Məhkəmə qərarları › İş №1(060)-73/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-73/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-73/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2mış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 22 aprel 2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində yerləşən “ASC” bankın inzibati binasının arxasında saxlanılaraq 1-ci polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan üzərində saxladığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli qısa qollu gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etmə, daşıma, saxlama cinayətini törətmişdir. Belə ki o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi ilə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 22 aprel 2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində yerləşən “ASC” bankın inzibati binasının arxasında saxlanılaraq 1-ci polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə saxladığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,164 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli qısa qollu gödəkçəsinin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən bir il əvvəl narkotik vasitə heroindən 3-4 dəfə istifadə etmiş və həmin vaxtlarda tərgitmişdir. Son vaxtlar narkotik vasitə metadon həblərindən istifadə etmişdir. 22 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Şamaxinka adlanan ərazidən Sumqayıt şəhərinə getmək istəyərkən təsadüfən narkotik vasitələrin qəbulu ilə məşğul olan şəxs kimi tanıdığı, adını və yaşadığı ünvanını bilmədiyi şəxslə görüşmüşdür. Həmin şəxsdən qəbul etmək üçün narkotik vasitə metadon həbləri istəmiş, həmin şəxs də 2 ədəd büküm vermişdir. O, elə bilmişdir ki, həmin bükümlər metadon həbləridir. Ətrafda adamlar olduğu üçün bükümlərin içərisinə baxmadan əynindəki gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin şəxs ondan bunun müqabilində 15 manat pul istəmiş, o da vermişdir. O, həmin şəxsdən ayrıldıqdan sonra həmin bükümlərə baxıb “kakos” kimi adlanan narkotik vasitə heroin və “şüşə" kimi adlanan psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, ünvan 3 ünvandakı kirayədə yaşadığı evə getmişdir. Təxminən saat 17:40 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nərimanov küçəsi ilə Cəfər Cabbarlı küçəsinin kəsişməsində, ASC bankın arxasında durmuşdur. Bakı şəhərində əldə etdiyi 1 bükümdə heroin və 1 bükümdə metamfetamin əynindəki gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin vaxt 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxılaşıb, özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək ona üzərində narkotik vasitə olan heroin saxlamada və satmaqda şübhəli olduğunu deyib onlarla birlikdə 1-ci PB-nə getməsini təklif etmişlər. O, da həmin polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. Həmin bölmənin inzibati binasında bir otaqda ona vəkil təqdim olunaraq şübhəli şəxs qismində saxlanması izah olunmuşdur. Hüquq və vəzifələri vəkilin iştirakı ilə izah edilmişdir. Sonra polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə, eləcə də hər hansı bir qanunsuz əşya olub-olmaması, vardırsa təqdim etməsi bildirilmişdir. O, da əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibində saxladığı içində narkotik olan bükümü çıxarıb otaqda olan masanın üzərinə qoymuş, həmin kütələlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra həmin narkotik vasitələr çəkilərək qablaşdırılmış və imzalanmışdır. Ondan soruşulduqda üzərindən aşkar olunan narkotik vasitə olan heroini və metamfetamini Bakı şəhərindən 15 manata metadon həbi adı ilə aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış və üzərindən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Lakin cibindən 1 ədəd içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrələri olan “Samsung A52" markalı mobil telefonu götürülmüşdür. Üzərində aparılan şəxsi axtarış vidiokamera ilə çəkilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç kim zor tətbiq etməmişdir. Bildirmək istəyir ki, o heç vaxt narkotik maddənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını, hərdən narkotik maddə olan metadon həbləri qəbul etdiyinə görə çox peşman olduğunun nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədən də görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə qismən təqsirli bilərək heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, satması, üzərində saxlaması, daşıması barədə qərəzsiz və etibarlı mənbədən icraatına əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının düzgünlüyünü yoxlamaq məqsədi ilə bölmə rəhbərliyinin göstərişi ilə ondan, 1-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 5-ci mikrorayon, N.Nərimanov küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində yerləşən “ASC” bankın inzibatı binasının ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 17:40 radələrində Təqsirləndirilən şəxs piyada tək gələrək həmin binanın arxa hissəsində dayandığını görmüşlər. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onu 1-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Asəf Həbibovun video görüntüyə alması və müdafiəçinin iştirakı ilə təhqiqatçı Rəşad Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmiçinin sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqollu gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü, gödəkçəsinin sol yan cibindən isə bir ədəd “Samsung A52" markalı mobil telefon çıxararaq təqdim etmişdir. Şəffaf sellofan bükülü açıldıqda içərisində bir ədəd şəffaf sellofan bükülü və bir ədəd gümüşü rəngli kağız bükülü olması müəyyən olunmuş, həmin bir ədəd şəffaf sellofan bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə, gümüşü rəngli kağız bükülü açıldıqda isə içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. Mövlan Qədirodvan həmin maddələrin nə olduğu, nə vaxt, kimdən və hansı məqsdələ əldə etdiyi soruşulduqda sonuncu bildirmişdir ki, bir ədəd şəffaf sellofan bükülüdəki maddə narkotik vasitə olan heroindir, gümüşü rəngli kağız bükülüdəki kütlə isə psixotrop maddə olan metamfetamindir, həmin maddələri Bakı şəhərində tanımadığı şəxsdən 15 manata almışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddələri şəxsi istifadəsi üçün almışdır. Bundan sonra həmin maddələr elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün ayrı-ayrılıqda qablaşdırılmış, zərfin üzərinə iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində narkotik vasitənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da həmin məlumat təsdiqini tapmamışdır, çünki Təqsirləndirilən şəxs kiməsə narkotik maddə satması müəyyən olunmamışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Sumqayı ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı narkotik vasitə heroin bükümü və metafatimin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs 15 manata şəxsi istifadəsi üçün tanımadığı şəxsdən metadon həbi kimi bilib qeyd olunan narkotik vasitələri aldığını, həmin yerdə bükümlərə baxmaq mümkün olmadığını, lakin sonradan həmin bükümlərə baxdıqda bükümlərin içərisində narkotik vasitə olan heroin və psixoturop maddə olan metamfetamin olduğunu gördüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2326 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 2 ədəd paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,419 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 0,164 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (heroinin təmiz çəkisi-0,419 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,369 qram. Metamfetaminin təmiz çəkisi- 0,164 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,114 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4855 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan elektron məlumat daşıyıcısına baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış keçirilərkən telefonda olan məlumatlarda Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı hal müəyyən olunmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı məşğul olmasına dair müstəntiq B.Qulamov tərəfindən xx.xx.2022-ci il tarixdə əməliyyat tapşırığı verilmiş və həmin tapşırıqla bağlı Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin rəisinin xx.xx.2022-ci il tarixli məktubunda daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasının təsdiqini tapdığı qeyd olunsa da, bunu təsdiq edəcək heç bir sübut nə ibtidai istintaqda, nə də ki məhkəmə istintaqında müəyyən olunmamışdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 02 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun narkotik vasitənin satışı ilə məşğul olmasına dair, həmçinin ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı sübut mövcud deyildir. Beləliklə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs üzərində müəyyən olunmuş narkotik vasitənin məhz satış məqsədi ilə saxlaması xüsusatı hər hansı bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı da təqsirləndirilən şəxsin əməlinin nə üçün CM-nin 234.2-ci maddəsi olmasını əsaslandıra bilməmiş, yalnız ümumi sözlərlə şəxsin əməlinin CM-nin 234.2-ci maddəsi ilə ahətə olduğunu qeyd etmişdir. Belə ki, iş materiallarından görünür ki, istər ibtidai istintaqın, istərsə də məhkəmə baxşının ilkin və sonrakı mərhələlərindən təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmiş və heç vaxt narkotik maddələrinin satışı ilə məşqul olmadığını qeyd etmişdir. İş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün 2 büküm narkotik maddə və psixotrop maddə əldə etmişdir. Eləcə də, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş bükümlərin sayının və çəkisinin miqdarı da istintaq orqanın əməlin tövsifində səhvə yol verdiyini bir daha təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, aşkar olunmuş narkotik vasitələrin müxtəlif bükümlərdə yerləşdirilməsi və müxtəlif növlərdə olması özü özlüyündə, məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunması üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011 -ci il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd olunan qərarında narkotik vasitəni satmaq niyyətini müəyyən edərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olmasını kompleks halda nəzərə alınmasını bildirmişdir. Hazırkı cinayət işi üzrə başqa sübutlar dedikdə, iş üzrə əməliyyat tədbirinin həyata keçirilməsinə dair qərar, şəxsi axtarış protokolu, şahid, şübhəli və təqsirləndirilən şəxsin ifadələri və sairə hesab olunmalıdır ki, həmin sübutlarla da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə üzərində gəzdirməsi və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunması üçün əsas müəyyən olunmur. Belə ki, törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının, istehsal edilməsinin və s. hərəkətlərin satış məqsədi ilə əldə edilməsi sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi) Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitələri əldə edib üstündə saxlaması ilə əlaqədar əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin bir bükümün içində ayrı-ayrı bükümlərdə aşkar edilərək götürülsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqini tapmadığından, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və ona qeyd olunan maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyinə görə peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 8.1 -ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimaitəhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyata şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bundan əlavə, məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə əməli CM-nin 234.2-ci maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli, qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ibtidai istintaq orqanının 14 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, ibtidai istintaq orqanının 21 may 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri təsdiq olunmuş, ibtidai istintaq orqanının 18 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,369 qram narkotik vasitə heroin və təmiz qalıq çəkisi 0,114 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 0,369 qram narkotik vasitə heroin və təmiz qalıq çəkisi 0,114 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar