Məhkəmə qərarları › İş №1(060)-721/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-721/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-721/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X6, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ailəli, ali təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9, mənzil 12-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan “polisin nəzarəti altına vermə'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs yaşadığı evə gəlməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun baş və sağ qol nahiyəsinə dabankeşlə vuraraq ona sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən, sümüküstü sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az ağır zərərvurmaya aid edilən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 10 ilə yaxındır ki, Zərərçəkmiş şəxs tanıyır və əvvəllər aralarında münasibətləri normal və yaxın olmuşdur. O, ailəli olduğundan artıq ailəsində Zərərçəkmiş şəxs ilə olan münasibətləri onun üçün problem yaratdığından bu münasibətləri bitirmək istəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zənglərinə cavab verməmiş və mobil nömrəsini dəyişmiş, lakin, Elnarə onu axtaraq narahat etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə olan zaman Elnarə onun yaşadığı evə gəlmişdir. O, həmin vaxt “Covid-19” virusuna yoluxduğu üçün evdə karantində olmuşdur. O, evin 2-ci mərtəbəsində Elnarənin səs-küy salaraq ailə üzvlərindən pul tələb etdiyini eşitmiş və buna görə yerindən qalxıb aşağı düşmüşdür. O, aşağı düşəndə Elnarənin qiyabi tanıdığı İlhamə adlı rəfiqəsinin də onun yanında olduğunu görmüşdür. Elnarəyə "əgər sənə pul borcluyamsa rəsmi olaraq müraciət et” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs səs-küy salmağa davam etmişdir. O Elnarəyə qapıdan çölə çıxmasını tələb etmiş və əli ilə onun sinəsindən itələyib qapıdan çölə çıxardıb qapını bağlamışdır. Həmin vaxt Elnarəyə xəsarət yetirməmiş və onu dabankeşlə vurmamışdır. Elnarə ilə aralarında söz-söhbət olsa da, lakin əlində dabankeş olmamış və onun baş və qol nahiyyələrinə vurub xəsarət yetirməmişdir. Evlərində dabankeşlər olsa da istifadə etməmişdir. Yalnız Elnarənin evdən çıxması üçün əli ilə sonuncunun yaxasından itələmiş, lakin Elnarə yerə yıxılmamışdır. Elnarə ona Ukraynada iş görmək üçün ümumilikdə borca 1700 manat pul vermiş və hal-hazırda imkanı olmadığı üçün həmin pulu qaytara bilməmişdir. Mübahisə vaxtı həmin yerdə anası Ruyel, atası Cəllad, arvadı Ülviyyə, İlhamə, Elnarə olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Qeyd edir ki, həyətlərində video müşahidə kamerası olmasına baxmayaraq, qeydə alınmış görüntülərin təqdim edilməsini işi istintaqını aparan müstəntiq ondan tələb etmədiyi üçün o da, təqdim ertməmişdir. Məhkəmə istintaqı dövründə onun qardaşı ölmüş, hazırda qardaşının övladları da daxil olmaqla hazırda himayəsində dörd uşaq var. Qeyd olunanların nəzərə alınmasını və barəsində bəraət hökmünü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Ramil ondan şəxsi işləri ilə əlaqədar Ukraynanın Odessa şəhərində iş qurması üçün 2017-ci il tarixdə 1200 manat və 1800 dollar məbləğində olmaqla borc pul almışdır. O, hər dəfə Ramildən borcunu qaytarmasını istədikdə Ramil müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Ramil tez-tez nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə dəqiq saatı xatırlamadığı vaxtda, borcunu istəmək məqsədilə İlhamə adlı rəfiqəsi ilə Ramilin yaşadığı Sumqayıt şəhəri, “Qurd Dərəsi’' bağlar massivində yerləşən bağ evinə getmişdir. O, həyət evinin qapısının zəngini vurmuş, qapını Ramilin anası və arvadı açmışdır. Onlara Ramilin ona pul borcu olduğunu və borcunu almaq üçün gəldiyini bildirmişdir. Anası ona Ramilin nə özünün, nə də həyat yoldaşının işləmədiyini, onların təqaüdü ilə dolandığını demişdir. O, həmçinin Ramilin arvadından Ramili də aşağı, yəni yanlarına çağırmasını xahiş etmişdir. X11 atası, arxasınca isə Ramil əlində dabankeşlə gələrək onun baş nahiyəsinə və sağ qol nahiyəsinə vurmuşdur. Ramil ona niyə bura gəldiyini, burda nə işi olduğunu demişdir. Həmçinin bir daha evinə gəlməməsi üçün hədələmiş və onu itələyərək evdən çölə çıxartmışdır. Həmin vaxt rəfiqəsi İlhamə onun qarşısına keçmiş və Ramilin atası Cəllad Ramilin qolundan tutub saxlamışdır. Daha sonra, onlar ordan çıxıb getmiş və yolda DİN-nin 102 mərkəzi çağrı xidmətinə zəng edərək Ramilin onu döydüyünü bildirmişdir. Həmin gün 1-ci PB-nə gedib bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra saat 23 radələrində Sumqayıt şəhər TTYX-na getmiş və sağ qoluna gips qoyulmuşdur. Mübahisə zamanı orada Ramil, onun atası Cəllad, arvadı Ülviyyə, anası Ruyel və İlhamə olmuş, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsin verdiyi ifadələr tam olaraq yalandır, onu metal dabankeşlə məhz Ramil vuraraq ona xəsarət yetirmişdir. Məhkəmədə iclasında şahid qismində Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs Elnarənin tanışı kimi tanıyır və Ramili Elnarəyə müəyyən məbləğdə pul borclu olduğunu, həmçinin Ramilin bu pulu qaytarmaq istəmədiyindən də xəbərdardır. Elnarə borcunu geri istəmək üçün Ramilin yaşadığı ünvana gedəcəyini demiş və birlikdə onunla getməsini xahiş etmişdir. O, razılaşmış və Elnarə ilə birlikdə xx.xx.2021-ci il tarixdə, təxminən saat 20 radələrində Ramilin yaşadığı Sumqayıt şəhəri, “Qurd Dərəsi” bağlar massivində yerləşən bağ evinə getmişlər. Elnarə həyət evinin qapısının zəngini vurmuş və qapını Ramilin anası və arvadı açmışdır. Elnarə onlara Ramilin ona pul borclu olduğunu və borcunu almaq üçün gəldiyini demiş, anası nə Ramilin, nə də ki, sonuncunun arvadının işləmədiyini, onların təqaüdü ilə dolandığını bildirmişdir. Həmçinin Ramilin həyat yoldaşından Ramili də aşağı, yəni onların yanına çağırmasını xahiş etmişdir. X11 atası, arxasınca isə Ramil əlində dabankeşlə gələrək Elnarənin baş nahiyəsinə və sağ qol nahiyəsinə zərbələr endirmişdir. Həmin vaxt o, Elnarənin qarşısına keçmiş və Ramilin atası Cəllad Ramilin qolundan tutaraq onu saxlamışdır. Ramil Elnarəyə niyə bura gəldiyini, burda nə işi olduğunu demiş, həmçinin birdə bu evə gəlməməsi üçün hədələmiş və Elnarəni itələyərək evdən çölə çıxartmışdır. Daha sonra, ordan getmişlər. Elnarə yolda DİN-nin 102 mərkəzi çağrı xidmətinə zəng edərək Ramilin onu döydüyünü bildirmişdir. O, şəxsi işi ilə bağlı Elnarədən ayrılmış və evə getmişdir. Mübahisə zamanı həmin yerdə Ramil, sonuncunun atası Cəllad, arvadı Ülviyyə, anası Ruyel və Elnarə olmuşdur, mübahisə 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı o, çox böyük həyəcan keçirtmişdir. Belə ki, Elnarənin Ramil tərəfindən dabankeşlə vurulmasından sonra Elnarəni müdafiə etmək məqsədilə Ramilin önünə keçmiş, bu zaman Ramilin əlində olan dabankeşi havaya qaldırdığını görmüş, sonuncunun hətda onu da dabankeşlə vura biləcəyini güman edərək çox qorxmuş, lakin xoşbəxtlikdən Təqsirləndirilən şəxs onu vurmamışdır. Mübahisədən sonra onda dabankeşə qarşı “fobiya” yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 20 radələrində Sumqayıt şəhəri, “Qurd Dərəsi” bağlar massivində yerləşən iki mərtəbəli bağ evində olan zamanı qapı döyülmüş, o gəlini ilə birlikdə qapını açmışdır. Bu zaman əvvəllər tanımadığı iki qadını görmüş, həmin qadınların qapılarına gəlməsinin səbəblərini soruşduqda, qadınlardan biri oğlu Ramilin ona pul borcu olduğunu, həmin pulu tələb etdiyini söyləmişdir. O, oğlu Ramilin “Covid-19” virusuna yoluxduğunu, hazırda evin ikinci mərtəbəsində ailə üzvlərindən təcrid olmuş halda yatdığını bildirmişdir. Onun sözlərinə məhəl qoymayan xanım təkidlə Ramilin çölə çıxmasını tələb etmişdir. Bu zaman səs-küyü ətrafda olan qonşular da eşitmiş, əri Cəllad da, evdən çölə çıxmışdır. Cəllad həmin qadından çıxıb getməsini, Ramil sağaldıqdan sonra gəlməsini xahiş etmiş, lakin sonuncu ərinin sözlərinə qulaq asmamış, yenə də Ramilin çölə çıxmasını təkidlə tələb etmiş, ona maneə olmaq istəyən zaman həmin qadın onu itələmiş, o ətrafda olan daşa dəyərək yerə yıxılmışdır. Bundan sonra əri Cəllad qadını darvazadan çölə çıxartmış, həmin vaxt oğlu Ramil əlində olan dabankeşlə darvazadan çölə çıxmışdır. Belə ki, onların evində, içəri tərəfdə qapının ağzında dəmir və taxta materialdan olan iki dabankeş olmuşdur. Ramil çöldə olan taxta dabankeşi götürmüşdür. O, zərbənin təsirindən yerdə oturmuş vəziyətdə qaldığı üçün darvazadan çöldə baş verənləri görməmiş, oğlu Ramilin əlində dabankeş olduğunu görsə də, həmin dabankeş ilə oğlunun mübahisə edən xanımı vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, “Qurd Dərəsi” bağlar massivində yerləşən iki mərtəbəli bağ evində olan zamanı qapı döyülmüş, arvadı Ruyel və gəlini Elnarə qapını açmaq üçün getmişlər. Bir müddət keçdikdən sonra həyətlərindən səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün həyətə çıxmışdır. Bu zaman iki nəfər qadının həyat yoldaşı Ruyel ilə mübahisə etdiyini görmüşdür. Oraya yaxınlaşmış, nə baş verdiyini soruşduqda qadınlardan birinin Ramilin ona borclu olduğunu, təkidlə onun çölə çıxmasını tələb etmişdir. O, həmin qadınları darvazadan çölə çıxarmağa çalışmış, bu zaman qadınlardan biri arvadı Ruyeli itələmiş, arvadı yerə yıxılmışdır. Bundan sonra hər iki qadını darvazadan çölə çıxartmışdır. Hadisə zamanı Ramil ancaq evin qapısından həyətdə olanları müşahidə etmiş, hadisə baş verən yerə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, o, Təqsirləndirilən şəxs ailəsini təxminən 15 ildir ki, tanıyır, onların arasında ailəvi gediş-gəlişləri olmuşdur. Belə ki, 18 dekabr 2021-ci il tarixdə erkən saatlardan oğlu ilə birlikdə Ramilin “Covid-19” virusuna yoluxması səbəbindən tanıdıqları həkimi onlara aparmışlar. Həkim Ramili müayinə etdikdən sonra oğlu həkimi aparmışdır. Təxminən üzərindən 5-10 dəqiqə keçdikdən sonra qapı döyülmüş, bu zaman Ramilin yoldaşı Ülviyyə onun oğlunun gəlməsini ehtimal edib qapını açmaq üçün çıxmış, daha sonra geri qayıtmışdır. Bu zaman həyətdən səs-küy eşitmiş, mətbəxin pəncərəsindən olanları müşahidə etmişdir. Həmin vaxt pəncərə bağlı olmuş, o, pəncərəni açmışdır. Bu zaman iki nəfər qadının həyətdə səs-küy yaratdığını, təkidlə Ramilin qapıya çıxmasını tələb etdiyini görmüşdür. Onların yanına X11 atası Cəllad, daha sonra anası Ruyel xanım çıxmışdır. Hər iki qadın evin həyətində darvazanın qarşısında olmuş, Cəllad və Ruyel onları çölə çıxartmaq istəsələr də, xanımlar getməyərək, Ramilin çölə çıxmasını tələb etmişdir. Bildirir ki, Ramil həmin vaxt “Covid-19” virusuna yoluxduğu üçün evin 1-ci mərtəbəsində çarpayıda uzanmış vəziyətdə olmuşdur. Ehtimal edir ki, Ramil qadınların səs-küyünü eşitmiş, bundan sonra Ramil həyətə çıxaraq, darvazanın qarşısında dayanan qadınları astaca itələyərək, xəstə olduğunu, buradan getmələrini, qapıya polislə gəlmələrini bildirmişdir. Ramilin əlində heçnə olmamışdır. Mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, ilk əvvəl pul söhbəti olsa da, Ramilin anası Ruyel qapıya çıxdıqdan sonra qadınlardan biri şəxsi məsələnin olduğunu bildirmişdir. Düşünür ki, həmin xanım baş verənlərin Ramilin arvadının eşitməsi üçün ucadan danışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru tərəfindən Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı Turan Hacıyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv edilmiş, fakta görə AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqın aparılmasından ötrü Sumqayt ŞPİ İŞ-ə göndərilmişdir (i.v. 1) 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 65-66) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 74-76); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1692 nömrəli xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən, sümüküstü altı sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 20-22) Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 1692 saylı, xx.xx.2023-cü il tarixli əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər TTYX-na müraciət edərkən onun bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: sağ dirsək oynağının hemartrozu, sağ dirsək sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişməyən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə dabankeşlə vurulma nəticəsində əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 104- 109 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, HK-1/3052 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 42-43) “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub İŞ-ə təhvil verənədək barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. (i.v. 101) 14 iyul 2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün iş üzrə icraat təzələnmişdir. (i.v. 111) 14 iyul 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq orqanına vermiş olduğu ifadəni bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 114-117) 14 iyul 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 istintaq orqanına vermiş olduğu ifadəni bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 118-120) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 109A); Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2003-cü il tarixli Nuray Abdullazadə və xx.xx.2008-ci il təvəllüdlü Abdulla Abdullazadə adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 127.2.3, 178 və 221.1-ci maddələrinin tərkib əlamətləri yaranmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs borcla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. (i.v. 125-129) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dabankeşlə yox, yalnız əli ilə onun sinəsindən itələyib qapıdan çölə çıxartması hissəsində məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Onun göstərdiyi hallar araşdırılsa da, təsdiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid3 və anası Şahid2 bir-birlərinin ifadəsi ilə kəskin ziddiyət təşkil edən ifadələr vermişlər. Həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz izahatında Zərərçəkmiş şəxs çölə çıxmasını, əli ilə onun sinəsindən itələyib qapıdan çölə çıxardıb qapını bağladığını, Elnarə ilə aralarında yalnız söz-söhbət olduğunu, əlində dabankeş olmadığını bildirmişdir. Şahid2 oğlunun əlində dabankeş olduğunu, lakin sonrakı hadisələrin darvazadan çöldə oğlu Ramil və əri Cəlladın iştirakı ilə baş verdiyini bildirərək görmədiyini bildirmişdir. Şahid3 isə ümumiyyətlə Ramilin hadisə baş verən yerə gəlmədiyini söyləmişdir. Məhkəmə hesab edir, şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs valideynlərini sonuncun cinayət məsuliyyətinə cəlb edilməməsi üçün məhkəmə iclasında onun xeyrinə yönələ biləcək ifadələr vermiş, lakin hər iki ifadə bir-biri ilə kəskin ziddiyət yaradır. Bundan başqa, məhkəmədə X2 Təqsirləndirilən şəxs ailəsi ilə uzun müddətli tanışlıq münasibəti olmasını, bir-birlərinin evinə get-gəl etməsini, pandemiya şəraitində belə təqsirləndirilən şəxsin evinə gedəcək qədər sonuncu ilə yaxın ailəvi münasibətlərin olmasını, həmçinin qış fəslində xx.xx.2021-ci ildə saat 20 radələrində evin bağlı pəncərəsindən hadisə baş verən yeri müşahidə etdiyini göstərməsini, müdafiə tərəfinin ifadələri arasında ziddiyyətlərin olmasını nəzərə alıb həmin ifadəyə də tənqidi yanaşır. Bundan başqa şahid X8 Abdullayevin mənzilin məhz birinci mərtəbəsində çarpayıda yatdığını israrla bildirsə də, həm təqsirləndirilən şəxsin özü, şahidlər Ruyel və Şahid3lər Ramilin qadınlar gələn vaxt mənzilin ikinci mərtəbəsində yatdığını, səs küy eşitdikdən sonra ikinci mərtəbədən düşərək gəldiyini bildirmişlər. Bundan başqa şahid Elnarə Abdullayevə ibtidai istintaq zamanı həmin ünvana Şahid3 xəstə olması ilə əlaqədar ona baş çəkməsi üçün getdiyini qeyd etsə də, məhkəmə istintaqı zamanı israrla məhz Ramilin “Covid-19” xəstəliyinə tutulduğu üçün onu ziyarət etmək üçün gəldiyini bildirmişdir. Belə ki, təqsirləndirilən şəxsin, o cümlədən təqsirləndirilən şəxsin valideynləri olan şahidlər Şahid2, Şahid3 və yaxın tanışları şahid Elnarə Abdullayevanın zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsın Təqsirləndirilən şəxs tərəfindən dabankeşlə vurulmasını görmədikmələrini bildirmələrinə dair xüsusatlar zərərçəkmiş şəxsin, Şahid4 ifadələri, ekspert rəyləri ilə tam təkzib edildiyindən və ifadələrin həmin hissələri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən subut kimi qiymətləndirmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində 02 övladının olmasını AR CM-nin 59.2-ci maddəsində əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınamlıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin, o, 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin . Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar