Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-72/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx.xx.1961-ci ildə Yardımlı rayonu, Horavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Seybətin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 15.08.2020-ci il tarixdə saat 15:45 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolu ilə üzü Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qarşıda onunla eyni istiqamətdə düzünə hərəkətdə olub sola dönmə əməliyyatı aparan avtomobili nəzərə alaraq həmin avtomobilin sol tərəfindən ötmə əməliyyatı aparmamalı, 1.1 üfüqi nişanlama xəttini kəsərək avtobusu qarşı əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda bunu etməyərək, həmin qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtobusu hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırlmış yolda maksimum icazə verilən 70 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə edərək qarşı tərəfdə sola dönmək istəyən “Mersedes Benz A 160” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən ötüb keçmək istəyərkən həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilini sola tərəf hərəkət etdirmiş, həmin vaxtı hər iki avtomobil toqquşmuş, nəticədə “Mersedes Benz A 160” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs aldığı “Sol ağ ciyərin, dalağın cırılmış yaraları. Solda İV-V-Vİ qabırğaların qapalı yerdəyiçşən sınığı, döş qəfəsinin və qarının sıxılması qançırı. Sol bazunun aşağı 1/3-nin dirsək oynağını tutan qançırı və yarası” kimi dərəcəsinə görə həyat üçün təhükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri alması nəticəsində hadisə yerində ölməsi ilə bağlı yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid2 məxsus olan “Mersedes” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusu etibarnamə əsasında idarə edirdi. Şahid2 “xxxx” MMC ilə daşınma xidməti müqaviləsi bağlamış, həmin müqaviləyə görə Elnurun “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusla həmin fabirkin işçilərinin daşınmasını həyata keçirmiş, Elnur bəzən işi olduqda və ya xəstələndikdə ondan bir günlük onu əvəz etməsini xahiş etmişdir. 15.08.2020-ci il tarixdə Şahid2 xəstə olduğu üçün ondan xahiş etmişdir ki, bir günlük onu əvəz etsin, “xxxx” MMC şirkətinin işçilərinin daşınmasını həyata keçirsin. Həmin gün saat 15:35 radələrində o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “xxxx” MMC şirkətindən çıxıb idarə etdiyi “Mersedes” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Çünki həmin şirkətin işçilərini Sumqayıt şəhərində yaşadıqları ünvanlarına aparmalı olmuşdur. O, həmin vaxtı avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı o, təxminən 50-60 metr məsafədən görmüşdür ki, yolun sağ tərəfindən “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxıb onun hərəkətdə olduğu yolun ortasında saxlamışdır. Sağ tərəfə baxmağa başlamışdır ki, avtomobilin gəlib gəlmədiyini bilsin. O, idarə etdiyi avtobusun əyləcini bassa da avtobus hərəkətini davam etdirdiyi üçün yolun sol əks tərəfinə çıxmışdır. İstəmişdir ki, həmin avtomobili vurmasın. O, həmin avtomobilə 3-4 metr qalmış hərəkət etməyə başlamışdır. Həmin vaxtı avtomobilləri toqquşmuşdur. İdarə etdiyi avtobus bir neçə metr əyləci basdığı vəziyyətdə getdikdən sonra dayanmışdır. Sonra “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarına düşmüşdür. O, idarə etdiyi avtobusdan düşüb “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Görmüşdür ki, həmin avtomobilin sürücüsü huşsuz vəziyyətdədir. Az sonra təcili tibbi yardım maşını oraya gəlmişdir. Həmin vaxtı o, bilmişdir ki, sürücü sonradan adını bildiyi Zərərçəkmiş şəxs Heydər oğlu yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölmüşdür. O, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs törədilmiş cinayət əməlində onun heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Heydər oğlu onun qardaşıdır. Şəmşir Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, fərdi evdə yaşamışdır. 15.08.2020-ci il tarixdə günorta saatlarında xatırlamadığı qohumlarından biri onun mobil telefonuna zəng vurub demişdir ki, saat 16:00 radələrində qardaşı Zərərçəkmiş şəxs “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı-Quba yolunda idarə edərkən avtobusla toqquşmuş, nəticədə qardaşı Zərərçəkmiş şəxs ağır dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gətirilmişdir. O, dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gəlmişdir. Orada ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində ölmüşdür. Qardaşı Zərərçəkmiş şəxs heç bir xəstəlik olmamış və qardaşı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında heç bir ədavət və ya münaqişə olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Təqsirləndirilən şəxs uzun illərdir ki, sürücü işləmişdir. “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobus qohumu Vüsala məxsusdur. Vüsal həmin avtobusu 29.02.2020-ci il tarixli etirbanamə əsasında sürmək üçün ona vermişdir. Eyni zamanda Vüsal həmin avtobusu 2020-ci ilin may ayında etirbanamə əsasında sürmək üçün Təqsirləndirilən şəxs də vermişdir. Çünki o, Vüsaldan xahiş etmişdir ki, əgər o, xəstəliyi ilə və ya başqa problemlərlə əlaqədar avtobusu sürə bilməsə Attuxan həmin avtobusu sürərək onu əvəz etsin. Bundan başqa onun özünün “Mersedes Benz 0303” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtobusu vardır. O, özü 01.03.2020-ci il tarixdə “xxxx” MMC ilə daşınma xidməti müqaviləsi bağlamışdır. Müqaviləyə görə Vüsala məxsus “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobus və ona məxsus “Mersedes Benz 0303” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtobusla həmin fabirkin işçilərinin daşınması həyata keçirirdi. O, özü “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusla “xxxx” MMC-nin işçilərinin iş yerlərinə və evlərinə daşınmasını həyata keçirirdi. 15.08.2020-ci il tarixdə o, xəstə olduğu üçün Təqsirləndirilən şəxs bir günlük onu əvəz edərək “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusla işləməsini xahiş etmişdir. Həmin gün o, Bakı şəhərində olarkən ona zəng vurub dedilər ki, Təqsirləndirilən şəxs “Mersedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri istiqamətinə gələrkən Bakı-Quba yolunda digər avtomobillə toqquşmuş, həmin avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, hadisə vaxtı H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən Akumlyator istehsalı zavodunda fəhlə işləmişdir. 15.08.2020-ci il tarixdə saat 15:35 radələrində o, iş yoldaşı Şahid6 ilə birlikdə işdən çıxıb Bakı-Quba yoluna tərəf gəlmişlər ki, 3 nömrəli marşurut avtobusuna minib H.Z.Tağıyev qəsəbəsi ərazisindəki yaşadıqları evə gəlsinlər. Onlar yolun kənarında dayanmış, az sonra görmüşlər ki, Quba şəhəri tərəfdən “Mersedes Benz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri istiqamətində normal sürətlə gələrək yolun sol tərəfinə keçmək üçün yolun mərkəz tərəfində kəsik xətlər olan hissəyə yaxın yerdə saxlamışdır. Sonra sola dönmə işıqlarını yandırıb qarşıdan gələn avtomobillərin gəlib keçməsini gözləməyə başlamışdır. Həmin vaxtı onlar görmüşlər ki, Quba şəhəri tərəfdən “Mersedes” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobus yüksək sürətlə Sumqayıt şəhəri istiqamətində gəlir. Həmin avtobusun sürücüsü təxminən 60-70 metr məsafə qalmış tormoz verərək avtobusu dayandırmağa cəhd emiş, lakin avtobusu yüksək sürətlə idarə etdiyi üçün avtobusu dayandıra bilməyərək yolun əks tərəfinə çıxmışdır. Həmin avtobus yolun əks tərəfi ilə hərəkət edərək “Mersedes Benz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən ötüb keçmək istəmişdir. Həmin vaxtı “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobili idarə edərək sola doğru hərəkət etməyə başlamışdır. Həmin vaxtı “Mersedes” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobus qarşı tərəfi ilə “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Avtobus “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilli vurduqdan sonra bir neçə metr irəliyə tərəf sürümüşdür. Sonra “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarına düşmüşdür. Həmin vaxtı ona məlum olmuşdur ki, “Mersedes Benz” markalı, ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisə yerində ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 15.08.2020-ci il tarixli, 88 saylı rəyindən görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunun meyitinin bədəni üzərindəıı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol ağ ciyərin, dalağın cırılmış yaraları. Solda İV-V-Vİ qabırğaların qapalı yerdəyişən sınığı. Döş qəfəsinin və qarnın sıxılması, qançırı. Sol bazunun aşağı 1/3-nin dirsək oynağını tutan qançırı və yarası. 2.Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 15.08.2020-ci tarixdə hərəkətdə olan Mercedes Benz markalı avtomaşınla avtobusun toqquşması nəticəsində bədənin salonun yerdəyişən əşyaları ilə oturacağı arasında sıxılmasından, sürücünün sükanın dairəsinə, şitə və s. dəyməsindən əmələ gələ bilərdi və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. 3.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunun meyitində aşkar olunmuş xəsarətlərin hamısı həyatidirlər; təkrar vurulma (bədən üzərindən keçib getmə) nəticəsində törənən-ölümdən sonrakı xəsarətlər aşkar olunmadı. 4.İlkin zərbə döş qəfəsinin və qarnın sol yarısına, sol bazu dirsək nahiyyəsinə olmuşdur. 5.Meyitdə sürümə izləri aşkar edilmədi. 6.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlu xəsarətləri aldıqdan sonra hər hansı bir aktiv hərəkətlər (yerini dəyişmək, danışmaq) iqtidarında olmamışdır. 7.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunda sağlığında görmə, eşitmə orqanlarının hər hansı bir xəstəliyi olması haqqında sənəd təqdim olunmadığından xəstəliyini təyin etmək mümkün olmadı. 8.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunun bədəni üzərində nəqliyyat travması ilə əlaqədar olmayan xəsarətlər aşkar edilmədi. 9.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunun ölümünə səbəb sol ağ ciyərin və dalağın cırılması, qabırğaların sınığı nəticəsində baş vermiş daxili qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 10.Mərhum Zərərçəkmiş şəxs Heydər oğlunun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. 11. Mərhum Zərərçəkmiş şəxs Heydər oğlu hadisə baş verərkən nəqliyyat vasitəsinin salonunda harada və hansı vəziyyətdə olması məhkəmə tibbi kriminalistlərin iştirakı ilə kompleks ekspertizanın keçirilməsi yolu ilə həll edilə bilər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/1377 saylı 14 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz 0303” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkasının Qanunun 51-ci maddəsinin 2-ci hissəsinin və 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə rayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Nəbiyev avtobusu hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda, yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” X1 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz A160 markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Heydər oğlunun hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 15 avqust 2020-ci il tarixli, 4639 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (15.08.2020-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarında olan AZ-İV seryalı 411236 nömrəli, 12 may 2011-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-29.12.2010-ci il təvvəllüdlü X3 vardır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı “ASAN Xidmət” Mərkəzinin nümayəndəliyi tərəfindən verilmiş 05.01.2021-ci il tarixli elektron arayışdan görünür ki, Dövlət ittihamçısı Attuxan oğlu həqiqətən 17.01.2015- 03.07.2016, 24.10.2019-21.01.202, 21.09.2020-31.12.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının surətindən görünür ki, Dövlət ittihamçısı Attuxan oğlu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 13.05.2019-cu il tarixdən 13.05.2029-cu il tarixədək qüvvədə olan AC249718 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. AC seriyalı 871158 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz 0303” avtobus markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1dur. Bakı şəhəri 48 saylı notariat ofisinin notariusu X4 tərəfindən 06.05.2020-ci il tarixdə təsdiq edilmiş ƏN-V seriyalı 244938 №li “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, Şahid1 “Mersedes Benz 0303” avtobus markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 13.05.2029-cu ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilməyərək, baş vermiş yol nəqliyyat hadisəsində təqsirinin olmaması barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşımaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil Müdafiəçi1 6 (altı) saat iştirak etmişdir. Ona görə də 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli (iş № 1(060)-499/2020) qərarını icra edərək, 28 oktyabr 2020-ci il tarixli 1136 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-72/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-72/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver