Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-700/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Tovuz rayonu, Dönük Qırıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında onlayn (online) qaydada baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, 14.12.2020-ci il tarixdə şəxsiyyəti istintaq orqanına məlum olmayan İran İslam Respublikası vətəndaşından Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşən İcra hakimiyyətinin inzibati binasının arxasında tanımadığışəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 19,020 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması, 14 dekabr 2020-ci il tarixdə saat 22:30 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 19,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı 08 oktyabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov tərəfindən təsdiq edildikdən sonra, həmin tarixdə cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Hazırki cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPMnin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Hazırkı, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iş materiallarında olan 22.09.2021-ci il tarixli "təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında" qərar CPM-nin 223.3.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həmin qərarda cinayətin törədilmə yeri dəqiq göstərilməmişdir. İstintaq orqanı həmin qərarda istər təqsirləndirilən şəxsin nakrotik maddənin əldə edilmə yeri Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında yerləşən İcra hakimiyyətinin inzibati binasının arxası kimi, saxlandığı yer kimi isə Sumqayıt şəhəri, 11-ci mikrorayon olaraq qeyd etməklə qeyri müəyyənliyə yol vermiş, ərazilər dəqiqləşdirilməmiş, narkotik maddənin əldə edilmə yerinin hansı rayon, hansı küçə, eləcə də təqsirləndirilən şəxsin 11-ci mikrorayonun hansı küçəsində və ya hansı binasının qarşısında tutulması tam olaraq qeyd edilməmişdir. İttiham aktına daxil edilmiş təqsirləndirilən şəxsin ifadəsində 14.12.2020-ci ildə narkotik maddənin götürlüdüyü yer kimi təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda və ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxsə elan edilmiş ittihamda qeyd edilən yerdən fərqli yer, yəni Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında olan icra hakimiyyətinin arxa tərəfi deyil, Neftçilər prospekti kimi qeyd edilməsi ilə də ziddiyyət yaradılmışdır. Bundan başqa, CPM-nin 289.8-ci maddəsindən görünür ki, müstəntiq ittiham aktına təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə, maddi sübutlar və onların saxlanıldığı yer barədə, xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə və məhkəmə xərcləri barədə arayışları əlavə edir. Belə ki, iş materiallarında daxil edilmiş ittiham aktına, müstəntiq təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə, hansı müddətlərdə kimlər tərəfindən həbs qətimkan tədbiri seçilməsi və uzadılması, eləcə də xüsusi müsadirə olunması təklif edilən əmlak olubolması barədə məlumatları arayışa əlavə etməmişdir. Həmçinin, həmin hissədə təqsirləndirilən şəxsin üzərində aşkar olunaraq götürülmüş və qalıq qalmış narkotik maddənin miqdarı 114,040 qram olaraq göstərilsə də verilmiş ittiham 19,020 qram olmuşdur. Bundan əlavə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 19,020 qram heroinlə evindən aşkar edildiyi heroinin miqdarı isə 95,120 qram olmaqla tərkibinə görə eyni olmuşdurlar. Lakin, sübutların qiymətləndirilməsinə dair qərarda istinaq oraqnı həmin xüsusatı nəzərə almadan şəxsin evindən baxış zamanı aşkar edilmiş 95,120 qram heroini ittihamdan xaric etməklə 95,120 qram narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs tərəfindən əldə olunması sübuta yetmədiyi fikrinə gələrək həmin xüsusata xitam vermiş və qeyd edilən çəkidə narkotik vasitə olan heroinin hansı şəraitdə həmin mənzildə aşkar edilməsinin müəyyən edilməsi üçün mövcüd cinayət işindən CM-nin 234.4.3-cü maddəsi ilə ayrılmış ********* nömrəli cinayət işində istintaq hərəkətləri davam etdirilməsini qərara almışdır. CPM-nin 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Lakin müstəntiq tərəfindən həmin tələblərə əməl edilmədən ittiham aktı tərtib edilmişdir. Bundan başqa, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Bundan başqa, cinayət işi müstəntiq Səid Məmmədovun icraatına daxil olduqdan sonra şübhəli şəxs əvvəl təhqiqat orqanı tərəfindən təyin edilmiş müdafiəçinin xidmətindən imtina edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra, müstəntiq tərəfindən şübhəli şəxsə onun müdafiəçi ilə təmin edilməsi üçün 16.12.2020-ci il tarixli protokolla Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyası təqdim edilmiş və həmin protokolda şübhəli şəxsin həmin siyahı ilə tanış olub hüquqlarının müdafiəsi üçün vəkil kimi X3 adını göstərdiyi qeyd edilmişdir. Lakin, iş materiallarının İ cild 52-ci səhifəsində olan vəkillərin siyahısında X3 adı yoxdur. Belə olan halda şübhəli şəxsin adı siyahıda olmayan Namiq Ağayevi necə və haradan seçib göstərməsi aydın olmamışdır. Qeyd edilənlərdən göründüyü kimi həmin vəkilin şübhəli şəxsin iradəsi ilə deyil, istintaq orqanın iradəsi ilə şübhəli şəxsə təqdim edilib işə müdafiəçi kimi buraxmışdır. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüququi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 19.2-ci madədsinə əsasən cinayət təqibini həyata keçirən orqan təqsirləndirilən şəxsin özünün dəvət etdiyi nümayəndənin hüququi yardımından istifadə etmək hüququnu gözləməlidir. CPM-nin 19.4.2-ci maddəsinə əsasən cinayət prossesini həyata keçirən orqan öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt vermək və imkan yaratmağı təmin etməlidir. CPM-nin 90.7.7-ci maddəsinə əsasən müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək kimi hüquqlara malikdir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etməsi hüququ təsbit edilmişdir. Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir ki, bu şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaqdır. (§ 31). Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs müdafiə hüququ da pozulmuşdur. Həmçinin, cinayət işinin İİ cild 173 səhifəsində təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsinə dair 23.09.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi iş materialları ilə tanış olan zaman iş materiallarına daxil edilmiş iki ədəd dvd disk və maddi sübut 02 ədəd bükümdə ümumi çəkisi 114,040 qram narkotik maddə olan heroinlə tanış olmaq istəmədiklərini bildirmişdirlər. Lakin, iş materiallarında qeyd edilən maddi sübutlardan olan narkotik maddənin həqiqətən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilməsindən ötrü onu Bakı İstintaq təcridxanasına aparılmasını və inzibati binanın daxilinə buraxılmasını təsdiq edən heç bir məktub əlavə edilməmişdir. Bundan əlavə, tanış etmə protokolunda təqsirləndirilən şəxsə tanış edilməsi üçün təqdim edilməsi nəzərdə tutulan maddi sübut olan heroinin miqdarı verilmiş ittihamdan fərqli, yəni 19,020 qram deyil, 114,040 qram kimi göstərilmişdir. Cinayət işinin materialları ilə tanış etmə qaydasına dair CPM-nin 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Bundan əlavə, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs və onun müdafiəçisi iş materialları ilə 23.09.2021-ci ildə tanış olduqdan sonra, ittiham aktının tərtibinə müstəntiq tərəfindən 11 gün sonra 04.10.2021-ci ildə başlanmışdır. Cinayət işinin materialları ilə tanış olduqdan sonra vəsatətlərin verilməsinə dair CPM-nin 287.1-ci maddəsinə əsasən cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər. Lakin, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iş materialları ilə tanış olan zaman əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətləri olmamış və ola bilmə ehtimalı nəzərə alaraq qeyd edilən 48 saat keçdikdən sonra ittiham aktının tərtibinə başlanılmalı olduğu halda 11 gün sonra başlanılmışdır. Bundan əlavə, ittiham aktı təsdiq edildikdən sonra ittiham aktının təqsirləndirilən şəxs və onun müdafiəçisinə göndərilməsinə dair nə məktub, nə də alınmasına dair qəbz alınaraq iş materiallarına əlavə edilməmişdir. CPM-nin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir. Bundan başqa, cinayət işi materiallarına daxil edilmiş sübütların qiymətləndirilməsinə dair qərarda hansı ifadələrin, protokolların və rəylərin sübüt kimi qiymətləndirilib qiymətləndirilməməsi göstərilməmiş, həmçinin, Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən ifadələrinə qiymət verilməsi qeyd etdiyi şəxslər X2 və Təqsirləndirilən şəxs ifadələrinin əsaslar göstərilməklə sübüt kimi qəbul edilməməsi qeyd edilməli olduğu halda sübut əhəmiyyəti kəsb etmədiyindən onların ifadələrinin ittiham aktına salınmaması nəzərə alınması göstərilmişdir ki, ittiham aktı sübütların qiymətləndirilməsinə dair qərardan sonra tərtib edilməsi nəzərə alınmamış, hüquqi qüvvəsini itirmiş iş qayıtmamışdan əvvəlki ittiham aktı nəzərə alınmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin ibtidai istintaqda ifadəsində göstərilən xüsusatlar tam araşdırılmamış, sonuncunun döyülərək əmlakının ələ keçirilməsi və digər göstərdiyi xüsusatların həqiqəti əks etdirib-etirmədiyini, özünün müdafiə xarakterli olub-olmaması tam olaraq aydınlaşdırılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, təxminən, iki ay əvvəl o, Sumqayıt şəhəri ərazisində bir müştərini Bakı şəhəri, Neftçilər metrosunun arxa tərəfinə yəni icra hakimiyyəti tərəfə aparmışdır. Orada müştəri avtomobili ara məhəllələrə sürməsini xahiş etmiş, və o da müştərinin istəyi ilə hərəkət edərək sonuncunun dediyi yerdə saxlamışdır. Orada müştəri maşından düşüb uzaqlaşmış və tanımadığı bir neçə nəfər yaxınlaşıb onu döymüşlər və ona məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, idarə etdiyi «Nexia» markalı avtomobilin qeydiyyat şəhadətnaməsini, ona məxsus 02 ədəd mobil telefon aparatını və bir ədəd notebooku oğurlamışlar. O, isə DİN-nin 102 xidmətinə məlumat verib qeyd etdiyi əşyaların oğurlandığını yox, itdiyini bildirmişdir. Həmin vaxt telefonlardan birində 070 200-10-85 mobil nömrəsi olmuşdur. Lakin, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin göstərdiklərinin cinayət xarakterli olmasına və işin faktiki hallarına dair düzgün mövqeyə gəlməyə əsas verəcək və daxili inamın formalaşmasında mühüm əhəmiyyət kəsb edəcək həmin xüsusatları tam olaraq araşdırmamış, göstərilənlərin həqiqəti əks etdiribetdirmədiyini yoxlamamış, göstərilən xüsusatların mülkiyyət əleyhinə olan cinayətlərdən olan işin faktiki hallarına uyğun olaraq soyğunçuluq və ya quldurluq cinayətlərinə aid olmaqla həmin cinayətlər üzrə təqbinin ictimai ittiham qaydasında aparılmasını diqqətindən qaçırmışdır. İstintaq orqanı sübütların qiymətləndirilməsinə dair qərarda isə həmin xüsusata əsassız və qanunsuz olaraq cinayət təqbinin ictimai ittiham qaydasında aparılmasına baxmayaraq şikayətin olmamasını əsas gətirməklə hadisənin müstəntiqin xidməti ərazisindən kənar bir ərazidə baş verməsinə baxmayaraq cinayət təqibini rədd etmişdir. Belə ki, ibtidai araşdırmamın səthi aparılması təqsirləndirilən şəxsin ifadəsində 2 ay əvvəl qeyd edilməsi ilə tam təsdiq edilmişdir. Çünki təqsirləndirilən şəxsin son ifadəsinin alındığı tarixdən 2 ay əvvəlki tarix, təqsirləndirilən şəxsin həbsə olduğu müddətə uyğun gəlmişdir. İş materiallarında olan tarixlərindən görünür ki, təqsirləndirilən şəxs 14.12.2020ci ildə Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında olan İcra hakimiyyətinin arxasında yerləşən ərazidən narkotik maddəni əldə etdiyi tarixdən 2 ay əvvəl döyülmüş və yuxarıda qeyd edilən sənədləri və əmlakı ələ keçirilmişdir. DİN-nin "X4" xidmətindən daxil olmuş məktubdan görünür ki, 11.11.2020-ci ildə saat 21:03-də DİN-nin "102"- zəng xidmətinə zəng edərək 4 gün əvvəl içərisində avtomobilinin qeydiyyat şəhadətnaməsi, bank kart VÖEN, şəxsiyyət və sürücülük vəsiqəsi olan pul kisəsini itirməsini aşkar edilməsi barədə məlumat vermiş və məlumat qeydiyyata alınaraq baxılması üçün Sumqayıt ŞPİ 5-ci PB-nə yönləndirilmişdir. Lakin, istintaq müddətində həmin məlumat üzrə araşdırmanın nəticəsi ilə ibtidai istintaq orqanı maraqlanmamış və buna dair hər hansı bir qərarın qəbul edilibedilməməsi və təqsirləndirilən şəxsin həmin araşdırma zamanı əmlakının itirilmə yeri və digər xüsusatlarla bağlı necə bir izahat verməsi aydınlaşdırılmamışdır. Həmçinin, təqsirləndirilən şəxsin 4 gün əvvəl qeyd etdiyi tarixin 07.11.2020-ci il tarixə uyğun gəldiyi müəyyən edilməsinə baxmayaraq təqsirləndirilən şəxsin həmin tarixdə həqiqətən Bakı şəhəri, Neftçilər metrosu istiqamətində hərəkətdə olub-olmaması müəyyən edilməmiş, bununla bağlı təqsirləndirilən şəxsin avtomobilinin hərəkət istiqamətinin müəyyən edilməsi üçün DİN-nin müvafiq qurumuna sorğu verilməmiş, həmçinin təqsirləndirilən şəxsin həmin tarixdə istifadəsində olan bütün telefon nömrələri müəyyən edilməmiş və tam olaraq həmin nömrələrə daxil olan, çıxan zənglər, sms məntləri və anten dairələrinə dair sorğular verilib əldə edilməklə baxış keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulduğu, 1 aydan çox müddətə kimi sürücülük və qeydiyyat şəhadətnaməsi olmadan avtomobili idarə edib-etmədiyi, müsbət halda necə idarə etməsi, bu müddətə hər hansı bir qayda pozuntusuna yol verib-vermədiyi və müsbət halda barəsində İXM-nin hansı maddələri əsasında protokol tərtib edilməsi müəyyən edilməmişdir. Həmçinin, bu barədə ətrafına da hansı məlumatların verilməsi və döyülməsi ilə bağlı xəsarət alıb-almaması, aldığı halda tibbi yardım alıb-almamasına dair xüsusatlar aydınlaşdırılmamışdır. Bundan başqa, istintaq zamanı sorğusu verilmiş və həmin vaxt təqsirləndirilən şəxsin üzərində olduğunu iddia etdiyi 070 200-10-85 telefon nörməsinin 07.11.2020-ci il tarixində anten məlumatları arasında Bakı şəhəri, Neftçilər metrosunun və ya ona yaxın bir ərazi və ya istiqamət olub-olmaması dəqiqləşdirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin döyüldüyü iddia etdiyin yerlə narkotik maddənin götürdüyünü yerin eyni yer olmasının göstərilməsini nəzərə alıb həmin yerin dəqiq üvanın müəyyən edillməsindən ötrü təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmamış, qeyd edilən əraziyə təqsirləndirilən şəxsin ifadəsi ilə də hərəkət istiqaməti müəyyən edilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs hadisə barədə DİN -nin "102" zəng xidmətinə məlumat verən zaman üzərindən 2 ədəd telefon və notebookun ələ keçirilməsi barədə heç bir məlumat verməməsinin səbəbləri istintaq müddətində aydınlaşdırılmamışdır. Eləcə də DİN-nin müvafiq qrumuna qeyd edilən səs yazısının əldə edilməsi üçün sorğu verilməmiş və müsbət halda əldə edilərək baxış keçirilməmiş, verilmiş məlumat, şəxsin səs yazısı ilə dəqiqləşdirilməmişdir. Həmçinin, həmin halları ibtidai istintaq zamanı tam və hərtərəfli araşdırmamaqla təqsirləndirilən şəxsin cinayət barəsində bilə-bilə yalan xəbərçilik edibetməməsi aydınlaşdırılmamış və həmin xüsusata hüquqi qiymət verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 14.12.2020ci il tarixdə saat 20 radələrində həmin şəxs onunla «Whatsapp»la əlaqə saxlayıb ona məxsus sənədləri və notebooku çantasında Bakı şəhəri, neftçilər prospektində, icra hakimiyyətinin arxa tərəfində yerə qoyacağını, həmin çantada əlavə telefon qutusunun içərisində bir bükülü olduğunu və həmin qutunun içərisindəki bükülünü Sumqayıt şəhərində onun dediyi yerdə maşından atmasını istəmişdir. O, həmin yerə gəlib çantanı götürmüş və həqiqətəndə içərisində ona məxsus notebook və bir telefon qutusunun olduğunu görmüşdür. Həmin yerdə o, əvvəllər döyüldüyü üçün orada çox qalmaq istəməmişdir. O, çantada sənədlərinin olub-olmadığını yoxlamamış və qutunun içərisində nə olduğuna baxmayaraq maşına əyləşib oradan uzaqlaşmışdır. İttiham aktına daxil edilmiş təqsirləndirilən şəxsin ifadəsindən növbəti dəfə 14.12.2020-ci ildə narkotik maddənin götürlüdüyü yer kimi təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarda qeyd edilən yerdən fərqli yer, yəni Bakı şəhəri, Neftçilər metrosunun yaxınlığında olan icra hakimiyyətinin arxa tərəfi deyil, Neftçilər prospekti kimi qeyd edilmişdir. Həmçinin, ibtidai istinaq müddətində təqsirləndirilən şəxsin 14.12.2020-ci ildə narkotik maddə əldə edən zaman üzərində olduğunu bildirdiyi 070 200-10-85 nömrəsinin anten dairələri ilə ifadəsində göstərdiyi xüsusatlar, olduğu yerlər müqayisəli şəkildə tədqiq edilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin 070 200-10-85 nömrəsinin götürülmüş daxil olan və çıxan zənglərə və anten dairlərinə dair məlumatlara təqsirəndiriən şəxsin tutulduğu saat kimi qeyd edilən 22:30-dan sornakı müddətə və anten məlumatlarına baxış keçirilməmişdir. İbtidai istintaq zamanı qeyd edilən telefon nömrəsinə dair götürülmüş məlumatlara səthi baxış keçirilmiş, demək olar ki, baxış keçirilməmiş, baxış istintaq hərəkətinin mahiyyətinə varılmamış, baxışın məqsədlərini və hansı halların qeyd edilməli olduğunu müəyyən edilməmiş, təqsirləndirilən şəxsin tutulduğu gün hansı anten dairələrində olması və hansı nömrələrlə danışıqlar aparması, ümumiyyətlə son gün və ondan əvvəlki iş üçün əhəmiyyətli günlərə təqsirləndirilən şəxsin üzərində olan nömrələrlə götürülmüş tarixlər üzrə nə qədər danışıqlar aparılması, danışıqlar aparılan nömrələrin kimlərə məxsus olması və danışıqların mahiyyətinin nədən ibarət olması və həmin şəxslərin kimlər olması müəyyən edilərək dindirilməmiş və təqsirləndirilən şəxsdən də həmin xüsusatlarla bağlı heç bir ifadə alınmamışdır. Həmin götürülmüş məlumatlara baxışdan görünür ki, 14.12.2020-ci ildə təqsirləndirilən şəxsin istifadəsində olan ********** nömrəsi ilə danışdığı ***-***-**-** nömrəsi ilə götürlümş tarixlər üzrə 10 dəfə, ********* nömrəsi ilə 139 dəfə, ********* nömrəsi ilə 137 dəfə, ********** nömrəsi ilə 19 dəfə, ********* nömrəsi ilə 52 dəfə, ********* dəfə 14 dəfə, ********** nömrəsi ilə 1 dəfə, ********** nömrəsi ilə 4 dəfə, ********** nömrəsi ilə 9 dəfə, ***-******* nömrəsi ilə 3 dəfə danışıqlar aparmışdır. Həmçinin qeyd edilən nömrənin götürülmüş tarixlər üzrə daxil olmuş sms məntlərindən görünür ki, təqsirləndirilən şəxs əsasən mesajlaşdığı şəxslərlə ifadə olunmaz sözlərlə danışmışdır. Həmin sms məntlərinə baxışdan görünür ki, ********** nömrəsinin istifadəçisi təqsirləndirilən şəxsə 18.10.2020-ci ildə bir neçə dəfə təhqiramiz ifadələrlə birlikdə "kakos qoyan" təhqiramiz ifadə, 21.10.2020-ci ildə isə bir neçə dəfə "Sumqayitda harda olsan kakoscu" kimi müraciət etmişdir. Həmin nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, təqsirləndirilən şəxs qeyd edilən nömrə ilə götürülmüş tarixlər üzrə 47 dəfə danışıq aparmışdır. Lakin, istintaq müddətində qeyd edilən xüsusatlar araşdırılıb müəyyən edilmədən göstərilən telefon nörmələri üzrə heç bir istintaq hərəkəti aparılmamış, təqsirləndirilən şəxsin həqiqətən ifadəsində göstərdiyi olduğunu qeyd etdiyi yerlərlə anten məlumatlarının müqayisəli şəkildə tədqiq edilərək ifadələrdə göstərilən xüsusatlar tam olaraq aydınlaşdırılmamışdır. Yuxarıda göstərilən xüsusatlardan göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların özünü müdafiə xarakterli olubolmamasını müəyyən etmədən ittiham aktında əsassız olaraq təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün heç bir dəlil gətirmədiyini göstərmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları, ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Dövlət ittihamçısı Qeyd olunanların nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməklə, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna qaytarılmasını təklif etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətə etiraz edərək bildirdi ki, vəsatətdə qeyd olunan məsələlərin böyük əksəriyyəti məhkəmə baxışında müzakirə olunaraq həll olunan məsələlərdir. Bu səbəbdən də vəsatətin təmin olunmamasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında onlayn (online) qaydada iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisinin fikiri ilə razı olduğunu bildirərək vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını və dövlət ittihamçısının vəsatətini araşdıraraq qeyd edir ki, dövlət ittihamçısının vəsatətində göstərilən çatışmazlıqlar həqiqətən hazırki cinayət işi üzrə mövcuddur, buna görə də həmin çatışmamazlıqları məhkəmə yenidən təkrarlamağa lüzum bilmədən hesab edir ki, vəsatətdə göstərilənlər nəzərə alınmaqla cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna qaytarılmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə ibtidai istintaq aparılarkən cinayət prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş, ittiham aktının tərtibinin prosessual qaydasına əməl olunmamışdır. Tərtib edilmiş ittiham aktı iş materiallarına və istintaqın nəticəsinə uyğun deyildir. İttiham aktının prosessual formasına əməl edilməmişdir. Göstərilən qanun pozuntuları kobud prosessual pozuntulardır və onların məhkəmə icraatında aradan qaldırılması qeyri mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2-ci maddəsinə əsasən qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, o, həbsdən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 16.12.2020-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 14.12.2021-ci il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılaraq həbsdə saxlama müddəti 02 ay müddətinə, yəni 04 avqust, 2021-ci il tarixədək uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 11.08.2021ci il tarixədək uzadılmış və həmin məhkəmənin 07.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni 11.10.2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159.7-ci maddəsinə əsasən cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq aşağıdakılardan artıq ola bilməz: 159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 3 (üç) ay; 159.7.2. az ağır cinayətlər üzrə — 7 (yeddi) ay; 159.7.3. ağır cinayətlər üzrə — 10 (on) ay; 159.7.4. xüsusilə ağır cinayətlər üzrə — 13 (on üç) ay. Hazırda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilir. Bu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Az ağır cinayətə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159.7.2-ci maddəsinə əsasən həbsdə saxlanma müddəti 7 (yeddi) aydan artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 7 aydan artıq müddətdir ki, həbsdədir. Buna görə də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki cinayət işi üzrə müstəntiq barəsində məhkəmə tərəfindən xüsusi qərar çıxarıldığından məhkəmə müstəntiq barəsində yenidən xüsusi qərar çıxarılmasını məqsədə uğyn hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-700/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-700/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver