Məhkəmə qərarları › İş №1(060)-700/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-700/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-700/2025 14.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X11, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X12 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, X20 onun barəsində yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilmiş “tiktok.com” internet informasiya ehtiyatında “qlincev_” adlı profil vasitəsilə xx.xx.2025-ci il tarixdə (https://vt.tiktok.com/ZSD1TLxDn/ğ, 1:16-cı-1:36-cı dəqiqə aralığı, 1:56-2:26-cı dəqiqə aralığı, 3:02-ci dəqiqə, 4:29-4:37-ci dəqiqə aralığı) və xx.xx.2025-ci il tarixdə (https: //vt.tiktok.com/ZSD1TEbSN/, 4:09-4:14-cü dəqiqə aralığı) yaymışdır. O, xx.xx.1987-ci il tarixində dünyaya gəlmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. Onun halhazırda heç bir rəsmi iş yeri yoxdur, bu günə qədər heç bir məhkumluğu olmamışdır. Barəsində şikayət verilən şəxs X2 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN **********). Barəsində şikayət verilən şəxs xx.xx.2025-ci il tarixdə vitse-prezident Mehriban Əliyevaya müraciəti zamanı bildirmişdir ki, “X4 Tünzalə Nazim qızı ilə birləşərək mənim barəmdə videoçarxlar hazırlayırlar, tiktokdan götürülmüş videoçarxlar hazırlayırlar, hətta mənə məxsus olmayan sms yazısı vasitəsilə mənim dost tanışlarıma göndərirlər və onlardan xahiş edirlər ki, gəlin biz tərəfdə olun, Aygülü Sumqayıt şəhərindən çıxardaq. Hal-hazırda mənim övladlarım qorxu içində yaşayırlar. Ona görə qorxu içində yaşayırlar ki, X11 məni Mirzəzadə Rüfət qardaşı ilə hədələyir və mənə bildirir ki, qardaşım hansısa klinikanın rəhbərinin şoferidi və onun əli hər yerə çatır, səni Sumqayıt şəhərindən qovduracayıq, səni evindən didərgin salacayıq, səni oturduğun evdən çıxardacayıq. Bununla bağlı səs yazılarım da var. Mən sizə təqdim etməyə hazıram. Hal-hazırda mənim işləmə qabiliyyətim yoxdur, cünki X17 mənə məxsus qızıl-zinyət əşyalarımı mən müalicədə olduğum vaxtda polkamdan oğurlayaraq satıb X11 ilə birlikdə yemişlər. Mənim övladımın canı təhlükədədir, mənim övladıma gün ərzində dəfələrlə X11 tərəfindən smslər yazılır və 15 yaşlı uşağıma hədə-qorxu gəlirlər.” Əlavə olaraq xx.xx.2025-ci il tarixdə vitse-prezident Mehriban Əliyevaya müraciəti zamanı bildirmişdir ki, “Tünzalə xanım məndən oğurlayıb aparıb Səbinə xanıma verdiyin İphone markalı telefon hardadır? Əlbətdə, Səbinə xanımın evindədir.” X3 nümayiş etdirilmiş açıq internet informasiya ehtiyatında yaydığı bu məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, heç bir həqiqəti əks etdirmir. Onun ittiham xarakterli çıxışı onun şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə və cəmiyyətə münasibətinə görə formalaşmış nüfuzunu ləkələmiş, həmçinin cəmiyyət və əmək kollektivindəki hörmət və etibarını sarsıtmışdır. X12 onun barəsində yalan məlumat yaydığında görə məhkəmədən Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsini və o, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X11 bildirmişdir ki, X20 ilə əvvəllər dost münasibətində olmuşlar, sonra 2 il boyunca ondan şantaj yolu ilə 180000 manat pul almışdır. Onun hərəkətləri ucbatından atası da ölmüşdür. Qlinçeva Aygül hətta özü öz qollarını kəsmiş və onun üstünə atmışdır. Onun şəkillərini tiktoka yükləmiş, bibisinə, oğluna və qardaşına göndərmişdir. Tiktokda onun şəkillərini paylaşaraq nalayiq ifadələr işlətmiş və ondan nə üçün belə etdiyini soruşduqda yaxşı etdiyini bildirmişdir. X13 onun kəbinli sevgilisinin evinə hücum etmiş və onu ifşa etməyə çalışmışdır. O, Türkiyədə olarkən oğluna onun şəkilləri göndərmiş və oğlu da ona Türkiyədən qayıtmamağı və qayıtsa pis hadisələrin baş verəcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən şikayət verən şəxs X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxsin müdafiəçisi X14 bildirmişdir ki, X5 Tünzalə Nazim qızı barəsində bilərəkdən yalan məlumatlar yaymışdır, belə ki, “Tiktok” sosial şəbəkəsində Qlinçeva Aygül bildirmişdir ki, X8 onun həyat yoldaşı ilə birlikdə qızıllarını oğurlamışdır. Onlar hələ videodakı bir epizodu qeyd etmişlər. Həmin videolardan birinə 46000, digərinə isə 16000 baxış olmuşdur. Bu da böhran xarakterlidir. Hətta “Whatsapp” tətbiqi vasitəsilə yazışmalar da mövcuddur ki, şəxs səs yazılarında videoları özünün paylaşdığını təsdiqləmiş və yoldaşı ilə əlaqələrinin olduğunu bildirmişdir. Qlinçeva X6 barəsində şəkil və videoları ailə üzvlərinə atmaqla ailə arasında da nifaq salmışdır. O, məhkəməyə məlumatların saxta olmadığını və sübutların kifayət olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X20 bildirmişdir ki, onun qollarını X1. Bundan başqa X11 onun haqqında nalayiq ifadələr işlətmişdir. Sübutların onun telefonunda olduğunu bildirmişdir. O, X9 “Kontakt Home”-dan “İphone” markalı telefon götürmüş, X11 isə aylıq ödənişi vaxtlıvaxtında ödəyəcəyini bildirmişdir. Lakin, həmin telefonu özünün borcu qarşılığında başqasına vermişdir. X8 ərizəsində yazdıqları ilə məhkəmə iclasında söylədiklərinin uyğun olmadığını bildirmişdir. Göstərilənlərə əsasən o, şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 müdafiəçisi X18 bildirmişdir ki, X8 şikayətində heç bir mötəbər sübut yoxdur və bu səbəbdən də əsassızdır. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293 və 302-ci maddələrinin tələblərinə uyğun deyildir. Şəxsin ərizəsi ilə məhkəmə iclasında verdiyi izahatlarının üstüstə düşmədiyini bildirmiş və məhkəmədən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət üzrə istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq şikayətin əsaslı olubolmaması və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinin imperativ tələbidir. Məhz şikayət əsaslı olduqda, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar mövcud olduqda və şikayətin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələnin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Hazırki şikayətin məzmunundan göründüyü kimi şikayət verən şəxs X11 şikayət verdiyi şəxs X12 “Tiktok” sosial platformasında onun barəsində şərəf və ləyaqətini ləkləyən və nüfuzdan salan məlumatları nümayiş etdirməsini, xx.xx.2025-ci il tarixdə vitse-prezident Mehriban Əliyeva müraciətində böhtan xarakterli məlumat yaymasına əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şikayət verən şəxsin iddia etdiyi bu əməli təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayətə əlavə edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 “Tiktok” platformasında X8 barəsində onu nüfuzdan salan, kütləvi çıxışda onun şərəf və ləyaqətini alçaldan böhtan xarakterli məlumatlar yaydığını, bildirsə də, məhz X20 tərəfindən qeyd edilən hərəkətlərin edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmək üçün təyin edilmiş vəkilə xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş material ilə tanış olduğu və məhkəmə iclasında iştirak etdiyi üçün dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X8 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X16 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından müvafiq olaraq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar