Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-704/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi: Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2005-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, azərbaycanlı, subay, işləməyən, məhkum olunmamış, natamamorta təhsilli, Xızı rayonu, Giləzi qəsəbəsində qeydiyyatda olan, ünvan 2-də yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin hasarından həyətə qanunsuz daxil olaraq evin pəncərəsini sındırmaqla evə daxil olub oradan soyuducu mühərrikinin 14 manat dəyərində olan 1 kiloqram mis metal qırıntılarını, 05 ədəd 2 damarlı mis naqil keçən, 108,00 (yüz səkkiz) manat dəyərində 2X2,5 mm ölçülü, 60 metr uzunluğunda olan elektrik uzadıcının (udlinitel) elektrik naqilini, 01 ədəd 20 (iyirmi) manat dəyərində olan orta ölçülü peyk antenasını (tarelka), su qızdırıcısının 14,00 (on dörd) manat dəyərində 1 kiloqram mis ehtiyyat hissəsini, 02 ədəd ümumilikdə 30 (otuz) manat dəyərində elektrik tənzimləyicinin mis ehtiyyat hissələrini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 186 (yüz səksən altı) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi evin hasarından həyətə qanunsuz daxil olaraq evin pəncərəsini sındırmaqla pəncərəni açaraq evə daxil olub otaqdan 01 ədəd 150 (yüz əlli) manat dəyərində olan işlənmiş «Gnerqomaş» firmasına məxsus qaynaq aparatını, 01 ədəd 40 (qırx) manat dəyərində olan «Makota» firmasına məxsus böyük ölçülü laqonda aparatını, 50 metr uzunluğunda 45 (qırx beş) manat dəyərində olan 6 mm ölçülü elektrik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 235 (iki yüz otuz beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi evin hasarından həyətə qanunsuz daxil olaraq evin pəncərəsini sındırmaqla pəncərəni açıb evə daxil olub yataq otağından 01 ədəd 100 (bir yüz) manat dəyərində olan SSRİ istehsalı, qara rəngli, mexaniki tikiş maşınını, 05 ədəd 50 (əlli) manat dəyərində olan aliminium qazanı, həyətdən isə 108 (yüz səkkiz) manat dəyərində olan 60 metr uzunluğunda, 2 damarlı mis naqil keçən, 2X2,5 mm ölçülü elektrik naqilini gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir. Onun pula ehtiyacı olmuşdur. O, bu barədə anasına heç bir söz deməyib oğuluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı qəsəbədə gəzişərkən fərdi evlərdən birində işıq yanmadığını və evdə heç kimin olmadığını görmüşdür. O, həmin evdən oğurluq etmək qərarına gəlmiş və hasardan keçərək həyətə düşmüşdür. Sonra o, evin pəncərə şüşəsini sındıraraq evə daxil olmuş və orada otaqdan peyk antenasını, 05 ədəd işlənmiş elektrik uzadıcını, işlənmiş soyuducunun mühərrikini, su qızdırıcının mis ehtiyyat hissələrini götürüb iki ədəd elektrik tənzimləyicini (stabilizator) isə söküb oradan uzaqlaşmışdır. O, oğurladığı əşyaları Yaşma bağlar massivində yerləşən Metal qəbulu məntəqəsində 55 manata satmışdır. O, əşyaları satarkən onların oğurluq olduğunu bildirməmişdir. O, oğurluğu tək etmiş və yanında kənar heç kim olmamışdır. Sonra valideynlərinin arasında problemlər olduğu üçün Yaşma bağlar massivi ərazisində atası X4 ilə qalmışdır, lakin atası ilə sözü düz gəlmədiyi üçün atasının evindən çıxıb Xızı rayonu Giləzi qəsəbəsində rəhmətlik nənəsi Gülzar Rəhimovanın evində qalmışdır. İşdən çıxdığı üçün maddi sıxıntısı olmuş və fikirləşmişdir ki, Sumqayıt şəhər, Yaşma bağlar massivi ərazisində yerləşən sahibsiz evlərdən oğurluq edib pul qazansın. Bu məqsədlə Sumqayıt şəhər, Yaşma bağlar massivi ərazisindən körpünün yaxınlığındakı evlərdən oğurluq etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Yaşma bağlar massivi ərazisində oğurluq etmək məqsədilə gəzişib sahibsiz evlər axtaran zaman Körpünün yaxınlığında, metal qəbulu məntəqəsninin yaxınlığından keçəndə bir evdə işıq yanmadığını, evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və kənarda heç kimin olmadığına, heç kimin onu görmədiyinə əmin olduqdan sonra hasardan həmin evin həyətinə tullanmış, kənara göz gəzdirmiş, görmüşdür ki, həqiqətən evdə heç kim yoxdur, evdə işıq yanmır. Sonra evə bitişik olan vaqonun pəncərəsinin şüşəsini yerdən götürdüyü daşla vurub sındırmış, pəncərəni açaraq vaqona daxil olmuş, vaqonda heç nə olmadığı üçün evə daxil olub evdə axtarış aparmağa başlamışdır. İçəridə, hamamın yanında yerləşən otaqdan 1 ədəd kiçik ölçülü laqonda aparatı və 1 ədəd kiçik ölçülü qaynaq aparatı, həmçinin həmin otaqda olan şkafda mis elektrik naqili görmüş və həmin əşyaları oğurlamağa qərar vermişdir. Sonra laqondanı, qaynaq aparatını və kabel xəttini evdən götürdüyü torbaya yığmış, evdən çıxarmış və evi tərk etmişdir. Bundan sonra evdən hasara çıxıb ətrafda heç kimin olmadığına əmin olmuş və oğurladığı əşyaları yığdığı torbanı hasardan bayır tərəfə atmış, özü də yerə düşüb oğurladığı əşyaları yığdığı torbanı götürüb dəniz kənarı istiqamətində aparmış, yenə orada heç kimin olmadığına əmin olub evdən oğurladığı elektrik naqilini əridərək mis metal hissəsini torbaya yığmış, həmçinin oğurladığı laqonda və qaynaq aparatını da sökərək mis metal hissələrini götürüb torbaya yığmışdır. Sonra torbanı kürəyinə ataraq satmaq üçün Yaşma bağlar massivi ərazisində yerləşən, Anar adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə gəlmişdir. Həmin vaxt məntəqədə Elvin adlı şəxs metal qəbul etmişdir. O, oğurluq yolu ilə əldə etdiyi mis metal hissələrini Elvinə vermiş, Elvin ondan həmin misi haradan əldə etdiyini soruşan zaman ona həmin misi evlərindən gətirdiyini bildirmişdir. Sonra Elvin ondan götürdüyü misi tərəzidə çəkmiş və 4 kq olduğu müəyyən edilmiş, ona 48 manat pul vermişdir. Bundan sonra o, pulunu alıb Giləzi qəsəbəsinə qayıtmışdır, oğurluq yolu ilə əldə etdiyi 48 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. O, oğurluğa tək getmiş, bu barədə heç kimə bildirməmiş və oğurluq yolu ilə əldə etdiyi pulları da tək xərcləmişdir. O, qeyd etdiyi evdən oğurluğu xx.xx.2022ci il tarixdə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Yaşma bağlar massivi ərazisində yenə oğurluq etmək məqsədilə gəzişib sahibsiz evlər axtaran zaman kənardan ərazidən keçən qaz kəmərinin yanında bir evdə işıq yanmadığını, evdə heç kimin olmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və kənarda heç kimin olmadığına, heç kimin onu görmədiyinə əmin olduqdan sonra hasardan həmin evin həyətinə tullanmış, görmüşdür ki, həqiqətən evdə heç kim yoxdur, evin işıqları yanmır. Sonra həyətdən götürdüyü dəmir çəkiclə vurub evin pəncərəsinin şüşəsini sındırmış, sınmış yerdən əlini içəri salaraq pəncərəni açmış, sonra pəncərədən evə daxil olaraq evdə axtarış aparmağa başlamışdır. İçəri otaqdan 1 ədəd tikiş maşını tapmış, otaqda olan şkafı açaraq içərisində nə olmasına baxmış və həmin şkafdan 5 ədəd böyük ölçülü alüminium qazan tapıb həmin qazanları evin pəncərəsindən yerə atmışdır. Evdə başqa pula gedəsi heç nə tapmamış və evdən həyətə tullanmışdır. Həyətə düşəndə görmüşdür ki, evin hasarı ilə evə təxminən 50-60 metr uzunluğunda elektrik xətti çəkilib. Həmin elerktrik naqilini də oğurlamaq qərarına gəlmiş, üzərində olan bıçaqla kabel xəttini kəsərək yığıb götürmüş, qazanları, tikiş maşınını və kabeli hasarın üzərinə yığmış, sonra hasardan bayıra adlayıb evdən oğurladığı əşyaları, yəni 5 ədəd qazanı, 1 ədəd tikiş maşınını və qazanları iç-içə yığıb kabeli də üstəki qazanın içinə qoymuşdur. Sonra evdən oğurladığı kabel xəttini evin yaxınlığında yerləşən boş bağ sahələrinin birində əritmiş, tikiş maşınını kolların arasında gizlədib qazanları və elektrik naqilini satmaq üçün Yaşma bağlar massivi ərazisində yerləşən Metal qəbulu məntəqəsinə getmişdir. Kabel xətti 1 kq 700 qram gəlmiş və 20 manata məntəqəyə təhvil vermişdir, qazanları isə almadıqları üçün Yaşma bağlar massivi ərazisində yolun kənarına atıb oradan getmişdir. Oğurluq yolu ilə əldə etdiyi 20 manat pulu isə Bakı şəhərinə gedərək öz tələbatı üçün xərcləmişdir. Sonradan həmin əraziyə qayıdaraq kolların arasında gizlətdiyi tikiş maşınını götürüb Bakı şəhərinə anasının yaşadığı evə aparmışdır. Anası tikiş maşınını haradan əldə etdiyini soruşanda ucuz satıldığı üçün aldığını bildirmişdir. Oğurluğa tək getmiş, bu barədə heç kimə bildirməmiş və oğurluq yolu ilə əldə etdiyi pulları da tək xərcləmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən bağ evi rəhmətlik atasına məxsus olmuşdur. Atası rəhmətə getdikdən sonra bağ evinə o baxmışdır. Həmin bağ evi bir otaqdan ibarətdir. Onlar oraya adətən yay aylarında istirahət etmək üçün gedirlər. O, bağdakı meyvə ağaclarına qulluq etmək üçün həftədə bir-iki dəfə bağa getmişdir. O, xx.xx.2022-ci il tarixdə bağa gedib baş çəkmiş və saat 18 radələrində Sumqayıt şəhərinə evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində o, yenidən bağ evinə getmişdir. O, bağda gəzişərkən evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. O, pəncərəyə yaxınlaşıb pəncərə şüşəsinin sındırıldığını görmüşdür. O, evə kənar şəxsin daxil olub oğurluq etdiyindən şübhələndiyi üçün 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, baxış keçirib müvafiq sənədləşmə işləri aparmışlar. O, polis əməkdaşları ilə birlikdə evə baxarkən müəyyən etmişdir ki, «Çinar» markalı soyuducunun mühərriki sökülüb, qonaq otağındakı televizorun üzərindəki anten aparatı götürülüb, həmin otaqdakı su qızdırıcı və 02 ədəd elektrik tənzimləyicinin mis detalları sökülərək oğurlanmışdır. Bundan başqa həyətə baxarkən həyətdəki saxlanc yerində 05 ədəd 12 metr uzunluğunda mis elektrik uzadıcının oğurlandığını müəyyən etmişdir. O, oğurlanmış əşyalırın hazırki bazar qiymətlərini bilməsə də nə vaxt alındıqlarını bilir. «Çinar» markalı Rusiya istehsalı olan soyuducu təxminən 1990-cı ildə alınmışdır. Su qızdırıcı, 02 ədəd elektrik tənzimləyici də işlək vəziyyətdə olmuş və onlar da təxminən 1990-cı ildə alınmışdır. Anten aparatı isə 2017-ci ildə 60 manata alınmışdır. Elektrik uzadıcılar isə təxminən iki il əvvəl alınmışdır. O, oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etdikdən sonra əməliyyat axtarış tədbirləri keçirilmiş və bağ evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Oğurlanmış elektrik tənzimləyicilər işlək vəziyyətdə olmuş və 1990-cı ildə 01 ədədi təxminən 70 manata alınmışdır. Oğurluq edən şəxs isə həmin tənzimləyiciləri sökərək içərisindəki mis detallarını oğurlamışdır. Həmin elektrik tənzimləyicilərin bir ədədinin hazırki bazar qiyməti təxminən 15 manat olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona təxminən 300 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən fərdi bağ evi ona məxsusdur. Onlar mütəmadi olaraq həmin bağ evinə gedib yoxlayırlar. Onlar davamlı olaraq orada yaşamırlar. xx.xx.2022-ci il tarixdə o, oğlu ilə birlikdə bağ evinə baş çəkmək üçün getdikdə evin pəncərə şüşəsinin sındırıldığını görmüşlər. Onlar içəri daxil olduqda o, evə baxmış və məxtəxdəki dolabda olan 01 ədəd işlənmiş qaynaq aparatının, 01 ədəd işlənmiş laqondanın və 50 metr uzunluğunda olan 6mm-lik mis kabelin oğurlandığını aşkar etmişdir. Həmin vaxt onlar yas mərasimində iştirak etmək üçün rayona getdikləri üçün oğurluq hadisəsi ilə bağlı ərizəni oğlu xx.xx.2022-ci il tarixdə vermişdir. Sonradan ona məlum olmuşdur ki, onların evindən ona məxsus əşyaları oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Oğurluq hadisəsi nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi baş vermiş ev və oğurlanmış əşyalar ona məxsusdur. Lakin o, rayonda olduğu üçün ərizəni onun oğlu vermişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 21 noyabr 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, təxminən 30 il əvvəl həyat yoldaşı Şamil Həsənova bağçılıq sənədi ilə Yaşma bağlar massivi, Kimyaçı B/Y cəmiyyəti ərazisindən 0,06 hektar ərazisi olan bağ sahəsi verilmişdir. Sonradan yoldaşı həmin bağ sahəsini öz adına sənədləşdirmiş və Dövlət Reyestr Xidmətindən Çıxarış almışdır. Bundan sonra onlar bağ sahəsinin kənarlarında hasarlama işləri aparmış, orada 2 otaqlı bağ evi tikdirmişlər. Həyat yoldaşı vəfat etdikdən sonra bağ sahəsini öz adına keçirmişdir. Demək olar ki, yay aylarında adətən, başqa vaxtlarda həftədə 2 dəfədən az olmayaraq bağa gəlir, xırda əkinçiliklə məşğul olur. Sonuncu dəfə bağda xx.xx.2022-ci il tarixdə həftənin bazar günü olmuşdur. 30 aprel 2022ci il tarixdə təxminən saat 11 radələrində yenidən bağa gələn zaman həyətə daxil olanda evin həyətə baxan pəncərəsinə vurulmuş pərdənin bayıra çıxıb yelləndiyini görüb şübhələnmiş, yaxınlaşıb pəncərəyə baxış keçirən zaman pəncərənin şüşəsinin sındırıldığını və pəncərənin açıq vəziyyətdə qaldığını görüb evdə olmadığı müddətdə evinə kiminsə daxil olmasından şübhələnmiş və evindən oğurluq olmasını bilib bu barədə 102 xidmətinə məlumat verib polisin gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra ekspert-kriminalistin iştirakı ilə evinə baxış keçirilmiş, o, evə daxil olmuş, evin işıqlarını yandıran zaman işığın yanmadığını müəyyən etmiş, sonra evə baxış zamanı yataq otağındakı 1980-ci illərə aid cehizlik tikiş maşınının, mətbəxdən 5 ədəd alüminium qazanının yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Sonra həyətə çıxıb evinə çəkilmiş mis elektrik xəttinin 60 (altmış metr) hissəsinin də kəsilərək oğurlandığını aşkar etmişdir. Evinə çəkilmiş elektrik xəttini Sumqayıt şəhərində yerləşən inşaaat malları mağazasından 1 metrəsini 1,50 manata almış, tikiş maşını onun cehizi olmuş, işlək vəziyyətdə olmuş, hazırda təxminən 200 manat dəyəri olmuşdur. Qazanlarının isə ümumilikdə 60 (altmış) manat dəyəri olmuşdur. Həmçinin həmin şəxs evinin pəncərəsini sındırıb oradan evə daxil olmuş və ona təxminən 20 manat ziyan dəymişdir. O, oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 2ci PB-nə ərizə ilə müraciət etdikdən sonra əməliyyat axtarış tədbirləri keçirilmiş və bağ evindən oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Ona oğurluq nəticəsinə ümumilikdə 300-400 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2nun məhkəməyə təqdim etdiyi 08 dekabr 2022-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Yaşma bağlar massivində yerləşən özünə məxsus bağ sahəsində metal qəbulu ilə məşğul olur. 2022-ci ilin aprel ayının axırlarında tanıdığı Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinə iki dəfə olmaqla mis metal hissələri gətirmişdir. Orxan onunla qonşuluqda yaşadığı üçün o, Orxanı tanımışdır. Onun gətirdiyi mis külçə təxminən 700 qr olmuşdur. O, bildirmişdir ki, bu mis külçəni yaşadığı evdən gətirib və özünə məxsusdur. İkinci dəfə isə o, yenə də mis külçə və bir neçə əzilmiş qazan gətirmişdir. O, öz qeydiyyat kitabında onun gətirdiyi malları qeyd edib malları ondan almışdır. Ancaq ona nə qədər pul verdiyini xatırlamır. O, Orxandan mis külçələri haradan əldə etdiyini soruşmuşdur. Orxan isə ona demişdir ki, həmin malları evdən gətirib və özünə məxsusdur. O, həmin malların oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer H.Z.Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi, 50-ci küçədə yerləşən fərdi evdir. Fərdi evin həyəti 6 sotdan ibarətdir. Fərdi ev 1 otaqdan ibarətdir. Evin ümumi sahəsi 7X3,5 kvadrat metrdir. Fərdi evin damı şiferlə örtülmüşdür. Fərdi ev 4 tərəfdən mişar daşı ilə əhatə olunub. Fərdi evin darvazası dəmirdəndir. Fərdi evin giriş qapısı dəmirdəndir. Fərdi evin 2 pəncərəsi vardır. Pəncərələr plastik materialdandır. Fərdi evin həyətində evin köhnə avadanlıqlarını saxlayan saxlanc anbarı vardır. Baxış gündüz vaxtı həyata keçirilmişdir. Fərdi evin pəncərələrindən heç bir yararlı əl-barmaq izləri aşkar edilməmişdir.(i.v 13-16) İş materiallarında olan “Təqdimetmə və ya götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyətindən və evindən oğurladığı 2 ədəd elektron təmizləyici, 1 ədəd soyuducu matoru, 1 ədəd su qızdırıcısını təqdim etmişdir.(i.v 22-23) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3244 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilən və qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan ort bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:-1990-cı illərdə alınmış, həmin vaxtdan istifadə edilən soyuducu mühərrikinin mis hissəsinin metal qırıntı kimi 1 kiloqramı 14,00 manat, nümunə qismində təqdim edilmiş, ağ rəngli izolyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış 2 damarlı mis naqil keçən, 2X2,5 mm ölçülü elektrik naqilinin 60 metri 108,00 manat, 2017-ci il tarixdə alınmış, həmin vaxtdan istifadə edilən 1 ədəd orta ölçülü peyk antenası 20,00 manat, istifadə edilmiş su qızdırıcısının mis ehtiyyat hissəsinin 1 kiloqramı 14,00 manat.(i.v 26-29) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən fərdi evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir.(i.v 44-48) İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus fərdi evdən oğurladığı əşyaları təqdim etmişdir.(i.v 56-57) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3243 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına nümunə qismində təqdim edilən və qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:01 ədəd SSRİ istehsalı, qara rəngli, mexaniki tikiş maşını-100,00 manat, nümunə qismində təqdim edilmiş, ağ rəngli izolyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış 2 damarlı mis naqil keçən, 2X2,5 mm ölçülü elektrik naqilinin 1 metri-1,80 manat, 04 ədəd alüminium qazan-40,00 manat.(i.v 60-63) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən X5 məxsus fərdi evə həyətyanı sahəyə baxış keçirilmişdir.(i.v 74-76) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3573 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 235,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(i.v 84-87) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 133) İş materiallarında olan Məhkəmə Psixiatrik Ekspertiza X7 Şəxsin 1758 saylı, xx.xx.2022ci il tarixli komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri özünü biruzə vermir. Qıcığa qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə malik olmaq, laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etməkqabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir.(i.v 137-140) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 181 və 186-cı maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə 01 ədəd tikiş maşını maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış 02 ədəd elektrik tənzimləyici, 01 ədəd soyuducu mühərrikinin və 01 ədəd su qızdırıcının qalıq hissələri maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Şahid, Qanuni nümayəndə və Elvin adlı şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 183-184) İş materiallarında olan Xızı RİHB-nın Giləzi QİƏD üzər nümayəndəliyinin 72 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu Giləzi qəsəbəsində qeydiyyada olduğu ünvanda müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 189) İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu 31 saylı MKS-nin 753 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AZ-İİİ 671167 №-li “Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci idə anadan olmuşdur, atası X4, anası Qanuni nümayəndədır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə, həmçinin məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.2, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs hüquqlarının qorunmasına, istər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasına xüsusi diqqət yetirmiş, icraatın aparılmasına xüsusi həssaslıqla yanaşmışdır. İstintaq zamanı və məhkəmə baxışında həmin maddələrdə və Azərbaycan Respublikası CPM-nin 435-ci maddəsində nəzərdə tutulan prosessual qaydalara və tələblərə əməl edilməklə icraat aparılmışdır. Cəza təyini və cəza növünün seçilməsi zamanı da göstərilən normalarla bərabər Azərbaycan Respublikası CM-nin 84-86-cı maddələrinin tələbləri hüdudlarında işin halları, yetkinlik yaşına çatmayanın şəxsiyyəti və digər hallar qiymətləndirilərək Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan dövrdə ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hazırda islah yolunda olmasını və cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə ekspertizaların keçirilməsi ilə əlaqədar 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar- məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış 02 ədəd elektrik tənzimləyicinin, 01 ədəd soyuducu mühərrikinin və 01 ədəd su qızdırıcının qalıq hissələri Zərərçəkmiş şəxs1 qaytarılmalı, Zərərçəkmiş şəxs2 Əli qızına məxsus mexaniki tikiş maşınının Zərərçəkmiş şəxs2 Əli qızına təhvil verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2-ni tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübutlar- məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış 02 ədəd elektrik tənzimləyicinin, 01 ədəd soyuducu mühərrikinin və 01 ədəd su qızdırıcının qalıq hissələri Zərərçəkmiş şəxs1 qaytarılsın, Zərərçəkmiş şəxs2 Əli qızına məxsus mexaniki tikiş maşınının Zərərçəkmiş şəxs2 Əli qızına təhvil verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-704/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-704/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver