Məhkəmə qərarları › İş №1(060)-723/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-723/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-723/2022 20.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Saatlı rayonu, Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan və Xızı rayonu, Yeni Yaşma qəsəbəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri Yaşma bağları ünvanında iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başın sol gicgahtəpə nahiyyəsinin şişkinliyi hematoması, başın, sağ qulağın sıyrığı, sol qulaq seyvanının qançırı, döş qəfəsinin sağ yarısının yumşaq toxumaların əziyi xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o Yaşma bağlar massivində küçələrdə vay-fay çəkilməsinə öz şəxsi «QAZ-5204» markalı, **-BA-*** dövlət nömrə-nişanlı avtomobili ilə basdıracaqları dəmir dirəkləri daşıyır. Həmin xətti çəkən Sərhəd adlı şəxs onun tanışıdır. O, Sərhədə yaxınlaşıb, işləmək istədiyini demiş, Sərhəd də avtomobili ilə birlikdə onu işə götürmüşdür. Hadisə baş verən zamandan 10 gündən çox olarkı orada işləməyə başlamış, lakin rəsmi olaraq heç bir müqaviləsi yoxdur. xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında Bakı-Quba yolunun kənarındakı «Asoil» YDM-nin yanında ümumi iş yerində olarkən, saat 15:00-dan növbəti küçəyə, Yaşma marketin yaxınlığındakı küçələrdən birinə Şahbaz adlı fəhlə ilə dəmir dirəkləri basdırmaq üçün getmişlər. Şahbaz onun yanında kabinada əyləşmişdir. Şahbaz hansı küçəyə gedəcəklərini soruşduqda o, əvvəl işlədikləri küçədən bir küçə Şirvana tərəf olan küçəyə gedəcəklərini demişdir. O, Şahbazdan həmin küçəni tanıyıb-tanımadığını soruşduqda Şahbaz tanıdığını demiş və onun dediyi küçə istiqamətində getmişlər. Küçənin başında dayanıb baxanda həmin küçəyə dəmir dirəklərin düzülmədiyini görmüş və axtardıqları küçəni keçdiklərini anlamışdır. Geriyə qayıdacaqları küçə ilə araları təxminən 100 metr olmuşdur. O, avtomobili geriyə çevirərkən Şahbaza əsəbi şəkildə yolu tanımadığı halda onu niyə ora gətirdiyini demiş, Şahbaz isə ona “sən necə sürücüsən yolu yadında saxlaya bilmirsən” demişdir. Şahbazın bu sözündən sonra o əsəbləşmiş və avtomobili saxlayaraq Şahbaza nalayiq formada düşməsini bildirmişdir. Şahbaz əvvəlcə düşmək istəməmiş, lakin o, təkid etdikdən sonra Şahbaz aşağı düşmüşdür. Həmin vaxt Şabazla aralarında mübahisə yaranmış və o avtomobildən yerə düşərək sillə ilə Şahbazın sağ və sol qulaq nahiyyəsinə, dizi ilə isə onun sağ qabırğasına vurmuşdur. Bundan sonra Şahbaz şikayət edəcəyini deyib oradan uzaqlaşmışdır. Mübahisə xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri Yaşma bağlar ərazisində baş vermiş, bu zaman yanlarında hər hansı bir şəxs olmamışdır. Münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, səs-küy yaranmamış münaqişəyə başqa hər hansı kənar şəxslər gəlməmişdir. Hazırda əməlindən peşimandır. Zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə ilə barışmışdır. Özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında onun yaşadığı Yaşma bağlar massivi ərazisindəki küçədə vayfay xətti çəkildiyini görmüş, işsiz olduğu üçün həmin işçilərin briqadiri Sənan adlı şəxsə yaxınlaşaraq onu fəhlə kimi işə götürməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 08:00 radələrində yaşadığı evin yaxınlığında Bakı-Quba yolunun kənarındakı «Asoil» YDM-nin yanına ümumi iş yerinə gəlmiş, həmin gün günortaya qədər fəhlə kimi işləmiş və 20 ədədən artıq dəmir dirəkləri yerə basdırmışlar. Həmin gün, saat 14:00 radələrində iş yerinə qayıtmış, orada olan 29-la başlayan dövlət nömrə-nişanına fikir vermədiyi «QAZ- 53» markalı avtomobilə əyləşib növbəti iş yerinə dəmir dirəkləri basdırmaq üçün getmişdir. Həmin vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Ondan hansı küçəyə gedəcəklərini soruşduqda Xəyal əvvəl işlədikləri küçədən bir küçə Şirvana tərəf olan küçəyə gedəcəklərini demiş və həmin küçəni tanıyıb-tanımadığını ondan soruşmuşdur. O, isə Xəyala bir küçə o tərəfədirsə tanıdığını demiş və həmin küçə istiqamətində getmişlər. Küçəyə çatanda səhv gəldiklərini anlamışlar. Onların geriyə qayıdacaqları küçə ilə araları təxminən 100 metr olmuşdur. Avtomobilində olduğu «QAZ- 53» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili geriyə çevirərkən yolu tanımırsa onu bura niyə gətirdiyini deyərək deyinməyə başlamış və ondan avtomobildən düşməsini istəmişdir. O avtomobildən düşərkən Təqsirləndirilən şəxs onun ünvanına əxlaqsız söyüşlər söyürək onu təhqir etmişdir. Xəyaldan onu nə üçün təhqir etdiyini soruşduqda Xəyal yerə düşərək onun üstünə gəlmiş və onu adam hesab etmədiyini, öldürəcəyini demişdir. Aralarında münaqişə yaranmış, Təqsirləndirilən şəxs yumruqla onun sağ, sol qulaq nahiyəsinə və başına, dizi ilə isə sağ qabırğa nahiyəsinə vuraraq ona xəsarətlər yetirmişdir. Özünü pis hiss etdiyi üçün həmin gün polisə gələ bilməmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Hadisə xx.xx.2022- ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri Yaşma bağlar ərazisində baş vermiş, münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, səs-küy yaranmamış münaqişəyə başqa hər hansı kənar şəxslər gəlməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2022-ci il tarixli, 1317 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın sol-gicgah təpə nahiyəsinin şişkinliyi-hematoması, başın, sağ qulağın sıyrığı, sol qulaq vanının qançırı, döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari yumruq və diz zərbələri ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 34) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 33) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 5 (beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 30 (otuz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar