Məhkəmə qərarları › İş №1(060)-710/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-710/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-710/2023 20.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Zərərçəkmiş şəxs hüquqi varisi - X1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində B1,B,C1,C kateqoriyalı, BD007475 seriyalı sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Kia Rio” xetçbek markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayon, M.Əsədov küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda bunları etməyib ünvan 2 ünvanında yerləşən “Darçın” ədviyyat mağazasının qarşısında olan piyada keçidi ilə yolu soldan sağa keçməkdə olan piyada, 1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq ön hissəsilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın küt travması, sağ təpə sümüyünün xəti sınığı, baş-beyinə qansızma, sağ bud sümüyünün 1/3-nin qapalı, sağ baldır sümüyünün 1/3-nin açıq sınıqları, sağ təpə nahiyəsinin yarası, alının sağ hissəsinin, sağ diz oynağının ön səthinin, sol baldırın 1/3-nin iç səthinin, sağ pəncənin ön səthinin sıyrıqları ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarətlər alması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, sürücülük vəsiqəsi vardır və icarə əsasında “Bolt” şirkətində taksi avtomobili idarə edir. 28 mart 2023-cü il tarixdən Şahid2 məxsus “Kia Rio” markalı **-RO-*** nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edirdi. Həmin avtomobili günlük 25 manat olmaqla icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı **-RO-*** nömrə nişanlı həmin avtomibillə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində M.Əsədov prospektində Qərb sarayın qarşısından üzü “Elmarın dairəsi” adlanan yer istiqamətində orta hərəkət zolağı ilə təxminən 80 km/saatda hərəkətdə olarkən “Darçın” mağzasının qarşısında olan piyada keçidinin üzərində yolun solundan sağına doğru keçməkdə olan piyadanı yolun ortasında qəfildən görmüş və ayaq əyləcini sıxsa da avtomaşın dayanmamış və ehtiyatsızlıqdan avtomobilin ön qabaq hissəsi ilə piyadanı vurmuşdur. Bu zaman avtomobildən düşmüş, yaxınlaşan polis əmədaşları TTYX-nə zəng etmişlər. Həmin yerə gələn TTYX-nın avtomaşını ilə Sumqayıt şəhər X17 Xəstəxanasına getmiş, vurduğu piyada Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Həmin piyada xx.xx.2023-cü il tarixdə aldığı xəsarətlərdən Sumqayıt TTYX-da vəfat etmişdir. Hadisə baş verən zaman avtomaşında tək olmuşdur. Hadisədən sonra zərərçəkmiş şəxsin dəfn və birlikdə keçirilən 3-7 mərasiminin xərclərini o çəkmişdir. Təxminən 3500 manata yaxın xərc çəkmişdir. Bundan sonra maddi imkanı yol vermədiyindən qalan xərcləri ödəyə bilməmişdir. İmkanı çatan qədər kömək etmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əridir. Mərhum əri Zərərçəkmiş şəxs 29 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadıqları evdən oğlu Fərhadın evə getmək üçün çıxmış, təxminən saat 23 radələrində Eldarla danışıqları zamanı Eldar bildirmişdir ki, evə qayıdır. Bundan bir neçə dəqiqə sonra ona bildirmişlər ki, Sumqayıt şəhəri 17-ci mikrorayon M.Əsədov küçəsində piyada hərəkətdə olan əri Eldarı avtomobil ehtiyatsızlıqdan vurmuş və Eldarı bədən xəsarətləri aldığı üçün Sumqayıt şəhər X17 xəstəxanasına aparmışdır. Bundan sonra əri Zərərçəkmiş şəxs 01 may 2023-cü il tarixdə səhər saatlarında aldığı xəsarətlərdən həmin xəstəxananın reanimasiyasa şöbəsində ölmüşdür. Hadisənin necə baş verməsi barədə dəqiq məlumatı olmamış, mərhum əri Eldarın meyiti Məhkəmə-tibbi ekspertiza müayinəsindən keçdikdən sonra onlara təhvil verilmiş və Eldarı Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən qəbiristanlıqda dəfn etmişlər. Hadisədən sonra təqsirləndirilən şəxs ilk yardım göstərmiş, 3-7 mərasimini bir yerdə vermişlər, lakin ondan sonra onun evinə gəlməmişlər, qəbir daşını özü düzəltdirmiş, 40 mərasiminin və qalan xərcləri özü çəkmişdir. Zərərçəkmiş şəxs evinə yeganə gəlir gətirən şəxs olmuşdur. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində layiqli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kia Rio markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil mütəmadi olaraq müəyən şəxslərə verdiyi etibarnamə əsasında Bolt taski xidmətində istifadə edilir. Həmin avtomobili sonuncu dəfə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə etibarnamə əsasında vermiş, onunla aralarında olan şifahi razılığa əsasən bir neçə aydan sonra aylıq qazancından ona faiz verəcəkmiş. Aydın avtomobili icarəyə götürdükdən sonra “Bolt” taksi xidmətində fəaliyyətə başlamışdır. 30 aprel 2023-cü il tarixdə gecə saatlarında Aydın ona zəng edib piyada vurduğu barədə məlumat vermiş, sonradan öyrənmişdir ki, Aydının vurduğu piyada aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 30 aprel 2022-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-də növbədə olan vaxtı Sumqayıt şəhəri 17-ci mikrorayon, M.Əsədov küçəsində “Elmarın” kruqu adlanan ünvanda piyada vurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda “Kia Rio” markah **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ünvan 2 ünvanında yerləşən “Darçın” ədviyyat mağazasının qarşısında, piyada keçidi ilə yolu soldan sağa keçmək istəyən piyada, 1950-ci il təvəlüdlü Zərərçəkmiş şəxs vurduğunu müəyyən etmişdir. Hadisə yerinə çatanda TTY avtomobili də gəlmiş və tibb işçiləri piyadanı xəstəxanaya aparmışlar. Həmçinin sürücü də xəsarət almış piyada ilə birlikdə xəstəxanaya getmiş, bundan sonra müstəntiq gəlmiş, daha sonra hadisə yerinə qayıdan sürücü, müstəntiq və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bununla bağlı da protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Ertəsi gün öyrənmişdir ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 1783 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99RO614 qeydiyyat nişanlı, Kia Rio minik markalı avtomobil Şahid2 məxsusdur. İş materiallarında olan 7E-5934 reyestrli, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Quliyev X7 Aydın Azər oğluna 99RO614 qeydiyyat nişanlı, Kia Rio minik markalı avtomobili idarə etmək hüququ barədə etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada “STŞ-025 2-2023-04- 30_00h30min20s000ms” fayl olması müəyyən edilir. Həmin fayla daxil olduqda videogörüntü var. Videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə 00:30 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon, M.Əsədov küçəsində yerləşən “Təhlükəsiz şəhər” kamerasına həkk olunmuş 53 saniyə davam edən görüntü var. Həmin görüntünün 23 saniyəsində M.Əsədov küçəsi ilə Dairə istiqamətində qara rəngli avtomobilin piyada keçidində soldan sağa doğru hərəkətdə olan piyadanı avtomobilin qabaq ön hissəsi ilə vurması müəyyən edilir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş 399 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, ailə tərkibi anası-1972-ci il təvəllüdlü X6, bacısı-2005-ci il təvəllüdlü X11, nənəsi- 1949-cu il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:15-də “travmatik subdural qansızma” səbəbindən ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.1994-cü il tarixdə X3 ilə nikah bağlamışlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X2 mərhum əri Zərərçəkmiş şəxs hüquqi varisi qismində təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2023-cü il tarixli 3-13-16-8/2-3116/2023 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 58 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması. Sağ təpə sümüyünün xəti sınığı. Baş-beyinə qansızma. Sağ bud sümüyünün 1/3-nin qapalı, sağ baldır sümüyünün 1/3-nin açıq sınıqları. Sağ təpə nahiyəsinin yarası, alının sağ hissəsinin, sağ diz oynağının ön səthinin, sol baldırın 1/3-nin iç səthinin, sağ pəncənin ön səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcələrinə görəadətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünüə səbəb almış olduğu başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Erkən meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs adına açılmış xəstəlik tarixində onun sərxoşluğu və dövriyyəsi qadağan olunmuş güclü təsir edə bilən vasitələrin qəbul edib-edilməməsi barədə heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmün əsasən Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir. Tərtər Hərbi Məhkəməsinin 1(098)-77/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1639 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, .“Kia Rio” markalı **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan xx.xx.2023-ccü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə “Kia Rio” xetçbek markalı, **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Şahid2 sərəncamında saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respubliaksı CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respubliaksı CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hadisəni qeyd alınmış videogörüntünün təhlili, zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-710/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1018/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinun göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar