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını görüb həyəcanlanaraq qaçmaq istəsə də qaçmamış, polis əməkdaşları onun həyəcanlı olduğunu görüb ondan şübhələnərək harada yaşadığı, həmin ərazidə nə etdiyini soruşmuşlar. O, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-da yaşadığını, həmin əraziyə nasaz olduğu üçün saxladığı avtomobilini aparmaq üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşan zaman üzərində “şüşə” yəni metamfetamin olduğunu bildirmişdir. Buna görə də, onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. PB-də üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmişdir. Daha sonra xidməti otaqların birində videoçəkilişlə şəxsi axtarış zamanı ona üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd bükümü təqdim edərək onun narkotik vasitə “şüşə” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilərək götürülmüş metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetamini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 25.06.2021-ci il tarixdə saat 07:20 radələrində postakı yoldaşı Şahid2 ilə birlikdə 91-34 çağırışlı avtopatrulda xidmət apararkən Sumayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb harada yaşadığını, H.Z.Tağıyev qəsəbəsində nə etdiyini soruşmuşlar. Həmin şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 19-də yaşadığını, həmin əraziyə nasaz olduğu üçün saxladığı avtomobilini aparmaq üçün gəldiyini bildirmişdir. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşan zaman üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bu səbəbdən ona onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməsini demişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-in inspektoru tərəfindən videokamera işə salınmış, 2-ci PB-nin təhqiqatçısı Şamil Məmmədov özünü təqdim edərək, həmin şəxsə də özünü təqdim etməsini bildirmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar da özlərini təqdim etmişlər. Daha sonra təhqiqatçı X2 Əhmədova onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilidiyi üçün bölməyə gətirildiyini, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofanın içərisində olan gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə yoxlanış məqsədi ilə baxış keçirilmiş, lakin üzərindən başqa bir şey aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün Bakı şəhəri 20 yanvar küçəsi ərazisindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin büküm tərəziyə qoyularaq çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25.06.2021-ci il tarixli, 6/2587 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №126” möhür əksi, “ Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,230 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,180 qram. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxsun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,180 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17.09.2021-ci il tarixli, 3495 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Sumqayıt şəhər Narkoloji Dispanserin 08.07.2021-ci il tarixli 2448 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.06.2021-ci il tarixdə tutulmuş, 26.06.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə tutulmuş, 17.09.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş şateriallarından görünür ki Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat sərf etmişdir. Ona görə də, 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, onun məhkəməyədək icraat zamanı 25.06.2021-ci il tarixdən 26.06.2021-ci il tarixədək və 15.09.2021-ci il tarixdən 17.09.2021ci il tarixədək 04 (dörd) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 08 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq qalmış 0,180 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 25.06.2021-ci il tarixdən 26.06.2021-ci il tarixədək və 15.09.2021-ci il tarixdən 17.09.2021-ci il tarixədək 04 (dörd) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 08 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,180 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109.90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar