Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-711/2023 24.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində dörd azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər xəsarət yetirmişdir. Belə ki, o, 06 aprel 2023-cü il tarixdə saat 08:30 radələrində etibarnamə əsasında BC kateqoriyalı AE 210344 seriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi “Shacman yük” markalı, **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobil ilə Bakı-Quba avtomagistral yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindən keçən 36-cı kilometrliyində, “Sumqayıt Texnologiyalar Parkı”nın qarşısı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında"' Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyib yolun kənarında dayanmış “Daimler Chrysler 200D minik” markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa qapısını açıb sərnişin qismində əyləşməkdə olan piyada 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sağ yan hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla sonuncuya sağ baldırın yuxarı 1/3-nin amputasiyası ilə müşayiət edilən və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin daimi dayanaqlı itirilməsinə səbəbə olmuş sağlamlığa ağır zərər vurmaya aid olan xəsarət almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Shacman” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında idarə etmiş, gündəlik olaraq həmin avtomobillə Siyəzən rayonundan tikinti materialı olan şebel məhsulunu avtomobilə yükləyib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən şirkətə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 08:30 radələrində idarə etdiyi, hər zamankı kimi yüklü vəziyyətdə olan avtomobillə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yolun sağdan birinci hərəkət zolağında təxminən 40-45 km sürətlə üzü Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman bir qədər irəlidə yol kənarında dayanmış Mercedes markalı avtomobilə arxa sol tərəfdən minmək istəyən piyadanı görmüşdür. Bu zaman avtomobili bir qədər sola doğru çəkmək istəsə də ondan solda digər bir yük avtomobili olduğundan bunu edə bilməmiş və bu zaman avtomobili Mercedes markalı avtomobilin arxa sol qapısından dəymiş, həmçinin həmin piyada olan şəxs avtomobilinin orta hissəsində yerləşən yanacaq bakının metaldan olan hissəsinə ilişmiş və avtomobil həmin şəxsi bir qədər irəliyə doğru atmışdır. Hadisə baş verdikdən sonra avtomobili bir qədər irəlidə saxlayıb sağ yan güzgüdən baxdıqda həmin vurulan şəxsin yerdə olduğunu görmüş, dərhal avtomobildən düşüb həmin şəxsə yaxınlaşmış, ilkin tibbi yardım göstərmiş və daha sonra təcili olaraq yaxınlıqdan keçən avtomobillərdən birinə həmin şəxsi əyləşdirib müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çatdırmışdır. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış hadisə ani diqqətsizlik və ehtiyatsızlığı səbəbindən baş vermişdir. Hadisə baş verən zamar avtomobildə tək olmuş, hər hansı xəsarət almamışdır. Piyadanı təxminən 60-70 metr məsafədən görmüşdür. Hadisə vaxtı diqqəti yayındıran hər hansı bir vasitədən, yən telefondan, radiodan və ya başqa vasitədən istifadə etməmişdir Təqsirini etiraf etməsini, vətən müharibəsi iştirakçısı olmaqla döyüşlərdə yaralanmasını, buna görə ona İİİ qrup əlillik təyin edilməsini, “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, həmçinin “Suqovuşanın azad edilməsi” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini, ailəli olmaqla himayəsində dörd azyaşlı övladının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. 06 aprel 2023-cü il tarixdə təxminən saat 08:30 radələrində o Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Luk Oil YDM”in yaxınlığında Mercedes markalı taksi avtomobilinə əyləşib üzü Sumqayıt şəhərinin girişi istiqamətinə getmək istəmiş, daha sonra avtomobil bir qədər məsafə qət etdikdən sonra yolun sağ kənarında bir nəfər orta yaşlı kişi avtomobilə əyləşmək üçün əl ilə işarə vermişdir. Bu zaman avtomobilin sürücüsü avtomobili yolun sağ kənarında saxlamışdır ki, həmin şəxsi də götürsün. Bundan sonra arxa sol oturacaqda əyləşdiyindən avtomobilə əyləşən şəxs ondan sonrakı təyinat nöqtəsində düşəcəyindən həmin şəxsə arxa orta oturacaqda əyləşməyini, sonra isə özünün yenidən arxa sol oturacaqda əyləşəcəyini bildirmişdir. Avtomobilə əyləşmək istəyən şəxs avtomobilə minənədək arxada ondan başqa bir nəfər tanımadığı qadın da olmuşdur. Daha sonra həmin üçüncü şəxs avtomobilə əyləşmək istəyən zaman daha tez düşəcəyindən onun arxa orta oturacağa özü isə arxa sol oturacağa əyləşməyini bildirmişdir. Bundan sonra həmin şəxs onun təklifi ilə razılaşmışdır. Bu zaman avtomobildən düşmüş, həmin şəxs arxa orta oturacağa əyləşmişdir. O da avtomobilə əyləşməyə hazırlaşan zaman arxadan gələn markası və modelini xatırlamadığı iri qabaritli yük avtomobili onu sağ tərəfi ilə vuraraq bir qədər irəliyə doğru sürümüş, bu zaman yaralı vəziyyətdə yerdə olan zaman yük avtomobilinin sürücüsü avtomobildən düşərək ona yaxınlaşmış, vəziyyəti ilə maraqlanmış, sonra isə yaxınlıqdan keçən digər bir avtomobilə əyləşdirərək onu Sumqayıt TTYX-a aparmışdır. Daha sonra Topçubaşov adma Elmi tədris Cərrahiyə instituna yerləşdirilmişdir. Orada cərrahıya əməliyyatı olunmuş və sağ ayağını amputasiya etmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, o, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, sonuncu tərəfindən ona vurulmuş zərər ödənilməmiş, müalicə xərcləri qarşılanmamışdır. O, bu hadisəyə qədər sürücü işləmişdir, hadisə nəticəsində sağ ayağı dizdən xeyli yuxarı hissədən ambutasiya edilmiş, buna görə ömürlük şikəst qalmaqla bərabər əmək qabiliyyətini də itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Mercedes Benz” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə hüququ var, lakin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığından həmin avtomobili sürücülük hüququ olan oğlu X8 idarə edir. Hazırda onunla birlikdə yaşayan qızı 1-ci qrup əlildir və ona vaxtlı-vaxtında dərman vasitələri alınmalıdır. xx.xx.2023-cü il tarixdə qızına lazım olan bəzi dərman vasitələri Sumqayıt şəhərində yerləşən apteklərdə olduğundan, həmçinin oğlu evdə olmadığından məcburiyyət qarşısında qalaraq avtomobili özü idarə edib dərmanları almaq qərarına gəlmişdir. Daha sonra təxminən saat 08:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən üzü Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan zaman yol kənarında dayanıb əl ilə işarə edən bir qadın və bir kişi onları Sumqayıt şəhərinə aparmağını xahiş etmişlər və o da bu təkliflə razılaşmışdır. Daha sonra bir qədər məsafə qət etmiş və “Lukoil YDM”in yaxınlığında yenidən bir nəfər orta yaşlı kişi də əl ilə işarə verərək avtomobili saxlatdırmış və onu da Sumqayıt şəhəri istiqamətində aparmağını xahiş etmişdir. Artıq həmin vaxt avtomobilin qabaq sağ oturacağında bir nəfər kişi, arxa oturacaqda isə sağda qadın, solda isə həmin orta yaşlı olan kişi olmuşdur. Bir qədər də məsafə qət etdikdən sonra yenidən bir nəfər kişi əl ilə işarə vermiş və bu zaman avtomobili yolun sağ kənarında olan birinci zolaqda saxlamışdır. Həmin vaxt sonuncu minən şəxs də onu aparmağını xahiş etmişdir. Bundan sonra arxa sağ oturacaqda qadın əyləşdiyindən sonuncu minmək istəyən şəxs avtomobilin sol tərəfinə keçmişdir. Daha sonra həmin şəxs arxa sol qapını açıb əyləşmək istəyən zaman avtomobildə arxa sol oturacaqda əyləşən orta yaşlı kişi sonuncu minmək istəyən şəxsə özünün ondan daha tez düşəcəyini bildirib orta oturacağa əyləşməsini xahiş etmişdir və həmin şəxs buna etiraz etməmişdir. Daha sonra avtomobildə arxa oturacaqda əyləşən şəxs avtomobildən arxa sol tərəfdən enmiş və sonuncu minmək istəyən şəxs arxa orta oturacaqda əyləşmişdir. Bundan sonra avtomobildən enən şəxs yenidən əyləşməyə hazırlaşan zaman avtomobilin arxa sol qapısı yarı açıq vəziyyətdə olarkən anidən arxadan gələn iri qabaritli həmin şəxsi vurmuşdur. Belə ki, həmin şəxs ilkin olaraq zərbənin təsirindən avtomobilin arxa sol qapısına çırpılmış, sonra isə həmin yük avtomobil şəxsi bir qədər irəliyə doğru sürümüşdür. Hadisə baş verdikdən sonra yük avtomobilinin sürücüsü və o dərhal avtomobildən enmişlər, həmin yaralı şəxsə yaxınlaşmışlar, sonra isə həmin şəxs qan itirdiyindən onun ayağını özünün belində olan kəməri açaraq bağlamışlar. Daha sonra isə yük avtomobilinin sürücüsü yaxınlıqdan keçən avtomobillərdən birinə həmin şəxsi əyləşdirib müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çatdırmışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomobil dayanıqlı vəziyyətdə olmuş, avtomobili yolun hərəkət hissəsində deyil, yolun sağ kənarında torpaqlıq sahədə saxlamış, həmçinin şəxsi vuran yük avtomobili onu yolun hərəkət hissəsində deyil, avtomobili saxladığı torpaqlıq sahədə vurmuşdur. Hadisə nəticəsində avtomobilinin arxa sağ qapısı əzilmiş və ona toplam olaraq 500 manat maddi ziyan dəymişdir Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Qubadlı RPŞ-nın DYPB-nin inspektoru vəzifəsində polis serjantı rüstəbəsində xidmət edir. Sumqayıt ŞPİ-nin DYPŞ-ə ezam edilmişdir. 06 aprel 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-də növbədə olan vaxtı Sumqayıt şəhəri Bakı- Quba avtimagistral yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindən keçən 36-cı kilometrliyində, “STP” zavodunun qarşısında piyadanın vurulması yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda “Shacman yük” markalı, **-UT-*** dövət qeydiyyat nömrə nişanlı avtomobilin yolun kənarında dayanmış vəziyyətdə olan “Daimler Chrysler 200D” minik markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə minməkdə olan sərinişini ehtiyatsızlıqdan vurduğunu müəyyən etmişdir. Dərhal həmin yerə yaxınlaşıb vətəndaşların köməkliyi ilə xəsarət alan, sonradan adının ona məlum olduğu Zərərçəkmiş şəxs yük avtomobilinin sürücüsü Ceyhun ilə ilk tibbi yardım göstərib xəstəxanaya yola saldıqdan sonra müstəntiq, hadisə yerinə gəlmişdir. Daha sonra yük avtomobilinin sürücüsü Ceyhun da hadisə yerinə qayıtmış, Ceyhun və minik avtomobilinin sürücüsü Məzahir ilə hadisə yerinə baxış keçirilmiş, bununla bağlı da protokol tərtib edilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan 11 iyul 2023-ü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİŞ-7 tərəfindən 29 may 2014-cü il tarixdə verilmiş AE seriyalı, 210344 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ var, vəsiqənin 29 may 2024-cü il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2023-ci il tarixdə verilmiş BB seriyalı, 370864 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il, “Shacman yük” markalı, **-UT-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Cinayət işinin 21-ci vərəqəsində olan ƏN-Vİ seriyalı 463692 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Shacman yük” markalı, **-UT-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan 06 aprel 2023-cü il tarixli, 2157 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 59-62-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X7 01 iyun 2023-cü il tarixli, 826 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Polda oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ baldırın yuxarı 1/3-dən amputasiyası. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmışin Alademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada YNH-sı zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-nin daimi dayanaqlı itirilməsinə səbəb olmuş sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 63-66-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1641 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Shacman Yük markalı, 90- UT-418 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Daimler Chrysler 200D minik markalı **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısım alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin 64-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 21 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 71-75-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, “Shacman yük” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı və “Daimler Chrysler 200D minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və həmin avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin 58-ci vərəqəsində olan əlillik haqqında arayışdan görünür ki, hərbi əməliyyatlar zamanı partlayışlardan və ya qəlpələrdən törənmiş zədələrə görə Təqsirləndirilən şəxs müddətsiz İİİ qrup əlilliyi müəyyən edilmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2008, 2010, 2014 və 2022-ci il təvəllüdlü uşaqları var. Cinayət işinin 53-cü vərəqəsində olan 61 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, vətən müharibəsi iştirakçısı olmaqla döyüşlərdə yaralanmasını, buna görə ona İİİ qrup əlillik təyin edilməsini, “Azərbaycan ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, həmçinin “Suqovuşanın azad edilməsi” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini, ailəli olmaqla himayəsində dörd azyaşlı övladının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərərək onu xəstəxanaya çatdırmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış tanınmış “Shacman yük” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı, həmçinin “Daimler Chrysler 200D minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Shacman yük” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı, həmçinin “Daimler Chrysler 200D minik” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-711/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-711/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver