Məhkəmə qərarları › İş №1(060)-724/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-724/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-724/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə, saat 00:50 radələrində “Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əməl etməyərək, yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi “NAZ Lifan” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Ağaquliyev küçəsi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, yəni yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 90-100 km/saat sürətlə avtomobili idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda bunu etməyib hərəkətini davam etdirməklə Ağaquliyev küçəsinə dönən zaman dönmə manevrini düzgün həyata keçirməmiş və yolun kənarında quraşdırılmış STŞ-30 nömrəli Təhlükəsiz Şəhər videomüşahidə kamerasının quraşdırıldığı dirəyə çırpılmış, nəticədə “NAZ Lifan” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı, sağ bud-çanaq oynağının yumşaq toxumalarının əziyi kimi dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Naz Lifan markalı, 50DB235 dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 məxsusdur, sonuncunu hadisədən təxminən 3 ay əvvəl tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. 20 yanvar 2023-cü il tarixdə, təxminən saat 18 radələrində tanışı Zərərçəkmiş şəxs ona zəng edərək Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Çənlibel kafesində tanışı ilə birlikdə oturub yeyib içdiyi bildirərək onu da oraya dəvət etmişdir. O, da Turalla razılaşıb onların olduğu kafeyə getmişdir. X7 və sonuncunun tanışı, əvvəllər tanımadığı Qədim adlı şəxslə Çənlibel kafesində yeyib içmiş, bir qədər spirtli içki qəbul etmişlər. Bir qədər sonra avtomobil idarə etmək könlündən keçdiyi üçün masadan durub tanışı Şahid2 yaşadığı Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, Məcburi Köçkün şəhərciyində yerləşən yaşadığı mənzilə doğru tanımadığı taksi avtomobili ilə getmişdir. Tural ilə Qədim isə kafedə oturmuşlar. X10 markalı, 50DB235 dövlət qeydiyyat nişanlı avtomobili olduğu üçün və sonuncunun avtomobilini əvvəllər də bir neçə dəfə idarə etdiyi üçün Abusətin ünvanına getmişdir. Çənlibel kafesində Abusətlə telefonla danışıb sonuncu ilə avtomoibili götürəcəyi barədə razılaşmışdır. Abusətin yaşadığı yerə çatdıqda sonuncuya zəng edərək çatdığını demişdir. Abusət binadan düşmüş, sonuncu ilə görüşərək avtomobili idarə etmək istədiyini demiş, Abusət də avtomobilin açarını ona vermişdir. O, Abusətə sərxoş vəziyyətdə olduğunu deməmiş, sonuncu da bunu hiss etməmişdir. O, Naz Lifan markalı, 50DB235 dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq Sumqayıt şəhərinin mərkəzi istiqamətinə doğru idarə etmişdir. Sonra Turala zəng edib harada olduğunu soruşmuş, sonuncu isə 9cu mikrorayon ərazisində yerləşən 14 mərtəbənin altında çay evində olduqlarını bildirmişdir. O, da oraya getmiş, avtomobildən düşüb çay evinə daxil olmuş, orada bir qədər oturub Tural və Qədimlə birlikdə çay evindən çıxmışlar. O, avtomobilə oturmuş, Tural qabaq oturacaqda, Qədim isə arxa oturacaqda oturmuşdur. O, avtomobili işə salıb tanışı Turalı Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində yerləşən yaşadığı evə aparmaqdan otrü həmin istiqamətə doğru idarə etməyə başlamışdır. 21 yanvar 2023-cü il tarixə keçən gecə, saat 00:50 radələrində avtomobili təxminən 90-100 km/saat sürətlə Sumqayıt şəhəri, H.Əliyev prospektində Ağaquliyev küçəsi istiqamətinə doğru idarə edərkən hava qaranlıq olduğundan yolu görə bilmədiyi üçün avtomobili bir qədər sola doğru döndərərkən avtomobil qabaq tərəfi ilə yolun kənarında olan Təhlükəsiz Şəhər kamerasına çırpılaraq dayanmışdır. Avtomobilin sürəti çox olduğundan və qarşısında yolun yalnız sağ və sola doğru olduğunu vaxtında görə bilmədiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, Tural və Qədim müxtəlif bədən xəsarətləri almışlar. Onlar xəstəxanaya aparılmış və orada həkim tərəfindən müayinə olunmuşlar. Ona qarşı verilmiş mülki iddiaları qəbul edir. Əməlindən peşmandır. O, Vətən müharibəsi iştirakçısıdır, döyüşlər zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 20 yanvar 2023-cü il tarixdə axşam saatlarında qohumu Şahid1 yaşadığı evə qonaq gəlmişdir. Sonra onlar birlikdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Çənlibel” kafesinə gedib orada oturaraq yemək yeyib spirti içki qəbul etməyə başlamışlar. Həmin vaxt o, Vüsala zəng vurub oturduqları yer barədə məlumat vermiş və sonuncunu həmin kafeyə dəvət etmişdir. Bir neçə dəqiqə sonra Vüsal gələrək onlarla birlikdə əyləşmiş və onlar birlikdə yeyib spirtli içki qəbul etmişlər. Təxminən saat 23 radələrində Vüsal stoldan qalxaraq avtomobil gətirməyə getdiyini söyləmiş, onlar da Vüsala avtomobilə ehtiyac olmadığını, ayıq sürücü çağıracaqlarını bildirsə də, Vüsal onları gözləməyib çıxıb getmişdir. Bir qədər sonra o, Qədimlə birlikdə masadan durub taksi sifariş edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “14 mərtəbə” adlanan binanın altında yerləşən çay evinə getmişlər. O, Qədimlə birlikdə orada da oturub pivə içmişlər. Bir qədər sonra Vüsal ona zəng edərək harada olduqlarını soruşmuş, o da Vüsala olduqları yeri demişdir. Bir neçə dəqiqədən sonra isə Vüsal onların yanına gəlmişdir. O, Qədim və Vüsal bir müddət də orada oturmuşlar. Vüsal onlara avtomobillə gəldiyini deyib onları evlərinə aparmağı təklif etmişdir. Onlar isə Vüsala spirtli içki qəbul etdiyini, avtomobil idarə edə bilməyəcəyini bildirmişlər, lakin Vüsal təkidlə özünü yaxşı hiss etdiyini, tam sərxoş vəziyyətdə olmadığını bildirib onları evlərinə aparacağını demişdir. Bundan sonra onlar razılıq vermiş və çay evindən çıxıb Vüsalın idarə etdiyi “Naz Lifan” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar, o ön sağ oturacaqda, Qədim isə arxa oturacaqda oturmuşdur. Vüsal isə avtomobili işə salıb idarə etməyə başlamışdır. 21 yanvar 2023-cü il tarixdə, təxminən saat 00:50 radələrində Vüsal avtomobili təxminən 90-100 km/saat sürətlə Sumqayıt şəhəri, H.Əliyev prospektində Ağaquliyev küçəsi istiqamətinə doğru idarə edərkən hava qaranlıq olduğundan yolu görə bilmədiyi üçün avtomobili bir qədər sola doğru döndərərkən avtomobil qabaq tərəfi ilə yolun kənarında olan Təhlükəsiz Şəhər Kamerasına çırpılaraq dayanmışdır. Vüsal avtomobili sürətlə idarə etdiyindən və avtomobili yol hərəkəti qaydalarına uyğun idarə etmədiyindən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində o, Tural və Vüsal müxtəlif bədən xəsarətləri almışlar. Həmin vaxt avtomobildə onlardan başqa sərnişin olmamışdır. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunan halın cəza təyin edilən zaman nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan ərizədən görünür ki, sonuncu təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Məmmadov Vüsal Xudaverdi oğlunu tanıyır, onunla həmişə yaxşı münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. X1 məxsus “Naz Lifan” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili o, mülki etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə edir. Vüsal ondan bir dəfə həmin avtomobili idarə etmək üçün istəmiş və o, da sonuncuya vermişdir. Vüsalın avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olub-olmamasını bilməmişdir. 20 yanvar 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evdə olduğu zaman Vüsal ona zəng vuraraq avtomobili idarə etmək üçün istəmişdir. O, da Vüsalı tanıdığından və sonuncu ilə yaxşı münasibəti olduğundan etiraz etməmiş, Vüsal yaşadığı binanın həyətinə gəlmiş və o, avtomobilin açarını sonuncuya vermiş, Vüsal da avtomobili idarə edərək getmişdir. Bir neçə saatdan sonra isə ona məlum olmuşdur ki, Vüsal ona məxsus avtomobillə qəza törətmişdir. Hadisə ilə bağlı Sumqayıt şəhər TTYX-na gəldikdə Vüsalın törətdiyi qəza zamanı özünün və yanında olan iki nəfər şəxsin xəsarət aldıqlarını bilmişdir. Əvvəllər Vüsalın sürücülük vəsiqəsinin olub-olmadığını bilməsə də sonradan sonuncunun sürücülük vəsiqəsinin olmadığını bilmişdir. Bu barədə Vüsal özü ona demişdir. Vüsala avtomobili idarə etməsi üçün verən zaman sonuncuya notarial qaydada təsdiq olunmuş etibarnamə verməmişdir. Qəza nəticəsində ona məxsus avtomobilə ümumilikdə təxminən 5785 manat məbləğində maddi ziyan dəymişdir. Mülki iddiasını müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in BİKİnin baş mühəndis-inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin baş mühəndisinspektoru vəzifəsində işləyir, rütbəsi polis polkovnik-leytenantıdır. 21 yanvar 2023-cü il tarixdə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Naz Lifan” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Ağaquliyev küçəsi istiqamətinə doğru hərəkətdə olarkən idarəetməni itirərək STŞ-030 nömrəli videomüşahidə kamerasının quraşdırıldığı dirəyə çırpılaraq qəza törətmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd 970 manat dəyərində İP qutu, 1 ədəd 954 manat dəyərində sabit FİX kamera və dirək zərər görmüşdür. Baş vermiş hadisə nəticəsində ümumilikdə isə DİN-ə 2030 manat dəyərində maddi ziyan dəymişdir. Mülki iddiasını müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında yaranmış zərurət ilə əlaqədar dindirilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin eksperti İİ dərəcəli ədliyyə qulluqçusu X5 bildirdi ki, tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 8/1250 saylı yol-nəqliyyat hadisələri ekspertizasının rəyində səf olaraq sürücü “Məmmədov” sözlərinə yerinə sürücü “Əliyev” ifadələri qeyd edilmişdir. Qeyd olunan rəyin mətnində sürücü “Əliyev” ifadəsinin sürücü “Məmmədov” kimi oxunulmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 20 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 113-114) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 129-130); qətimkan tədbirinin seçilməsi barədə 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxem və fotoşəkillərindən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Ağaquliyev küçəsinin kəsişməsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 21 metr, yolun hərəkət hissəsinin eni 3,5 metr olmaqla yol 6 hərəkət zolağından ibarət qarşı-qarşıya nəqliyyat axını olan yoldur. Hadisə baş vermiş yerdə yol örtüyü asfaltbeton olmaqla quru, üfüqi və düzdür. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün hərəkət zolaqları vardır. Yolun hərəkət hissəsinə sağdan köbə daşları, soldan səki birləşir və yolun sağ tərəfində şəhər tipli tikililər vardır. Yolda hərəkəti nizamlama üsulu yoxdur. Yol şəhər elektrik işıqları ilə işıqlandırılır. Hadisə yerində Naz Lifan markalı avtomobil Ağaquliyev küçəsi istiqamətində yerləşən maneəni vurduğu yerdən mərkəzə doğru 6,5 metr məsafədə yerləşir. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 5-13) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 369 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. (i.v. 14) AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına mərkəzi informasiya sisteminə əsasən sürücülük vəsiqəsinin qeydiyyatda olmadığı aşkar edilmişdir. (i.v. 32) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1250 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən NAZ Lifan markalı, 50DB235 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 82-85) Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 446 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur:Sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişən sınığı. Sağ bud-çanaq oynağının yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdivi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir.(i.v. 78-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il müddətinə şərti olaraq tətbiq edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. (i.v. 68-77); “mülki iddiaçı qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan qüsur aktından görünür ki, hadisə nəticəsində “NAZ Lifan” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5785 manat dəyərində maddi ziyan dəymişdir (i.v. 48-50) “mülki iddiaçı qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AR Daxili İşlər Nazirliyi mülki iddiaçı qismində, Şahid3 isə mülki iddiaçının nümayəndəsi qismində tanınmış, hadisə nəticəsində DİN-ə 2030 manat məbləğində maddi ziyan dəymişdir (i.v. 135-136, 142) İş materiallarında olan medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 oğlu adlı övladı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 91). “sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1250 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 149-157); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində—saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1250 saylı rəyindən görünür ki, sürücü-Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maxsimum icazə verilən 60 km/saat sürətindən, yüksək 90 km/saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2014-cü il tarixli qərarı) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarına əsasən “.Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, Vətən müharibəsi iştirakçısı olmasını, döyüşlər zamanı göstərdiyi şücaətə görə “Vətən müharibəsi iştirakçısı” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilməsini, himayəsində 01 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Vətən Müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi şücaətə, o cümlədən öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Ölkə Rəhbərliyi tərəfindən mükafatlandırılmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hal kimi nəzərə alır və onun peşmançılığının səmimi olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edir. (AR CM-nin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bundan başqa Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, əməlini ağırlaşdıran halların olmamasını, xüsusən onun şəxsiyyətini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Lakin məhkəmə humanizm prinspini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı çəkmədən də islah oluna bilər. Ona görə də, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yaşadığından onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli və onun üzərinə həmin orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. AR Cinayət-Prosessual Məcəllənin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Şahid2 dəymiş ziyan ümumilikdə 5785 (beş min yeddi yüz səksən beş) manatdır. Ona görə də mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 5785 (beş min yeddi yüz səksən beş) manat pul alınaraq Şahid2 verilməlidir. Bundan başqa AR Daxili İşlər Nazirliyinin mülki iddiası təmin edilməli, 2030 (iki min otuz) manat məbləğ Təqsirləndirilən şəxs tutularaq AR Daxili İşlər Nazirliyinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 10 (on) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Şahid2 mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 5785 (beş min yeddi yüz səksən beş) manat pul alınaraq Şahid2 verilsin. AR Daxili İşlər Nazirliyinin mülki iddiası təmin edilsin, Təqsirləndirilən şəxs 2030 (iki min otuz) manat pul alınaraq AR Daxili İşlər Nazirliyinə verilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar