Məhkəmə qərarları › İş №1(060)-70/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-70/2021

01.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-70/2021 01.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, subay, işsiz, Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 2/2-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları fərdi evdə yaşayan, “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.07.2020-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, «Çerkasi» küçəsində Sumqayıt şəhər qəbirsanlığı istiqamətində gedən yolda tanışı Zərərçəkmiş şəxs telefonunu girovdan çıxarmaq üçün pul istədiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla Zərərçəkmiş şəxs qəsdən vuraraq döş qəfəsinin sağ yarısının ön səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sağ sağrının aşağı bayır kvadratının deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və döş sümüyünün xəncərəbənzər çıxıntısının Vİ qabırğanın qığırdağına məxsus oymanın kənarının kəsilmə xarakterli sınığı kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 127.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilir. O, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır. Onların münasibətləri həmişə yaxşı olmuşdur və aralarında heç vaxt problem, narazılıq və düşmənçilik olmamışdır. 30.06.2020-ci il tarixdə Sərxan ona təklif etmişdir ki, tanış qızlarını götürüb istirahət etmək üçün Novxanı yolundakı obyektlərin birinə getsinlər. O, onun təklifi ilə razılaşmışdır. Sərxan ona bu təklifi edərkən tanışı olan Nazlı adlı qız onun yanında olmuşdur. Sərxan isə öz tanıdığı Sevil adlı qıza zəng edib çağırmışdır. Onlar həmin vaxt Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dəmirbank»ın yanında olmuşlar. Sevil də gəldikdən sonra onlar taksiyə əyləşib Novxanı istiqamətində hərəkətə başlamışlar. Onlar bir neçə otelə getsələr də yer olmamışlar. Nəhayət onlar Novxanı yolunda yerləşən «Freqat» İstirahət mərkəzinə getmişlər. Onlar orada oteldə yer olub-olmadığını soruşmuşlar. Onlara boş otaqlarının olduğunu bildirmişlər. Onlar iki otaq tutmaq qərarına gəlmişlər. Onlar hər otaq üçün 40 manat ödəməli olmuşlar. O, 40 manat verib özünə otaq götürmüşdür. Sərxan üstündə pulunun olmadığını bildirmiş və ondan onun da otağının pulunu verməsini xahiş etmişdir. Sərxan ona bildirmişdir ki, pulu sabah ona qaytaracaq. O, Sərxana etiraz etməmişdir. O, qızla otağa keçmişdir. Səhər o duranda görmüşdür ki, Sərxan və yanındakı qız çıxıb getmişdir. Onun üstündə artıq pul olmadığı üçün Sərxanın qaldığı otağın pulunu ödəyə bilməmişdir. Buna görə də istifadəsində olan markasını bilmədiyi smartfon tipli mobil telefonunu obyektdə girov qoymuş və bildirmişdir ki, gətirib pulu verib telefonunu geri alacaqdır. O, obyektdən çıxmış və Nazlını Sumqayıt şəhərində yola salmışdır. Sonra o, Sərxanla telefon əlaqəsi saxlamış və onunla görüşmək istədiyini bildirmişdir. Onlar 11-ci mikrorayon ərazisində görüşmüşdür. O, Sərxana telefonunu girov qoyduğunu bildirmişdir. Sərxan isə ona bildirmişdir ki, axşama qədər pul tapıb verərik və telefonu oradan götürərik. O da Sərxanla razılaşmışdır. Lakin Sərxan axşam pulu tapıb ona verməmişdir. 02.07.2020-ci il tarixdə saat 20 radələrində o, Sərxana yenidən zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Sərxan Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində onunla görüşmüşdür. Onlar birlikdə taksi ilə Sumqayıt şəhəri, «Çerkasi» küçəsinə gəlmişlər. Onlar orada taksidən düşmüş və «Yaşıldərə» yaşayış massivi ərazisində yerləşən qəbirsanlıq istiqamətində piyada getməyə başlamışlar. O, yolda Sərxandan nə üçün pulu gətirib vermədiyini soruşmuşdur. Sərxan ona demişdir ki, pulu yoxdur, ona görə də vermir. O, yenə də Sərxana demişdir ki, biz belə danışmamışdıq. Lakin Sərxan yenə də pulunun olmadığını bildirmişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Sərxan bir dəfə yumruqla onun sinəsindən vurmuşdur. O, isə əsəbiləşib əynindəki qara rəngli cins şalvarın sağ cibində olan kiçik ölçülü bıçaqla Sərxanın sağ bud nahiyəsindən bir dəfə vurmuşdur. Sərxan aşağı əyiləndə o, bir dəfə də onun sinə nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra Sərxan sakitləşmişdir. Sərxan onun onu bıçaqla vurduğunu görüb öz telefonu ilə tanışı Emin adlı şəxsə zəng edib olduğları yeri demişdir. Bir müddət keçdikdən sonra Emin onların yanına gəlmişdir. X1 «Kia» markalı maşınına mindirmişlər. Onlar birlikdə Sərxanın dostu Əlinin yanına getmişlər. Oradan isə birlikdə Sumqayıt şəhər TTYX-na getmişlər. Onlar birlikdə Sərxanı 2-ci mərtəbəyə qaldırdıqdan sonra çıxıb getmişdir. Bir müddətdən sonra isə o özü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişdir. Hadisə vaxtı orada onlardan başqa kənar şəxs olmamışdır. Onun Sərxanı vurmaqda məqsədi onu qorxutmaq olmuşdur. Çünki Sərxan onu yumruqla sinəsindən vurmuşdur. Onun Sərxanı öldürmək məqsədi olmamışdır. O, Sərxanı vurduqdan sonra Sərxan ondan kənara çəkilmişdir. Onun məqsədi Sərxanı qorxutmaq olmuşdur. O, istəsə Sərxanı yenə də vura bilərmiş, lakin o, bunu etməmişdir. Çünki onu öldürmək məqsədi olmamışdır. Birinci Sərxan onu yumruqla sinəsindən vurduğu üçün o, onu bıçaqla vurmuşdur. O, hadisə vaxtı həyəcanlı olmuşdur. Ola bilsin ki, Sərxanın ayağındakı xəsarətləri də o, yetirmişdir. Ancaq o, Sərxanı iki dəfə vurduğunu xatırlayır. Sərxan ifadəsində göstərdiyi kimi mübahisədən əvvəl ona 80 manat verməmiş və o, Sərxandan 100 manat tələb etməmişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır. O, Təqsirləndirilən şəxs təxminən bir il olarki tanıyır. Orxanla münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında heç vaxt narazılıq, problem və ədavət olmamışdır. 30.06.2020-ci il tarixdə saat 23:00 radələrində o, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində Orxanla görüşmüşdür. Söhbət zamanı onlar qərara gəlmişdir ki, istirahət etmək üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən «Freqat» istirahət mərkəzinə getsinlər. Onlar özləri ilə tanıdığları Nazlı və Sevil adlı qızları da götürmək qərarına gəlmişlər. Orxan həmin qızlara zəng etmişdir və təxminən yarım saatdan sonra həmin qızlar onların olduğları yerə gəlmişlər. Sonra onlar taksi ilə «Freqat» istirahət mərkəzinə getmişlər. Onlar orada resertiona yaxınlaşıb və qalmaq üçün onlara iki otaq lazım olduğunu bildirmişlər. Orada işləyən tanımadığları şəxs onlara iki otaq vermişdir. O həmin şəxsə 40 manat pul ödəmişdir. Orxan ona otağa getməsini özünün də gələcəyini bildirmişdir. O, Sevillə otağa getmişdir. Orxanın isə öz otağının pulunu verib vermədiyini bilməmişdir. 01.07.2020-ci il tarixdə saat təxminən 09 radələrində o, istirahət mərkəzindən çıxmış və Orxana getmək istədiyini bildirmişdir. Orxan ona heç bir söz deməmişdir. O, oradan çıxıb Sevili yola salmış və yaşadığı evə getmişdir. Həmin gün axşam tərəfi o, Orxanla görüşmüşdür. Orxan ona demişdir ki, onların obyektə 80 manat borcları qalmışdır. O, etiraz etməmişdir, üstündə pul olmadığını sabah verəyini bildirmişdir. 02.07.2020-ci il tarixdə saat 13 radələrində o, Orxanla 6-cı mikrorayon ərazisində yerləşən «Dəmirbank»ın yaxınlığında görüşmüşdür. O, orada Orxana 40 manat pul vermiş və pulun qalan 40 manatını isə özünün verməsini bildirmişdir. Orxan ona demişdir ki, onda pul yoxdur, pulun hamısını o ödəsin. O, da Orxana onda bu qədər pul olmadığını bildirmişdir. Buna görə onların arasında sözlə mübahisə yaranmışdır. Həmin gün saat təxminən 22 radələrində onlar yenə də həmin yerdə görüşmüşlər. Orxan ondan pul tapıb-tapmadığını soruşmuşdur. O, isə Orxana pul tapmadığını bildirmişdir. Onlar pul axtarmaq üçün taksiyə minmişlər. Orxan Yaşıldərə tərəfdə tanışının olduğunu və onda pul ola biləcəyini demiş taksi sürücüsündən həmin istiqamətdə sürməsini xahiş etmişdir. Onlar taksi ilə Sumqayıt şəhəri, «Çerkasi» küçəsinə gəlmişlər. Onlar orada taksidən düşmüş həmin küçə ilə «Yaşıldərə» yaşayış massivi istiqamətdə yerləşən qəbirsanlıq tərəfə getməyə başlamışlar. Onlar söhbət edərək həmin küçə ilə hərəkət etməyə başlamışlar. Onlar pulu haradan tapmaqları barədə söhbət etmişlər. Onlar küçənin axırına çatanda Orxan əsəbiləşməyə başlamışdır. Onlar bir-birinin yaxasından tutub mübahisə etməyə başlamışdır. Bu vaxt Orxan əlindəki alətlə onun sinəsindən və sağ ayağından vurmuşdur. Orxanın onu necə vurduğunu o, hiss etməmişdir. Ancan ayağının və sinəsinin qanadığını görmüşdür. Bundan sonra Orxan onu vurmamış və onun yanında dayanmışdır. O, telefonla dostu Eminə zəng edib harada olduğunu soruşmuşdur. Emin bildirmişdir ki, 9-cu mikrorayon ərazisində «Bazarstore»nin yanındadır. O, Orxanla taksiyə əyləşmiş və həmin yerə getmişdir. Emin onlara yaxınlaşmış və Emin Əli adlı dostlarına zəng etmişdir. Əli «Dəmirbank»ın yanında olduğunu bildirmişdir. Onlar Eminin maşını ilə Əlinin yanına getmişlər. Oradan isə onlar onu Sumqayıt Şəhər TTYX-na aparmışlar. Bundan sonra isə onu əməliyyat etmişlər. Orxan onu əlindəki iti alətlə vurandan sonra kənara çəkilib dayanmış və onu vurmamışdır. O, isə telefonla dostuna zəng etmişdir. Orxan onu təkrarən vurmağa cəhd etməmişdir. Əgər istəsəymiş Orxan yenə də ona xəsarət yetirə bilərmiş, ancaq yetirməmişdir. Onların mübahisəsi Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən qəbirsanlıq ərazisində baş vermişdir. Həmin vaxt onların mübahisəsi təxminən 2-3 dəqiqə davam etmişdir. Həmin vaxtı onların yanında heç kim olmamış və kənardan da oraya heç kim gəlməmişdir. Mübahisə zamanı o, Orxanın yaxasından tutmuşdur. Ancaq o, Orxanı yumruqla vurmamışdır. Orxan onu vurarkən əlində kiçik ölçülü ucu nazik iti bir alət olmuşdur. Ancaq o həmin alətin dəqiq bıçaq olub olmadığını görə bilməmişdir. Həmin alət daha çox bizə oxşatdığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. O, Orxanın bacısının nişanlısıdır. 02.07.2020-ci il tarixdə saat 22 radələrində Emin adlı dostu ona zəng edib harada olduğunu soruşmuşdur. O, ona Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dəmirbank»ın yanında olduğunu bildirmişdir. Bir az keçmiş Emin öz maşını ilə onun olduğu yerə gəlmişdir. Maşında Orxan və tanıdığı Sərxan adlı oğlan da olmuşdur. O, maşının qapısını açıb Sərxanın yaralı olduğunu görmüşdür. Sərxan həmin vaxt huşunu itirmişdir. Buna görə də o, Sərxandan hadisənin necə olduğunu soruşa bilməmişdir. Onlar birlikdə Sərxanı Sumqayıt şəhər TTYX-na aparmışlar. O, Eminlə birlikdə Sərxanı 2-ci mərtəbəyə qaldırmışdır. Onlar orada olarkən polis əməkdaşları xəstəxanaya gəlmişlər. Onlar Sərxanı xəstəxanaya onun gətirdiyini bilib onunla hadisə barədə söhbət etmək üçün 4-cü Polis Bölməsinə dəvət etmişlər. O, orada bildirmişdir ki, Sərxan danışa bilmədiyi üçün ondan hadisənin necə baş verdiyini soruşa bilməmişdir. Bundan sonra o, çıxıb evə getmişdir. Səhər onu 5-ci polis bölməsinə dəvət etmişlər. O, oraya gedəndə Orxanın da orada olduğunu görmüşdür. Ona sonradan məlum olmuşdur ki, Sərxana bıçaq xəsarətini Orxan yetirmişdir. Beləki hadisədən sonra o, onlarla söhbət edəndə ona bildirmişlər ki, 30.06.2020-ci il tarixdə tanıdıqları qızlarla birlikdə «Freqat» istirahət mərkəzinə gedərək gecə orada qalmışlar. Obyektə borclu qaldıqları üçün Orxan öz mobil telefonunu orada girov qoymuşdur Hadisədən sonra Orxan Sərxandan telefonunu girovdan çıxarmaq üçün pul istəmişdir. Buna görə də onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı isə Orxan bıçaqla Sərxana bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.07.2020-ci il tarixli, 835 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sağ yarısının ön səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sağ sağrının aşağı bayır kvadratının deşilmiş-kəsilmiş yaraları, döş sümüyünün xəncərəbənzər çıxıntısının Vİ qabırğanın qığırdağına məxsus oymanın kənarının kəsilmə xarakterli sınığı kimi xəsarətlər vardır. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir,törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 02.07.2020-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin sağ yarısının ön səthinin daxilə keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı 1/3-nin bayır səthinin, sağ budun yuxarı 1/3-nin arxa səthinin və sağ sağrının aşağı bayır kvadratının deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, digər xəsarət yəni, döş sümüyünün xəncərəbənzər çıxıntısının Vİ qabırğanın qığırdağına məxsus oymanın kənarının kəsilmə xarakterli sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan kompleks-məhkəmə-lifli-trasoloji-kriminalistik ekspertizası üzrə tibbi kriminalistika şöbəsinin 27.07.2020-ci il tarixli, 337-MTKŞ/2020 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthində sağda bir ədəd, köynəyin ön səthində bir qədər ortada bir ədəd, arxa səthində sağda bir ədəd və maykanın ön səthində bir qədər solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), o, cümlədən, bu xüsusiyyətə malik hər hansı bir bıçağın təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində solda bir ədəd cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizmə malikdir, maykanın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. İş materiallarında olan kompleks-məhkəmə-lifli-trasoloji-kriminalistik ekspertizası üzrə tibbi kriminalistika şöbəsinin 10.08.2020-ci il tarixli 528/2020-MTBŞ saylı rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, qolsuz mayka və şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qruppu AB0sistemi üzrə təyin olunduqda «B» antigeni və «alfa» aqqlyutinini alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə məxsusdur və həmin sistem üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan kompteks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08.07.2020-ci il tarixli 1257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur Təqsirləndirilən şəxs cinayət işində tsvir olunmuş hadisə dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Eyni zamanda Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı kənaraçıxma halları müəyyən edilmədiyindən, o, iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq və anlamaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Ünsiyyətçilik, hövsələsizlik, hirslilik emosional reaksiyaya meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən cinayət əməlini törədərkən şüuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional sferasında sitiuasiya əlaqədar hirslilikyaranmışdır Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03.07.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 04.07.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2020-ci il tarixli “subutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü və 29.120.1-ci madələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın kiçik ölçülü cib bıçağı olduğunu bildirmiş və hadisədən sonra o, bıçağı Sumqayıt şəhərində bulvar ərazisində dənizə atdığı üçün istintaqa təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2n oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 14 saat vaxt sərf etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar