Məhkəmə qərarları › İş №1(060)-707/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-707/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-707/2022 16.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Çığatay kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, təxminən saat 09:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Mini Araz” marketin yaxınlığında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq ona təpə nahiyəsinin dərialtı hematoması, sağ bazunun və sol baldırın qançırları xəsarətlərini yetirərərək Zərərçəkmiş şəxs qəsdən «YÜNGÜL» dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayılı təxminən 7 aydan çoxdur ki, tanıyır. Belə ki onunla birlikdə əvvəllər fəhlə işləmişdir. Birlikdə təxminən 5 ay əvvəl Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən evlərin birində fəhlə işləmişlər, evin sahibindən zəhmət haqqı kimi hər biri 30 manat pul alıblar. İsmayıl həmin vaxt ona pula ehtiyacı olduğunu, ona çatmış olan 30 manat pulu borc kimi istəmiş və tez bir zamanda qaytaracağını bildirmişdir. O isə Zərərçəkmiş şəxs inanmış və 30 manatı borc kimi ona vermişdir. Bir neçə dəfə zəng edib pulunu istəsə də İsmayıl müxtəlif bəhanələr gətirərək pulu verməmiş, sonra isə zənglərə ümumiyyətlə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Mini Araz” marketin yaxınlığında olan zaman təsdüfən İsmayılı görmüş, ondan borca vermiş olduğu pulu istəyən zaman o, hazırda imkanının olmadığını, olan zaman verəcəyini bildirmişdir. Lakin o, İsmayıl ilə razılaşmamış və pulunu istəmişdir. Həmin vaxt aralarında mübahisə düşmüş, anidən əsəbləşib yumruq və təpiklə İsmayılın baş, ayaq, qol və bədən nahiyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. Mübahisə zamanı ikisi olmuş, mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, dava-dalaş zamanı səs-küy olmamış, kənar şəxslər gəlməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 5 ay əvvəl Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən evlərin birində fəhlə işləmişlər, evin sahibindən zəhmət haqqı kimi hərəsi 30 manat pul alıblar. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Fizulidən 30 manat pulu borc kimi istəmiş və tez bir zamanda qaytaracağını bildirmişdir. Fizuli buna etiraz etməmiş və ona 30 manat borc pul vermişdir. Fizuli bir neçə dəfə ona zəng edib pulunu istəsə də o, pulu olmadığı üçün Fizulidən vaxt istəmiş, dediyi vaxt çatdıqda isə pul tapa bilməmiş və buna görə onun zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 09:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Mini Araz” marketin yaxınlığında olan zaman təsadüfən Fizulini görmüş, Fizuli ondan borca vermiş olduğu pulu istəyən zaman o hazırda imkanının olmadığını bildirmişdir, lakin Fizuli israrla pulunu istəmişdir. Həmin vaxt aralarında mübahisə düşmüş, Fizuli anidən yumruq və təpiklə onun baş, ayaq, qol, bel və bədən nahiyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmişdir. Mübahisə zamanı o və Fizuli olmuş, kənar şəxslər olmamışdır. Hal-hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbi olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1198 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində «təpə nahiyəsinin dərialtı hematoması, sağ bazunun və sol baldırın qançırları » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə təpə nahiyəsinin dərialtı hematoması sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya, digər xəsarətlər yəni – sağ bazunun və sol baldırın qançırları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 15 avqust 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-12004Ə-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 3272 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X5 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 442 saylı, 22 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 Nömrəli şəhər xəsatəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser qeydiyyatında yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Əlişanov Fizuli Oruc oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, barəsində olan şikayət üzrə zərərçəkmiş şəxslə barışmışdır. Nəzərə alınmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Əlişanov Fizuli Oruc oğlu ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızı oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-685/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1232 saylı orderə əsasən vəkil Müdafiəçi qızını onun vəkili təyin etmişdir. Müdafiəçi qızı məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (hesab № AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar