Məhkəmə qərarları › İş №1(060)-732/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-732/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-732/2022 22.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində talama məqsədi olmadan qanunsuz olaraq Zərərçəkmiş şəxs məxsus «VAZ 2107» markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 36 nömrəli evin qarşısından avtomobilin qapısının açıq olmasından istifadə edib sükan arxasına oturmaqla mühərriki işə salaraq Sumqayıt şəhəri, Novxanı bağlar massivi istiqamətində hərəkət edərək nəqliyyat vasitəsini ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən Bəyaz şadlıq sarayında toyda olmuşdur. O, toyda spirtli içki qəbul etmişdir. Həmin vaxt qardaşı X3 da toyda olmuşdur. Təxminən saat 23 radələrində onlar toydan çıxmışlar. Onlar Novxanı bağlar massivinə çatan zaman DYP əməkdaşları qardaşının maşınını saxlamışlar və qardaşı maşını içkili idarə etdiyi üçün maşını cərimə meydançasına aparmışlar. Bir az keçdikdən sonra o da cərimə meydançasına getmişdir. O, orada qardaşını tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində o, sərxoş vəziyyətdə evə qayıtmaq istəyərkən İnşaatçılar qəsəbəsi ərazisində yerləşən fərdi evlərdən birinin qarşısında qara rəngli «Vaz 2107» markalı avtomobilin dayandığını görmüşdür. O, avtomobilə yaxınlaşıb qapısını açmış və açar maşının üstündə olduğu üçün açarla maşının mühərrikini işə salmışdır. O, maşını sürüb Novxanı bağlar massivi ərazisinə getmişdir. O, gecə maşının içində yatmışdır. Oyandıqdan sonra isə avtomobili həmin ərazidə bağların arasında saxlayıb evə getmişdir. O, özünə gəldikdən sonra maşını sahibinə necə qaytarmaq barədə fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında isə maşını Sumqayıt ŞPİ-nə gətirərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, avtomobili polis əməkdaşlarına təhvil vermiş və əməlindən peşman olduğunu bildirmişdir. O, sərxoş olduğu üçün bu addımı atmışdır. Onun həmin avtomobili oğurlamaq məqsədi olmamışdır. O, özünə gəldikdən sonra qorxub polisə məlumat verməmişdir. Lakin sonradan hadisə barədə polisə məlumat vermişdir. O, avtomobili tək qaçırmışdır. Bu işdə ona heç kim köməklik etməmişdir. O, avtomobildən heç bir şey oğurlamamışdır. Etdiyi əmələ görə peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadəsi ilə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki, «VAZ-2107» markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olsa da o, həmin avtomobili baş etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:45 dəqiqədə o, yaşadığı evə gəlmiş və avtomobili evin qarşısında küçədə saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 09:15 dəqiqədə o, evdən çıxanda avtomobilin küçədə olmadığını görmüşdür. O, əvvəlcə tanışı və avtomobilinin sənəddə adına olan X2 zəng edib avtomobili götürüb-götürmədiyini soruşmuşdur. O, isə bildirmişdir ki, avtomobil onda deyil. Bundan sonra o, bu barədə 102 xidmətinə məlumat vermiş və bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlar müvafiq sənədləşmə işləri apardıqdan sonra o, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedib hadisə barədə ərizə və izahat yazmışdır. Həmin gün axşam tərəfi bölmədən ona zəng edib bildirmişlər ki, avtomobili qaçırdan şəxs Sumqayıt ŞPİ-nə gələrək avtomobili təhvil vermişdir. O, gəlib avtomobilinə baxmış və avtomobilinə ziyan vurulmadığını görmüşdür. Eyni zamanda ona məlum olmuşdur ki, avtomobilini qaçıran şəxs Təqsirləndirilən şəxsdur. Avtomobilinin hazırki bazar qiyməti təxminən 6000 (altı min) manat təşkil edir. Avtomobil özünə qaytarıldığından Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş edir, onunla barışmamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 23:45 radələrində özünə məxsus olan “Vaz 2107” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı yaşadığı evin qarşısında saxladığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində isə avtomaşını yerində aşkar etmədiyini bildirmişdir. Baxış zamanı hadisənin baş verdiyi ünvanda videomüşahidə qurğusna rast gəlinməmişdir. Baxış zamanı Samsung markalı mobil telefon vasitəsilə hadisə yerinin fotoşəkli çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin inzibati binasının arxa hissəsində saxlanılmış “Vaz 2107” markalı, qara rəngli **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı avtomobilin üzərində gözlə görünən vuruq əlamətləri aşkar edilməmişdir. İlkin baxış zamanı avtomaşının saz vəziyyətdə olduğu, detallarına toxunulmadığı müəyyən edilmişdir. Baxış zamanı Samsung markalı mobil telefon vasitəsilə avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbbiri seçilmişdir.(i.v 45-47) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5527 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Respublika şəhərlərində yerləşən avtobazarlarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda və fotoşəkillərdə göstərilən 2011-ci il buraxılışlı, “Vaz 2107” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2022ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 7500,0 manat müəyyən olunur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Vaz 2107 markalı, **-KJ-*** dövlət qeydiyyat nişanl avtomobil maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177, 180.2.1, 180.2.4, 181, 185.2.1 və 186-cı maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, etdiyi əmələ görə peşman olması Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus “Vaz 2107” markalı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 20 (iyirmi) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivində fərdi ev ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxsə məxsus “Vaz 2107” markalı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 120 (yüz iyirmi) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar