Məhkəmə qərarları › İş №1(060)-721/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-721/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-721/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri 3-cü məhəllə, ev 27/10-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 03.05.2021-ci il tarixdə saat 16:00 radələrində vət. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən icarə əsasında işlətdiyi “Black Street” geyim mağazasının arxa hissəsinə gələrək orada həmin mağazanın çöl tərəfində divara quraşdırılmış sonuncuya məxsus 01 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində “Bosch” markalı “B1ZMA48010” modelli kondisionerin mühərrik hissəsini sökərək gizli yolla talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində ilk olaraq göstərdi ki, heç bir yerdə işləmədiyindən maddi problemlərini həll etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 03.05.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində piyada gəzən zaman orada yerləşən “Black Street” adlı mağazasının arxasından keçərkən mağazanın çöl tərəfində kondisioner olduğunu görmüş və həmin kondisioneri oğurlamaq qərarına gəlmişdir. O, ətrafdan heç kimin onun əməlini görməyəcəyindən əmin olduqdan sonra həmin “Bosch” markalı kondisionerin mühərrik hissəsini sökərək oradan 1 ədəd kompressor, 1 ədəd radiator, 2 ədəd mühərrik və kondisionerin içərisinə quraşdırılmış elektirk naqillərini oğurlayıb oradan uzaqlaşmış, oğurladığı həmin əşyaları Sumqayıt şəhəri Y.Məmmədov küçəsində yerləşən metal qəbulu məntəqəsinə tanımadığı taksi ilə apararaq 28 manata satmış və əldə etdiyi həmin məbləğdə pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. 06.05.2021-ci il tarixdə yaşadığı evdə olduğu zaman Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları onu 4-cü bölməyə dəvət etmişlər, bölmədə onunla söhbət zamanı o, etdiyi əməli etiraf etmiş və oğurladığı əşyaları satdığı yeri polis əməkdaşlarına söyləmiş və evdə saxladığı oğurladığı kondisionerin pər hissəsini polis əməkdaşlarına təqdim etmişdir. Həmin kondiseoneri oğurlayarkən ona başqa şəxslər köməklik etməmiş, o, həmin cinayəti tək törətmiş, həmin kondiseoneri oğurlayarkən onu heç kəs görməmiş, görsə belə onun əməlini dərk etməmiş, oğurladığı kondiseonerin hissələrini metal qəbulu məntəqəsinə satan zaman oğurluq olması barədə məlumat verməmiş, özünə məxsus olduğunu söləmişdir. 14 dekabr 2021-ci ildə keçirilən məhkəmə iclasında isə Təqsirləndirilən şəxs yalnız kondisionerin mühərrikini oğurladığını, buna baxmayaraq özü usta olduğu üçün kondisioneri tam bərpa edəcəyini, zərərçəkmiş şəxsə dəyən ziyanı ödəyəcəyini bildirdi və göstərdi ki, etdiyi əmələ görə peşmandır, evlidir, üç uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin yalnız kondisionerin mühərrikini oğurlaması hissəsinə tənqidi yanaşaraq hesab edir ki, o dəymiş ziyanın məbləğini azaltmaq üçün belə ifadə verir. Çünki təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2012-ci ildən Sumqayıt şəhəri, Nərimanov küçəsi, 29-cu məhəllə ərazisində yerləşən “Black Street” geyim mağazasını icarə əsasında işlədir. Həmin mağazaya üç il bundan əvvəl 2 mühərrikli “Bosch” markalı kondisioneri 3000 (üç min) manata almışdır. 03.05.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində o iş yerindən kənarda olduğu zaman həmin mağazada işləyən Şahid1 ona zəng vuraraq kondisionerin hər iki matorunun oğurlandığını bildirmişdir. O, özü kənarda olduğu üçün Fərruxdan xahiş etmişdir ki, baş vermiş hadisə barədə polisə məlumat versin. Fərrux da bu barədə polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 (iki) manatdan artıq maddi ziyan dəymişdir, dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə verilən ittihamda ziyanın 800 manat göstərilməsi ilə razı deyildir, minimum 1500 manat ödənilməlidir. Kondisioner bərpa edilərsə və ya minimum 1500 manat ödənilərsə şikayətçi omayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2016-cı ildən Sumqayıt şəhəri, Nərimanov küçəsi, 29-cu məhəllə ərazisində yerləşən “Black Street” geyim mağazasında işləyir. 03.05.2021-ci il tarixdə təxminən saat 16:40 radələrində o, işdə olan zaman mağazanın arxa tərəfində yerləşən kondisionerin hər iki matorunun oğurlandığını aşkar etmiş, bu barədə mağazanın sahibi Zərərçəkmiş şəxs məlumat vermiş, eyni zamanda DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt şəhəri, Beton zavod ərazisində metal qəbulu ilə məşğul olur. 03.05.2021-ci il tarixdə Ramil adlı şəxs işlədiyi yerə gələrək kondisioner matoru olduğunu və satmaq istədiyini bildirmiş və ona şəxiyyət vəsiqəsini təqdim etmişdir. Ramildən onun gətirdiyi kondinsioner matorunu və 02 ədəd radiatoru ümumilikdə 28 manata almış, Ramil pulu ondan aldıqdan sonra oradan getmişdir. 06.05.2021-ci il tarixdə polis əməkdaşları işlədiyi yerə gələrək Ramildən aldığı əşyaların oğurluq olmasını bildirmiş, o da bu səbəbdən həmin əşyaları, yəni 01 ədəd kondinsioner motorunu və 02 ədəd radiatoru polis əməkdaşlarına təqdim etmişdir. Ramil qeyd olunan əşyaları ona satan zaman özünə məxsus olduğunu söyləmiş, onun həmin əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kondisionerin hissələri iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 95) İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 01.06.2021-ci il tarixli, 9/3108 saylı rəyindən görünür ki, 1 ədəd “Bosch” markalı, “B1ZMA48010” modelli kondisionerə məxsus ikili mühərrikin istifadədə olması nəzərə alınmaqla orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800 (səkkiz yüz) manat müəyyən olunur. (i.v.25-27) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən hökmün surətindən görünür ki, Şirinov X4 rayon Məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 3500 manat cərimə edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 03.05.2018-ci il qərarı ilə cərimə cəzası 01 il 06 ay islah işləri cəzası ilə əvəz edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 10.09.2021-ci il tarixli 3092 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs islah işləri cəzasını 30.01.2020-ci il tarixdə çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. (i.v.48-50) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, onun himayəsində 3 (üç) uşağı (24.08.2010-cu il təvəllüdülü X5, 12.03.2012-ci il təvəllüdlü X2 və 25.12.2020-ci il təvəllüdlü X3) var və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olması, etdiyi əmələ görə peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kondisionerin hissələri Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş materiallarından görünür ki, dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında fikir ayrılığı var, zərərçəkmiş şəxs dəymiş ziyanı tələb edir, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı şəhəri 3-cü məhəllə, ev 27/10 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış kondisionerin hissələri Zərərçəkmiş şəxs qaytarılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Əliyev X7 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar