Məhkəmə qərarları › İş №1(060)-723/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-723/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-723/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlunun iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Müseyib Natiq Məmmədseyid oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Müseyib Natiq Məmmədseyid oğlu zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında küçədə olduğu zaman pul borcu olduğu tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sol gözünə vuraraq sonuncuya sol göz qapaqlarının qançır-şişkinliyi və həmin gözün ağlı qişasının qansızmasi ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisədən təxminən 10 gün əvvəl tanışı Zərərçəkmiş şəxs 80 manat borc pul almış və həmin pulu 10 gün müddətinə qaytaracağını söz vermişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında olarkən Ramiz ondan borcunu istəmiş, o da Ramizə pulunun olmadığını, olduğu təqdirdə qaytaracağını demişdir. Lakin, Ramiz pulunu dərhal verməsini israr etmiş və onun ünvanına nalayiq ifadə işlətmişdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, mübahisə zamanı o yumruqla ilə Ramizin sol göz nahiyyəsinə vurmuş, bundan sonra Ramiz oradan getmişdir. Hadisə zamanı ətrafda başqa şəxs olmamış və mübahisə təxmini 2 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlunun təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin ifadələri, həmçinin ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən təxminən 10 gün əvvəl tanışı Müseyib Natiq Məmmədseyid oğlu ondan 80 manat borc pul almış və 10 gün müddətinə qaytaracağına söz vermişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Natiqin yaşadığı evin yaxınlığında sonuncunu görmüş, pulunu istəmişdir. Natiq ona pulu olmadığını, daha sonra verəcəyini demiş, lakin, o Natiqdən pulunu dərhal istəmişdir. Bununla bağlı aralarında mübahisə düşmüş, mübahisə zamanı Natiq yumruqla onun sol göz nahiyyəsinə vurmuşdur. Zərbənin təsirindən gözünün içərisi qançır olmuş və ətrafı qızarmışdır. Daha sonra o, Natiqdən ayırılaraq döyülməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Hadisə təxminən iki dəqiqə çəkmiş, hadisə yerində heç kim olmamışdır. X3 Məmmədseyid oğlu ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Müseyib Natiq Məmmədseyid oğluna qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sadələşdirilmiş icraat materiallarının 10-11-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 1206 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi, sol gözün ağlı qişasına qansızma xəsarətləri aşkar olunmuş və həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sadələşdirilmiş icraat materiallarının 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Müseyib Natiq Məmmədseyid oğlu 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır; 3) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2, 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Müseyib Natiq Məmmədseyid oğlu ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, X3 Məmmədseyid oğluna qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Müseyib Natiq Məmmədseyid oğlunun məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, sonuncunun ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Müseyib Natiq Məmmədseyid oğlu evli olmaqla üç azyaşlı uşağı var (müvafiq olaraq xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017 təvəllüdlü). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxisn özünün etirafı və zərərçəkmiş şəxsin ifadələri ilə Müseyib Natiq Məmmədseyid oğlunun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Müseyib Natiq Məmmədseyid oğlunun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışaraq vurulmuş zərəri ödəsə də, müəyyən edilmişdir ki, Müseyib Natiq Məmmədseyid oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Ona görə də hazırki iş üzrə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlunun təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin onda qarşı tələb və şikayətinin olmamasını və evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Müseyib Natiq Məmmədseyid oğlunun məhkumluğu olsa da hazırda təqsirli hesab edildiyi Cinayət Məcəlləsinin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxil olması səbəbindən onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin onda qarşı tələb və şikayətinin olmamasını və evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Müseyib Natiq Məmmədseyid oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müseyib Natiq Məmmədseyid oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Müseyib Natiq Məmmədseyid oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Müseyib Natiq Məmmədseyid oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Müseyib Natiq Məmmədseyid oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar