Məhkəmə qərarları › İş №1(060)-715/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-715/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-715/2022 22.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində 9-cu mikrorayon, ev 47, mənzil 12 ünvanında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq və sillə zərbələri ilə qəsdən bir neçə dəfə vuraraq ona sol gözaltı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ yanağın, sol saidin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2001-ci ildə evlənmiş və birgə nigahlarından 3 övladları doğulmuşdur. Ər-arvad münasibətləri adətən normal olmuşdur. Lakin arvadı Sevincin əsəbi xarakterli olması ilə əlaqədar ona cavablar qaytardığından evdə aralarında bəzən mübahisələri olmuşdur. xx.xx.2022-ci il tarixdə 11 yaşlı oğlu Ramalı “Aygün” mərasim evinin yanından evə yola salmış və evə çatanda zəng vurub soruşacağını demişdir. Ramalı yola salandan 10 dəqiqə sonra oğluna zəng vurmuşdur. Oğlunun evə yox, anasının iş yerinə getdiyini bilmişdir. Arvadı Sevinc telefonu oğlu Ramaldan alıb, onu güddüyünü, onu rahat yaşamağa qoymadığını bildirmişdir. O da, Sevincə zəng vurmadığını, uşağa görə narahat qalıb zəng vurduğunu demişdir. Sevinc isə onunla evdə danışacağını bildirmişdir. Saat 18 radələrində o evə getmişdir. Bu zaman Sevinc evdə tək olmuşdur. Sevinc onu yersiz yerə qısqandığını bildirərək, bütün bunlardan narahat olduğunu bildirib onun üstünə qışqırmağa başlamışdır. O, Sevincdən sakit danışmasını tələb etmişdir. Lakin sevinc sakit olmaq əvəzinə onu qadına yaraşmayan nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. O, qonşulardan ayıb olduğunu deyib Sevincdən bir daha səsini kəsməsini tələb etmişdir. Lakin Sevinc onu təhqir etməkdə davam etdiyindən o əsəbləşib əli ilə Sevincin sifət nahiyyəsinə bir neçə zərbə vurmuş, sonra isə əli ilə Sevincin hər iki qolundan tutub sıxaraq ondan sakit olmasını tələb etmişdir. Lakin Sevinc sakitləşmək istəməmiş və o Sevincin qollarından tutduğu vəziyyətdə taxtın üzərinə itələmişdir. Bundan sonra o, qonaq otağına keçmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək əməlindən peşiman olduğunu və zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 20 ilə yaxındır ki, Süleymanla evlidirlər. Bu evlilikdən 3 övladı vardır. Uzun müddətdir ki, Süleyman yersi yerə evdə söz-söhbət yaradır, onu yumruqla, təpiklə döyür. 2 il bundan qabaq söz-söhbətlərinə və döyməyə görə uşaqları götürüb atasının evinə getmişdir. Daha sonra boşanma üçün məhkəməyə müraciət etmiş, lakin karantin vaxtına düşdüyünə görə məhkəmənin vaxtı uzadılmışdır. Bu ərəfələrdə Süleyman ehtiyatda olan zabit kimi İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Döyüçdə olduğu müddət ərzində onunla əlaqə saxlayaraq peşman olduğunu, barışmaq istədiyini bildirmişdir. Valideynlərinin təkidi ilə Süleymanın döyüşdə olduğu müddətdə o, əri ilə yaşadığı evə qayıtmışdır. Döyüçdən sonra əri yenidən onu döyməyə və onu təhqir etməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadıqları 9-cu mikrorayon, ev 47, məznil 12 ünvanında onu döymüş və nalayiq ifadələrlə təhqir etmişdir. Döyülməyinin səbəi isə yersiz qısqanclıq və Süleymanın hər gün içki içməyi olmuşdur. Hazırda təqsirləndirilən şəxsi bağışlamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncunun ona vurulmuş maddi zərəri tamamilə ödədiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildidərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1286 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ yanağın, sol saidin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3419 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcar Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-715/2022) qərarını icra edərək, vəkil Müdafiəçinu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar