Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-693/2025 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının müddəti bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Progress” Təhsil Mərkəzinə müştəri kimi daxil olaraq Zərərçəkmiş şəxs1 Mərkəzin giriş hissəsində olan stulun üzərinə qoyduğu sonuncuya məxsus çantanın içərisindən üzərində 210 manat nağd pul, 180 manat dəyərində olan 01 ədəd Rusiya istehsallı, 585 əyarlı, 1,5 qram çəkidə üzərində «A» hərfi qızıl kulon olan qızıl boyunbaq, 180 manat dəyərində olan 01 ədəd Rusiya istehsallı, 585 əyarlı, 1,5 qram çəkidə üzərində almaz formalı qızıl kulon olan qızıl boyunbaq olan 40 manat dəyərində olan 01 ədəd A class «Mikel Colsa» məxsus qəhvəyi rəngli uzun formalı pul qabını gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 610 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə, saat 18:41-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Giperaks” telefon aksessuarları mağazasına müştəri kimi daxil olaraq Zərərçəkmiş şəxs2 mağazada masanın üzərinə qoyduğu sonuncuya məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 700 manat dəyərində olan 01 ədəd 256 GB yaddaşlı, 8 GB Ramı olan **********01494 və **********11501 İMEİ kodlu “Honor X9B” markalı mobil telefonu gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 704 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketin qarşısında Zərərçəkmiş şəxs3 saxladığı “Nömrə 1” çörək zavoduna məxsus “İsuzu” markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobilinin qapısının açıq olmasından istifadə edərək həmin avtomobilin salonuna qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus içərisində 4 manat dəyərində ***-***-**-**, 6 manat dəyərində ***-***-**-** mobil telefon nömrələri olan 450 manat dəyərində olan 01 ədəd 6/128 GB yaddaşlı “Samsung Galaxy A24” markalı mobil telefonu gizli talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 460 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində tanımadığı ünvanda yoldan keçərkən “məktəbli yerindən” qapıdan içəri daxil olub çantanın olduğunu görmüş və çantadan pulqabını götürmüşdür. Pulqabında 110 manat məbləğində pul və bank kartları olmuşdur. O, daha sonra pulqabından pulu götürmüş, bank kartlarını və pulqabını isə tullamışdır. Daha sonra, xx.xx.2025-ci il tarixdə o, telefon mağazasına daxil olmuş və orada masanın üzərində olan “Honor-9” markalı mobil telefonu götürmüşdür. Mobil telefonun içərisində olan sim kartı tullamış, telefonu isə 60 manata satmışdır. Bundan sonra, o, yenidən xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhərində piyada hərəkət edərkən, həmin ərazidə yerləşən “Oba” marketin qarşısında avtomobilin dayandığını, həmin avtomobilin qapısının aralı olduğunu və pəncərələrinin də açıq olduğunu görmüşdür. O, ətrafda heç kim olmadığından həmin avtomobilə yaxınlaşan zaman sükanın yanında mobil telefon olduğunu görmüş və avtomobilin qapısını açıb həmin mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin mobil telefonun üzərində olan 02 ədəd nömrəni çıxarıb qırıb harasa tullamışdır. O, maşından götürdüyü telefonu Sumqayıt şəhərində tanımadığı şəxsə 80 manata satmış, əldə etdiyi pulu isə öz məsrəflərinə xərcləmişdir. Zərər çəkmiş şəxslərə vurulmuş ziyan məbləğindən heç bir ödəniş etməmişdir. Bundan başqa bildirmişdir ki, o, törətdiyi əmələ gözə cəza çəkməyə hazırdır, lakin, çantadan götürdüyü pulqabının içərisində qızıl əşyaları olmamış, yalnız bank kartları və 110 manat məbləğində pul olmuşdur. 110 manat məbləğində pul götürməsi isə inzibati məsuliyyət yaradır. O, pulqabında qızıl əşyalarının olması ilə razı deyildir. Həmçinin, telefon dükanından götürdüyü “Honor-9” markalı telefonun qiyməti də şişirdilmişdir. Belə ki, o, telefonu satmaq üçün lombarda aparsa da, həmin telefona 50 manat belə qiymət verməmişlər. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən özünü iki epizod üzrə təqsirli bilməsi, üçüncü epizod üzrə təqsirli bilməməsi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, onun barəsində həbs seçilərkən pulqabında qızılların olması ilə bağlı qeyd edilməsindən məlumatı olmuş, o, həmin iclasda buna etiraz etmiş və buna görə də müstəntiqlə mübahisə etmişlər. Daha sonra istintaq orqanında həbsdən azad edilməsi üçün məhkəmədə özünü Zərərçəkmiş şəxs3 vurulmuş ziyan üzrə təqsirli bilmədiyini söyləməsi barədə verdiyi əlavə dindirmə protokolundan xəbəri olmadığını, həmin protokolu oxumadan imza etdiyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, ibtidai istintaq zamanı o, müstəntiqə və vəkilə şifahi şəkildə etiraz etmiş, pulqabında qızıl əşyalarının olmadığını və barəsində cinayət işinin başlanmamalı olduğunu bildirmişdir. Lakin, müstəntiq və vəkil ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilindiyini, həmin maddədə iki ilədək azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu, narahat olmamasını söyləmiş, eyni zamanda xeyli sayda olan cinayət işi materiallarını imza etmək üçün qarşısına qoymuş və o da oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs son söz olaraq məhkəmədən düzgün qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxsin xx.xx.2025-ci il tarixli əlavə dindirilməsi barədə protokol elan edilmiş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əlavə dindirilmə aparılan zaman istintaqa verdiyi əvvəlki ifadəsini təsdiq etdiyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə iclasında 3-cü yəni Zərərçəkmiş şəxs3 məxsus mobil telefonu oğurlamadığını bildirməsi barədə verilmiş suala cavab olaraq qeyd etmişdir ki, o, yalan məlumat verərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini güman etdiyindən o cür söyləmişdir. Videogörüntüdən də onun əlini maşının içərisinə salaraq telefonu götürüb getməsinin göründüyünü bildirmişdir. Hakimin videogörüntüyə baxmayacağını güman edərək o cür söyləmişdir. Həmin oğurluq hadisəsinin də onun tərəfindən törədildiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Proqress” Təhsil Mərkəzinə rəfiqəsinin yanına getdiyini, təhsil mərkəzinə daxil olduqdan sonra əl çantasını girişdə sol hissədə olan stulun üzərinə qoyduğunu bildirmişdir. Daha sonra həmin gün, saat 13 radələrində çantasını oradan götürmüşdür. Bundan sonra onun telefonuna kartından üç manat altmış beş qəpik pul çıxması ilə bağlı mesaj gəldiyi üçün çantasında olan pulqabının yerində olmadığını görmüşdür. O, pulqabının çantadan oğurlandığını düşünüb tez kartlarını bloklamışdır. Onun pulqabısında 210 manat məbləğində nağd pulu, 585 əyarlı, üzərində «A» hərfi qızıl kulon olan qızıl boyunbaq, 585 əyarlı, üzərində almaz formalı qızıl kulon olan qızıl boyunbaq, "xxxx" ASC-yə aid onun adına olan 3 ədəd, "xxxx" ASC-yə aid onun adına olan 2 ədəd bank kartları, özünə məxsus şəxsiyyət vəsiqəsi olmuşdur. Pulqabının olmadığını gördükdə o, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 610 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa, o, yenidən şəxsiyyət vəsiqəsi almış, adına olan kartları da məcburən yeniməli olmuşdur. Məhkəmədə onun kartından üç manat altmış beş qəpik məbləğində pul çıxarılması ilə bağlı mesaj gəlməsinə dair istintaqda ifadə verərkən bildirməməsi ilə bağlı qeyd etmişdir ki, o, həmin məlumatı müstəntiqə də söyləmişdir. Həmin məlumatın qeyd edildiyini düşünüb ifadəsini oxumadan imza etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona ziyandan heç nə ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 2-ci mikrorayon, Sülh küçəsi ərazisində yerləşən “Giperaks” telefon aksessuarları mağazasında satıcı işləyir. xx.xx.2025-ci il tarixdə onun telefonu oğurlanmışdır. O, özünə məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 700 manat dəyərində olan 01 ədəd “HonorX9B” markalı mobil telefonu mağazanın içərisində olan stolun üzərinə qoymuşdur. Həmin müştərilər mağazadan çıxdıqdan sonra mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Videomüşahidə kamerasına baxdıqdan sonra mobil telefonunun mağazaya müştəri qismində daxil olan həmin şəxslərdən biri tərəfindən oğurlandığını müəyyən etmişdir. O, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə nəticəsində ona 704 manat məbləğində ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan məbləğinin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Nömrə 1” çörək zavodunda sürücü vəzifəsində işləyir. O, yay aylarında şirkətə məxsus “İsizu” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketə çörək gətirmişdir. Onunla birlikdə ekspeditor da gəlmişdi. O, avtomobili marketin qarşısında saxlayaraq qapını bağlamadan marketə çörək aparmışdır. Təxminən 5 dəqiqə sonra geri qayıtdıqda avtomobilin salonuna bir az əvvəl qoyduğu özünə məxsus içərisində 4 manat dəyərində ***-***-**-**, 6 manat dəyərində 051-586- 96-06 mobil telefon nömrələri olan 01 ədəd “Samsung Galaxy A24” markalı mobil telefonun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. O, hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmənin sualına cavab olaraq o, həmin telefonu təxminən bir il yarım əvvəl 760 manata aldığını və üzərində 2 ədəd mobil nömrənin olduğunu bildirmişdir. Ümumilikdə ona 460 manat ziyan vurulduğunu, vurulmuş ziyandan heç bir ödəniş edilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, məhkəmədən ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) X4 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrindəndən-13:00 radələrinədək olan müddət ərzində naməlum şəxs(lər) Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Progress” təhsil mərkəzində pul qabısını oğurlamışdır. (i.v 4) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola əsasən Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Progress” tədris mərkəzinə baxış zamanı tədris mərkəzinin təhlükəsizlik kameralarından videogörüntülər götürülmüş və protokola əlavə edilmişdir. Baxış zamanı araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut, iz aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. (i.v.6-8) Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və həmin diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, CD-R 2-52X tipli diskdə olan videogörüntü 2 (iki) hissəlidir. (1.3829 kb, 00 dəqiqə 20 saniyə, 2.18549 kb, 01 dəqiqə, 40 saniyə). Videogörüntüyə baxandan sonra mavi geyimli şəxsin tədris mərkəzinə daxil olaraq oradan nəsə götürməsi aydın görünür. (i.v 9-10) Zərərçəkmiş şəxs2 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-yə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:41də Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən satıcı işlədiyi Giperaks telefon aksessuarları mağazasına müştəri qismində daxil olan naməlum şəxs(lər) stolun üzərinə qoyduğu özünə məxsus “Honor X9B” markalı, ***-***-**-** saylı nömrə ilə işləyən mobil telefonunu oğurlamışdır. (i.v 19) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokola əsasən Sumqayıt şəhəri “Sülh” küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Giperaks” telefon aksessuarları mağazasına baxış zamanı həmin mağazanın satıcısı Zərərçəkmiş şəxs2 stolun üzərinə qoyduğu özünə məxsus “Honor X9B” markalı mobil telefonun müştəri qismində mağazaya daxil olan naməlum şəxs tərəfində oğurlandığını bildirmişdir. Baxış zamanı mağazada videomüşahidə qurğusunun olması müəyyən edilmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. (i.v.21-24) Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və məhkəmə iclasında CD-R tipli diskdə olan videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 18:41-də Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Giperaks” telefon aksessuarları mağazasına daxil olan 2 nəfər müştəridən biri satıcının başının qarışıq olmağından istifadə edərək stolun üzərinə qoyduğu mobil telefonu götürərək mağazadan çıxmışdır. (i.v 25-27) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan Sumqayıt Şəhər Polis İdarəsində xx.xx.2025-ci il tarixdə saat 18:40-da tutulmuşdur. (i.v 44-45) Şəxsin zərər çəkmiş şəxs kimi tanınması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərər çəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 55-62) Şəxsin zərər çəkmiş şəxs kimi tanınması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərər çəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 63-70) Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v. 71-80) Təqsirləndirilən şəxsin X3 azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən saat 10:10-da azad edilmişdir. (i.v. 81-82) Zərərçəkmiş şəxs3 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-yə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 13:40 radələrində naməlum şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketin qarşısında saxladığı işlədiyi şirkətə məxsus **-JD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu” markalı avtomobilin qapısının açıq olmasından istifadə edərək salondan üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olan, “Samsung A24” markalı mobil telefonunu gizli yolla oğurlayaraq ələ keçirmişdir. (i.v 89) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketin qarşısında **-JD-*** dövlət qeydiyyat nişanlı, “İsuzu” markalı avtomobil saxlanılmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. (i.v.91-92) Videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola və məhkəmə iclasında CD-R tipli diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Oba” marketin qarşısında saxlanılmış ağ rəngli yük avtomobilin açıq qalan sol qapısını göy rəngli köynək geyinmiş təxminən 40 yaşlı kişi cinsli şəxs açaraq bir ədəd mobil telefonu götürərək çıxıb getmişdir. (i.v 95-96) Üzləşdirmə aparılması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. (i.v.103-105) Şəxsin zərər çəkmiş şəxs kimi tanınması barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərər çəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 106-113) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr edilərək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v 126-127) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(060)-216/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi və həbsetmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. (i.v 142-146) Təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi aparılmışdır. (i.v.147-148) “Gold Qayalı” Ticarət Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki: 01 ədəd Rusiya istehsallı, 585 əyarlı, 1,5 qram çəkidə üzərində «A» hərfi qızıl kulon olan qızıl boyunbaq- 180 manat; 01 ədəd Rusiya istehsallı, 585 əyarlı, 1,5 qram çəkidə üzərində almaz formalı qızıl kulon olan qızıl boyunbaq -180 manat: 01 ədəd A class “Mikel Colsa” məxsus pul qabı - 40 manat; ***-***-**-** saylı mobil telefon nömrəsi - 4 manat; 01 ədəd 256 GB yaddaşlı, 8 GB Ramı olan markalı mobil telefon - 700 manat; ***-***-**-** mobil telefon nömrəsi - 4 manat; ***-***-**-** mobil telefon nömrəsi - 6 manat; 01 ədəd “Samsung Galaxy A24” markalı 6/128 GB olan mobil telefon - 450 manat məbləğində müəyyən edilmişdir. (i.v 154) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası bitmişdir. (i.v 155-156) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 7(001)-175/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v 157-159) Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v 174-176) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, baş vermiş oğurluq nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ümumi məbləği 610 manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ümumi məbləği 704 manat, Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ümumi məbləği 460 manat olması nəzərə alınmış, baş vermiş oğurluq cinayətlərinin videogörüntülərini özündə əks etdirən 03 DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılması qərara alınmışdır. (i.v 165-169) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-253/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, zərər çəkmiş şəxslərin ifadələri, video görüntülər, hadisə yerinə baxış keçirilməsinə dair protokollar və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, zərər çəkmiş şəxslərin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 110 manat məbləğində ziyan vurmasına dair ifadəsinə münasibətdə qeyd edir ki, ibtidai istintaq zamanı zərər çəkmiş şəxs verdiyi izahat və ifadələrində ona məxsus pulqabının içərisində 01 ədəd 585 əyarlı, 1,5 qram çəkidə üzərində «A» hərfi qızıl kulon olan qızıl boyunbağı, 01 ədəd 585 əyarlı, 1,5 qram çəkidə üzərində almaz formalı qızıl kulon olan qızıl boyunbağının və 210 manat məbləğində pul vəsaitinin, eyni zamanda bank hesabı kartlarının və şəxsiyyət vəsiqəsinin olduğunu bildirmiş, ibtidai istintaqı zamanı üzləşdirmə istintaq hərəkəti aparılmış, hadisə yerinə baxış protokolu tərtib edilmiş, məhkəmə iclasında hadisənin videogörüntüsü olan baxış keçirilmiş və təqsirləndirilən şəxsin pulqabından olan qızıl əşyalarını və pul vəsaitini götürməsi sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus “HonorX9B” markalı telefonun qiymətinin şişirdildiyini bildirsə də, iş materiallarında qiymətləndirici “Gold Qayalı” Ticarət Mərkəzinin istintaq orqanının verdiyi sorğuya cavab məktubunda 01 ədəd 256 GB yaddaşı olan 8GB Ramı olan “Honor X9B” markalı telefonun qiymətinin 700 manat məbləğində qiymətləndirilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs pulqabında qızıl əşyalarının olmaması və yalnız 110 manat məbləğində pul vəsaitini götürməsinə dair ifadəsini cinayət məsuliyyətindən yayınması məqsədilə verilən və özünü müdafiə xarakterli qiymətləndirilməlidir. Odur ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi “... zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus pulqabında qızıl əşyalarının olmaması və yalnız 110 manat məbləğində pul vəsaitini götürməsi, eyni zamanda digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus götürdüyü “HonorX9B” markalı mobil telefonun qiymətinin şişirdildiyini, onun inzibati xətaya dair məsuliyyətə cəlb edilməli olması” məzmununda olan ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə qeyd edilən ifadəni vermişdir. Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(060)-253/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2025-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası bitmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən və ya götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin əməlində yüngülləşdirici halların olmaması, əməlində cinayətlərin residivinin olmasını, onun əvvəllər də Cinayət Məcəlləsinin digər maddəsi ilə təqsirli bilinməsinə baxmayaraq yenidən cinayət törətməsi, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş baş vermiş oğurluq cinayətlərinin videogörüntülərini özündə əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 təqsirləndirilən şəxsə göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-693/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-693/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver