Məhkəmə qərarları › İş №1(060)-695/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-695/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-695/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə 26.072022-ci il tarixdə saat 19:55 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “NN064” avtosalonun arxa ərəfdən müştərilərin giriş-çıxışı kimi istifadə edilən açıq həyətinə daxil olaraq oradakı masanın üzərindən Zərərçəkmiş şəxs məxsus “İphone” markalı “12” modelli mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş şəxsə 1050,00 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Sonuncu törətdiyi oğurluq əməlinə görə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisəsindən 2022-ci ilin 12 yanvar tarixində çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində atılmış bizon qablarını yığmışdır. Yığdığı bizon qablarını metal qəbulu yerlərinə satıb pul əldə edir. Həmin vaxt oradakı avtosalonun yan tərəfindən keçəndə avtosalonun arxa tərəfində həyətdəki masanın üzərində bir ədəd mobil telefon olduğunu görmüşdür. Baxmışdır ki, həyətdə heç kim yoxdur. Həyətə giriş tam sərbəst olmuş, qapı olmamışdır. Həmin telefonu gördükdə pula ehtiyacı olduğundan həmin telefonu oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə həyətə daxil olub onu heç kimin görmədiyinə əmin olaraq masanın üzərində olan bir ədəd moil telefonu götürmüşdür. Telefonlardan başı çıxmadığına görə onun markasını bilməmişdir. Telefonu masanın üzərindən oğurlayıb şalvarının cibinə qoymuş və həyəti tərk etmişdir. Bizon qutularını yığdığı sellofan paketi də götürüb yaşadığı evə gəlmişdir. Telefon oğurlamağı barədə ailə üzvlərindən heç kimə bildirməmişdir. xx.xx.2022-ci il tarixdə telefonu satmaq üçün saat 11 radələrində Karvan ticarət mərkəzinə gəlmişdir. Orada Ramin adlı şəxsin telefon dükanının yanında bir nəfər tanımadığı yaşlı adamın dayandığını görüb cibindən oğurladığı telefonu çıxarıb ona göstərmiş, telefonun özünə məxsus olduğunu, köhnə olduğunu, təcili pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Kişi telefona baxıb ondan oğurluq olubolmadığını soruşmuşdur. O and içmişdir ki, telefon özünündür və sadəcə olaraq təcili pula ehtiyacı olduğu üçün satır. Telefonu 100 manata satacağını bildirmişdir. Qeyd etmişdir ki, telefonu özü bir müddət əvvəl 150 manata almışdır. Özü belə demişdir ki, kişini telefonun ona məxsus olmasına inandırsın. Həmin kişi isə imkanının olmadığını və o qiymətə ala bilməyəcəyini, telefona 46 manat pul verə biləcəyini demişdir. O razılaşmışdır. Kişi demişdir ki, üstündə 6 manat pul var və evə gedib 40 manat da götürmək lazımdır. Birlikdə kişinin Yaşıldərə qəsəbəsində yerləşən evinə gəlmişlər və o evdən pul götürüb gəlmişdir. Ümumilikdə ona 46 manat pul vermiş və orada oğurladığı telefonu həmin kişiyə satmışdır. Pulu da öz şəxsi ehtiyacları ilə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci məhəllə Mərkəzi poçtun arxa tərəfində olduğu zaman mülki geyimli iki nəfər şəxs ona yaxənlaşıb özlərini təqdim etmişlər və telefon oğurluğunda şübhəli olduğu üçün onu 3-cü PB-nə gətirmişlər. zərərçəkmiş Zərərçəkmiş şəxslə ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Etdiyi əmələ görə peşmandır, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə qohumunun işlətdiyi Sumqyıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “NN064” avtosalonuna getmişdir. Orada maşınlara baxdıqdan sonra qohumu ilə həmin avtosalonun arxasında yerləşən giriş və çıxışı açıq olan həyətdəki masada əyləşmişlər və çay içmişlər. Təxminən saat 19:40 radələrində ona zəng gəlmiş və o qohumu ilə birlikdə masadan qalxmışdır. Bu zaman ona məxsus olan, üzərində ***-***-**-** mobil nömrəsi olan, “İphone 12” markalı, 128 gb yaddaş tutumlu, 2000 manat dəyərində olan ikinci telefonunu masanın üzərində qoymuşdur. Təxminən 20 dəqiqə telefonla danışdıqdan sonra saat təxminən 20:00 radələrində qayıdıb həmin masaya yaxınlaşmışdır və orada telefonun olmadığını aşkar etmişdir. Adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona məxsus telefonu masanın üzərindən gizli yolla talayaraq oğurlayıb həyəti tərk edib getmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan şikayəti və tələbi yoxdur. Bunları nəzərə alaraq yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsində qey edilir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ondan şikayəti və tələbi yoxdur. İstintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işlətdiyi Çin istehsalı sadə “Nokia” markalı mobil telefonunda nasazlıq olduğundan Karvan ticarət mərkəzində telefon ustası işləyən Ramin adlı şəxsin yanına getmişdir. Telefonu işləməmişdir. Raminin yanında müştərilər olduğundan onun dükanının qarşısında dayanmışdır. Bu zaman bir nəfər təxminən 50 yaşlarında kişi Raminin dükanına girib tez də çölə çıxmışdır. Ona özünə məxsus olan mobil telefonunu təcili pul lazım olduğu üçün satdığını bildirib almaq istəyib-istəmədiyini soruşmuşdur. Onun telefonu xarab olduöundan telefon almalı imiş və baxmaq istədiyini demişdir. Həmin şəxs cibindən İphone markalı telefonu çıxarıb 100 manata satacağını bildirmişdir. Ondan telefonun kimə məxsus olmasını və neçəyə aldığını soruşmuşdur. Bildirmişdir ki, telfonu 150 manata alıb və hazırda da təcili pul lazım olduğu üçün satır. Onun telefonu 150 manata almasını bildirdiyinə görə İphone markalı telefonun “Dubay” versiyalı olduğunu qəbul etmişdir. Ondan telefonun oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxs and içmişdir ki, telefon özünündür və təcili pul lazım olduğu üçün satır. O ondan telefonun sənədlərinin olub-olmadığını soruşmuşdur. O bildirmişdir ki, telefonun sənədlərini sabah gətirib ona təqdim edə bilər. Həmin şəxsə inanmışdır. Lakin bildirmişdir ki, onun imkanı yoxdur və bu telefona 46 manat pul verə bilər. Həmin şəxs də bir qədər düşünüb razılaşmışdır. Bildirmişdir ki, üzərində 6 manat pul var və qalan 40 manatı evdən götürüb verəcəkdir. Birlikdə taksi ilə yaşadığı evə gəlmişlər. Həmin telefonun enerjisi olmamışdır və sönmüşdür. Həmin adam bildirmişdir ki, telefon kodda deyil. Evdən 40 manat götürüb üzərində olan 6 manatı da qoyub 46 manat həmin şəxsə pul vermişdir və ondan dubay versiyalı olduğunu bildiyi İphone markalı telefonu almışdır. Telefonu aldığı gündən evdə saxlamışdır. Həmin telefonun onda enerji naqili olmadığından və onu almaq imkanı olmadığından telefondan istifadə etməmişdir. xx.xx.2022-ci il tarixdə Ramin adlı tanışı ona zəng vurub bildirmişdir ki, telefonu ona satan adam tutulub və telefon oğurluqdur. Dərhal həmin telefonu evdən götürüb 3-cü PB-nə gəlmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi hadisə yeri Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisi olmaqla N$N Cars-064avtosalonun arxa tərəfində yerləşən açıq həyətyanı sahədir. Həmin həyət avtosalona aiddir və həyətə giriş avtosalonun yan tərəfindəndir. Həyətə giriş sərbəstdir. Həyətdə işçilərin oturub çay içməsi üçün istifadə etdikləri bir ədəd masa, masanın ön və arxa tərəflərində masaya birləşik oturacaqlar var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, özünə məxsus İphone 12 markalı mobil telefonu saat 19:40 radələrində həmin masanın üzərinə qoyub telefonla danışmaq üçün çıxmış, 20 dəqiqədən sonra qayıdıb gələndə telefonu masanın üzərində aşkar etməmişdir. Həmin həyətin giriş darvazası daima açıqdır. Çünki müştərilər salona bu həyətdən keçib daxil olurlar. Avtosalonun sol yan divarında arxa girişində videomüşahidə kameralarının olması müəyyən edilir.(i.v 08-11) İş materiallarında olan “Təqdimetmə, baxış keçirmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti iş otağında X3 1 ədəd mobil telefonu çıxardıb təhqiqat orqanına təqdim etmişdir. Təqdim edilən mobil telefona vizual baxış keçirilib ümumi biliklərə əsasən həmin mobil telefonun “İphone 12” markalı mobil telefon olması müəyyən edilir. Telefonun ön hissəsi şəffaf ekran örtüklüdür. Ekran üzərində heç bir sındırma, zədələmə izləri müşahidə edilmir. Telefon arxa tərəfinə çevrildikdə arxasının göy rəngli korpusdan ibarət olduğu, korpusun yuxarı sol küncündə dördkünc formalı hissə içərisində alt-üst yerləşən 2 ədəd kamera (dairəvi) yanında işıqlandırıcı dairə, videokameradan aşağıda telefonun arxa örtüyünün tam ortasında “apple” brendinin loqosunun olduğu müşahidə edilmişdir. Sorğu zamanı Baloğlan Texmirov bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Karvan ticarət mərkəzində olan zaman əvvəllər tanımadığı özünü Azad adı ilə təqdim edən şəxsdən 46 manata satın almışdır. Həmin şəxs telefonun özünə məxsus olduğunu, sadəcə təcili pula ehtiyacı olduğundan satmaq məcburiyyətində qaldığını və ilkin olaraq 100 manata təklif etdiyini bildirmişdir. Telefonun cinayət yolu ilə əldə edilməsindən xəbərsiz olmuşdur.(i.v 25-27) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3055 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 05.1993-cü il tarixdən Narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v 34) İş materiallarında olan Sumqayıt şəhər 4 nömrəli şəhər xəstəxanasının 248 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v35) İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 37) İş materiallarında olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs piyada ifadəsində göstərdiyiSumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “NN064” avtosalonun qarşısına gətirilmişdir. O həmin avtosalonla üzbəüz dayandıqda sol yan tərəfdəki yolu göstərib həmin yolla düzünə getdiyini, avtosalonun arxa tərəfində yerləşən və avtosalonun arxa tərəfdən girişi kimi nəzərdə tutulan həyətin girişini göstərərək oradan keçəndə həmin həyətdəki dəmir konstrukiyadan yığılmış, hər iki tərəfinə uzun oturacaqlar qaynaq edilmiş masanın üzərində mobil telefon gördüyünü, ətrafda həmin vaxt heç kimin olmadığına görə həmin telefonu gizli yolla talamaq qərarına gəldiyini bildirmişdir. Sonra həyətdəki masanı göstərib xx.xx.2022-ci il tarixdə, saat təqribən 19:45 radələrində həmin masanın üzərindən bir ədəd sonradan “İphone 12” markalı olduğunu bildiyi mobil telefonu heç kimin görmədiyi şəraitdə gizli yolla götürdüyünü, sonra isə həyətin giriş-çıxışı sərbəst olan qapısından çıxıb getdiyini bildirmişdir.(i.v 70-73) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə iclasında nümayiş olunan bir ədəd diskə baxış keçirilərkən görünür ki, videomüşahidə kamerasının obyektivi avtosalonun sol yan tərəfi ilə ona paralel yerləşən bina arasındakı asfalt örtüklü yolu qeydə alır. Orada bir nəfər başı keçəl, əynində tünd rəngli qısaqol kofta, açıq mavi rəngli cins şalvar, ayağnda boz rəngli idman ayaqqabısı, sol əlində sellofan paket olan təxminən 50 yaşlarında bir nəfər kişinin avtosalonun arxa həyətinin giriş qapısıistiqamətində addımlarla hərəkət etdiyi, avtosalonun sol tərəfində yerləşən binanın pilləkəninə qoyulmuş hansısa əşyaya ötəri əli ilə toxunub daha sonra avtosalonun arxa həyətinin giriş istiqamətində hərəkətini davam etdirdiyi, həyətin giriş qapısının önünə çatdıqda bir qədər sola doğru istiqamətlənib dayandığı, 40 saniyə müddətində oradan həyətə və ətrafa baxıb nəzər saldığı, həyətdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra giriş üçün açıq vəziyyətdə olan həyətə daxil olduğu 16 saniyə sonra isə həyətdən çıxıb iti addımlarla tələsik düzünı hərəkət edib getdiyi, müşahidə kamerasının görüntüsündən itdiyi müəyyən edilmişdir.(İ.V 75-77) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5762 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, “İphone” markalı, “12” model, 128 gb daxili yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən akssuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1050,00 manat müəyyən olunur.(i.v 78-80) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.3 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Bir ədəd “İphone” markalı “12” modelli mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir.(i.v 82-86) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərər 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli blinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad edilmişdir.(i.v 38-39) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CMin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də onun hazırda baxılan iş üzrə əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “İphone 12” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməli, videogürüntünü özündə əks etdirən 01 ədəd disk iş matariellarında saxlanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 17-ci məhəllə, ev 34A ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “İphone 12” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin, videogürüntünü özündə əks etdirən 01 ədəd disk iş matariellarında saxlansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab (№ AZ 09AİİB******************** VÖEN: **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar