Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-697/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuş, evli, orta təhsilli, Sumqayıt şəhər Bələdiyyə parkında bağban işləyən, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Sumqayı şəhəri, 3-cü mikrorayon, bina 9/6, mənzil 38-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sağ gözətrafı və sağ almacıq nahiyəni əhatə edən dərialtı hematoma, sol baldırın orta 1/3-nin ön səthinin qançırları, başın ənsə nahiyəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Turanə ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nigahlarından 2009-cu il təvəllüdlü Xədicə və 2012-ci il təvəllüdlü Yusif dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuşdur və demək olar ki, aralarında narazılıqlar olmamışdır. Turanə dırnaq qaynağı ustası olduğundan aralarında onun işi ilə bağlı narazılıqları yaranmışdır. 23.09.2021-ci il tarixdə saat 18 radələrində işdən evə gəlmiş, Turanədən harasa gedib-getmədiyini soruşduqda Turanə bildirmişdir ki, evə müştəri gələcəkdir. O Turanəyə demişdir ki, işdən yorğun gəlmişdir və qonaq otağında dincəlir. Tələb etmişdir ki, gələcək müştərinin dırnağını yataq otağında düzəltsin. Turanə isə onun istəyinin əksinə olaraq müştərini qonaq otağında qəbul edəcəyini bildirmişdir. Həmçinin ona kəskin cavab qaytardığından, onunla kobud danışdığından evlərinin qonaq otağında aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, əsəbiləşərək Turanənin sifət nahiyəsinə, başına yumruqla zərbələr vurub onu döymüşdür. Bundan sonra əsəbi soyuduğuna görə Turanədən əl çəkib evdən çıxıb hava almaq üçün həyətə düşmüşdür. 24.09.2021-ci il tarixdə Turanə yenə ona məlumat vermədən dırnaq düzəltmək üçün qonşuya getdiyindən o əsəblərini sakitləşdirmək, bir daha Turanə ilə dava-dalaş etməmək üçün onu və uşaqları aparıb anasıgilə qoymuşdur. Törətdiyi əməldən peşmandır. Barəsində amnistiya tətbiq edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, əməlindən peşmandır. Barəsində amnistiya tətbiq edib iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 2009-cu il təvəllüdlü Xədicə adlı qızı, 2012-ci il tarixdə Yusif adlı oğlanları dünyaya gəlmişdir. Onların əvvəllər münasibətləri normal olsa da, son iki ildir həyat yoldaşı Qalibin ona olan münasibəti dəyişdiyindən aralarında ailə münaqişələri yaşanır. Bir neçə dəfə Qalib onu evdən qovmuş, lakin uşaqlarını xatirinə sonradan barışmışlar. Xadimə işləməklə yanaşı evdə fərdi qaydada dırnaq ustası kimi də fəaliyyət göstərir. 23.09.2021-ci il tarixdə, saat 18 radələrində Qalib əsəbi halda evə gəlmiş, aralarında mübahisə olmuş, Qalib əsəbiləşərək onun üstünə hücum edib yumruqla başına, sifət nahiyəsinə, ayağına bir neçə zərbə vurub onu döymüşdür. Halının yaxşı olmadığını görüb onu daha vurmamış və sakitləşib çıxıb getmişdir. Gecəni o evdə qalmışdır. 24.09.2021-ci il tarixdə isə Qalib ondan israrla evdən çıxıb getməyini tələb edib onu evdən qovmuşdur. O da uşaqları ilə birlikdə axşam Sumqayıt şəhərində yaşayan qaynanasıgilə getmişdir. Orada olduğu zaman anası baş verən hadisə barədə xəbər tutub dayısı Teyyuba məlumat vermiş, dayısı da 25.09.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub onun əri Qalib tərəfindən döyülməyi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisəyə baxılıb işə xitam verilməsini, ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan 1280 saylı, 25.09.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sağ gözətrafını və sağ almacıq nahiyyəni əhatə edən dərialtı hematoma, sol baldırın orta 1/3-nin ön səthinin qançırları, başın ənsə nahiyyəsinin sol hissəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Törənmə müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 23.09.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni təkrari yumruq və təpik zərbələri ilə yetirilmə nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 14-15) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 22) İş materiallarında olan 27.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 23) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3321 saylı, 28.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 24) İş materiallarında olan Sumqayıt Şəhər 1 saylı xəstəxanasının 475 saylı, 28.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur.(i.v 25) İş materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 28.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 26-28) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər cinayət məsuliyyətindən azad olunur. Həmin Qərarın 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndləri tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-697/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-697/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver