Məhkəmə qərarları › İş №1(060)-719/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-719/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-719/2025 12.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0.909 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 avqust 2025-ci il tarixdə, saat 21:51-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10 V-nin yaxınlığında saxlanılıb orada üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 0.909 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də, saxlanıldığı zaman onun üzərində narkotik vasitə olmamışdır. Onun anlayışı olmadığına görə sənədlərə imza atmışdır. Onun üzərində narkotik vasitə olmamasına baxmayaraq yanındakı şəxsdə narkotik vasitə olmuşdur. Həmin şəxsin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatlı olsa da, satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Onun üzərinə narkotik vasitəni çəkilişdən əvvəl Sumqayıt şəhəri, 8-ci mkr ərazisində 1-ci Polis bölməsinin əməkdaşı qoymuşdur. Onun üzərinə narkotik vasitəni çəkilişdə iştirak etməyən polis əməkdaşı qoymuşdur. Belə ki, o, saat 20-21 radələrində 13-cü mkr ərazisində saxlanılmış, lakin 8-ci mkr ərazisində çəkiliş aparılmışdır. Saxlanıldığı zaman üzərində Redmi 11 markalı mobil telefon olmuşdur. O, polis əməkdaşları tərəfindən döyülməmişdir. Lakin üzərinə daha çox miqdarda narkotik vasitə qoyarlar deyə deyilənlərlə razılaşmışdır. Baş verənlərlə bağlı heç bir orqana şikayət etməmişdir. Evdə xəstəsi olduğunu, ailəsində işləyən şəxs yalnız özünün olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şahid1 onu tutan polis əməkdaşlarının içərisində olmamış, daha sonradan çəkilişdə iştirak etmişdir. Şahid2 da 8-ci mkr ərazisində aparılan çəkilişdə iştirak etmiş, lakin ona narkotik vasitəni verən polis əməkdaşı olmamışdır. Həmçinin İlkin tərəfindən ona hər hansı hədə-qorxu edilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuşam və hazırda Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50 mənzil 6-da ailəmlə birlikdə yaşayıram. Əvvələr məhkum olmamışdır. Subaydır. Təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 8ci mikrorayon, ev 10 V-nin yaxınlığında piyada hərəkətdə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-PB-nin əməkdaşları olduqlarını bildirdilər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirtdilər. Baxışdan öncə ona üzərimdə hər hansı qanunsuz predmet varsa təqdim etməyi təklif edildi və o da əynində olan şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində 01 büküm heroini polis əməkdaşlarına çıxarıb təqdim etmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata əldə etdiyini bildirmişdir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkiləri müəyyən edildikdən sonra zərfə qoyulub qablaşdırıldı. Həmin zərfin üzərinə onun tərəfindən imza edildiyini qeyd etmişdir. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu 1-cı PB-nə gətirmişlər. O da etiraz etməyib onlarla birlikdə 1-ci PB-nə gəlmişdir. 1-cı PB-nə gətirildikdən sonra ona şübhəli qismində tutulmağı elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarımın müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X4 mənə təqdim olunmuşdur. Bundan sonra 1-ci PB-nə xidməti otaqların birində üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərflər təhqiqatçıya təqdim oldunmuşdur. Sorğu zamanı bir daha həmin heroin özünə məxsus olduğunu, saxlanıldığı gün, səhər saatlarında Bakı şəhəri,20 Yanvar dairəsi yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manat pul verməklə əldə etdiyini bildirmişdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ona Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon,ev 10V yaxınlığında Təqsirləndirilən şəxs hərəkətdə olduğu zaman ona videoçəkilişlə yaxınlaşaraq saxlamışlar. Özülərini təqsirləndirilən şəxsə təqdim etdikdən sonra Kamrana üzərində daşınması qanunla qadağan olunan predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi spesifik iyə malik bükümü onlara təqdim etmişdir. Həmin büküm çəkilib, qablaşdırılmışdır. Daha sonra Kamrana prosessual hərəkətlərin 1-ci Polis Bölməsində davam edəcəyi bildirilmiş və birlikdə bölməyə getmişlər. Polis bölməsində vəkilin iştirakı ilə bükümə yenidən baxış keçirilmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bildirdikləri həqiqəti əks etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərdi ki, polis bölməsinə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin gəzdirməsi və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10V yaxınlığında Təqsirləndirilən şəxs hərəkətdə olduğu zaman ona videoçəkilişlə yaxınlaşaraq saxlamışlar. Özülərini təqsirləndirilən şəxsə təqdim etdikdən sonra sonuncuya nə də şübhəli olduğu bildirilmişdir. Kamrana üzərində daşınması qanunla qadağan olunan predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi heroinə bənzər maddəni onlara təqdim etmişdir. Həmin büküm çəkilib, qablaşdırılmışdır. Şahid Həsənzadə Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin bildirdikləri yalandır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən 1-ci Pb-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 28 avqust 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və Şahid1 da iştirak edirdi. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 21:51 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürdüklərini,bir qədər sonra onun Sumqayıt şəhəri, 8-ci mikrarayon, ev 10 V-nin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etdiklərini, bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başladıqlarını və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirdiklərini,sonra özlərini ona təqdim etdiklərini və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiklərini söyləmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildiyini və o da üzərində saxlamış olduğu 01 ədəd şəffaf rəngli, sellofanı təqdim etdiyini,həmin sellofan büküm açılan zaman içərisində kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunduğunu, Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra həmin bükülü zərfə qoyularaq xüsusi qablaşdırıldığını və zərfin üzəri möhürləndiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işləri aparılmasından ötrü onunla 1-ci PB- nə aparılacağını ona bildirdiklərini, bundan sonra o, müqavimət göstərmədən onunla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildiyini, 1-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı Nicat İmranlı tərəfindən şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış 01 ədəd zərf təhqiqatçıya təqdim olundu. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin “heroin” olduğunu, Bakı şəhəri,20 Yanvar ərazisindən tanımadığı şəxsdən 15 manata əldə etdiyini və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxundu və həmin protokol doğru tərtib edildiyindən tərəfimizdən imzalandı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat - axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon,ev 10V yaxınlığında saxlanılır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra baxış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildi və o da üzərində saxlamış olduğu 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.32 qram olması müəyyən edilir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmsı üçün 1-ci PB-nə dəvət olunur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 1 ədəd DVD disk protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdə saat 21:51 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 8-ci mikrorayon,ev 10V yaxınlığında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokoldan və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirtdiyi əməliyyat - axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon,ev 10V yaxınlığında saxlanılır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra baxış keçirməzdən əvvəl ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edildi və o da üzərində saxlamış olduğu 01 ədəd bükümdəki narkotik vasitə heroini çıxarıb təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkilərək çəkisinin 0.32 qram olması müəyyən edilir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılır və möhürlənir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmsı üçün 1-ci PB-nə dəvət olunur. Bu barədə şəxsi axtarış keçirilməsinə dair videogörüntüyə aid 1 ədəd DVD disk protokola əlavə edilmişdir - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/773 №-li rəyindən məlum olmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün Nol25” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs götürülmüş bir bükümdə maddə; 1) /imza/ Təqsirləndirilən şəxsX; 2) /imza/ Şahid1; 2) /imza/ X4; əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.909 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 0.809 qram heroin qalıq qalmışdır. - Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görsənir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi, cinayət əlaqələri, həyat tərzi əməliyyat tədbirləri ilə yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olması barəsində qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri satması və ya onda aşkar olunmuş narkotik vasitəni satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Hazırda əməliyyat tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa, bu barədə sizə əlavə olaraq məlumat veriləcəyi qeyd edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının 5442 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 0.809 qram narkotik vasitə heroin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmiş, xx.xx.2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq mateiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı təqsirli bilməyərək üzərində narkotik vasitənin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Həmçinin Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan narkotik vasitəni üzərinə götürməsi ilə hər hansı bir təzyiq göstərilmişdirsə, bu barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə nə müdafiəçisinə, nə də başqa heç bir yerə müraciət edib etirazını bildirməmişdir. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs məhkəmə istintaqında yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, narkotik vasitə heroinin ona məxsus olmamasını bildirməmişdir. Bununla bağlı ilk dəfə təqsirləndirilən şəxs öz dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə heroinin xeyli miqdarı təmiz halda 0.15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarının çox olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarının çox olmasını nəzərə alaraq, təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyi qənaətinə gələrək hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.809 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-719/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1733 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 avqust 2025-ci il tarixdən 29 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.809 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar