Məhkəmə qərarları › İş №1(060)-710/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-710/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-710/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron ray.,Saray qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,642 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 may 2022-ci il tarixdə, saat 21:35-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri, 6-cı mikrorayon, Nərimanov küçəsi, “Azpetrol" YDM-nin yaxınlığında keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindən 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun bir müddətdir ki, narkotik vasitə olan heroindən və psixatrop maddə metamfetamindən istifadə edir. O, dostu Orxanla birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, Nərimanov küçəsi ərazisində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında xx.xx.2022ci il tarixdə, saat 21:35 radələrində olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib və o, buna etiraz etməyib. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuşdur. Həmin vaxt özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqim etmiş, həmin siqaret kağızı bükümü açılan zaman bükümün içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan "heroin” aşkar edilmişdir. Üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmin qablaşdırmanı imzalamışlar. Əməlindən peşmandır. Hazırda müalicə almış və bir daha belə əməllərə yol verməyəcəkdir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da baş əməliyat müvəkkili kimi xidmət edir, rütbəsi polis baş leytenantıdır. Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7, mənzil 38-də qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Sumqayıt ŞPİ-nin təhqiqatçısı Zaur Cəfərovdan, kriminalistik-təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 21:35 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, Nərimanov küçəsi ərazisində olan “Azpetrol" YDM-nin yanında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu ilə birlikdə həmin yerə getmişlər. Təqsirləndirilən şəxs və yanında bir nəfər şəxsin yaxınlaşdığını görüb həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxslərdən özlərini təqdim etməsini xahiş elmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X3 olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə elməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün Pİ-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nə aparılmşdır. Pİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra ona hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X2 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı predmet və ya əşya varsa qoymasını xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynindəki boz rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlənin olduğu aşkar olunmuşdur. Həmin bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində "Kakos" yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroindir, yalnız adını bildiyi Samir adlı şəxsdən 30 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,08 qram olması müəyyən olunmuşdur. Sonra aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhər Pİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da sahid Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 07 may 2022-ci il tarixdə, saat 21:35 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 09 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,642 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 may 2022-ci il tarixində, saat 21:35-də Sumqayıt ŞPİ-nin CAŞ-nın əməkdaşlarının Sumqayıt şəhəri 6-cı mikrorayon, Nərimanov küçəsi, “Azpetrol” YDM-nin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisindən 0,642 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyavi ekspertizasının xx.xx.2022-ci il tarixli. 6/2664 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №124" dairəvi möhür əksi olan, "Vəl. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,642 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,642 qram olan heroin, tədqiqat və istintaq zamanı aparılmış kimyavi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,592 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD maddi sübut hesab edilmiş, qalıq qalmış - 0,592 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs əldə etdiyi 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi - 0,642 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,592 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron ray.,Saray qəsəbəsindəki ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,592 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar