Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-697/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi 7,923 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 04 iyul 2025-ci il tarixdə saat 16:59-da Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 5A saylı yaşayış binasının yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 7,923 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitə olan marixuananı 20 yanvar ərazisində tanımadığı şəxsdən 50 manata əldə etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ancaq narkotik vasitə olan marixuanadan siqaret kimi çəkmə yolu ilə 3-5 gündən bir, təxminən 8-9 aydır ki istifadə edir. Narkotik vasitəni əldə etmək üçün pulu işlədiyi yerdən əldə etdiyini bildirmişdir. Narkotik vasitə olan marixuanadan əsəb problemləri olduğu üçün istifadə etmişdir. Bir dəfə istifadə etdikdən sonra əsəbləri sakitləşdiyi üçün yenidən qəbul etmişdir. O, xəstə olduğunu, psixiatriya xəstəxanasında buna görə müalicə aldığını, dərmanlar qəbul etdiyini bildirmişdir. Lakin, narkotik vasitə olan marixuanadan həkim məsləhəti olmadan özbaşına istifadə etmişdir. O, psixoloji xəstədir, 2003-cü il yanvarın 1dən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Son söz olaraq o, uşaqlıqdan pisixi xəstəlikdən əziyyət çəkdiyini, anasının onkoloji xəstə olmasını bildirmiş və əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid2 və CA üzrə kiçik inspektoru, polis baş serjantı X5 da daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 16:59-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sumqayıt şəhəri, 41A məhəllə, 5 saylı yaşayış binasının yaxınlığında olmasını görmüş və videoçəkiliş aparmaqla yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Murad Qnəbərova qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd şəffaf selofan bükümü çıxardıb təqdim etmiş, həmin bükümün içərisində qurudulmuş marixuana olduğunu, həmin maddəni həmin gün, səhər saatlarında Bakı şhəri, 20 Yanıvar ərazisində olan zaman tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümün içərisinə baxılanda narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuş, büküm elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyulararaq qablaşdırılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxsla polis bölməsinə getmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs zərfin içərisində üzərindən aşkar olunaraq qablaşdırılmış qurudulmuş marixuana olduğunu təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və cinayət axtarış üzrə kiçik inspektor, polis baş serjantı X5 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokol və həmin tədbirin keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx.xx.2025-ci il tarixdə, saat 16:59 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, o, saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstü yoxlanmağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində olan 1 (bir) bükümdə, şəffaf sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 9.63 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və ya predmet olub-olmadığı soruşaraq üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Yoxlama zamanı sonuncu arxa cibində olan 1 manat 20 qəpiyi təqdim etmişdir. Həmin pul iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Yoxlama zamanı sonuncunun üzərindən əlavə olaraq heç nə aşkar olunmamışdır. (i.v.7-8) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:59 radələrində Sumqayıt şəhəri, məhəllə 41A, ev 5a-nın yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 28) Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokola və həmin axtarışın keçirilməsi zamanı qeydə alınmış videoyazıya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan, Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşya olmadığını bildirmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan narkotik vasitənin polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş 01 ədəd zərfə baxış keçirilmiş, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərindən aşkar edilmiş ümumi çəkisi 9,63 qram narkotik vasitə olan “marixuana” olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin möhürlənmiş zərfin içərisindəki kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, 20 Yanvar ərazisində üzdən tanıdığı şəxsdən 50 manat aldığını, narkotik vasitələrin istifadəçisi olduğu üçün üzərində saxladığını, bundan sonra isə polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmadığını bildirmişdir. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/576 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş: AR DİN «Arayışlar üçün №242» möhür əksi, «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm;Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; İştirakçı: /imza/ Şahid3; Tərtib etdi: /imza/ Şahid1» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 7,923 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edildi: 7,923 qram, nümunə götürüldü 0,05 qram, 7,873 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.39-41) Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müvafiq maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. (i.v.51-65) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar xx.xx.2025-ci il tarixdə saat 12:40-da ona təqdim edilmişdir. (i.v.66-67) Əşyanın maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqalarına sərf edildikdən sonra qalıq qalmış 7,873 qram qurudulmuş marixuana maddi sübut qismində tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.68) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 4058 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(i.v.76-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumatlar aşkar edilməmişdir.(i.v.79) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 2224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (Sumqayıt Psixiatriya Xəstəxanasında stasionar müalicə olması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavab verməsi,mühakimələrinin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) və s.sübüt edir. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül dərəcəli əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olması, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs mühakimələrində səthilik, təfəkküründə konkretlik, proqnozlaşdırma qabiliyyətinin nisbətən zəifləməsi, qavramasında lənglik, maraq dairəsnin məhdudluğu, dünyagörüşünün və elmi biliklərinin kasadlığı aşkar olunmaqla əqli-intellektual imkanlarında yüngül dərəcəli gerilik müəyyən edilir. Yaddaşında kobud pozuntular yaranmamışdır. Gündəlik məişət mövzularından aktiv danışır, bilik və dünyagörüşü tələb edən mövzularda çətinlik çəkdiyi aşkar olunur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli əqli gerilik aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül dərəcəli əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs maraqlarının məhdudluğu, mühakimələrinin səthi olması, təfəkkürü ləng və konkret olması ümumilikdə intellektual imkanlarının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Səthilik, primitivlik, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji(psixoloji) affekt halında olmamışdır. - Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik aşkar edilmədi. (i.v.88-91) Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Pİ-nin xx.xx.2025-ci il tarixli 58- 1/5-4690/25 nömrəli məktubuna əsasən, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi olsa da, satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs qurudulmuş marixuananı əldə etdiyi şəxsi müəyyən etmək mümkün olmamışdır. (i.v.93) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, cinayət işi üzrə dindirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış və təqdim olunan əşyanın götürülməsi haqqında protokol və DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-bioloji, məhkəmə-narkoloji, komission kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 7,923 qram olan narkotik vasitə olan marixuana maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 7,873 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanması videotəsvirlərin əks etdirən 01 ədəd DVD formatlı disk, həmçinin şəxsi axtarış və təqdim edilmiş əşyanın götürülməsi videotəsvirlərin əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərara əsasən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.94-99) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış və təqdim olunan əşyanın götürülməsi haqqında protokol və DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-bioloji, məhkəmənarkoloji, komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları və digər sübütlarla kifayət qədər təsdiq edilərək sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 52, mənzil 7 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 4058 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və onun ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 4058 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,873 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq və baxış iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 52, mənzil 7 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,873 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-697/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-697/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver