Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-720/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 02.06.2021-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Dram Teatrın yanında tanışı Zərərçəkmiş şəxs dayısı Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsində işləyən Sərviz Süleymanovla görüşdürməməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi dəmir alətlə burnunun yuxarı hissəsindən və təpiklə ayağından bir dəfə vuraraq, burun sümüyünün açıq yerdəyişən sınığı, burun yarasından ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə deyil, CMnin 127.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs 10 ildən çoxdur ki, tanıyır, Vələddin Sumqayıt Bələdiyyəsində sürücü işləyir. Onun Vələddin ilə aralarında uzun müddətdir ki, davam edən torpaq mübahisəsi var, bununla bağlı olaraq hazırda da Sumqayıt şəhər məhkəməsində məhkəmə prosesləri davam edir. Əvvəllər də aralarında xırda mübahisələr olsa da hüquq mühafizə orqanlarına müraciət etməmişdir. 02.06.2021-ci il tarixdə saat 15 radələrində o istifadəsində olan mobil telefon nömrəsindən Vələddlinə zəng etmək istəmiş və zəng etməkdə də məqsədi ona məxsus olan torpaq sahəsi ilə bağlı məsələni dayısı Sərvizlə söhbətləşib sülh yolu ilə yekunlaşmasına kömək etməyi olmuşdur. Lakin Vələddin onun nömrəsini tanıdığı üçün telefonu götürməmişdir. O da Anar adlı dostunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Vələddinə zəng etmiş, Vələddin telefonu qaldırmışdır. Onun dayısı ilə münasibətləri soyuq olduğundan və Vələddin dayısının sürücüsü olduğundan Vələddinə demişdir ki, dayısı Sərvizə desin ki, torpaqla bağlı məsələni barışıqla həll etsin. Vələddin isə ona gedib işi ilə məşğul olmasını deyib onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, o da cavabında telefonda Vələddini söymüşdür. Sonra Vələddin telefonu söndürmüş və telefona cavab verməmişdir. Həmin vaxt Anar ondan bir az aralıda olduğundan Anar onun kiminlə danışdığını bilməmişdir. Anar taksi sürücüsü olduğundan öz işinin dalınca getmişdir. O, Vələddinlə danışarkən Bələdiyyənin yaxınlığındakı parkın içində olmuş, oradan piyada Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəlləyə tərəf tək gəlmişdir. O, Sumqayıt Bələdiyyəsi ilə üzbə-üz piyada yolu ilə Sumqayıt şəhər polis idarəsinə tərəf gələrkən arxasından kimsə çiyninə əl ilə vurmuş, o çevrildikdə görmüşdür ki, Vələddindir. Həmin vaxt Vələddin ona demişdir ki, “burada nə gəzirsən, rədd ol, buradan keçə bilməzsən”. O da onu əli ilə itələmişdir ki, çəkilsin qabağından, bu vaxt onlar tutaşmışlar, bir birlərinə yumruq atmışlar. Vələddin gözlənilmədən kəllə ilə onun alnından vurub yolu keçərək Bələdiyyənin qarşısına qaçmışdır. O da Vələddinin arxasınca həmin tərəfə keçsə də Vələddinin burnunu tutub Bələdiyyənin inzibati binasına daxil olduğunu görmüşdür. O Vələddinin arxasınca getməmiş və oradan uzaqlaşıb çıxıb getmişdir. Həmin vaxt alnından, sağ qolundan xəsarət almış, dişi qırılmış, dişindən qan gəlmişdir. O, hadisədən sonra Sumqayıt şəhər M.Hüseynzadə adına şəhər stadionunun qarşısından Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirir ki, əvvəlcə öz nömrəsindən ona həmin vaxt zəng etmiş, Vələddin onun nömrəsini tanıdığından telefonu qaldırmamışdır. Bu səbəbdən o Vələddinə Anarın nömrəsindən zəng etmişdir. O Vələddindən sadəcə olaraq istəmişdir ki, Vələddin onu dayısı Sərvizlə görüşdürsün ki, məhkəmədə olan torpaq məsələsi bağlansın. Vələddin də onları görüşdürmək əvəzinə «dayı sənindir get onunla özün görüş, mən kiməm sizi görüşdürüm» sözünü demiş və nalayiq ifadələrlə onu söyüb təhqir etmişdir. O, içkili olmamış və Vələddini Bələdiyyə ilə üzbə-üz Sumqayıt şəhəri 6-cı məhəllə ərazisində yerləşən parka dəvət etməmişdir. Taksi sürücüsü Anar olmuş, onun mobil telefon nömrəsi 070-326 ilə başlayan olmamış, ***-***- **-** mobil telefon nömrə olmuşdur. Həmin günün səhərisi, yəni 03.06.2021-ci il tarixdə o Anarla görüşəndə sonuncu ona demişdir ki, Vələddin adlı şəxs ona zəng edib «sən kimsən» sözünü demiş, Anar da ona demişdir ki, taksi sürücüsüdür. Vələddin ona həmin mobil nömrənin kimə məxsus olduğunu soruşmuş, Anar da ona demişdir ki, nömrə onun özünündür, Vüsal həmin nömrədən ona zəng edibdir. Anar da demişdir ki, onu o işə qatmasın. Onunla Vələddin arasında yaranmış mübahisə zamanı onlar bir-birlərini qarşılıqlı olaraq əl və ayaq zərbələri ilə vurmuşlar. Lakin mübahisə zamanı onun üzərində nə bıçaq, nə beşbarmaq, nə də ki, hər hansı bir alət və ya əşya olmamışdır. Onların arasında yaranmış mübahisə zamanı həmin ərazidə Vələddinlə ondan başqa heç kim olmamış və onların mübahsəsinin birbaşa şahid olan olmamış, həmin mübahisə vaxt onun tərəfindən xuliqanlıq hərəkətlərinə yol verilməmiş, yəni Vələddinlə mübahisə etdiyi zaman ictimai qaydanı kobud surətdə pozmamış, cəmiyyətə hörmətsizlik etməmiş və belə bir niyyəti də olmamışdır. Mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində, yəni aralarında olan torpaq mübahisəsi ilə bağlı yaranmış, bütün hadisə cəmi 1-2 dəqiqə ərzində baş vermiş, kənar şəxslər hadisəyə müdaxilə etməmiş, səs-küy yaranmamışdır. Hazırda isə törətdiyi əməldən səmimi peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2019-cu ildən hal-hazıradək Sumqayıt Bələdiyyəsində sürücü işləyir. Təqsirləndirilən şəxs təxminən 10 ildir ki, tanıyır. Vüsal onun işlədiyi Bədəliyyənin sədri Sərviz Süleymanovun bacısı oğludur. Onun Vüsal ilə aralarında uzun müddətdir ki, davam edən torpaq mübahisəsi var, bununla bağlı olaraq hazırda da Sumqayıt şəhər məhkəməsində məhkəmə prosesləri davam edir. Dəfələrlə Vüsalla aralarında bununla əlaqədar münaqişələr yaranmış və bununla əlaqədar polisə müraciət etmişdir. 02.06.2021-ci il tarixdə saat 18:12-də Vüsal ona tanımadığı nömrədən zəng vuraraq niyə dayısı ilə onu görüşdürmədiyini demiş, o da «dayı sənindir get onunla özün görüş, mən kiməm sizi görüşdürüm» sözünü demişdir. Uzun müddətdir ki, Vüsalla dayısı Sərvizin araları soyuqdur, münasibətləri yoxdur. Həmin vaxt Vüsal onu telefonda nalayiq küçə söyüşləri ilə söymüş, o da cavabında Vüsalı söymüşdür. O Vüsalın danışığından onun içkili olduğunu başa düşmüşdür. Vüsal söhbət zamanı onun harada olduğunu soruşmuş, o da Vüsala işdə olduğunu, Sumqayıt Bələdiyyəsinin inzibati binasının qarşısında olduğunu demişdir. Vüsal ona demişdir ki, gəlsin Sumqayıt şəhəri 6cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Dram teatrın yanına, orada görüşsünlər. O Vüsala etiraz edib demişdir ki, iş vaxtıdır rəhbərliyi evinə düşürdüb gələcək və telefonu bağlamışdır. Təxminən 2 dəqiqə sonra ona başqa 070-326 ilə başlayan xatırlamadığı nömrədən zəng gəlmiş, o telefonu götürüb danışanda, tanımadığı şəxs ona bildirmişdir ki, o taksi sürücüsüdür, Vüsalı «Zeytun» kafesinə gətirmiş, orada yeyib içibdir, hazırda sərxoşdur, ehtiyyatlı olsun. O da telefonu bağlamışdır. Həmin vaxt o Bələdiyyənin inzibati binasının qarşısında olmuşdur. Saat 18:30 radələrində arxadan onun sol qolundan kimsə tutmuş, o arxaya çevriləndə görmüşdür ki, Vüsaldır. Vüsal ona demişdir ki, yolu Dram teatrın parkına tərəf keçsinlər orada ona başa salsın. Vüsal torpağın ona məxsus olduğunu və torpaqdan əl çəkməsini deyib mübahisə etməyə başlamışdır. O da Vüsalla razılaşaraq yolu keçmiş, yolu keçərkən Vüsala onu təhqir etdiyini, onun nə günahı olduğunu, dayısının mobil telefon nömrəsini və yaşadığı yeri bildiyi halda gedib onunla özünün görüşməsini, onu və ailəsini niyə təhqir etdiyini demişdir. Həmin vaxt Vüsal onu söyüb təhqir etmiş və yaxasından tutmuşdur. O Vüsalı özündən kənara itələmiş və onunla tutaşmışdırlar. Onlar yerə yıxılmışlar. Lakin sonradan o Vüsalın boynunu buraxıb ayağa qalxmışdır. Vüsal da üstünü təmizləyərək ayağa qalxmağa çalışmışdır. Həmin vaxt Vüsal tullanaraq "nə iləsə" burnunun yuxarı hissəsinə bir dəfə möhkəm vurmuş, o arxaya gedib yerə oturmuş, Vüsal ona yaxınlaşıb bir dəfə də təpiklə ayağının sağ tərəfinə vurmuşdur. O, görmüşdür ki, burnunun yuxarı hissəsindən qan gəlir. Tez ayağa qalxıb yolu Bələdiyyənin inzibati binasına tərəf keçmişdir. Həmin vaxt Vüsal arxasınca yolu keçib onu söyüb təhqir etməyə başlamışdır. Bu zaman Bələdiyyədə mühafizəçi işləyən Hamlet də bunu görüb ona tərəf gəlmişdir. Həmin vaxt Vüsal ona yaxınlaşmayıb getmişdir. Daha sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə onu Sumqayıt şəhər TTYX-na gətirmişlər. Hadisə 02.06.2021-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhər Dram Teatrın parkında baş vermiş, hadisə 2-3 dəqiqə davam etmişdir. Hadisəyə kənar şəxslər toplaşmamış, kimsə müdaxilə etməmiş və səs küy yaranmamışdır. Hamlet Vüsalın onun burnuna təyinatını dəqiq bilmədiyi "nə iləsə", yəqin ki, dəmir alətlə vurduğunu da görmüşdür. Hadisə vaxtı Vüsal onu dəmir küt alətlə burnunun yuxarı hissəsindən bir dəfə möhkəm, daha sonra sağ ayağından 2 dəfə vurmuşdur. Bundan başqa Vüsal onu vurmamış, döyməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə notarial təsdiq edilmiş ərizə göndərmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid1, Elmir və Rəfaeli xeyli müddətdir tanıyır, onlarla dostluq münasibətləri var. Şahid5 isə Elmirin qohumu kimi tanımışdır, onunla münasibəti olmamışdır. 02.06.2021-ci il tarixdə saat 14 radələrində o Vüsal, Elmir və Anarla birlikdə Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəllədə yerləşən «Zeytun» kafesində görüşüb həyətində əyləşib yemək yeyib, çay içmişlər. Saat 15 radələrində onlar kafedə olarkən Vusal Anara demişdir ki, bir nömrə deyəcək yığsın, Anar da onun dediyi nömrəni yığıb telefonu Vüsala vermişdir. Vüsal Anarın mobil telefonunu götürüb kənara çəkilib kiməsə zəng edib danışdıqdan sonra yenidən yanlarına qayıdıb demişdir ki, bir yer var ora dəyib gəlir. O çıxıb getmişdir. Onlar isə təxminən bir neçə saat orada əyləşmişlər. Həmin gün saat 20 radələrində onlar kafedən durub gedərkən, Vüsal ona zəng edib harada olduğunu demiş, o da kafedən indi durduqlarını demişdir. Vüsal ona Sumqayıt şəhəri, «Bahar» şadlıq sarayının yanına gəlmələrini demişdir. O və Elmir Anarın maşını ilə gedib Vüsalla görüşmüşlər. O Vüsaldan kafedə oturarkən hara getdiyini soruşmuş, Vüsal da ona demişdir ki, Vəliəddin adlı şəxslə aralarında torpağa görə mübahisə yaranmışdır, onunla görüşməyə getmişdir. O Vüsaldan nə baş verdiyini soruşmuş, Vüsal da ona demişdir ki, heç nə, aralarında əvvəldən torpaq mübahisəsi vardır və buna görə növbəti dəfə mübahisələri olmuş və görüşüb tutaşmışlar, bir-birlərini vurmuşlar. O Vüsalın alnında zədə izi görmüşdür. Təxminən 15 dəqiqə sonra Samiq Rəfaellə birlikdə sonuncunun maşınında yanlarına gəlmişdir. Həmin vaxt Samiq onların yanında Vüsaldan nə baş verdiyini soruşmuş, Vüsal da yenə də torpaq mübahisəsinə görə Vələddin adlı şəxslə dalaşdığını demişdir. Vüsal da gedib çay içmələrini demişdir. Daha sonra Rəfael onların yanından çıxıb getmişdir. Onlar birlikdə Anarın maşınına əyləşib Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən «Kəkliotu» çay evinə getmişlər, orada bir masa arxasında əyləşib çay içmişlər. Həmin vaxt Samiq bir daha bu söhbətə qayıdaraq ona, Elmirə, Anara öz iradını bildirib demişdir ki, Vüsalı hadisə vaxtı gərək tək buraxmayaydılar, onun yanında olardılar ki, Vüsal gedib Vəli ilə dalaşmasın. Onlar da Vüsalın hara getdiyini onlara demədiyini bildirmişlər. O saat 22 radələrində çay evindən durub evə getmiş, onlar isə hələ çay evində əyləşmişlər. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, Şahid1, Fuad və Rəfaellə yaxın dostluq münasibətləri var. Şahid5 onun əmisi oğludur. 02.06.2021-ci il tarixdə saat 14 radələrində o Vüsal, Fuad və Anarla birlikdə Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəllədə yerləşən «Zeytun» kafedə görüşüb onun həyətində əyləşib çay içmişlər. Saat 15 radələrində Vusal Anarın mobil telefon nömrəsini götürüb kənara çəkilib kiməsə zəng edib danışdıqdan sonra yenidən yanlarına qayıdıb demişdir ki, gedib Sumqayıt şəhəri 26-cı məhəlləyə dəyib gəlir. Vüsal əvvəl Sumqayıt şəhəri 26-cı məhəllədə yaşayıbdır. Təxminən bir neçə saat sonra onlar da durub getmişlər. Həmin gün axşam saat 20 radələrində o Vüsal, Anar və Fuadla birlikdə Sumqayıt şəhəri 3-cü PB-nin yaxınlığında «Bahar» şadlıq sarayının yanında görüşmüşlər. Həmin vaxt o Vüsalın başında partlaq izini görüb nə baş verdiyini soruşduqda, Vüsal ona demişdir ki, bir neçə saat əvvəl «Zeytun» kafesində olarkən onlardan ayrılıb gedib Vələddin adlı şəxslə qarşılıqlı olaraq dalaşəblar. O səbəbi barədə soruşduqda Vüsal ona demişdir ki, həmin şəxslə aralarında torpaq mübahisəsi var və bununla bağlı onunla telefonda danışanda o, bir-birlərini söydüyü üçün Vələddin adlı şəxs onu görüşə dəvət etmiş və Vüsal da gedib onunla görüşüb dalaşmışdır. Bir neçə dəqiqə sonra, saat 20:15 radələrində yanlarına Samiq və Rəfael gəlmişlər. Vüsal onların maşınından düşüb Rəfaelin maşınına əyləşmişdir. Daha sonra onlar oradan çıxıb ayrı-ayrı maşınlarda birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən «Kəkliotu» çay evinə getmişlər. O Anarla birlikdə çay evində oturmamış, gedib Sumqayıt şəhəri M.Hüseynzadə stadionuna futbola gedən oğlunu oradan götürmüşdür. Məhkəmədə Şahid5 ifadəsində göstərdi ki, o «Toyota Carolla» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürməklə taksi xidməti göstərir. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır, lazım olanda onların ailəsinə taksi xidməti göstərir. Şahid1 və Rəfaeli Təqsirləndirilən şəxs görə tanıyıb. Şahid2 isə onun əmisi oğludur. 02.06.2021-ci il tarixdə saat 14 radələrində o Vüsalla birlikdə idarə etdiyi avtomobillə Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəllədə yerləşən «Zeytun» kafeyə gəlib orada Fuad, Elmirlə görüşüb kafenin həyətində əyləşib yemək yeyib, çay içmişlər. Saat 15 radələrində onlar kafedə olarkən Vusal ona bir nömrə yığmasını dediyi üçün o onun dediyi xatırlamadığı nömrəni yığıb telefonu ona vermişdir. Vüsal onun mobil telefonunu götürüb kənara çəkilib kiməsə zəng edib danışdıqdan sonra yenidən yanına qayıdıb demişdir ki, gedib bir yer var ora dəyib gəlir. Onlar isə təxminən bir neçə saat kafedə əyləşmişlər. Təxminən 5 dəqiqə sonra ona tanımadığı nömrədən zəng gəlmiş və o telefonu qaldırmışdır. Həmin şəxs ondan Vüsalı soruşmuş, o da ona «Vüsal deyil, bir az əvvəl Vüsal yanımda idi, mənim nömrəmdən kiməsə yığmışdı» sözünü demişdir. O həmin şəxsə Vüsalın getdiyini demişdir. Həmin şəxs isə ona yalan deməyini, Vüsalın onun yanında olduğunu demişdir. O da ona taksi sürücüsü olduğunu, onu bir daha narahat etməməsini, Vüsalın öz nömrəsinə zəng etməsini demişdir. Daha sonra o işinin arxasınca getmiş, axşam saat 19 radələrində o yenidən uşaqların yanına qayıtmış, lakin həmin vaxt Vüsal ora gəlməmişdir. Saat 20 radələrində onlar kafedən durub gedərkən, Vüsal Fuada zəng edib harada olduğunu soruşmuş, o da indii kafedən durduqlarını demişdir. Vüsal Fuada Sumqayıt şəhəri, «Bahar» şadlıq sarayının yanına gəlmələrini dediyi üçün, Fuad və Elmir onun maşınına minərək ora getmişlər və orada Vüsalla görüşmüşlər. X3 kafedə oturarkən hara getdiyini soruşmuş, Vüsal da ona demişdir ki, Vələddin adlı şəxslə aralarında mübahisə yaranmış, onunla görüşməyə getmişdir. Fuad ondan nə baş verdiyini soruşmuş, Vüsal da ona «heç nə yüngülvari bir şey oldu aramızda, görüşüb tutaşdıq, birbirimizi vurduq, boş şeydir» sözünü demişdir. O Vüsalın alnında zədə izini də görmüşdür. Təxminən 15 dəqiqə sonra Samiq Rəfaellə birlikdə sonuncunun maşınında yanlarına gəlmiş və onlar görüşmüşlər. Həmin vaxt Samiq onların yanında Vüsaldan nə baş verdiyini soruşmuş, Vüsal da ona danışmışdır ki, Vəli ilə dalaşıblar, boş şeydir. Vəllədin adlı şəxslə bir neçə ildir ki, aralarında torpaq mübahisəsi vardır. Samiq Vüsalın alnında qızartı olduğunu görüb bu nədir dedikdə, Vüsal yenə də ona “boş şeydir, yüngülvari tutaşmışıq” sözünü demişdir. Sonra isə Vüsal onlara gedib çay içmələrini təklif etmişdir. Daha sonra Rəfael onların yanından çıxıb getmiş, onlar hamısı onun maşınına əyləşib Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən «Kəkliotu» çay evinə getmişlər, orada bir masa arxasında əyləşib çay içmişlər. Həmin vaxt Samiq bir daha bu söhbətə qayıdaraq ona, Elmirə, Fuada öz iradını bildirib demişdir ki, Vüsalı hadisə vaxtı gərək tək buraxmayaydılar, onun yanında olardılar ki, Vüsal gedib Vəli ilə dalaşmasın. Onlar da demişlər ki, Vüsal onlara hara getdiyini deməmişdir. O saat 22:30 radələrində çay evindən durub evə getmiş, onlar isə hələ çay evində əyləşmişlər. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, onun 070-lə deyil 050 ilə olan 326 ilə başlayan hazırda xatıralmadığı nömrəsi olmuş, Vüsal özü onun telefonu ilə onunla danışdıqdan sonra çıxıb getmiş, kiminlə danışdığını və hara getdiyini deməmişdir. Vüsal yanından aralaşdıqdan sonra həmin şəxs özü onu yığaraq Vüsalı soruşmuş, o da ona demişdir ki, Vüsal yanından çıxıb getmişdir, bir daha onu narahat etməsin, o sürücüdür, onun nömrəsini bilir özünə zəng etsin. Başqa aralarında söhbət olmamışdır. O özü Vələddinə zəng etməmişdir. Həmin vaxt da Vüsal sərxoş olmamışdır. Onlar kafedə çörək yeyib, çay içmişlər, orada spirtli içki qəbul etməmişlər. Vüsalı da evdən götürüb kafeyə gətirərkən onun üzərində hər hansı bir dəmir alət və yaxud əşya görməmişdir. Məhkəmədə Şahid6 ifadəsində göstərdi ki, 01.11.2019-cü ildən hal-hazıradək Sumqayıt Bələdiyyəsində mühafizəçi işləyir. Vələddin də həmin Bələdiyyədə sürücü işləyir. Təqsirləndirilən şəxs da tanıyır, o Bələdiyyənin sədri Sərviz Süleymanovun qohumudur. 02.06.2021-ci il tarixdə saat 18:30 radələrində iş yeriyin qarşısında olan zaman Vələddinin burnu qanamış vəziyyətdə Bələdiyyənin binasına tərəf gəldiyini görmüşdür. Vüsal da sonuncunun arxasınca gəlmişdir. Vüsalın yanında başqa şəxs görməmişdir. O, Vələddini ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışdır. Hadisə vaxtı Vələddinin Vüsalı vurduğunu görməmişdir. Hadisə vaxtı orada ondan Vüsladan və Vələddindən başqa heç kimi olmamış, səs küy olmamış, kənar şəxslər hadisə yerinə gəlməmiş və əvvəl baş vermiş dalaşmaya da şahid olmamışdır. O, həmin vaxt Vüsalın əlində hər hansı bir əşya və ya dəmir metal görməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizası və pataloji anatomiya elmi-təcrübi tədris birliyinin 03.06.2021-ci il tarixli 618 rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qeyd olunan xəsarətlər küt əyşa təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 02.06.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1996-cı il 27 dekabr tarixli 4N-li qərarının 8-ci bəndində göstərilir ki, məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə, müttəhimin məhkəməyə yol verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №li qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırki işin faktiki hallarından və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusundan görünür ki, 02.06.2021-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Dram Teatrın yanında xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamış, hadisənin baş verməsinə səbəb olan hala düzgün qiymət verilməmiş, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi dəmir alətlə xəsarət yetirməsi göstərilsə də, xuliqanlıq cinayətinin qanunda əksini tapmış əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla da təqsirləndirilən şəxsə verilmiş ittiham işin konkret hallarına deyil, daha çox ehtimallara əsaslanmışdır. Əksinə olaraq məhkəmədə sübutlarla təsdiq olundu ki, həmin tarixdə hadisənin baş vermə anında kənar şəxslər olmamış, mübahisə vaxtı ictimai qayda pozulmamış, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmiş, həmçinin bu hadisə sonradan ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmiş və təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi dəmir alətlə zərərçəkmiş şəxsə xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Həmçinin, işin faktiki hallarından da görünür ki, tərəflər arasında 02.06.2021-ci ildə baş vermiş dalaşmaya səbəb onlar arasında olan torpaq mübahisəsidir və buna görə də əvvəllər də tərəflər mübahisə etmiş və qeyd edilən torpaq mübahisəsi 3 ildir ki, davam etməkdə olub mülki mühakimə icraatında mübahisələndirilmişdir. Həmçinin, tərəflər arasında baş vermiş dalaşma qısa müddətli olmuş, səs-küy yaranmamış, kənar şəxslər dalaşma baş verən yerə toplanmamış, həm də təqsirləndirilən şəxsin qəsdi cəmiyyətə və ya ictimai qaydaya deyil, zərərçəkmiş şəxsə yönəlmiş və tərəflər arasında qarşılıqlı olaraq dalaşma baş vermiş, dalaşma baş verməmişdən əvvəl də hər iki şəxs telefonla danışan zaman bir birinə qarşı təhqiramiz ifadələr işlətməklə mübahisə etmişdir. Bundan başqa iş materiallarından və məhkəmə baxışında toplanmış materiallardan görünür ki, təqsirləndirilən şəxsin əlində hər hansı bir əşya olmamış, sonuncu da həmin halı təsdiq etmiş, zərərçəkmiş şəxs belə əşyanı dəqiq görüb görmədiyini izah edə biləmiş və ehtimallar əsasında təqsirləndirilən şəxsin əlində hansısa bir metal əşyanın olmasını gördüyünü demişdir. Həmin xüsusatı zərərçəkmiş şəxsin ehtimallarından başqa təsdiq edən heç bir sübut nə ibtidai, nə də ki, məhkəmə istintaqında aşkar edilməmişdir. “B.Yusifovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17.02.2006-cı il tarixli qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə, təşkilatın normal fəaliyyətini, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericilikdə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında şərh edilmişdir ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20.05.2011-ci il tarixli qərarında bir daha vurğulanmışdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq və məhkəmədə tədqiq edilmiş sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aid edilən xəsarəti yetirməsi tam sübuta yetirilmiş, lakin bu zaman onun tərəfindən hər hansı ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, hadisənin baş verdiyi ərazidə cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması kimi hallarına yol verilməsi, yəni onun tərəfindən xuliqanlıq cinayətinin törədilməsi sübuta yetirilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, 02.06.2021-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri 6-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər Dram Teatrın yanında tanışı Zərərçəkmiş şəxs ilə əvvəllər də aralarında olan torpaq mübahisəsinə görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir yumruq zərbəsi ilə sonuncunun burnunun yuxarı hissəsindən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs burun sümüyünün açıq yerdəyişən sınığı, burun yarasından ibarət xəsarətlər yetirməklə dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla xəsarət yetirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1.-ci maddəsinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş “qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurma” cinayəti Təqsirləndirilən şəxs təqsirləndirildiyi “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” cinayətindən cəzasının növünə və həddinə görə daha yüngül cinayət hesab edildiyi üçün, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1.ci maddəsinin tətbiqini mümkün hesab edir. Məhkəməyə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bildiyini və Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt “Asan Xidmət” mərkəzinin Məhkumluq barədə arayışların verilməsi üzrə Xidməti tərəfindən 08.10.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olumamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 11.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsüf edilib həmin maddə ilə cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-720/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-720/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver