Məhkəmə qərarları › İş №1(060)-720/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-720/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-720/2022 14.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt RegionalVəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı il tarixdə Şuşa şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Saray bağları ərazisində olan zaman özgənin əmlakını talama məqsədi ilə “Tap.Az” saytına daxil olub orada telefon satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs zəng vuraraq həmin telefonu almaq istədiyini və beh göndərəcəyini deyərək onun “Azərbaycan Beynəlxalq Bank”ına aid olan 4127 2044 4401 7444 nömrəli plastik kartının fərdi məlumatlar olan hissəsinin fotoşəklini və həmin kartın qeydiyyatdan keçdiyi mobil nömrəsini sonuncudan aldıqdan sonra öz mobil telefonunda “ABB" mobil tətbiqi ilə qeydiyyatdan keçərək Zərərçəkmiş şəxs məxsus kartın hesabında olan 2700 (iki min yeddi yüz) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə əvvəldən özünün açdığı “Azərbaycan Beynəlxalq Bank”da olan hesabına köçürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin dekabr ayında maddi vəziyyəti yaxşı olmamış və pula ehtiyacı olmuşdur. Buna görə də, asan yolla qazanc əldə etmək qərarına gəlmişdir. Əvvəllər də kompyuter kursuna getdiyi üçün bu sahədən anlayışı olmuşdur. Elə buna görə də, satış səhifələri vasitəsilə kart hesab şifrələri ələ keçirib pul əldə etməyi qərarlaşdırmışdır. “Tap.Az” satış saytına daxil olmuş və orada yeni elanlara baxdığı zaman bir nəfər şəxsin telefon satması ilə bağlı elan yerləşdirdiyini görmüş və elanda yazılmış nömrəyə zəng etdikdə bir nəfər kişi cavab verərək İPhone 12 markalı telefon satdığını demişdir. Əvvəlcə telefon barədə ondan maraqlanmışdır. Şübhələnməsin deyə və bahalı telefon satdığına görə düşünmüşdür ki, onun kartında pul olar və buna görə də onunla telefon barədə şullar verdikdən sonra telefonu almaq istədiyini, başqa heç kimə satmamağını demişdir. Ona inanıb beh istəməsi üçün təkidlə telefonu almaq istədiyini bildirmişdir. Elə düşündüyü kimi də olmuş və həmin şəxs telefonu başqa istəyənlər də olduğunu deyib, beh istəmiş və rayonda olduğunu bir xanımın telefonu gəlib ondan götərəcəyini deyərək behi ona göndərməyi üçün kart hesabını istəmiş, həmin şəxs “VVhatsApp” vasitəsilə ona öz kartının iki üzünün də şəklini göndərmişdir. “ABB” proqramı vasitəsilə onun hesabına daxil olub və kodu ələ keçirdikdən sonra Bakı şəhəri, Səbail rayonu, “Dünya” marketin qarşısına yaxınlaşmış və orada yerləşən “Beynəlxalq Bank” bankomatından həmin kart hesabından 2700 (iki min yeddi yüz) manat pul çıxartmışdır. Sonradan həmin nömrədən ona zənglər gəlsə də, cavab verməmiş, əldə etdiyi pulları şəxsi tələbatları üçün xərcləmişdir. Özü tək bu əməli törətmiş, əvvəllər və ya sonradan da bu kimi əməllərə yol verməmişdir. O, verilmiş suala cavab olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə ona pul lazım olmuşdur. Saat 11:00 radələrində Sumqayıt şəhəri, Saray bağları ərazisində adını xatırlamadığı çay evində əyləşib tanışını gözlədiyi zaman pulu olmadığına görə elan saytlarından daha əvvəllər tanışından öyrəndiyi üsulla pul ələ keçirməyi fikirləşmişdir. “Tap.Az” elan saytına daxil olmuş, Roman adlı şəxslə “Tap.Az” saytından onun telefon satması ilə bağlı tanış olmuş və ona telefonu almaq üçün beh göndərmək istədiyini demişdir. Ona “Beynəlxalq Bank” kartı varsa atmasını bildirmiş və bu zaman həmin şəxs “Whatsapp” tətbiqi vasitəsilə ona “Beynəlxalq Bank” kartının şəklini atmış, ondan həmin kartla qeydiyyatdan keçdiyi mobil nömrəsini istədikdə o, karta bağlı olan mobil nömrəsini də ona yazmış, onun göndərdiyi kart şəklinin üzərində olan nömrələri öz telefonunda olan “ABB" mobil tətbiqi ilə qeydiyyatdan keçmiş və kartına daxil olduqda orada 2700 (iki min yeddi yüz) manat pul olduğunu görmüşdür. “X4” əməliyyatı ilə öz gizli hesabına köçürmək üçün həmin şəxsdən ona gedən “sms”də yazılmış beş rəqəmi öyrənib özünə gələn beş rəqəm ilə birləşdirib daxil etmiş və onun hesabından 2750 2700 (iki min yeddi yüz əlli) manat puldan 2700 (iki min yeddi yüz) manatını öz hesabına köçürmüş və həmin gün təxminən saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə dairəsi yaxınlığında olan “Dünya” marketdən “Beynəlxalq Bank” ATM-dən nağdlaşdırmışdır. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxsə dəyən maddi ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “TAP.AZ” internet saytına mobil telefon satışı ilə bağlı elan yerləşdirdiyini, həmin tarixdə yerləşdirmiş olduğu elan ilə bağlı 070 ***- **-** mobil nömrəsindən istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə 01 (bir) nəfər zəng edərək, elanda yerləşdirdiyi mobil telefonu almaq istədiyini bildirmişdir. Bundan sonra həmin telefona görə 170 (bir yüz yetmiş) manat pul göndərmək istədiyini demiş və buna görə ondan bank kartının şəklini istəmişdir. Buna görə də, özünə məxsus “Beynəlxalq Bank” kartının məlumatlarını həmin şəxsə vermiş, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi ərazisində olduğu zaman kartından hər dəfə 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 2700 (iki min yeddi yüz) manat pulunun çıxarıldığını görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs adlı qovluq açılır, həmin qovluğa daxil olduqda içərisində biri “Word” biri “Exel” olmaqla bir qovluğun üzərində isə “Bankomat 281” yazılmışdır. Qovluq açılaraq baxıldıqda orada “Foto” və “Chixarish” yazılmış qovluqlar vardır, “Foto” adlı qovluq açılaraq baxıldıqda orada 15 (on beş) ədəd şəkil olduğu görünür, həmin şəkillərdə bankomatdan pul çıxaran şəxsin zahiri görünüşündən Təqsirləndirilən şəxs olduğu, bundan başqa həmin diskə baxış keçirildiyi zaman iştirak edən şəxs Təqsirləndirilən şəxs özünün də bankomatdan pul çıxaran şəxsin özü olduğunu bildirir. Hər bir şəkilin üzərində xx.xx.2021ci il tarixdə çıxarılması qeyd edilir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 2036 nömrəli xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törədərkən oz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarı etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün axtarış elan edilmiş və tutulduğu andan Sumqayıt ŞPİ-nin MSY-ə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qobu park” MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəyən maddi ziyan ödənilmişdir. İş materiallarında olan 060475 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X2 İ Qarabağ müharibəsində iştirak etmiş və müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, səmimi etirafını, Təqsirləndirilən şəxs atası X1 İ Qarabağ müharibəsində iştirak etməsini və müharibə veteranı olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini, zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar