Məhkəmə qərarları › İş №1(060)-72/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-72/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-72/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 05 (beş) ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,049 qram və 0,188 qram olmaqla, ümumi çəkisi 0,237 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 04.00 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Səda store” supermarketin qarşısında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 (iki) ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,049 qram və 0,188 qram olmaqla, ümumi çəkisi 0,237 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci mikrorayon, nömrəsiz fərdi evdə yaşayır. 2005-ci ildən narkotik alüdəçisidir, narkotik vasitə olan kakos adlanan heroindən bir neçə gündən bir iynə vurmaqla daxilə qəbul edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitə alır. Sonuncu dəfə şəxsi istifadəsi üçün iki gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yanında olan zaman tanımadığı şəxsdən 02 (iki) bükümdə narkotik vasitə olan heroin alaraq, hər 02 (iki) bükümə birlikdə 20 (iyirmi) manat pul vermiş, həmin bükümləri özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Səda store” supermarketin qarşısında küçədə piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özünü Sumqayıt ŞPİ-nin Post Patrul Xidməti Taburunun əməkdaşları olduqlarını bildirərək ondan üzərində hər hansı qanunsuz əşya olub olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Bölmənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 02 (iki) ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Hər 02 (iki) kütlə üzərində olan büküm ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, sonra isə bir ədəd zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində 9177 çağırışla avtopatrulda polis əməkdaşı Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisi, İsmət Qayıbov küçəsində xidmət aparırmışlar. Xidmət apardıqları ərazidə oğurluq hadisələrinin, narkotik geniş şəkildə yayıldığından diqqətlə ətrafa nəzər yetirirmişlər. Bu zaman 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Səda Store” supermarketin qarşısında küçədə bir nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər, həmin şəxsin gecə vaxtı küçədə olması, zahiri görünüşündən narkotikdən istifadə edən şəxsə oxşaması onlarda şübhə doğurduğundan ona yaxınlaşmaq qərarına gəlmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və gecə vaxtı küçədə nə etdiyini, zahiri görünüşdən narkotikdən istifadə edən şəxsə bənzədiyini bildirərək üzərində narkotik vasitə və yaxud hər hansı qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin şəxs üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirmədən saxlayaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, üzərində narkotik vasitə olduğunu deyən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə bölməyə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına və 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş bükümləri təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, hər 02 (iki) bükümün içində narkotik vasitə olan heroin vardır. Siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə, eləcə də ağ kağıza bükülmüş 01 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri bir gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yanından tanımadığı bir şəxsdən 20 (iyirmi) manata aldığını və üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş, həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyün polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən “Səda Store” supermarketin qarşısında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş, bölmədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin PPXTnin 2-ci bölüyün polis nəfərləri və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin 1-ci PBnin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü kağızına və 01 (bir) ədəd ağ kağıza bükülmüş bükümləri təqdim etdi. Sorğu zamanı bildirdi ki, hər iki bükümün içində narkotik vasitə olan heroin vardır. Siqaretin gümüşü kağızına bükülmüş 01 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə, eləcə də ağ kağıza bükülmüş 01 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə aşkar olundu. Sorğu zamanı aşkar olunmuş bükümləri bir gün əvvəl Bakı şəhəri, 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlələr ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkildi. Siqaretin gümüşü kağızına bükülmüş bükümdəki kütlənin çəkisinin 0,17 qram olması müəyyən olunaraq, ağ kağıza bükülmüş bükümdəki kütlənin çəkisinin 0,48 qram olması müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alındı. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırıldı və möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3491 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.... ” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,049 qram və 0,188 qram olmaqla, ümumi çəkisi 0,237 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 0,237 qram, tədqiqata sərf edilən miqdar - 0,04 qram, qalıq - 0,197 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3749 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,237 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,197 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-17714-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-754/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 17/40-8 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən verilmiş 10 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar cəzası 05 (beş) ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,237 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,197 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 88,00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,197 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88,00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar