Məhkəmə qərarları › İş №1(060)-701/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-701/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-701/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru NəbiyevTuralHüseynoğlunun, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, məhəllə 30, ev 5/8, mənzil 33-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxssatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 5 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,058 qram, 0,065 qram, 0,079 qram, 0,068 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,319 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 iyul 2021-ci il tarixdə saat 13:15-də Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə olan heroin əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bədənində ağrılar olduğu üçün 8 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. 25.07.2021-ci il tarixdə səhər saat 10:00 radələrində Bakı şəhəri, “20 Yanvar” adalanan dairənin yaxınlığında olduğu zaman təsadüfən rastlaşdığı tanımadığı şəxs ona yaxınlaşaraq, 05 (beş) bükümdə narkotik vasitə heroin olduğunu və ümumilikdə 25 manata satacağını bildirmişdir. O, da narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxslə razılaşmış və həmin tanımadığı şəxsdən beş bükümdə narkotik vasitə heroini hər birinin qiyməti beş manata olmaqla, ümumilikdə 25 (iyirmi beş) manata öz şəxsi istifadəsi üçün almış, sonradan Sumqayıt şəhərinə geri qayıtmışdır. Həmin günü, yəni 25 iyul 2021-ci il tarixdə saat 13:15 radələrində yaşadığı Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin və CAŞ-nın əməkdaşları olduqlarını bildirmişlər və ondan da, özünü təqdim etməyi xahiş etmişlər. O, da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu narkotik vasitələri qanunsuz istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə polis əməkdaşları ilə birlikdə gəlmişdir. Müdafiəçisinin iştirakı ilə şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş 05 (beş) büküm narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin maddəni 25 iyul 2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün hər bükümü 5 manata olmaqla, ümumilikdə 5 bükümü 25 manata aldığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 25 iyul 2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəfindən idarə rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunda onunla yanaşı polis əməkdaşları Şahid2 və Şahid3 Əliağa oğlu iştirak etmişlər. 25.07.2021-ci il tarixdə saat 13:15 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol cibində saxlamış olduğu 05 ədəd siqaretin kağız bükümləri aşkar edilərək götürülmüşdür. Götürülmüş bükümlərə baxış zamanı həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, çəkməklə qəbul etməkdən ötrü üzərində saxlamış, 25 iyul 2021ci il tarixdə Bakı şəhərində “20 yanvar dairəsi” yaxınlığında tanımadığı şəxsdən hər bükümü 5 manat olmaqla, 25 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı qeyri dəqiq məlumat olsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki,25 iyul 2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin NMB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəfindən idarə rəhbərliyinə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunda onunla yanaşı polis əməkdaşları Şahid1 və Şahid3 Əliağa oğlu iştirak etmişlər. 25.07.2021-ci il tarixdə saat 13:15 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol cibində saxlamış olduğu 05 ədəd siqaretin kağız bükümləri aşkar edilərək götürülmüşdür. Götürülmüş bükümlərə baxış zamanı həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, çəkməklə qəbul etməkdən ötrü üzərində saxlamış, 25 iyul 2021-ci il tarixdə Bakı şəhərində “20 yanvar dairəsi” yaxınlığında tanımadığı şəxsdən hər bükümü 5 manat olmaqla, 25 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı qeyri dəqiq məlumat olsa da, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş beş bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş polis serjantı X1 da şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 26 iyul 2021-ci il tarixli, 6/3079 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdimedilmişüzərində «...Təqsirləndirilən şəxs …» sözləri olan bir ədəd zərfdəki beş ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,058 qram, 0,065 qram, 0,079 qram, 0,068 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,319 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının16 sentybar 2021-ci iltarixli,3469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan axtarış və götürmə aparılması haqqında 25 iyul 2021-ci il tarixli protokoldan görünür ki,Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqda videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncunun əynindəki göy rəngli cins şalvarının sol cibindən 5(beş) ədəd siqaretin kağız bükümündə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin bükümlər elektron tərəzidə çəkilərək kağız bükümlər ilə birlikdə ümumi çəkisinin 0,7 qram olması müəyyən edilmiş, həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli hökmünün surətindən görünür ki, əvvəllər bir neçə dəfə məhkum olunmaqla, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarından görünürki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Əli Məmmədov tərəfindən 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-cimaddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 25 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 356/2021 saylı, 27.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 25.07.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,058 qram, 0,065 qram, 0,079 qram, 0,068 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,319 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 0,319 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 30.09.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,058 qram, 0,065 qram, 0,079 qram, 0,068 qram, 0,049 qram, ümumi təmiz çəkisi 0,319 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan 5 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 30.09.2021ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan 25.07.2021-ci il tarixə kimi cəzasının 10 ay 10 gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 il 07 ay 28 gün təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 25 noyabr 2021ci il tarixli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-356/2020 saylı, 30.07.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, ona əlavə olaraq həmçinin narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş məcburi müalicə tədbirləri icra olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan vəcinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarınolub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cumaddəsinəəsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Sumqayıt şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, sonuncu həmin cəzanı çəkib qurtarmadan yenidən eyni cinayət əməlini törətmişdir. Bu da onun cəmiyyətdən təcrid olunmadan islah olunmadığını göstərir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, əvvəllər də AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini və hazırda həmin cəzanı çəkib qurtarmadan yenidən eyni cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-356/2020 saylı, 30.07.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 28 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 9 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməli və üzərində müəyyən edilmiş cəzadan tutulub həbsdə olduğu müddət çıxılmaqla cəzasının əvvəli 01.12.2021-ci ildən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, 0,319 qram narkotik vasitə heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 14.10.2021-ci il tarixli (iş № 1(060)-701/2021) qərarını icra edərək, 18 oktyabr2021-ci il tarixli 1305 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı VəkilBürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1 (060)-356/2020 saylı, 30.07.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 07 ay 28 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 9 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və üzərində 01 (bir) il 08 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01.12.2021-ci il tarixindən hesablansın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, 0,319 qram narkotik vasitə heroinhökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyataalınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxsna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar