Məhkəmə qərarları › İş №1(060)-73/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-73/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-73/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qarayev küçəsi, 5 saylı yataqxana, ev 10, mənzil 13 ünvanında qeydiyyatda olan və yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(060)-513/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,613 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 06 may 2024-cü il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki açıq boz rəngli cins şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,613 qram xeyli miqdarda ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitənin ona heç bir aidiyyəti yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində iki nəfər polis əməkdaşı Sumqayıt şəhərində yerləşən Psixatriya xəstəxansının yazınlığında ona yaxınlaşaraq üzərinə baxış keçirilməsi üçün onu 4-cü Polis Bölməsinə dəvət etmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. 4-cü Polis Bölməsində Elnur adlı polis əməkdaşı ona bildirmişdir ki, sənin adın gəlib, sən içəri getməlisən. Buna görə ona bir büküm metamfetamin vermişdir ki, üzərində saxlasın və şəxsi axtarış zamanı təqdim etsin. Həmin vaxt ona qarşı hər hansı fiziki təsir və ya təzyiq olmasa da, qorxmuşdur ki, razılaşmasa daha çox narkotik vasitə ilə rəsmiləşdirmə edərlər. Ona görə də şəxsi axtarış zamanı ona verilmiş bükümdə olan metamfetamini tıəqdim edərək özünə məxsus olmasını bildirmişdir. Bu barədə həmin vaxt vəkilinə də nəsə deməmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Novxanı bağları adlanan ərazidə olarkən təsadüfən qarşılaşdığı və tanımadığı şəxsə 20 manat pul müqabilində şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə, “şüşə”, yəni psixotrop maddə olan metamfetamin almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Sonradan həmin gün saat 17:20-də Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının yaxınlığında olarkən ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməkdə, gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxladıqlarını, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getməyə razılıq vermişdir. Onlar polis bölməsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birində onun hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi də bildirilmişdir. Onun üzərinə şəxsi-axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuş, o, etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə əynindəki cins şalvarının sol yan cibində saxladığı içərisində psixotrop maddə olan bükümü çıxarıb təqdim etmiş və bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, Novxanı bağları adlanan ərazidə olarkən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində psixotrop maddə olan metamfetamin olan bükümün içərisinə baxış keçirilmiş və elektron tərəzidə çəkilmiş, həmin psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Daha sonra üzərinə əlavə olaraq polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq fikri olmamış, psixotrop maddə metamfetamini xeyli müddətdir istifadə etdiyi üçün şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PolisBölməsinin əməliyyat müvəkkili Şahid2 İlə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə təxmini saat 17-18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının yaxınlığında saxlayaraq Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra isə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni nə varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarın cibindən saxladığı bir ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman bükümün içərisində psixatrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni həmin gün Abşeron rayonu, Novxanı bağları ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi isitafəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PolisBölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxarıb bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan kütləni təqdim etmiş və həmin kütlənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,74 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16- 16/2-6/2521 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 128” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,613 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,613 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,563 qram. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ıekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 31 avqust 2024-cü il tarixli 5980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,563 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 139-145-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məkhəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Raon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respubliaksı Milli Məclisinn xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cinayət işinin 75-80-ci vərəqələrində olan Sumqayıt Şəhər Məkhəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məkhəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 103-111-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(060)-513/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixatrop maddə olmaması, həmin psixatrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bu halı özü də təsdiq etmiş, yalnız bildirmişdir ki, təsir və ya təzyiq olmasa da, özü qorxmuşdur ki, barəsində daha artıq narkotik vasitə ilə bağlı rəsmiləşdirmə edilər. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim edir. Həmin büküm açılan zaman içərisində psixatrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin metamfetamin olmasını, onu həmin tarixdə Novxanı bağları ərazisində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq hər hansı təsirə-təzyiqə məruz qalmadığını, aşkar edilmiş psixatrop maddənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində psixatrop maddə olmaması, həmin psixatrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(060)-513/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(060)-513/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-513/2024 saylı saylı iş üzrə şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və onun hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 31 avqust 2024-cü il tarixli 5980 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,563 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(060)-513/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdən 08 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-513/2024 saylı saylı cinayət işi üzrə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət təyin olunmuş təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın və onun başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,563 qram kustar üsulla hazırlanmış psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar