Məhkəmə qərarları › İş №1(060)-71/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-71/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-71/2022 26.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuş, evli, ali təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşma bağları, Dalğa bağçılıq massivi fərid evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə təxminən 2021-ci ilin may ayının sonlarında günorta saatlarında Sumqayıt şəhəri, Yaşma Bağları, Dalğa bağçılıq cəmiyyəti ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən həyətyanı sahəsinə qanunsuz daxil olub, yəni Şahid2 idarə etdiyi MAZ-5334 markalı **-BD-*** nömrəli kran vasitəsi ilə götürülməsini təmin etməklə orada olan 01 ədəd istifadə olunmuş, kustar üsulla hazırlanmış, üst hissəsi list dəmirdən, içərisi isə “DSP”-dən ibarət, künc hissələri isə 15-lik künclüklərdə yığılmış, içərisində plastik qapı və pəncərələri olan, taxta döşəməli, plastik pəncərələrinə dəmir barmaqlıqlar yığılmış 3000 (üç min) manat dəyərində vaqonu gizli talayıb Zərərçəkmiş şəxs 3000 (üç min) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən bağda yaxınlıqda yaşayır və onun Yaşma bağlar massivi, Dalğa bağçılıq cəmiyyəti ərazisində bağ sahəsi vardır. Həmin bağda Sərixanın dəmir vaqonu vardır. Sərixan təxminən 2 il əvvəl bağa gələn zaman bağ sahəsini və bağda olan dəmir vaqonu satmaq istədiyini bildirmişdir. 2020-ci ilin dekabr ayında Yaşma bağlar massivində bağ sahəsi olan Kamil adlı şəxs təsadüfən söhbət zamanı onlara bağa qoymaq üçün vaqon lazım olduğunu bildirən zaman Kamilə tanışının bağını və vaqonu satdığını demiş, Kamil ona vaqonu almaq istədiyini bildirmişdir. Bundan bir müddət sonra yəni 2021-ci ilin yay aylarında, dəqiq tarixi xatırlamadığı müddətdə Kamil ilə danışıb razılaşmışlar ki, o, vaqonu ona satsın. Kamilə vaqonun sahibinin ona vaqonu satmağı tapşırdığını demişdir. Kamil ilə öz aralarında razılaşmış və danışmışlar ki, həmin konteyneri, yəni vaqonu ona 400 manata satsın. Aralarında olan razılaşmadan bir neçə gün sonra Kamil yük maşını gətirib həmin vaqonu Sərixanın həyətindən götürüb öz həyətinə aparmışdır. Lakin, bu barədə Sərixana heç nə deməmiş, Kamil də aldığı pulu xərcləmişdir. 04.06.2021-ci il tarixdə Sərixan onunla rastlaşmış və həyətində olan vaqonun yerində olmadığını dedikdə ona “narahat olma, halal malın gəlib çıxacaq” desə də, konteyneri satdığını deməmiş, sonradan Sərixan həmin vaqonun oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, onu Polis Bölməsinə dəvət etmişlər və orada Sərixana məxsus vaqonu Kamil adlı şəxsə satdığını bildirmişdir. Zərərçəkmiş şəxs vaqonu satmağı və ya həmin vaqona və vaqon yerləşən həyətə nəzarət etməyi ona tapşırmamışdır. Vaqonu götürmək üçün gələn kran hasardan kənarda dayanmış, o, özü həyətə hasardan aşaraq daxil olmuş və vaqonu götürmək üçün gələn kran sürücüsünü tanımır. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yaşma bağlar massivi, Dalğa bağçılıq cəmiyyəti ərazisində 0,06 hektar bağ sahəsi vardır. Həmin bağda istifadə etdiyi əşyaları saxlamaq üçün 3x6 metr ölçüdə dəmir vaqon qoymuşdur. Sonuncu dəfə bağa 2021-ci ilin mart ayının əvvəllərində getmişdir. 04.06.2021-ci il tarixdə bağa gedən zaman bağ sahəsində olan 3x6 metr ölçüdə olan dəmir vaqonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə 102 xidmətinə məlumat vermiş, sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və bu barədə PB-nə ərizə ilə müraciət etmişdir. Vaqonun içərisində 02 ədəd taxta tumba, 01ədəd köhnə kreslo olmuşdur Sonradan xatırlamışdır ki, samovarı götürüb yaşadığı ünvana aparmışdır, oğurlanmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Belə ki, vaqonu özü düzəltdirmiş usta pulu və istifadə olunan tikinti ləvazimatlarına təxminən 4000 manat istifadə etmiş, bir neçə ildir istidə etdiyi üçün 3000 manat maddi ziyan dəymişdir. Vaqonun üstü list dəmirdən içərisi isə “DSP”-dən ibarətdir, belə ki, künc hissələri isə 15-lik dəmir künclük “uqolnik”-dən yığılmışdır, ölçüləri 7,25 m uzunluğu, eni 3,5, hündürlüyü isə 2,5 metrdir, qapı dəmirdən yığılmış, təxminən 150 manat dəyərindədir, içərisində isə plastik kapı və pəncərələr vardır, dəyəri 300-350 manat dəyərində idi. Əvvəllər söhbət əsnasında Təqsirləndirilən şəxs özünə məxsus dəmir vaqonu, konteyneri satmaq istədiyini bildirsə də ondan xahiş etməmişdir ki, kontinerini satmaqda ona köməklik etsin, Şirzad ondan gizlin kontinerini oğurlayaraq satmış, hətta kontinerin oğurlandığını aşkar etdikdən sonra belə Şirzad ona kontinerini gizlin satdığını bildirməmişdir, belə ki, o, hətta “halal maldır tapılar narahat olma” demişdir. Əvvəlcə etiraf etməmiş, Polis Bölməsinə getdikdən sonra dindirildiyi zaman konteyneri oğurladığını bildirmişdir. Konteyner satılmış şəxs konteyneri aldığı zaman ona zəng etməmiş, Şirzad oğurlayaraq satmışdır. Məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şirzad adlı şəxsi əvvəllər tanımamış, 2021-ci ilin mart ayı ona konteyner lazım olmuş və buna görə də tanışlarına konteyner satan olsa xəbər etməsini bildirmişdir. Bir qədər sonra Sumqayıt şəhəri, Yaşma qəsəbəsi ərazisində özünə bağ ətrafında divar tikdirdiyi zaman tanıdığı, adını dəqiq xatırlamadığı həmin ərazidə qoyun otaran bir nəfər şəxsi görmüş və ona konteyner almaq istədiyini bildirmiş və satan olsa ona zəng etməsini xahiş edərək, öz mobil nömrəsini həmin şəxsə vermişdir. Bir neçə gün sonra Şirzad adlı şəxs ona zəng edərək və nömrəni həmin çobandan götürdüyünü bildirmiş və konteynet satdığını demişdir. Onunla görüşmək üçün Yaşma bağları ərazisinə konteyner olan bağın yanına getmiş, o, ətrafı hasarlı olan bağı göstərərək, bağa onun baxdığını və bağ sahibinin oranı ona tapsırdığını bildirmişdir. Həmin vaxt ondan bağ sahibinin nömrəsini istədikdə, Şirzad həmin şəxsə zəng çatmadığını, müəllim olduğunu demiş və ona konteynerin satılmalı olduğunu tapşırdıqlarını demişdir. Həmin gün aralarında razılaşmış və həmin şəxsə 400 manat pul vermişdir, lakin o, sahibinin konteynerin qarşısında olan quruluğu sökəcəyini, sökdükdən sonra gəlib apara biləcəyini demişdir. Onunla razılaşaraq getmiş, sonradan dəfələrlə ona zəng etdiyi zaman, hələ ki, konteyner sahibinin gəlmədiyini, daha sonra özünün xəstə olduğunu və başqa bir neçə bəhanə deyib konteyneri hələ ki, götürməməyini demişdir. Təxminən 2021-ci ilin may ayında Şirzad adlı şəxs ona zəng edərək, gəlib konteyneri götürə biləcəyini demişdir. Sumqayıt şəhəri ərazisində tanımadığı kran və yük maşınları tapmış və onlara ümumilikdə 200 manat ödəyərək, konteyneri Yaşma ərazisində yerləşən bağına qoymuşdur. 2021-ci ilin mart ayının 30-31 tarixində, artıq konteynerdə müəyyən təmir işləri gördükdən sonra Şirzad adlı şəxs zəng edərək, konteynerin sahibinin onu danladığını, ucuz satdığını dediyini və buna görə də əlavə 200 manat pul lazım olduğunu, halallıq olmasını istədiyini və həmin puldan 100 manatı özünün qoyacağını 100 manatı onun verməyini demişdir. O, buna etiraz etməmiş və bildirmişdir ki, 200 manatı özü verəcək. Şirzad isə “sən pulu mənə ver mən ona verəcəyəm” demişdir. Buna etiraz etməmiş və Yaşma ərazisində Şirzadla görüşərək, pulu ona vermişdir. 2021-ci ilin iyun ayında polis əməkdaşları zəng etdikdə məlum olmuşdur ki, Şirzad Sərixan adlı şəxsə məxsus konteyneri oğurlayaraq ona satmışdır. Təqsirləndirilən şəxs konteyner yerləşən həyətə qapısını açmadan hasardan daxil olmuş, çöldən kran vasitəsilə konteyneri götürüb yük avtomaşınının üzərinə qoymuş, Şirzad həyətə hasardan daxil olub çıxmışdır. Təqsirləndirilən şəxs ilə alqı-satqı etdiyi və ona pul verdiyi zaman yanında başqa heç kim olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun illərdir ki, kran sürücülüyü ilə məşğul olur, özünə məxsus “Maz-5334” markalı kranı vardır və günəmuzd işlərdə yük daşınması ilə məşğul olur. Təxminən 2021-ci ilin may ayının axırları həmişə dayandığı Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində dayanmış, həmin vaxt bir nəfər sonradan adının Kamil olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq Sumqayıt şəhəri, Yaşma bağları ərazisində ona məxsus konteyner (vaqon) olduğunu həmin konteyneri həmin ərazidən götürüb onun həyətinə aparmaq istədiyini demiş və aralarında razılaşmışlar ki, 60 manat qarşılığında o, həmin şəxslə birlikdə Yaşma bağları ərazisinə getsinlər. Təxminən 12 radələrində həmin getdiyi vaqon olan həyətin yanında olduqları zaman hərbi gödəkçəli təxminən 55-60 yaşlarında bir şəxs də orada olmuşdur. Kamil adlı şəxs həyətdə olan konteyneri aldığını və həyətdən götürüb onun öz həyətinə aparmaq lazım olduğunu demişdir. Həmin şəxs özü yoldan keçən yük maşınlarından birini saxladaraq onunla razılaşmış və onu da həyətin kənarına gətirmişdir. O, özünə məxsus MAZ-5334 markalı **-BD-*** nömrəli kranın həyətdə vaqonun yerləşdiyi yerin yaxınlığına sürmüş, kranın qarmaqlarını vaqona bağlayaraq vaqonu götürüb, həmin markasını və dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomaşının üzərinə qoyaraq birlikdə Kamil adlı şəxsin Yaşma bağları ərazisində yerləşən həyətinə aparmışlar. Orada da o, kranı vasitəsilə həmin vaqonu (konteyneri) götürüb həyətə qoymuşdur. Sonradan çıxıb getmişdir. Həmin yerə Kamil adlı şəxsi dəvət etmiş, vaqonu təzə aldığını demişdir. Onlar vaqon olan həyətin yanına getdiyi zaman orada bir nəfər hərbi gödəkçə geyinmiş şəxs qoyun otarmış və o da həyətin yanına gəlmiş, Kamil vaqonu həmin şəxsdən aldığını demişdir. Kamil vaqonu aldığı şəxsi tanımır, onunla heç bir mövzuda danışmamış, ona heç nə deməmişdir. Həmin vaxt orada nömrə nişanını, markasını xatırlamadığı yük avtomaşını sürücüsü, Kamil adlı şəxs və onun vaqonu aldığını dediyi Kamil adlı şəxs orada olmuş, başqa heç kim olmamışdır. Kamil adlı şəxsin vaqonun sahibi olduğunu dediyi şəxs özü də həmin vaxt orada olmuş, birlikdə kranla həmin dəmir vaqonu götürmüşlər. Vaqonun içərisində olan 1 ədəd kreslo və iki ədəd tumba istifadəyə yararsız olduğundan bununla bağlı heç bir tələbi yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25.08.2021-ci il tarixli, 9/5479 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində ekspertizaya fotoşəkilləri təqdim edilmiş 01 ədəd istifadə edilmiş vaqonun 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 3000.00 (üç min) manat müəyyən edilir. Ekspertin rəyi işin araşdırılmış hallar ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs 04.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ona məxsus olan 3x6 metr ölçüdə olan dəmir vaqon geri qaytarılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 06.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04.09.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yaşma bağları ərzisi üzrə 2-ci məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat sərf etmişdir. Ona görə də, 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan 3x6 metr ölçüdə olan dəmir vaqonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65.0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Yaşma bağları, Dalğa bağçılıq massivi fərid ev ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqana iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 3x6 metr ölçüdə olan dəmir vaqonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65.0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar