Məhkəmə qərarları › İş №1(060)-732/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-732/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-732/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərcüməçi X2 iştirakları ilə, xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən 18 saylı tam orta məktəbin girişinin qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs əlində olan ərzaq bağlamasından içərisində 270 manat pul və 1 ədəd 10 manat qiymətində 4 GB həcmli yaddaş kartı olan 10 manat qiymətində dəri materiallı pul kisəsini açıq yolla talayıb götürməklə hadisə yerindən qaçan zaman bunu görən Zərərçəkmiş şəxs onun arxasınca pul kisəsini qaytarmağını səsləyib tələb etməsinə baxmayaraq o, pul kisəsini qaytarmaqdan imtina edərək, həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs ümumilikdə 290 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə günorta radələrində dostu Şahinlə birlikdə Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllə ərazisində yerləşən 18 nömrəli məktəbin yanı ilə Sumqayıt şəhər bulvar ərazisində tullantı dəmir yığmaq üçün gedirmiş. Məktəbin tin hissəsini dönərkən qarşısına qadın çıxmış, qadın onun əks istiqamətində hərəkət edirmiş. Qadının əlində əl bağlaması və içərisində tərəvəz olmasını, həmin əl bağlamasının içərisindən aıq qəhvəyi rəngli pul kisəsinin çıxmasını görmüşdür. Həmin vaxt pul kisəsini götürmək qərarına gəlmişdir. Qadın onların yanından keçdikdən sonra geri dönərək qadının ardınca getmiş və pul kisəsini qadının çantasından götürüb oradan Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində qaçmışdır. Az sonra Şahinin də onun arxasınca gəldiyini görmüşdür. Həmin ərazidə pul kisəsinin içərisinə baxmışdır. Pul kisəsinin içərisində 270 manat pul, 3 ədəd bonus kartı və yaddaş kartı görmüşdür. Həmin pulu öz ehtiyaclarıma xərcləmişdir. Pul kisəsini isə özündə saxlamışdır. 30 aprel 2023-cü il tarixdə polislər tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunanda törətdiyi əməli etiraf etmiş və götürdüyü pul qabını, içərisində 3 ədəd bonus kartı və yaddaş kartını təqdim etmişdir. Şahin onun törətdiyi hadisədə onunla əlbir olmamış, əldə etdiyi puldan da Şahinə verməmişdir. Qadından əlində olan əl bağlamasından pul kisəsini götürən kimi qaçmış, qaçan zaman qadın arxasınca qışqırıb pul kisəsini qaytarmağını desə də, o, qaçıb oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam həcmdə ödəmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən qeyd olunan halın nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhərində mağazadan ərzaq məhsulları alıb yaşadığı məhəllədə 18 nömrəli məktəbin girişinin qarşısı ilə evinə gedən zaman arxasınca gələn naməlum şəxs əlindəki ərzaq bağlamasından içərisində 270 manat pul olan pul kisəsini götürüb qaçmışdır. O. həmin şəxsin arxasınca qışqıraraq pul kisəsini qaytarmasını tələb etsə də, həmin şəxs qaçaraq uzaqlaşmışdır. Əvvəllər həmin şəxsi görməmişdir. Pul kisəsində 270 manat pulu, marketlərə məxsus 3 ədəd bonus kartları və 1 ədəd yaddaş kartı olmuşdur. Ona məxsus 10 manat qiymətində açıq qəhvəyi rəngli dəri materiallı pul kisəsi və həmin pul kisəsinin içərisində 270 manat pulu, "Fəxri", "Bərəkət" və "Ucuz" marketlərə aid bonus kartları və 1 ədəd 4 GB həcmli 10 manat qiymətində yaddaş kartı talanmışdır. Bonus kartlarında heç bir məbləğdə pul olmamışdır. Ona ümumilikdə 290 manat maddi ziyan dəymiş, göstərdiyi əşyalardan başqa heç bir şey və pulu talanmamış, ona heç bir zor tətbiq edilməmiş və heç bir xəsarət almamışdır. Həmin şəxs sadəcə onun əlində saxladığı əl bağlamsasından pul kisəsini götürüb qaçıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənilib. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə günorta radələrində dostu Raşidlə yaşadığı, Kotec qəsəbəsi, 8 nömrəli məktəbin yaxınlığında görüşmüş. Birlikdə Sumqayıt şəhəri bulvar ərazisində tullantı dəmir yığmaq üçün gedirmişlər. Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisinə daxil olan zaman Raşidin onun arxasınca gəlməməsini görmüş, geri qayıtmış, Raşidi orada olan dayancağın içərisi ilə getdiyini görmüş və çağırmışdır. Raşid əli ilə işarə verərək gəl demişdir. Məktəbin həyətinə giriş qapısını çıxarkən Raşid bir qadının əlində olan bağlamadan pul qabını götürüb qaçmışdır. Həmin qadın "apardı, apardı, oğurladı" deyərək qışqırmışdır. Sonra o, da Raşidin arxası ilə qaçmışdır. Lakin, Raşidə çata bilməmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, 30 aprel 2023-cü il tarixdə, saat 19:25-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 02 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Qətimkan tədbirinin seçilməsi barədə 02 may 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-260/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs məxsus 1 ədəd dəri materiallı pul kisəsi və 4 GB həcmli yaddaş kartı maddi sübut kimi tanınmış, maddi sübut kimi tanınmış 1 ədəd dəri materiallı pul kisəsi və 1 ədəd 4 GB həcmli yaddaş kartı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, götürülmşü 3 ədəd bonus kartları iş üçün əhəmiyyət kəsb etmədiyindən sahibi Zərərçəkmiş şəxsa qaytarılmışdır. Məcburi gətirilmə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə məcburi gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulub Sumqayıt Şpi-nin MSY-nə təhvil verilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılması, qərarın surətinin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli Protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhərində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis bölməsinə gətirilmişdir. Cinayət işi üzrə dayandırılmış işin təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 17 iyun 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-260/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 3 ay 3 gün azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs qət olaraq 4 il azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-91/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-260/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası 6 ay müddətinə azalığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vahid hökmlə təyin edilmiş qəti cəzanın və onun yaratmış olduğu məhkumluğun bölünməsinə yol verilmədiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbləri baxımından cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə və digər cəzaya məhkum olunmuş şəxsin məhkumluğunun ödənilməsi müddətinin başlanğıcı qəti cəzanı çəkib qurtardığı və ya cəzadan azad edildiyi andan hesablanmalı, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə isə əməlində residiv müəyyən edilməli və bu hal cinayət qanununun prinsipləri ilə uzlaşmayan vəziyyət kimi qiymətləndirilməməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 260/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə 04 il müddətinə azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzası bitmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəzasını çəkib qurtarmışdır. Yəni, Konstitusiya Məhkəməsi plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət həmin vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 260/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş yekun cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş yeni cinayət törətmişdir. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Sonradan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə xx.xx.2023-cü ildə tutulmuş, xx.xx.2023-cü il tarixində barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmaqla azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hazırki hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəri materiallı pul kisəsi, 01 ədəd 4 GB həcmli yaddaş kartı və 03 ədəd bonus kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 avqust 2023-cü il tarixli (iş № 1(060)-732/2023) qərarını icra edərək, 07 avqust 2023-cü il tarixli, 1113 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Zərərçəkmiş şəxs məxsus 01 ədəd dəri materiallı pul kisəsi, 01 ədəd 4 GB həcmli yaddaş kartı və 03 ədəd bonus kartlarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar