Məhkəmə qərarları › İş №1(060)-717/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-717/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-717/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs arasında zərərçəkmiş şəxsin yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 16/7 saylı binanın həyətində ailə münasibətlərinin pozulması zəmnində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sifət və boyun nahiyələrinə əli ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş «YÜNGÜL» zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Nikahdan iki azyaşlı-2016-cı il təvəllüdlü Abdullayev Aylar Mahir oğlu və 2018-ci il təvəllüdlü X6 oğlu adlı övladları vardır. 2022-ci ilin aprel ayında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə nikahına son verilmiş, boşanmışlar. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə aylıq 350 manat aliment kəsilmişdir. Təxminən 2 ay bundan öncə işləmirdi. Ona görə də alimenti ödəyə bilmirdi. 2021-ci ildə təxminən iyul ayında həyat yoldaşı valideynləri yaşadığı ünvan 2 ünvanına getmişdi. O da dəfələrlə onların yaşadığı binanın həyətinə gedərək uşaqları görmək istəsə də onlar buna imkan verməyərək mane olmuşlar. Keçmiş həyat yoldaşının işlətdiyi mobil telefonla əlaqə saxlayaraq onunla danışmaq istədə də o, telefon zənglərinə cavab verməyərək Mahirin telefon nömrəsini əngəlləmişdir. Təxminən bu iki ay davam etmişdir. Hadisə baş verən günü o və bacısı Natəvanla Minayənin yaşadığı ünvanın yaxınlığından keçərkən həyətdə oynayan azyaşlı övladlarını görüb onlara yaxınlaşmaq istəmişdir. Onları yanına çağırsa da uşaqlar onun yanına gəlməmişlər. O, elə fikirləşmişdir ki, bunun da səbəbi uşaqlarına nası və onun qohumları tərəfindən öyrədilməsidir. Həmin vaxt keçmiş həyat yoldaşı və anasının orada yun təmizlədiyini görüb onlara yaxınlaşmışdır. Keçmiş həyat yoldaşı ilə aralarında alimentlə bağlı mübahisə yaranmışdır. Minayə onunla kobud danışmağa başlamışdır. O da özünü saxlaya bilməyərək Minayənin boynundan və üzündən vurmuşdur. Sonradan onun qolundan tutaraq kənara itələyərək oranı tərk etmişdir. Yaşadığı ünvana gedərək sonra onların polisə şikayət etdiyini öyrənmişdir. Barəsindəki yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2014-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Nikahdan iki azyaşlı övladları vardır. 2022-ci ilin aprel ayında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə boşanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ayda 350 manat aliment kəsilsə də bu günə kimi Mahir üstünə düşən öhdəliyi ödəməmişdir. Bununla bağlı Mahir ilə öz aralarında mübahisə olmuşdur. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci ildə saat təxminən 18:00 radələrində anası ilə yaşadığı binanın həyətində yun yuyarkən Mahir və bacısı Natəvan onlara yaxınlaşaraq onunla mübahisə edərək onun sifətindən və boynundan vuraraq onu döymüşdür. Minayəonun haqqında polisə şikayət edəcəyini bildirdikdə Mahir onun qolundan tutaraq geriyə itələmişdir. O da geriyə gedərək ağaca dəymişdir. O ordan qaçaraq yaşadığı ünvana gələrək polisə məlumat vermişdir. Hal-hazırda isə təqsirləndirilən şəxlə barışmır, ondan şikayətçidir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsinə bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan 2016-cı il təvəllüdlü Abdullayev Aylar və 2018-ci il təvəllüdlü Abdullazadə Zaur adlı övladları dünyaya gəlmişdir. Lakin münasibətləri yaxşı olmadığına görə 2022-ci ilin aprel ayında Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə övladları qızının himayəsinə verilərək ayda 350 manat aliment kəsilmişdir. Buna baxmayaraq Mahir bu günədək üzərinə düşən öhdəliyi yerinə yetirməiş və alimenti ödəməmişdir. Bu səbəbdən aralarında tez-tez mübahisələri olmuşdur. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində o qızı Minayə ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 16/17 saylı binanın həyətində yun yığarkən keçmiş həyat yoldaşı Mahir və bacısı Natəvan onlara yaxınlaşaraq qızı ilə aliment tələb etdiyinə görə mübahisə etməyə başlamışlar və həmin mübahisə zamanı keçmiş həyat yoldaşı Mahir qızı Minayənin üstünə gələrək əli ilə onun sifətindən və boynundan vuraraq onu döymüşdür. Bu zaman qızı onun haqqında polisə şikayət edəcəyini bildirdikdə o, Minayənin qolundan tutaraq geriyə itələyib çıxıb getmişdir. Minayə də arxaya gedərək ağaca dəymişdir. Sonra o oradan uzaqlaşaraq yaşadığı ünvana getmş və böyük qızı Laləyə məlumat vermişdir. Böyük qızı Lalə də öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, qardaşı Təqsirləndirilən şəxs 2014-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və onların birgə nikahdan 2016-cı il təvəllüdlü Aylar Abdullayev və 2018-ci il təvəllüdlü Abdullazadə Zaur adlı övladları dünyaya gəlmişdir. Lakin onların münasibətləri yaxşı olamdığına görə qardaşı ilə Minayə 2022-ci ilin aprel ayında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə rəsmi olaraq boşanmış və məhkəmənin qərarı ilə iki azyaşlı övladı anasının himayəsinə verilərək aylıq hər iki uşağa ümumilikdə 350 manat aliment kəsilmişdir. Qardaşı 2 aydır heç bir yerdə işləmədiyinə görə alimenti ödəyə bilmirdi və bu da haqlı olaraq narazılığa səbəb olurdu. Hadisə baş verən günü, yəni xx.xx.2022-ci il tarixdə, təxminən saat 18:00 radələrində o qardaşı Mahir ilə birlikdə keçmiş gəlinləri olmuş Minayənin yaşadığı binanın həyətindən keçən zaman həyətdə qardaşının azyaşlı uşaqlarının oynadığını görmüşlər, bu vaxt qardaşı onlara yaxınlaşmaq istədikdə uşaqlar onun yanına gəlməyərək analarının yanına qaçmışlar. Bu zaman qardaşı Mahir keçmiş həyat yoldaşı Minayənin yanına getmiş, o isə kənarda dayanmışdır. Həmin vaxt qardaşı Mahir keçmiş həyat yoldaşı Minayə ilə aralarında aliment üstündə mübahisə etdiklərini görrmüşdür. O onların mübahisə etdiklərini görüb onlara yaxınlaşmış, bu zaman Minayə qardaşı ilə kobud danışdığına görə qardaşı Mahir əsəbləşərək əli ilə onun boynundan və sifətindən vurmuşdur. O isə onların arasına keçib qardaşını onların əlindən zorla almış və qardaşını da götürərək oranı tərk edib yaşadıqları evə getmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1334 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gözaltı nahiyənin almacıq nahiyəni əhatə edən qançır-şişkinliyi, sağ gözün ağlı qişasına qansızma, boyun, sol mil-bilək və sağ bazunun qançırları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 350-13116A-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş 673 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3486 saylı, xx.xx.2022-cci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt Tibb Mərkəzi 1 nömrəli xəstəxana tərəfindən verilmiş 457 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 nömrəli xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, cərimə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-717/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1280 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək vəkil ilə müqavilə bağladığı üçün vəkil X2 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X4 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar