Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-711/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi Rüstəmov Hümbət Sədaqət oğlunun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Füzuli rayonu, Cuvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 04.07.2021-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Kolxoz bazarı”na müştəri kimi daxil olub Zərərçəkmiş şəxs3 yaxınlaşaraq sonuncunun çiyinindəki çantasına əlini salıb oradan içərisində 15 (on beş) manat nağd pul olan 120 (yüz iyirmi) manat dəyərində “Maykl Kros” firmasının istehsalı olan qırmızı rəngli pul kisəsini gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 135 (yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədi ilə 04.07.2021-ci il tarixdə saat 11:50 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Araz» marketə müştəri kimi daxil olub Zərərçəkmiş şəxs1 yaxınlaşaraq sonuncunun çiyinindəki çantasına əlini salıb oradan içərisində 170 (yüz yetmiş) manat, məzənnə ilə 201 manat 84 qəpik təşkil edən 100 (yüz) avro, məzənnə ilə 44 manat 20 qəpik təşkil edən 26 (iyirmi altı) ABŞ dolları, məzənnə ilə 2 manat 31 qəpik təşkil edən 5 (beş) BƏƏ dirhəmi, məzənnə ilə 8 manat 83 qəpik təşkil edən 45 (qırx beş) Türkiyə lirəsi və məzənnə ilə 32 qəpik təşkil edən 5 (beş) Ukrayna qrivnası nağd pul olan 5 (beş) manat dəyərində “Massimo Dutti” firmasının istehsalı olan tünd qırmızı rəngli pul kisəsini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 464,18 manat (dörd yüz altmış dörd manat 18 qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 17.07.2021-ci il tarixdə saat 09 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə ərazisində hərəkətdə olan 9 nömrəli sərnişin avtobusunda Aslı Akhmadovaya yaxınlaşaraq sonuncunun çiynində olan çantasını açıb oradan içərisində 113 (yüz on üç) manat nağd pul olan 10 (on) manat dəyərində “Polo” firmasının istehsalı olan açıq yaşıl rəngli pul kisəsini gizli talayaraq zərərçəkmiş şəxs Aslı Akhmadovaya ümumilikdə 123 (yüz iyirmi üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuşdur. O, heç bir yerdə işləmədiyi üçün pula ehtiyacı olmuş, buna görə də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 04.07.2021-ci il tarixdə saat 09:30 radələrində o, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Kolxoz” bazarına gəlmiş, orada gəzən zaman bir nəfər 60-65 yaşlarında olan qadının pul qabını çantasına qoyduğunu görüb həmin qadına yaxınlaşmış, qadının başının alverə qatışdığını görüb əlini çantasına salaraq pul qabını götürüb əlindəki qəzetin altında gizlədərək dərhal oradan uzaqlaşmışdır. Oradan bir qədər aralaşıb pul qabını açıb içərisinə baxdıqda 15 manat pul, şəxsiyyət vəsiqəsi və bir neçə mağazalara aid bonus kartı olduğunu aşkar etmiş, o, 15 manat pulu götürmüş, pul qabını, içərisində olan şəxsiyyət vəsiqəsi və bonus kartlarını tullamışdır. Bundan başqa o, oğurladığı 15 manat pulun maddi ehtiyaclarını ödəməyəcəyini düşünmüş və həmin tarixdə saat 11:50 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən «Karvan» Ticarət mərkəzinə gəlmiş, həmin ticarət mərkəzinin yanında olan «Araz» marketə müştəri kimi daxil olmuşdur. Oraya daxil olmaqda məqsədi oğurluq etmək olmuş, marketə daxil olduqdan sonra orada əşyaların saxlanılması üçün nəzərdə tutulan yerdə iki nəfər qadının dayanıb söhbət etdiklərini müşahidə etmiş, həmin qadınlardan birinin çantasının açıq olduğunu görmüş və həmin qadınlara yaxınlaşmışdır. Onlar söhbət etdikləri üçün ona fikir verməmiş, bundan istifadə edib çantanın ağzını bir azda açmış və əlini çantaya salıb oradan pul qabını götürmş, həmin vaxt onu heç kim görməmişdir. O, tez marketdən çıxıb oradan uzaqdaşmış və biraz aralıda oğurladığı pul kisəsini açıb baxmış, pul qabında 02 ədəd 50 avro, 01 ədəd 100 manat, 01 ədəd 50 manat, 02 ədəd 2 ABŞ dolları, 02 ədəd 1 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları, 02 ədəd 5 ABŞ dolları, ümumilikdə 20 manat xırda pullar, müxtəlif ölkələrə məxsus pul əskinasları, sürücülük vəsiqəsi, «Kapital bank»a aid 04 ədəd bank kartları və müxtəlif bonus kartları olduğunu aşkar etmişdir. O, həmin pullardan təxminən 100-115 manatını öz ehtiyacları üçün xərcləmiş, pul qabı və içərisindəki digər pullar və kartlar isə özündə saxlamışdır. Həmin gün polis əməkdaşları ona yaxınlaşmışlar və ona oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər, buna görə də onu Sumqayıt ŞPİ-inin 4-cü PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına polis bölməsində oğurluq etdiyini etiraf etmiş və oğurladığı pul qabını təqdim etmişdir. Bundan başqa 2021-ci ilin iyul ayının 17-də saat 08:30 radələrində 9 saylı sərnişin avtobusunda olan zaman təxminən 25-26 yaşlarında olan qızın avtobusda ayaq üstə çiynində çanta dayandığını görmüş, o, həmin vaxt kənardan onun əməlini heç kimin görməyəcəyinə əmin olduqdan sonra həmin qızın çantasını açmış və əlini çantaya salaraq orada olan açıq yaşıl rəngli pul kisəsini götürmüş və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Sumqayıt” mebel evinin yanında avtobusdan düşmüşdür. Həmin vaxtı pul kisəsini götürdüyü qız da avtobusdan düşmüş, o, sonuncudan əks istiqamətdə getməyə başlamış, bundan sonra izi itirmək üçün 42 saylı sərnişin avtobusuna minmiş, təxminən 50 metr irəliyə gedib avtobusdan düşmüşdür. Avtobusdan düşdükdən sonra oğurladığı pul kisəsini açıb içərisinə baxdığı zaman arxadan bir nəfər qadının onu səslədiyini eşidib ilk öncə qaçmaq istəmiş, lakin həmin qadının ona tərəf gəldiyini görüb dayanmışdır. Qadın ona yaxınlaşdıqdan sonra pul kisəsini qaytarmağını tələb etmiş, o isə pul kisəsinin ona aid olmadığını bildirmiş, bu zaman onların mübahisəsinə polis əməkdaşları yaxınlaşmış, o qaçmaq istəyən zaman onu saxlamışlar, polis əməkdaşları ondan pul kisəsinin kimə aid olduğunu soruşduqları zaman o, özünə aid olmadığını, oğurladığını bildirmişdir. Sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər, polis bölməsində o oğurladığı pul kisəsini içərisində olanlarla birlikdə təhvil vermişdir. Həmin oğurluqları edərkən ona başqa şəxslər köməklik etməmiş, həmin cinayətləri tək törətmiş, etdiyi əməllərdən peşimandır, o həmin oğurluqları edərkən həmin vaxt ətrafdan onun əməlini heç kəsin görməyəcəyinə əmin olduqdan sonra etmiş, oğurladığı pul qabılarında olan bank kartlarından istifadə etməmiş, o 04.07.2021-ci il tarixdə oğurluq edərək əldə etdiyi pullardan təxminən 115 manatını öz şəxsi ehtiyaclarına xərcləmiş, qalan pullar isə polis əməkdaşlarına təqdim etmişdir. Hadisəni tək törətmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Aslı Akhmadovaya vurulmuş maddi zərərləri tam olaraq ödədiyini, həmin şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, digər Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqramla müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayətinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04.07.2021-ci il tarixdə saat 11:50 radələrində alış-veriş üçün oğlu ilə birlikdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yeləşən «Karvan» ticarət mərkəzinin yanında olan «Araz» marketə getmişdir. Həmin gün saat 12 radələrində alış-verişi yekunlaşdırmış, o, kassaya gedib aldığı malların pulunu ödəmiş, sonra aldığı malları marketdəki saxlanc yerinə, yəni dolaba yerləşdirmişdir ki, digər mağazalardan bazarlıq etsin. O, aldığı malları dolaba yerləşdirdikdən sonra çiynindəki çantanın nisbətən yüngül olduğunu hiss etmiş, çantaya baxıb çantada olan qırmızı rəngli pul qabının yerində olmadığını görmüşdür. Pul qabının içərisində 02 ədəd 50 avro, 01 ədəd 100 manat, 01 ədəd 50 manat, 02 ədəd 2 ABŞ dolları, 02 ədəd 1 ABŞ dolları, 01 ədəd 10 ABŞ dolları, 02 ədəd 5 ABŞ dolları, ümumilikdə 20 manat xırda manatlıq pullar, miqdarını və sayını bilmədiyi müxtəlif ölkələrə məxsus pul əskinasları, özünə məxsus sürücülük vəsiqəsi, 02 ədəd «kapital bank»a məxsus və onun istifadəsində olan maaş kartı, həyat yoldaşı Hümbət Rüstəmovun istifadəsində olan «kapital bank»a məxsus təqaüd kartı, «Bir kart» ödəniş kartı, müxtəlif marketlərə məxsus bonus kartları olmuşdur. O, marketdə getdiyi yerlərə baxmış, lakin pul qabını tapa bilməmiş, buna görə 102 xidmətinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun pul qabısını oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Həmçinin, Zərərçəkmiş şəxs1 ifadəsində oğurlanan pul qabını üç il əvvəl 100 manata aldığını, pul qabında olan müxtəlif ölkələrə məxsus pul əskinaslarını kolleksiya kimi üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi həyat yoldaşı Rüstəmov Hümbət Sədaqət oğlu ifadəsində Təqsirləndirilən şəxs tərəfindən nümayəndəsi olduğu şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. Zərərçəkmiş şəxs Aslı Akhmadova məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Aslı Akhmadovanın elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17.07.2021-ci il tarixdə səhər saatlarında yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisindən 9 saylı xətt marşurutuna rəfiqəsi Şahid1 ilə əyləşərək işə getmiş, işlədiyi Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən qadın paltarı sexinin yaxınlığında avtobusu saxlatdırıb düşmüşdür. Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində “Sumqayıt mebel evi”nin yaxınlığında çantasının düymələrinin açıq olduğunu görüb içərisinə baxdıqda 113 manat pulunun, aliment kartı, avtobus kartı və market kartı olan açıq yaşıl rəngli “Dawo polo” yazılmış pul kisəsinin yerində olmadığını aşkar etmiş və dərhal avtobusda qaldığını düşünüb tez rəfiqəsi Dilşada zəng vurmuş, pul kisəsinin avtobusda qalıb-qalmadığını soruşmuş, rəfiqəsi Dilşad avtobusda pul kisəsi qalıb-qalmamasını maraqlandıqdan sonra bir nəfər şəxsin pul kisəsini oğurladığını avtobusdakı sərnişinlərin birinin güman etdiyini bildirdiyini söyləmiş, sonra Dilşad onunla danışa-danışa həmin şəxsi gördüyünü və indi dayandıracağını söyləmiş, sonra o, rəfiqəsi Dilşadın kiməsə “Kaşelyoku qaytar bura” deyə söylədiyini eşitmişdir. Dilşad onunla danışa-danışa həmin şəxsi saxlayıb pul kisəsini ondan almağa çalışmış, bundan sonra 2 nəfər polis əməkdaşları Dilşada yaxınlaşmış və həmin şəxsi orada saxlamışlar. Bundan sonra o, qaça-qaça həmin şəxsin saxlandığı Sumqayıt şəhəri, Bakı küçəsində Sülh plazanın yaxınlığına gəlmiş, onlar bundan sonra Sumqayıt şəhər 5-ci PB-yə dəvət olunmuşlar. Həmçinin, Aslı Akhmadova ifadəsində ona məxsus pul qabının içərisindəkilərin tam şəkildə yerində olduğunu, pul kisəsini hadisədən bir ay əvvəl 10 manata aldığını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənilmədiyini, hazırda ona vurulmuş maddi zərəri tələb etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04.07.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən “Kolxoz” adlanan bazara alış veriş etmək üçün getmiş, həmin vaxt özünə məxsus olan tünd qırmızı rəngli pul qabını çiyinində olan çantanın içərisinə qoymuşdur. O, həmin vaxt saat 09:30 radələrində çantasına qoyduğu içərisində 15 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və müxtəli mağazalara məxsus bonus kartı olan tünd qırmızı rəngli pul qabını ödəniş etmək üçün götürmək istəyən zaman yerində aşkar etməmişdir. Həmin pul qabını oğurlanmamışdan bir həftə əvvəl 150 manata almış, baş vermiş hadisə nəticəsində ona 165 manat maddi ziyan dəymişdir. Məhkəmədə Şahid2 Həsən oğlu ifadəsində göstərdi ki, 2016-cı ildən DİO-da çalışır, 17.07.2021-ci il tarixdə səhər saat 09 radələrində postaçı yoldaşı polis baş serjantı Aslanov Rahid ilə birlikdə “9187” çağırışlı avtopatrul ilə Sülh küçəsində xidmət apararkən Sülh və Bakı küçələrinin kəsişməsində bir nəfər qadın ilə bir kişinin mübahisə etdiklərini görüb həmin yerə yaxınlaşmışlar, o xanımdan nə baş verdiyini soruşduqda mübahisə etdiyi şəxsin rəfiqəsinə məxsus pul kisəsini avtobusda oğurladığını bildirmişdir. Bundan sonra o həmin şəxsin oradan yayınmağa çalışdığını görüb onu saxlamış və əlində olan açıq yaşıl rəngli pul kisəsini ona məxsus olub-olmadığını soruşduqda, həmin şəxs pul kisəsini oğurladığını bildirmişdir. Onlar həmin şəxsi və orda olan qadını aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 16.07.2021-ci il tarixli, 9/4746 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 (bir) ədəd “Massimo Dutti” firmasının istehsalı olan tünd qırmızı rəngli pul kisəsinin 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 5,0 manat müəyyən edilir. Ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 01 ədəd “Maykl Kros” firmasının istehsalı olan qırmızı rəngli, zəncirbəndlə açılıb-bağlanan pul qabının 2021ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,0 manat müəyyən edilir. İş materiallarında olan istintaq zamanı Sumqayıt şəhər “Kolxoz” bazarında quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd CD diskinin içərisində 01 ədəd videogörüntü olan fayıl aşkar edilir. Həmin görüntülərdən göğrünür ki, bir nəfər əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar, əlində ağ rəngli kağız olan şəxs (kişi) bazarda alver edən şəxslərin arasında hərəkət edərək bir nəfər qadına yaxınlaşıb arxa tərəfində dayanır, həmin qadının çantasına əlinə salaraq nə isə götürüb əlindəki ağ rəngli kağızın altında gizlədib iti addımlarla oradan uzaqlaşır. Təqsirləndirilən şəxs baxış zamanı bildirdi ki, həmin videogörüntüdəki əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli şalvar, əlində ağ rəngli kağız olan şəxs o, özüdür. Həmin vaxt bazarda alver edən 60-65 yaşlarında olan qadının çantasından pul kisəsini götürərək oradan dərhal uzaqlaşır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Aslı Akhmadovaya vurulmuş maddi zərəri tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19.07.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 14.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün, yəni 17 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 01 noyabr 2021-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 28.10.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarında olan arayışdan görünür ki, iş üzrə maddi sübutlar qismində tanınan zərərçəkmiş şəxs Aslı Akhmadovaya məxsus pul kisəsi, içərisində olan pullar və kartlar zərərçəkmiş şəxs Aslı Akhmadovaya təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus pul kisəsi, içərisində olan pullar, bank kartları, sürücülük vəsiqəsi və müxtəlif mağazalara məxsus bonus kartları cinayət işi üzrə maddi sübut kimi tanınmış, pul vəsaitləri Sumqayıt ŞPİ-nin MPB-yə, digər əşyalar isə məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil veilimişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Aslı Akhmadovaya verilmiş pul kisəsi, içərisində olan pullar və kartlar onun sərəncamına verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin MPB-yə tıhvil verilmiş pul vəsaitləri və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil veilimiş digər əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli (iş № 1(060)- 711/2021) qərarını icra edərək, 25 oktyabr 2021-ci il tarixli 1375 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış və saxlanılması üçün Aslı Akhmadovaya verilmiş pul kisəsinin, içərisində olan pullar və kartların onun sərəncamına verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə qeyd olunan maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin MPB-yə təhvil verilmiş pul vəsaitləri və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil veilimiş digər əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-711/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-711/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver